“Acta Botanica Caucasica” elmi jurnalının təqdimatı olub

“Acta Botanica Caucasica” elmi jurnalının təqdimatı olub “Acta Botanica Caucasica” elmi jurnalının ilk nömrəsi çapdan çıxıb

Oktyabrın 4-də Botanika İnstitutunda “Acta Botanica Caucasica” (“Qafqazda Botanika Elmi”) jurnalının ilk sayının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva “Acta Botanica Caucasica” jurnalının fəaliyyət istiqamətləri haqqında məlumat verib. O, jurnalın redaksiya heyətində xaricdə fəaliyyət göstərən alimlərin də yer aldığını diqqətə çatdırıb. Professor Səyyarə İbadullayeva jurnalın növbəti nömrəsindən etibarən hər bir məqaləyə DOI-lərin verilməsinin nəzərdə tutulduğunu vurğulayıb, nəşrin Azərbaycan elminin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Daha sonra “Acta Botanica Caucasica” jurnalının baş redaktoru - Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov çıxış edərək yeni fəaliyyətə başlamış jurnalın botanika elminin çoxaspektli problemlərinin tədqiqi, analizi, geniş elm ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərəcəyini bildirib. O, jurnalın Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan jurnallar siyahısına daxil edilməsinin, eləcə də dünyanın nüfuzlu bazalarında indeksləşməsinə nail olunmasının qarşıda duran əsas hədəflərdən olduğunu deyib. Elşad Qurbanov jurnalda Azərbaycanla yanaşı, bütün ölkələrdən olan alimlərin botanika ilə əlaqəli bütün elm sahələrinə dair tədqiqat işlərinin dərc olunmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Baş redaktor bu günlərdə “Acta Botanica Caucasica” jurnalının veb-saytının fəaliyyətə başladığını da qeyd edərək, jurnalın veb-saytının mövcud olmasının onun beynəlxalq bazalara daxil edilməsi üçün əsas göstəricilərdən biri olduğunu deyib.

Elşad Qurbanov çıxışının sonunda mətbu orqanın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Sonra çıxış edən Radiasiya Problemləri İnstitutunun Radioekologiya laboratoriyasının aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilov “Acta Botanica Caucasica”nın təsisçilərini botanika elminin problemlərinə həsr olunmuş jurnalın fəaliyyətə başlaması münasibətilə təbrik edib.
O, nəfis tərtibatda işıq üzü görmüş jurnalın ilk nömrəsində dərc olunmuş məqalələrinin də vacib elmi problemləri əhatə etdiyini, nəşrdə eksperimental nəticələrin öz əksini tapdığını diqqətə çatdırıb.

Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq kimyası kafedrasının müdiri, professor Tahir Süleymanov ölkəmizdə Azərbaycanın təbii sərvətlərinin tədqiqinə həsr olunmuş jurnalların fəaliyyətə başlamasının elmimiz, iqtisadiyyatımız üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbaycanın zəngin flora tərkibinə malik olduğunu deyən Tahir Süleymanov bu resursların ölkəmizdə xalq təbabəti və tibbdə geniş istifadə olunması üçün geniş tədqinin zəruriliyinə toxunub. O, “Acta Botanica Caucasica” jurnalın nəşrinin bu istiqamətdə aparılmış tədqiqatların nəticələrinin dərc olunması baxımından vacib olduğunu qeyd edib.

Təqdimat mərasimində, həmçinin Genetik Ehtiyatlar İnstitutunun Ekobotanika və sistematika şöbəsinin müdiri, biologiya elmləri doktoru Aydın Əsgərov, ATU-nun Əczaçılıq fakültəsinin Əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının müdiri, əczaçılıq elmləri doktoru Məhbubə Vəliyeva və digərləri jurnalı vaxtında nəşr edilmiş mətbu orqan kimi yüksək qiymətləndiriblər.
Çıxış edənlər “Acta Botanica Caucasica” jurnalının fəaliyyətə başlaması münasibətilə təsisçiləri təbrik edib, jurnalın gələcək fəaliyyətində uğurlar arzu ediblər.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: