İstedad sorağında: “GÖY QURŞAĞI”

İstedad sorağında: “GÖY QURŞAĞI” İstedad sorağında

“GÖY QURŞAĞI”

Kimə istedadlı uşaq demək olar?


Doğrudur, insanlar işlə, əməklə, təhsillə bağlı müxtəlif vərdişlər əldə edir, bununla istedad sahibi də olurlar. Həyatda qazanılsa da, ancaq istedadın rüşeymləri çox erkən özünü göstərir. Mən 4-5 yaşlı uşağın işıq sönəndən sonra qarnı üstə döşəməyə uzanıb həvəslə şəkil çəkdiyini müşahidə etmişəm. Elələrinə qayğı göstərilsə, diqqət artırılsa, şərait yaradılsa, istedadı parlar.
Yaxud, ayrılıqda üç uşağa sual verib deyirsən ki, atanı çox istəyirsən, yoxsa ananı? Uşaqlardan biri gah anaya baxır, gah ataya, heç birindən keçə bilmir, atanı desə ana inciyər, ananı desə ata inciyər. Hər halda birini seçir. Valideynlərdən biri məyusluq keçirir. Uşaq da var fikirləşir, heç bir cavab vermir. Üçüncü uşaq nə desə yaxşıdır: “Kim əlini tez qaldırsa, onu çox istəyirəm. Bu sonuncu uşaqda ağıl, idrak güclüdür, idrakın gücü ilə hər iki valideyni razı salır. Bizcə, bu .... fəhmlik də istedadın özünü göstərən bir formasıdır. Adətən, istedadlı uşaqlar lazımi mühitə düşəndə istedad parlayır, inkişaf edir. İstedadı söndürən ən pis əlamət laqeydlikdir. Uşaqda olan istedadı vaxtında görmək, ona qayğı göstərmək vacibdir.
Bəzən uşaqlarda olan istedad müəyyən sənət sahibi olan valideynlərin təsiri altında yaranır. Bu sözləri on yaşlı Aysel Mədədli haqqında da demək olar. Babası Mədəd Çobanov alimdir, elmlər doktoru, professordur, atası Müşfiq Borçalı naşirdir, bir neçə qəzetin baş redaktorudur. Əlbəttə, belə bir ailədə dünyaya göz açan uşağın poeziya ilə maraqlanması təəccüblü deyil. Aysel Bakıdakı 20 saylı məktəbin IV sinfində oxuyur, dərs əlaçısıdır. Sinif nümayəndəsidir. 77 şerin təmsil olunduğu “Göy qurşağı” şerlər kitabı 1100 nüsxə tirajla çox nəfis şəkildə, yüksək poliqrafik keyfiyyətlə çap olunmuşdur. Kitabın cildinin üzərində mənalı baxışlı Ayselin rəngli portreti də verilmişdir. Azərbaycan Respublika “Təhsil” Mərkəzinin “Borçalı” nəşriyyat-poliqrafiya müəssisəsində işıq üzü görmüşdür. Kitabın redaktoru şair-publisist Valeh Mirzə əsərə ön söz yazmış, Ayselin ilk qələm məhsulları barədə çox obyektiv mülahizələr söyləmişdir, kitabın ərsəyə gəlməsində redaktor əməyi də az deyil. Əslində bizim üçün söz deməyə yer də qalmır. Bununla belə fikrimizi bildirmək, faydalı məsləhətlər vermək istəyirik.
Aysel AzTV-nin “Sehirli güzgü” verilişlərinin aparıcısı kimi də tanınır. Redaktorun qeyd etdiyi kimi, şerlərin əksəriyyəti qəzetlərdə dərc olunub, televiziya və radio verilişlərində səslənib. Fərəhli haldır ki, on yaşlı balamız yaşıdları arasında tanınır, sevilir. Hələ uşaqlıq həyatından ayrılmamış bu istedadlı qıza doğru, düzgün istiqamət göstərmək, ona sənətin əzablı, əziyyətli, məsuliyyətli yollarını başa salmaq, yazılarına bundan sonra daha böyük tələbkarlıqla yanaşmaq lazımdır. Axı, Aysel on yaşında ikən kitab müəllifidir. Bu hər uşağa nəsib olan uğur deyil.
Əvvəlcə Ayselin şerlərinin mənası, məzmunu, ideyası, sənətkarlıq cəhətləri barədə bir neçə söz demək istəyirik. Kitabın redaktorunun “Ön söz”də qeyd etdiyi kimi, bəzi şerlər qafiyəsizdir. Bəs qafiyəsiz də şer olarmı? Bununla belə, onlar sərbəst vəzndə də yazılmayıb, heca vəznindədir, ancaq misraların əksəriyyəti qafiyələnməyib. Qafiyə olmasa da, sözlər elə cilalanıb ki, qafiyənin olmaması hiss edilmir. Misralar çox aydın, sərrast və axıcıdır. Onun uşaqlar üçün yazılan şerlərinin bəzisini nümunə göstərmək olar. Başlıcası budur ki, Aysel on yaşda olsa da, Azərbaycan dilini çox gözəl bilir, on yaşında olan məktəblinin zəngin söz ehtiyatı da əlamətdar cəhətlərdən biridir. Şerlərin bəzisini qafiyəsiz adlandırsaq da, əslində çox sərrast qafiyə, misraları yerli-yerində olan bəndlər, beytlər əksəriyyət təşkil edir.

Bir neçə nümunə:
Böyüyün, tezcə,
Gözəl güllərim.
Bəsləyəcəkdir
Sizi əllərim.

(“Gülərin gülləri”)


Şer beş hecalıdır, ikinci, dördüncü misralar qafiyələnib.

Yığışıbdır qonaqlar
Bu gün sənin başına.
Gün o gün olsun, Emin,
Çatasan yüz yaşına.

(“Ay Emin”)
Burada da qafiyə qüsuru yoxdur.
Tezcə böyü, qaç görüm,
Aləmə nur saç görüm.
Dərsə gedib “5” al sən,
Bax beləcə ucal sən!

(“Şəms”)
Qafiyələr öz yerindədir.
Ziyarət yerimizdir
Şəhidlər xiyabanı.
Bir qeyrət yerimizdir
Şəhidlər xiyabanı.

(“Şəhidlər xiyabanı”)


Bir qoca tut ağacı,
Bir uca tut ağacı.

(“Babamın tut ağacı”)


Bunlar da qafiyəli misralardır.

Bu cəhətdən iki bəndlik “Tac” və üç bəndlik "Günəş" şeirləri xarakterikdir:

Rəngli kağızla
İşləyir Aytac.
Kağıza büküb
Düzəltdi bir tac.

Bu gözəl tacı
Başına taxdı.
Şah kimi durub,
Şah kimi baxdı.

Çıxdı Günəş
Yatağından.
Baxdı bizə
Otağından.

(“Tac”)


Gülə-gülə
İşıq saçdı.
Qaranlıqlar
Qorxub qaçdı.

İşıqlandı
Şəhərimiz.
Açıldı xoş
Səhərimiz.

(“Günəş”)


Şer çox axıcıdır, səmimidir, kökdən, feldən düzəldilən qafiyələr işlənib. Belə maraqlı nümunələrin sayını artırmaq da olar. Kitabın yaxşı cəhətlərindən biri budur ki, qafiyəsiz olan yazılara redaktor əli dəyməyib. Onların bir çoxunu qafiyələndirmək böyük problem deyil, əl dəysəydi, şer öz əsilliyini itirərdi. Müəllifi ya arxayınlaşdırar, ya da çaşdırardı. Xeyirdən çox ziyan olardı. İndi isə qafiyəsiz şerlərdən nümunə göstərək.

Qafiyəsiz şerləri təqdir etdik ona görə ki, fikirlər sərrastdır, aydındır, dil qüsuru yoxdur.
Kitabın əvvəlindəki “Vətən” adlı dörd misraya nəzər salaq:

Sevirəm Vətənimi,
Öz dinimi, dilimi.
Vətən ana dilimdir,
Ana dilim vətəndir.


Fikir maraqlıdır, “Ana dilim Vətəndir” misrası isə deyim tərzi və orijinallığı ilə diqqəti cəlb edir.

Boş yerə axan suya,
Yanan qaza, işığa
Qənaət etməliyik,
Bunları bilməliyik.


“Qənaət” adlı şerdə sərrast, aydın, xeyirli məsləhət vardır.

Dəqiqəni sevsək biz
Dəqiqliyi sevərik.
Onda hər işimizin
Vaxtını da bilərik.


Həmin bəndə də misralar qafiyələnmir. Fikir isə faydalıdır. Uşaq psixologiyasına uyğundar.

“Yaxşı uşaqlar” şerində də maraqlı fikir var:

Quş evciyi düzəltdilər
uşaqlar,
Ora çoxlu yem gətirib
qoydular.
Ana sərçə uçub gəldi
evciyə,
Yem aparıb verdi bala
sərçəyə.
“Şerlər” yazısındakı:
Köçürməsəm vərəqə,
Yadımda qalmayırlar.
Şerlər küsüb gedir,
Geri qayıtmayırlar.


“Hicran müəllimə” yazısındakı:

Ana yurdu sevməyi,
Doğma dili bilməyi
O, öyrədib bizlərə,
O, öyrədib bizlərə.


Bəndlərdə sözlər bəzən qafiyələnməsə də, aydın fikir var.
Biz bununla, şer qafiyəsiz də ola bilər fikrindən çox uzağıq. Xatırladırıq ki, Aysel istedadlı qızdır, o çalışıb şerin formalarını daha mükəmməl öyrənməlidir.

Bütövlükdə Ayselin şerlərində müxtəlif bədii təsvir vasitələri də var, onda yumor hissi də güclüdür. Tələb etməyi də bacarır, bunlar da başlıca cəhətlərdir.
Şerlərin mövzularına gəlincə, onlar on yaşlı şagirdin psixologiyasına, anlam və bilik səviyyəsinə uyğundur. Aysel ətrafında gördüklərini, bildiklərini, kədərləndiyi, sevindiyi, heyrətləndiyi hadisələri qələmə alır. 77 şerin 20-ə qədəri ataya, anaya, nənəyə, bacı-qardaşa həsr olunan yazılardır. O, ölkəmizdə baş verən hadisələrə, quruculuq işlərinə, təbiət hadisələrinə də biganə deyil. Təbii ki, Aysel böyüdükcə, onun mövzu dairəsi də genişlənəcəkdir. İndilikdə isə Ayselə ilk növbədə fənləri dərindən mənimsəməyi, çoxlu kitab oxumağı, şerin formasına, vəzninə, qafiyə sisteminə mükəmməl yiyələnməyi məsləhət görürük. Hər şeydən əvvəl bilmək lazımdır ki, iki eyni hecadan qafiyə düzəltmək olmaz.
Ayselin “Göy qurşağı” kitabı oxucuda inam yaradır ki, o, öz üzərində inadla çalışsa, sənətkarlıq sirlərini öyrənib ona əməl etsə, ədəbiyyatda öz sözünü deyə bilər.

Cavad CAVADLI,
“Azərbaycan müəllimi” qəzetinin şöbə müdiri.

“Azərbaycan müəllimi” qəzeti, 13.02.2004.



* * *


AYSELİN ŞER DÜNYASI

“Dünyanı uşaqlara verək!” deyib şair. Azərbaycanın gələcək qurucuları olan kövrək qəlbli uşaqlar, müəyyən zaman keçdikcə, sabahın fəal vətəndaşlarına çevrilirlər. Dünənə qədər uşaq bildiyimiz fidan balaların həyat fəlsəfəsi böyükləri də lap mat qoymağa qadirdir. İncə ruhun, bacarıqlı əllərin sahibləri olan uşaqların qazandığı uğur, nailiyyət cəmiyyətə, valideyinlərə ən böyük töhfə hesab olunur. Unutmayaq ki, yaradıcı təxəyyülün, eləcə də rəssamlıq, şairlik duyğularının narahat uşaq qəlbinə hakim kəsilməsi elə Tanrının da ən böyük möcüzəsidir. Ulu tanrı kiçik yaşlı yaradıcı insanları xalqımıza bəxş etməklə, mənəviyyatımızı kədərdən, qüssədən uzaq edir. Haqqında söhbət açacağım 10 yaşlı Aysel Mədədli “Göy qurşağı” kitabının müəllifidir. Adətən kitab müəllifini bu yaşda təsvir etmək biz böyüklərin təəccübünə səbəb olur. Dünyada sevinclə, məhəbbətlə bağlı bir ömür yaşayan balaca Aysel öz yaşıdlarından fərqli olaraq, hələ onları qabaqlayıb desək, - yanılmarıq. Dostlarından fərqli olaraq, düşüncələrini, gördüklərini ağ vərəqə şer diliylə köçürən Aysel 90-dan çox şerin müəllifidir. Onun qələmə aldığı hər bir şeri həyəcansız oxumaq mümkün deyil. Yazdığı misralarda vətənə, torpağa bağlılıq, ataya, anaya, nənəyə, babaya olan məhəbbət, ən nəhayət həyata müstəqil baxışı oxucuda böyük maraq doğurur. Şerlərinin məzmunu, qafiyəsi, mövzu əhatəliyi Aysel Mədədlini başqalarından fərqləndirən ən böyük xüsusiyyətlərdir. “Mən Azərbaycanlıyam” şerində Aysel - doğma elini, torpağını sevən vətəndaş kimi, böyük qürur hissi keçirir:

Azərbaycan adlanan,
Ölkənin övladıyam.
Torpağıma bağlıyam,
Mən Azərbaycanlıyam!


“Dədə Qorqud”, “Fətəli xan”, “Zeynalabdin Tağıyev” şerlərində Aysel öz oxucularını - öz yaşıdlarını dahi şəxsiyyətlərimizlə bir daha tanış etməklə xalqımızın tarixində onların gördüyü xeyirxahlığı, vətəni qorumağı, qeyrətli əməlləri yada salır.
Sevimli oxucularını intizarda qoymayan balaca şairənin şer dili bəzən böyükləri də düşüncələr aləminə aparır. “Böyüklər” şerinə nəzər yetirəndə bunları görmək mümkündür.

“Böyüklərsiz biz kimik?
Biz heç kəsik, heç kimik.
Böyüklər bəslər bizi,
Sevər, əzizlər bizi.”


Valideynlərinin qayğısı ilə əhatə olunan Aysel onları çox sevdiyini öz şerlərində belə təsvir etmişdir:

“Atamı mən hamıdan,
Hamıdan çox sevirəm.
Onunla hər bir zaman,
Həmişə fəxr edirəm.”
(“Ata”)

“Qayğımı çəkir anam,
Nazımı çəkir anam.
Ürəyim nə istəsə,
Alıb gətirir anam”
(“Anam”)


Müdriklərimiz babalarımızın nəvələrini sevərək, əzizləməyi haqqında çox deyiblər. Ayselin şerlərinin qəhramanları olan yaxınları, yəni nənələri, babaları onun sirdaşı, sevincidirlər. Kövrək, şirin xatirələr işığında doğmalarına şer həsr edən Aysel nəvə kimi, sanki öz borcunu yazdığı şerləri ilə diqqətə çatdırır.

“Görüşəndə hər zaman,
Nərd oynayır babalar.
Onlara çox həvəslə,
Baxır nəvə balalar”
(“Nərd oynayır, babalar”)

“Çağırsa məni nənəm,
Tez yanına gedirəm.
İstədiyi hər şeyi,
Tapıb mən gətirirəm”
(“Nənəm”)


“Göy qurşağı” kitabında gənc müəllifin vətənə, Xocalı faciəsinə həsr olunan şerləri də öz əksini tapıb.
Hər sətrində narahat uşaq dünyası, yaradana bağlılıq, şəhidlərə olan ehtiram balaca Ayselin qələminin möcüzəsidir. Azadlığımız, bu günki firavan həyatımız uğrunda olan igidlərimizə həsr olunan ”Şəhidlər”, “Şəhidlər xiyabanı” ilə birgə 21-ci əsrin soyqırımıyla bağlı olan “Xocalı faciəsi” şerlərində qəlb çırpıntılarının ağrısını yaşadan balaca vətənpərvər şair obrazını görürük.

Bu yara çox dərindir,
Kökündən incidəndir.
Heç bir zaman sağalmaz,
Bunu unutmaq olmaz!
(“Xocalı faciəsi”)


Aysel Mədədli xeyirxah, xoşrəftarlı olduğu üçün dostlarını, bacısını sevməklə həm də şerlərində bəzən onları gülüş hədəfi kimi təsvir edir. Beləliklə, belə şerlər oxucunu həm də güldürür. ”Yaxşı uşaqlar”, “Şəms”, ”Ay Emin”, “Yarıya bölək”, “Ağlağan Aytac” şerlərini Aysel Mədədli təmiz, ülvi hisslərlə, məhz oxucunu yormadan hamıya sevdirə bilir.

Bakıdakı 20 saylı məktəbin şagirdi Aysel Mədədli dərs əlaçısı olduğu üçün, sevimli müəllimlərinin ona olan qayğısını da unutmur.

“Böyüklərə hörməti,
Kiçiyə məhəbbəti,
O, öyrədib bizlərə.
Düzlüyü, təmizliyi,
Dostluğu və birliyi,
O, öyrədir bizlərə.”
(“Hicran müəllimə”)


Açıq səma-təmizlik, paklıq rəmzi olduğu üçün, göy qurşağı da parlaq Günəşin rəngləridir. Təsadüfi deyil ki, qəlbi göy qədər saf olan, Aysel Mədədlinin şerlər dünyası, parlaq Günəşin möcüzəsi olan 7 rəngdən ilham alaraq oxucuların görüşünə gəlmişdir. Hər bir rəng çalarında müqəddəslik rəmzi olan “Göy qurşağı” kitabı Aysel Mədədlinin birinci kitabı olmaqla ilk sevincidir. Sonda tanınmış alim, filologiya elmləri doktoru, professor Mədəd Çobanlının ocağından pöhrələnən, atası Müşfiq Borçalının xeyir-duası ilə ilhamlanan Aysel Mədədliyə yaradıcılıq uğurları, daha çox kitablar toplusunun müəllifi olmağı arzulayırıq. Gələcəyin ən böyük şairəsi olmağın astanasında irəliləyən Ayselə “tanrı duaçın, yolun uğurlu olsun” - deyirik!

Təranə CƏBİYEVA.
5 oktyabr 2004-cü il.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: