Tural QUL: Borçalı anamın ürəyindədir!..

Tural QUL: Borçalı anamın ürəyindədir!.. BORÇALI

Ata torpağımla qanım qaynadı,
Bu elim, bu obam hisslərimdədir!
Könlümün sevgisi məndən yanadı,
Borçalı anamın ürəyindədir!

Dəyər verdiyində dəyər qalmayıb,
Əyri yollarında kəsək qalmayıb...
İsti qucağında sinəm yanmayıb,
Borçalı anamın əllərindədir!

Tikana küsülü çiçəkdəyəm mən,
Çiçəyin özündə – ləçəkdəyəm mən.
Gözdən ayrı qalan bəbəkdəyəm mən,
Borçalı anamın gözlərindədir!

Kimi yola salaq, kimə yol verək?
Kimi oda salaq, kimə od verək?
Kimə yas saxlayaq, kimə toy edək?
Borçalı anamın tellərindədir!

Yazdım, deməsinlər yenə yazıbdı,
Çarə aramağa ömrüm hazırdı.
Turalı dərdindən bir səs çağırdı:
Borçalı anamın sinəsindədir!


DURNALAR

Gözüm göy üzünə toxunan kimi,
Gücüm bədənimə qayıtmalıdır.
Ya da bir kitabda oxunan kimi:
Durnalar evinə qayıtmalıdır.

Evim sökülüdür, evim yarımçıq,
Tutub əllərimdən yarım yarımçıq,
Bir gülü qoxladıq yarı-yarımçıq,
Durnalar evinə qayıtmalıdır.

Yollarım kəsilir izimin üstə,
Qolum çənəm altda, dizimin üstə.
Kədər göndərilib evimin üstə,
Durnalar evinə qayıtmalıdır.


BU YAZI SƏRT OLDU

Büküb gecələri qaranlıqların,
Sabaha dərd olur aydınlıqların,
Hələ bir üstünə nadanlıqların,
Bu yazı sərt oldu, sərtdi, bilirəm.

Gülürəm üzümdə, içim qandı, qan,
Ömrümü məhv edən bircə andı, an.
Dostluğu bir sözə öldürən insan,
Bu yazı sərt oldu, sərtdi, bilirəm.

Yoxuşlar bugünkü, enişlərdəyəm,
Gəlişlər ogünkü, gedişlərdəyəm...
Bir “dindar” dilində söyüşlərdəyəm,
Bu yazı sərt oldu, sərtdi, bilirəm.

Dinimə toxundun, izzətmi qalar?
Dilimə toxundun, qeyrətmi qalar?
İndi Göy Üzündə hörmətmi qalar?
Bu yazı sərt oldu, sərtdi, bilirəm.


Borçalı, Saraçlı kəndi.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: