İsmayıl Güllər: FAXRALININ TORPAĞIDI BU YERLƏR...

İsmayıl Güllər: FAXRALININ TORPAĞIDI BU YERLƏR...
İsmayıl Güllər (İsmayıl Hüseyn oğlu) - 1914-cü ildə qədim Borçalı mahalının Bolus (indiki Gürcüstanın Bolnisi) rayonundakı Faxralı kəndində anadan olmuşdur.
Tiflisdəki İkiillik Müəllimlər İnstitutunu bitirmişdir.
Uzun müddət Faxralı kənd orta məktəbində müəllim işləyib.
Bütün ömrünü, daha doğrusu, ömrünün əlli ilindən çoxunu gənc nəslin təlim-tərbiyəsinə həsr edib.

Aşıq sənətinin xiridarı, folklorumuzun, xüsusulə də xalq dastanlarımızın mükəmməl bilicilərindən olan qoca­man müəllim İsmayıl Güllər Borçalı mahalında həm də istedadlı və gözəl təbli el şairi kimi də tanınmış və böyük hörmət qazanmışdır.
Sinəsi Qurbanidən üzü bəri gör­kəm­li el sənətkarlarının nadir söz inciləri ilə dolu idi.

Onun qoşma və gəray­lı­larına Borçalı aşıqlarının ifasında tez-tez rast gəlmək olar.

Təəssüf ki, həmişə xoş məramlı, şux əhval-ruhiyyəli şeirlər yazan el ağsaqqalını ömrü­nün piranə çağında üz­ləş­­diyi milli münaqi­şələr daha da çox kədərlən­dir­miş­dir.

Xüsusən də Azərbaycanın tarixi torpaqlarında tökülən qanlar, erməni millətəçilərinin xalqımıza qarşı xəyanəti azmış kimi, gürcü millətçilərinin son illərdə onlarla Azərbaycan kəndlərinin tarixi adlarını dəyiş­dirməsi onu bir an da olsun rahat buraxmırdı.

Qonşuların bu dönüklüyündən və millətçilik mərə­zindən qəzəblənən İsmayıl müəllim etiraz sə­sini ucaldaraq Faxralı kəndinin, eləcə də Borçalı mahalı­nın bir yanı Türkiyə sərhədlə­rindən - Qa­ra­xac yay­laq­larından başla­yan dağları, dərələri, yurd yerlərini, yayda yay­laqlarını, qışda qışlaq­larını, bir-birindən səfalı, bir-birindən gözəl düşər­gə­lə­rini nəzmə çəkmiş, «Hey­dərbaba» səpki­sində 100 bənddən ibarət salnamə yarat­mışdır.

İsmayıl Gül­lə­rin ürək yanğısı ilə nəzmə çəkdiyi coğrafi adların bir qismini ixtisarla Hüseynqulu Məmmədli «Oğuz eli» qəzeti vasitəsilə oxucu­lara təqdim et­mişdir.

Biz də həmin şeirdən bir parçanı sizlərə ərməğan edirik, əziz oxu­cu­la­rımız!..
Müşfiq BORÇALI.


FAXRALININ TORPAĞIDI BU YERLƏR...

Yataqdağı, Böyükburun, Altıdaş,
Keçlidərə, Taxtalara ayaq-baş,
Püştüdən en Korbulaqda süfrə aç,
Faxralının torpağıdır, bu yerlər.

Bir tarixdi Alqulunun dərəsi,
Keçilməzdi Tərspöhrənin pöhrəsi,
Yaylım təpə, Əlləzin ov bərəsi,
Faxralının torpağıdır, bu yerlər.

Micnədaşı, Yolayrıcı nişandı,
Boluskəzdən Mığırlıya aşandı.
Şairləri şeir, dastan qoşandı,
Faxralının torpağıdır, bu yerlər.

Kolluquzey, Sarıgəzdək, Tildağı,
Mırıqmağara , Əzməliyin bir yanı,
Salah dərə heyran edir insanı,
Faxralının torpağıdır, bu yerlər.

Palıtlıdı cüyürlərin ovlağı,
Böyükgüney, Daşkəsənin dayağı,
Yazda qaynar Ballıdərə bulağı,
Faxralının torpağıdır, bu yerlər.

Aşıq Şennik burda demiş dastanı,
Əbəs deyil, sözlərinin var canı,
Qaça-qaça Musa vurub ceyranı,
Faxralının torpağıdı, bu yerlər.

Damqayada daldalanıb yatmışam,
Göyboyunda çöl ocağı çatmışam,
Yastıyalda, nişan qoyub atmışam,
Faxralının torpağıdı, bu yerlər.

Cürgəlidən Qatarlara yol aşır,
Mülkümdərə , Mehdiyalı dolaşır,
Qoruqtala, Novlu ilə yanaşır,
Faxralının torpağıdı, bu yerlər.

Sarıbulaq, Saxundurda ad olub,
Hər kəs içib dahanında dad olub,
Kömüryanan sinəsində od olub,
Faxralının torpağıdı, bu yerlər.

Dəyəyerin, çətingüney, Qarayal,
Göy kilsədən kim danışar bir əhval?
Yadigardı daşlar durur salba-sal,
Faxralının torpağıdı, bu yerlər.

Buruntala, Yalmaşqanı, Qara su,
Nəziksudan axıb gəlir hara su?
Köllü gəzdək mülkümüzün arası,
Faxralının torpağıdı, bu yerlər.

Daşa-daşa bəzək verib yaradan,
Yalovutu kim götürər aradan,
Kordərəni seçmək olmaz sıradan,
Faxralının torpağıdı, bu yerlər.

Ambarbulaq, Qaraqaya, Çalğılı,
Qaramalı qamış kimi qarğılı,
Orta gəzdək min suallı sorğulu,
Faxralının torpağıdı, bu yerlər.

Xəmmətlidi Koxalının binəsi,
Günəş tutur Ağ günöyün sinəsi,
Əl çatmazdı uca Səngər zirvəsi,
Faxralının torpağıdı, bu yerlər.

Ağ kilsənin naxışlıdı daşları,
Daşkilsənin bəlli deyil yaşları,
Hamar deyil Blankanın döşləri,
Faxralının torpağıdı, bu yerlər.

Gavkeçiddən Bozboyuna çıxarsan,
Kələşoğlu qayasına baxarsan,
Daşlıyolda sürüşərsən, axarsan,
Faxralının torpağıdı, bu yerlər.

Daşdıdərə, Dərinboyun, Yataxlı,
Hərüçdə bir-birindən çataxlı,
Həm aşağı, həm yuxarı papaxlı,
Faxralının torpağıdı, bu yerlər.

Bu adları bacardıqca izlədim,
Xırım-xırda, kol-kosuna girmədim.
Deyin görək, hara qaldı bilmədim,
Faxralının torpağıdı, bu yerlər.

«Oğuz eli» qəzeti.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: