Atasız dünyam

Atasız dünyam Dünyaya gələn hər bir insanın tale yolu, ömür səhifəsi olur. Xeyirxah əməlləri ilə insanların sevimlisinə çevrilənlər yaddaşlarda əbədi yaşayır.
Əvvəlcə, insanın ictimai varlıq kimi mənəvi-bəşəri-insani duyğularından söz açmaq istəyirəm. İnsan göründüyü kimi yalnız cismdən ibarət deyil, həm də cismi yaşadan ruhdan ibarətdir. Yəni Tanrı onu maddi və mənəvi dəyərlərin daşıyıcısı kimi yaradıb. O həm bioloji, həm də ictimai varlıqdı. O, içərisində bir çox insani keyfiyyətləri daşıyır. Bir fərd kimi tək görünsə də əslində daxilində muxtəliff missiyaları daşıyan və həyata keçirən bütöv bir şəxsiyyəti təmsil edir. O, dünyaya övlad kimi gəlir, amma əslində o artıq bir neçə insan olur. O, həm oğul, qardaş, əmi - dayı olur, qohum olur, bir ailənın nümayəndəsi ,vətəni qoruyan əsgər olur, dövlətə xidmət edən vətəndaş, ən əsası isə o bir ATA, ailə başçısı və BABA olur! Bu qədər insanı daxilində saxlayan bir varlıq mümkün deyil ki , bu qədər missiyalarının hamısını layiqincə yerinə yetirə bilə. Əsas odur ki, onun tərəziyə qoyulan əməlləri içində yaxşılıqlar daha ağır olsun. Mən bu bir çox şəxsiyyəti içində daşıyan və ən əsası ATA missiyasını laiqincə yerinə yetirən ATA haqqında danışacağam. ATA övaldın bu dünyada yeganə həmışə güvənə biləcəyi bir dağıdır. Bu dağın bəzən qoynu daş - qaya olsa da unutmayın, yolunu itirmiş hər kəs özünü müdafiyə üçün bu qayaları səngər edirsə , insan da həmişə dar ayaqda atanın köməyini beləcə səngər edər özünə. ATA uca, amma başı qarlı bir zirvədir!..

Atasız dünyam Bir çox missiyaları daşıyan və onları çox laiqincə yerinə yetirən ATAM - Qasımov Haley Haqverdi oğlu haqqında xatirələrimi yazmaq istədim. Tanıyanlar çox yaxşı bilir, mənim atam həm yaxşı oğul, həm yaxşı qohum, yaxsı müəllim, dürüst insan idi. Atam mənim həyatımda sahib olduğum ən dəyərli varlığım idi. Atam mənim uca yaradanın bu dünyada göndərdiyi qoruyucu mələyim, dostum, sirdaşım idi. Atam mənim üçün bir ümman, bir dünya idi ki, o dünyada həmişə ruhuma dinclik tapmışam. Atam mənim həmişə insan kimi, şəxsiyyət kimi təqdim edəcyim bir qürür yerim idi. O, həmişə bizlərə bu dünyada dürüst və alnıaçıq yaşamağı öyrətdi. Onun arzuladığı və nail olduğu tək bir şey balalarının insan kimi, şəxsiyyət kimi dürüst və imanlı olmaları idi. Atam bizlərə həmişə insanlara hörmətlə yanaşmağı öyrətdi, təkkəbürlü olmamağı bizlərə təlqin etdi. Mən bilirəm ki, bu dünyada heç bir şey əbədi deyil!.. Gələn bir gün gedəcək!..Mən də atamı itirdim, və biz cismən ayrıldıq. Bax ATA sən dağsan, bu dağ həmişə uca və vüqarlıdır!. Bu dağ zamanın ağrılı-acılı yükü ilə yaranıb. Sən də bu itkini ağır bir yük bil və sinə gər!. Bilirəm, bəlkə hardasa səhv etmişəm, səni çox incitmişəm, amma sən məni həmişə sevmisən... Haqqını halal et, ay ATA!!! .
Deyirlər,o böyük YARADAN insanlara bu dünyada bəzi seçim hüqüqları verir. Amma bütün seçimlərin onun süzgəcindən keçdiyini bilirəm. İnsan taleyini, valideyn ,övlad seçiminin qərarını özü verib!. Mən buna görə uca YARADANA əl açıb deyirəm: “ALLAHIM sənə şükür edirəm ki, mənə bu cür ATA seçmısən! Bu seçimindən şərəf duyuram. Deməli mən sənin sevimli bəndələrindən biriyəm.."
Mən atasını itirmış bütün insanlara ALLAHDAN səbr diləyirəm. Qalanlarına isə ata və analarının dəyərini bilməyini tövsiyyə edərək deyirəm:
“Atasızlıq nədir bilirsiniz?. Axşamlar sevinclə qapiya qaça bilməməkdir, 
Atasızlıq – Ata sözü eşidiləndə söhbəti dəyişməkdir. Atasızlıq -  "Ananı daha çox sevirsən, yoxsa atanı?"sualını heç sevməməkdir.... Atasızlıq - ata sözünə həsrət qalmaqdır. Atasizlıq - acı çəkəndə sənə dəstək olan yoxdu, ağlayanda saçına sığal çəkən yoxdu. Yuxuna gəldiyi zaman yuxudan oyanıb dilxor olmaqdir ATASIZ olmaq...Atasızlıq o gedəndən sonra urəyində birseyin qırılmasıdı həyatında hərseyin yolunda getsədə sənin üçün böyük bir boşluq olmasıdı atasızlıq. Atasızlıq çox çətindi: 
Atasızlıq nədir...? Bax budur".
Atanızın dəyərini itirmədən anlayın sonrası çox acıdır insanı və Allah heç kimə bu hissi yaşatmasın inşAllah amin!”.

Son nəfəsində dediyin sözləri heç vaxt unutmayacağam ATA: Balam, bacın və ev amanatı. Arxayın ola bilərsən ATA, bacımı mən həyatda tək varlığım, namusum, qeyrətim kimi qoruyacağam. İndi bu otaqlar, sənin izlərin olan bu divarlar nəfəsini hiss etdiyim, bizə əmanət etdiyin evin her bir küncü mənə eyni anda artıq yoxluğunu xatırladır. Yenidən və yenidən sən, heç bitməyəcək bu sənlərim ATA! Bu gün sənə necə ehtiyac duyduğumu hiss etdim. Düşündüm bu gün olsaydın necə olardı həyatım və o an içimdə sənə olan möhtaclığımı hiss etdim. Mənə elə lazımsanki, birdən sənə yenidən sarılmaq səni qucaqlamaq istədim. Uşaq ikən etdiyim hər bir şeyi yenidən yaşamaq istədim. Səninlə keçirdiyim bütün günləri geriyə istədim. ATA nədən başlayım, nədə bitirim bilmirəm. Səni yox kimi necə qəbul edim bilmirəm. Necə anladım içimdəki bu boşlugu bu agrını, sən yoxsan və bu gerçəkdən başqa hər şey yalandır. Səninlə addımlamağa başladığım bu həyat yolunu sənsiz addımlamaqdayam, düşüncələrimi hərəkətlərimi etdiyim hər şeyi, səhvlərimi sənə deyil rəsminə danışıram. Ağlayıram mən, yenidən ağlayıram. Bu dünyada təsəllim,varılğın tək sığınacağım sən idin. Artıq sənsiz yeridiyim bu yolda məni qoruyacaq sən yoxsan ATA!.
Bu gün cəmiyyətimiz nə qədər maddi və mənəvi çətinliklərlə qarşılaşsa da, öz peşəsinin şərəfini qoruyan, məktəbi, təlim və tərbiyəni hər şeydən uca tutan, şagirdlərini cəmiyyətin gələcəyi naminə düzgün yetişdirməyi bacaran ləyaqətli müəllimlərimiz var. Müəllimliyi həyatının müqəddəs amalına çevirən, öyrənmək və öyrətməkdən daim zövq alan belə müəllimlərdən biri də atam Qasımov Haley Haqverdi oğlu idi. Onun haqqında danışdıqca, şagirdlərinin onunla bağlı xatirələrini dinlədikcə mənə elə gəlir ki, müəllimliyi tanrı sənəti hesab eləyənlər bu fikri məhz atam kimi fədakar insanları, onların əvəzsiz zəhmətini nəzərdə tutaraq söyləmişlər.

Yadıma atamı tanımayan iş yoldaşlarımdan birinin onun şəkillərinə baxarkən söylədiyi sözlər düşür: " Üz-gözündən ziyalılıq yağır". Atam həqiqi mənada əsl ziyalı, mərdlik, mübarizlik və həqiqət mücəssəməsi idi. Onun üçün həyatda düzlük və doğruluqdan daha önəmli heç nə yox idi. Yaxşı deyiblər ki, müəllim aynadır. Şagird ona baxıb özünü düzəldir və həmişə müəllimini öyrənir. Atam şagirdlərini də özü kimi həyata, insanlığa məhəbbət ruhunda tərbiyə edir, həmişə haqqı müdafiə etməyə çağırırdı. Onun üçün pis şagird anlayışı yox idi. "Hər bir şagird sehrli mücrü kimidir. Əsl müəllim ən zəif şagirdinin də gizli qabiliyyətlərini üzə çıxarmağı, müsbət tərəflərini inkişaf etdirməyi bacarmalıdır"-deyirdi.

Bu gün onun yoxluğu ləyaqətli ziyalı, bacarıqlı müəllim, ən əsası isə həssas qəlbli əvəzsiz  bir insan kimi ürəyimizi hədsiz dərəcədə yandırır. Çünki Haley müəllim bütün fərdi keyfiyyət və qabiliyyətləri ilə özünü sevdirməyi, gərəkliliyini sübut etməyi bacaran şəxsiyyət idi. İndi onun məzarı da özü kimi sirdaşımız, təsəlli yerimizdir.Yüksəldiyi mənəvi zirvəni köçdüyü əbədi mənzilində davam etdirən Haley müəllim həmin zirvədən çalışdığı məktəbi seyr etməkdən, öz doğma şagirdlərinə xeyir-dua diləməkdən yorulmur.
Atam haqqında onu itirdikdən sonra danışmaq çətin olsa da, bu gün – onun dünyasını dəyişməsindən 2 il sonra bu barədə xatirə yazmağı övlad olaraq özümə borc bildim. Uşaqlıq illərimdən ta bu günə qədər onu gözəl insan, qayğıkeş ata, mehriban, ailəcanlı bir ailə başçısı kimi gördüm. Bir kərə də olsun kimisə acılamadı, narazılığını isə birinci anama deyərdi... sonra da biz – övladları inciməyək deyə, hər hansı bir qüsurumuza fəlsəfi yanaşardı...
2 ildir ki, onun yoxluğuna alışa bilmirik... Hər açılan səhər adəti üzrə hamını öz dilində danışdırardı... 
Övladların gözəl yaşaması, ailədə problemsiz olmaq, xəstəliklərin yan keçməsi... və s. daim valideyni düşündürən məsələlərdən olub... Atam da həmişə çalışardı ki, qəlbində bizimlə bağlı düşündüklərini, saf arzularını sağ ikən, gözü baxa-baxa həyata keçirsin... Amansız xəstəlik aman vermədi... Atamı əlimizdən aldı... Doğrudur, deyəcəksiniz, kimsənin atası yanında daim olmur... Düzdür, daim olmasa da, heç olmazsa gözüdolusu övladlarının xoş güzaranını görüb, köçür həyatdan....
Gecələr yuxum ərşə çəkiləndə, atam yadıma düşür. Mən atalı-analı ailədə böyümüşəm, odur ki, həyatın qarşımıza qoyduğu sərt qanunlardan, acı şərtlərdən xəbərim olmayıb. Atanın ailə, övlad üçün nə qədər böyük qüvvə olduğunu özüm valideyn olandan sonra bilmişəm. Allahdan qorxmasaydım, atamı “İlahi varlıq “adlandırardım. Çünki o mənim üçün bu ada layiq ata olub. Xasiyyətcə mülayim, zarafatçıl, halallığı sevən, olduqca savadlı, varına şükr edib, aza qane olan bu sakit təbiətli insan. El arasında belə adamlara “Nur” ”Peyğənbər”, ”İpək” kimi insan deyirlər. Mən atamla fəxr edirdim. Uşaqlıqdan yadımdadır, həyətimizdəki tut ağacının altındakı və eyvandakı stollar gündüzlər boş olmazdı, mən atamın yanında oturmağı çox xoşlayardım. O, söhbət edə-edə mənim saçlarımı tumarlayırdı. Bu tumar bir uşaq qəlbinə yaxın olan dünyanın bütün oyuncaq payından daha əziz idi. Mən bir az utanıb, bir az sevinib, lap da xoşbəxt olub atama qısılardım. Balaca uşaq qəlbimdə atama qarşı dünya boyda sevgi daşıyırdım. Mən üzü nurlu atamın mənalı gözlərinə baxanda özümü sanki çox güclü, yenilməz, arxalı hiss edirdim. Elə bilirdim, atam yanımda olsa, mənə heç vaxt heç nə olmaz.
İllər keçdikcə, keçmiş xatirələrimi vərəqlədıkcə, atalı günlərimi yada saldıqca başa düşürəm ki, atam mənə indi daha çox lazımdır. Hərdən taleyimlə razılaşmayıb, təkbaşıma çıxış yolu tapa bilməyəndə yuxum ərşə çəkilir. İndi səni başa düşürəm, ATA! Hərdən ürəyim dolur, qəhərlənirəm, şikayətimi deməyə sənin qədər həssas, hər şeyi dəqiqliyindən başa düşən münasib, doğma adam tapa bilməyəndə sənin üçün darıxıram. Ürəyim dolanda qəbrini ziyarət edirəm, yenə ürəyim boşalmır. Axır zamanlar atamın uzun müddət xəstə olduğundan bədəni çılızlaşmış, beli bükülmüş, saç-saqqalı tamam ağarmışdı, amma üzündəki və ala gözlərindəki nur onu son mənzilədək tərk etmədi. O nurlu üzünü bir də görmək istərdim, ATA! Saçının qoxusunu duyub, əllərindən öpmək istərdim, ATA!
Həyatın yoxuşuna çıxa bilməyib, enişində əziləndə səni köməyə çağırmaq istərdim, ATA!
Ata və ana cənnətin orta qapısıdır. Bu qapını sındıra da bilərsən, qoruya da bilərsən. Ata və anamız bizim dünyaya gəlişimizə vəsilə olan insanlardır. Zəif və aciz halda dünyaya göz açan hər bir insan Yaradanın lütf və kərəmi, valideynlərinin zəngin şəfqət və mərhəmət dolu qoynunda böyüyüb həyata addımlarını atır. Valideynlər uşaqlarını boya-başa çatdıranadək hər cür fədakarlığa qatlanırlar. Yeməyib-içməyib övladlarına yedirirlər, özləri geyinməyib onları geyindirirlər və onlar üçün hər çətinliyə sinə gərirlər. Məncə onlar bəşərin ilk müəllimidirlər.
Hər bir insan ata və ana adlı o iki uca varlığa hörmət etməyə borcludur. Bütün dinlər eyni zaman da İslam ata və anaya böyük dəyər verir. Ancaq bəzi övladlar ömrünü onların yolunda şam kimi əridən valideynləri ağır bir yük kimi görürlər. Halbuki nə edirlər-etsinlər, onların borcunu əsla qaytara bilməzlər.
Valideynlərə biganə yanaşan övladlar nə qədər böyük günah işlətdiklərini bilmirlər.
Halbuki, Yaradan hər zaman valideynlə xoş rəftarı əmr etmişdir.
Ömrün on, iyirmi, otuz, qırx, hətta əlli ilini birlikdə keçirən, acını, şirini, yaxşını, pisi bir dadan valideynlərdən birinin dünyadan köçüb getməsi o birini qəm dəryasına qərq edir. Həyat yoldaşının – istər qadın olsun, istərsə də kişi ölümü ilə yaranan boşluğu doldurmaq artıq övladların öhdəsinə düşmüş olur. Ömür-gün yoldaşının vəfatı onun qəlbində dərin bir boşluq əmələ gətirir və ruhunu dəhşətli tənhalıq hissi çulğalayır. Belə bir boşluğu da ancaq övlad və nəvələri doldura bilər. Artıq bu boşluğu dolduran Nofəl adlı nəvən var ATA. Ona görə ruhun rahat, yerin cənnətməkan olsun ATA!


Ürək ağrısı ilə qələmə aldı
oğlun
Çingiz

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: