SAZLA QOŞALAŞAN, SÖZLƏ ALIŞAN ŞAİRİN "POEZİYA GÜNÜ"

SAZLA QOŞALAŞAN, SÖZLƏ ALIŞAN ŞAİRİN "POEZİYA GÜNÜ" Bu gün -
2018-ci il yanvarın 13-də
qədim Borçalı mahalının
Bolnisi rayonundakı
Cəfərli kəndinin
Şadlıq evində
Xasməmməd Əliyevin təşəbbüs və təşkilatçılığı, "Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzi"nin (BAMM) dəstəyilə
mərhum Xalq şairi
Zəlimxan Yaqubun
"Poeziya günü" keçirildi.

Tədbirdə Gürcüstanın dövlət rəhbərləri,
parlament deputatı,
bölgə qubernatorunun müavini, Azərbaycan Aşıqlar Birliyinin katibi, rayon meri və ictimaiyyəti, qələm əhlləri və Borçalının ustad aşıqqları Zəlimxan Yaqubla bağlı xatirələrini, həsr etdikləri şeirləri oxudular, sözlərini aşıq havaları üstə ifa etdilər.

Xalq şairinə həsr edilən son şeiri təqdim edirəm.


GƏL, AY ZƏLIMXAN


Karvanın səfərə çıxandan bəri,
Solubdu bağımda gül, ay Zəlimxan!
Sənin varlığınla gülərdi eşqim,
İndi lal olubdu dil, ay Zəlimxan!
Sənsiz darıxıram, gəl, ay Zəlimxan!

Əbədi məkana, göylərə axdın,
Vaxtsız köçməyinlə yandırıb yaxdın.
Son günlər gülmədi üzünə baxtın,
Eynimiz açılmır, bil, ay Zəlimxan!
Sənsiz darıxıram, gəl, ay Zəlimxan!

Tərsinə dönübdü dünyanın çarxı,
Dəyişib bazarın nizamı, nırxı.
Quruyub çayların dəhnəsi, arxı,
Düşüb könüllərə xal, ay Zəlimxan!
Sənsiz darıxıram, gəl, ay Zəlimxan!

Gəl, babam Qorquddan, millətdən danış,
Sazımdan, sözümdən, sənətdən danış.
Müqəddəs sevgidən, ülfətdən danış,
Dönsün laləzara çöl, ay Zəlimxan!
Sənsiz darıxıram, gəl, ay Zəlimxan!

Millətə qul oldun, Tanrıya bəndə,
Qoy göylər titrəsin şair dinəndə.
Qayıt gəl, meydan aç, sazın sinəndə,
"Dilqəmi", "Mansırı" çal, ay Zəlimxan!
Sənsiz darıxıram, gəl, ay Zəlimxan!

Sərin yaylaqlarda izin göynəyir,
Ocağında qorun, közün göynəyir.
Amanat qoyduğun sazın göynəyir,
Qoyma pas atmağa tel, ay Zəlimxan!
Sənsiz darıxıram, gəl, ay Zəlimxan!

Gəl, ata yurdunu, eli sevindir,
Namərdin suçunu boynuna mindir.
Sənsiz qan ağlayan sazını dındir,
Tellərə həsrətdi əl, ay Zəlimxan!
Sənsiz darıxıram, gəl, ay Zəlimxan!

Əlixan, bəllidi nəsilin, zatın,
Dillərdən düşməyib müqəddəs adın.
Yurdunda nur saçır ocağın, odun,
Qayıt, qüssə-qəmi sil, ay Zəlimxan!
Sənsiz darıxıram, gəl, ay Zəlimxan!

Əlixan YƏHYAOĞLU,
09.01.2018.

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: