Kərəm Paşa oğlu Nəbiyev - 1924-cü ildə qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Arıxlı kəndində anadan olub. Orta təhsilini Arıxlı məktəbində alıb.
Böyük Vətən mühaharibəsi illərində Gürcüstanın Manqlisi rayonunda hərbi xidmətdə olub.
O, 1946-cı ildə Borçalı Türk Pedaqoji Texnikumunu bitirib və müəllim kimi əmək fəaliyyətinə Kürtlər kəndində başlayıb.
Sonra Kərəm Nəbiyev ali təhsil almaq məqsədilə Gəncəyə gəlib və sənədlərini H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna verib. 1949-cu ildə instituta daxil olan Kərəm Nəbiyev ali məktəbin tarix fakültəsini 1953-cü ildə müvəffəqiyyətlə bitirib. Təyinatla iki il Zaqatala rayonunun Danaçı və Varxiyan kəndlərində müəllim işləyib. Sonra Kərəm Nəbiyev pedaqoji fəaliyyətini Borçalıda davam etdirib. 1955-ci ildən 1960-cı ilədək Faxralı kəndində müəllim, Kəpənəkçi kəndində məktəb direktoru, Arıxlı kəndində isə tarix müəllimi işləyib.
Kərəm Nəbiyevin elmə olan marağı onun 1960-cı ildə Bakıya gəlməsinə səbəb olub və taleyini həmişəlik indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə bağlayıb. Ömrünün sonuna kimi Kərəm müəllim həmin ali məktəbin politologiya kafedrasında çalışıb.
Kərəm Nəbiyev 1975-ci ilin iyun ayında namizədlik dissertasiyasını uğurla müdafiə edib, tarix elmlər namizədi elmi dərəcəsi alıb. O, əmək fəaliyyəti dövründə tarix və politologiya elmlərinə həsr olunmuş 30 yaxın elmi, elmi-publistik məqalələr çap etdirib.
Kərəm müəllim gözəl saz ustası olub. O, həm də elinə, obasına bağlı adam idi. Bakıda yaşasa da, Arıxlını unutmadı, bütün tətil vaxtlarında kəndə gələrdi. Ona sual verəndə ki, Ay Kərəm müəllim sizi kəndə baglayan nədir? O deyərdi: "-Uşaqlıq illərində qaçıb gizləndiyim çinar agacı və bir də mənə rast gələn agbirçəklərimizin "Ölüm, ay Kərəm, nə təhərsən?.." sözlərini eşidəndə elə bilirəm ki, bütün dünyanı mənə bagışlayırlar”.
Kərəm Nəbiyev 1995-ci ildə 71 yaşında Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin...
Pünhan ƏFƏNDİYEV,
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.