Ramin Musayev (1963)

Ramin Musayev (1963) Ramin Namaz oğlu Musayev 1963-cü il aprelin 26-da qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı İncəoğlu kəndində anadan olub.
O, Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunu bitirib, hərbi xidmətə yollanıb.
Hərbi xidməti Moskvada daxili qoşunlarda keçib.
Qayıtdıqdan sonra uzun müddət Azərbaycanın hüquq-mühafizə orqanlarında çalışıb. Əvvəlcə Bakıdakı 6 nömrəli islah-əmək müəssisəsində zabit kimi çalışıb. 1993-cü ildə Bakının Nərimanov rayonundakı 23-cü polis bölməsində növbətci vəzifəsinə təyin olunub. Bir müddət sonra isə Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin Avtomobil Təsərrüfatına rəis müavini keçib. 2 il işlədikdən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilib. 1995-ci ildə Bakının Əzizbəyov (indiki Xəzər) rayonuna əməliyyat müvəkkili təyin edilib. 8 il polis kimi fəaliyyət göstərməsinə baxmayaraq, hansısa oyunların qurbanı olub - həbs olunub, 1 il 6 ay sonra azadlığa çıxıb, bir müddət bizneslə məşğul olub.
2004-cü ildən isə özünün dili ilə desək "futbolun içində"dir.
Əvvəlcə "Neftçi"nin vitse-prezidenti işləyib.
2008-ci ildən isə Azərbaycan Peşəkar Futbol Liqasının (APFL)-in prezidentidir.

Bir oğlu, bir qızı var. Oğlu - Elvin Musazadə tanınmış futbolçudur. "Neftçi""Qarabağ" komandalarında oynayır.

Ramin Musayev həm də saz-söz aşiqidir. Şairlərdən Bəhmən Vətənoğlunun, Sücaətin kitablarını oxumaqdan doymur. Arada özü də saz çalmaqla yanaşı, həm də şeir yazır. Ən çox sevdiyi saz havaları "Ruhani”, "Başsarıtel”, "Dilqəm”dir. Aşıq Əsgər Qazaxlının, Aşıq Zülfiyyənin vurğunudur.
"Hansı zonasının aşıqlarını daha çox bəyənirsiniz?" sualına isə "Azərbaycanı regionlara bölmək istəmirəm, amma saz Qazax, Borçalı, Göyçə - bu zonalara aiddir" - söyləyir.

Biz də dəyərli eloğlumuz Ramin Musayevə uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: