
Səhv siyasət isə bir gün onu həyata keçirənlərin özünə doğru bumeranq kimi qayıtmalı idi, qayıtdı da. Belə bir şəraitdə Gürcüstanda istehsal dayanmışdı, mağazalar isə boş idi. Kriminal qruplar, quldurlar dinc sakinləri qarət edir, maşınlarını əllərindən alır, mal-qarasını oğurlayır və onları öldürürdülər. Xüsusilə mal-qara, maşın oğurluqları geniş yayılmışdı. Həmin vaxt Bolnisi rayonunun, sonra isə Azərbaycanın Göyçay rayonun təhlükəsizlik xidmətinin sabiq rəhbəri Nəbi Nəbiyev(KQB Nəbi) və tikinti trestinin sabiq rəhbəri Məhəmmədəli Aslanovla birlikdə 5 nəfərin olduğu minik maşınının qarşısı silahlı svanlar tərəfindən saxlanıldı. Məhəmmədəli Aslanov həmin hadisə barədə deyir: “Uzunbaşoğlu Nəbinin oğlu Əhməd rəhmədə getmişdi. Əhməd Marneulidə elevatorun baş direktorunun müavini işləyirdi və bizə də qohum idi. Marneulidə yas mərasimindən sonra Arıxlıya qayıtdıq. Bir az dincəldikdən sonra Kəpənəkçiyə yas yerinə getmək qərarına gəldik. İsayev Mürsəl müəllimin də Ayortada qohumu rəhmətə getmişdi. Belə qərara gəldik ki, əvvəlcə Ayortaya, sonra Kəpənəkçiyə gedib hər iki yas mərasimində iştirak edək. Maşında məndən və Mürsəl müəllimdən başqa, KQB Nəbi, Şakir Quliyev və qardaşım Möylüd vardı. Kəpənəkçidən geri kəndə qayıdanda Turşbulaqda su içmək üçün maşını saxladıq. Möylüd sükan arxasına keçəndə bildirdi ki, hərbi formada olan silahlılar onları diqqətlə izləyirlər:
– Nəsə narahatam, onlardan uzaq durmaq lazımdır, hərəkətləri xoşuma gəlmir. Mən Möylüdə maşını işə salıb yola düşməyi tapşırdım. Hər ehtimala qarşı güzgüdən arxaya baxdım və silahlı şəxslərin iki maşınla bizi izlədiyini gördüm. Möylüd də narahat idi və maşını Hasannxocalıda kənd içinə sürmək istədi, lakin yola davam etməyi tapşırdım. Hasannxocalı ilə Arıxlı arasında maşınlardan biri bizi ötərək qabaqda çəpəki vəziyyətdə yolda saxladı. Hər iki maşından düşən silahlılar avtomatları bizə tuşlayıb maşından düşməyimizi əmr etdilər. Silah gücünə maşından düşdük, lakin Möylüd bu vəziyyətə etiraz edərək düşmək istəmədi. Silahlılardan biri atəş açaraq onu topuğundan yaraladı. Bir an hər şeyi unutdum, qardaşıma kömək üçün irəli atıldım, amma əlimdən bir şey gəlmədi. Başqa bir silahlı tapançanı alnıma dirəyib dedi:
– Ölmək istəmirsənsə, tərpənmə, hərəkət etsən, atəş açacağam. Möylüd yaralı vəziyyətdə maşından düşürüldü, sonra oğrulardan bir neçə nəfər bizim maşına minərək hadisə yerini tərk etdi. Səs-küyə həm Arıxlıdan, həm də Hasanxocalıdan xeyli adam toplaşdı. Silahlıların arxasınca bir neçə maşın düşsə də, oğruları tapmaq mümkün olmadı. Maşının yük yerində xeyli pul vardı. Maşın da getdi, pul da getdi, üstəlik də qardaşım topuğundan yaralandı. Şükür Allaha ki, güllə yarası ciddi deyildi. Sonradan öyrəndim ki, bizə qarşı cinayət törətmiş silahlılar Abxaziya müharibəsində öldürülüblər”. Maşın bazarından bir neçə gün əvvəl alınmış avtomobil isə Məhəmmədəliyə məxsus olub. Bu kimi hadisələr ölkə miqyasında artıq adi hal almışdı. Arıxlıda da vəziyyət gərgin idi. İşsizlik baş alıb gedirdi. İstər Arıxlı, istərsə qonşu kəndlərin sakinləri arasında Azərbaycandan benzin və digər neft məhsulları gətirib yol kənarında satanlar olurdu. Bu isə Arıxlının ilk şəhid verməsi ilə sonunclandı.


Güllələrdən biri isə montyor Məhəmmədin dizinə dəyib və diz qapağını sıradan çıxarıb. Rafiq məktəbə tərəf, əkin sahəsinə qaçaraq oradan qarşı tərəfə atəş açıb, lakin atəş pərakəndə olduğundan heç bir nəticə verməyib.
Ağır yaralanan Ariflə Nəsib dünyasını dəyişiblər.

Nəsib Əhməd oğlu Yusifov 1958-ci ildə, Arif Əhməd oğlu Mustafayev isə 1963-cu ildə Arıxlı kəndində anadan olmuşdular.
Arıxlılar şübhəli maşının arxasınca düşsələr də, izini itiriblər. Hadisədən sonra kənddə təhlükəsizlik tədbirləri gücləndirilib.
Bir gün sonra içərisində svanlar olan minik maşını “dur” əmrinə tabe olmayaraq sürətlə şlaqbaumun yanından keçib – gedərkən arxasınca açılan atəş nəticəsində iki svan öldürülüb, bir neçə nəfər yaralanıb. Bundan sonra hadisələrin nəzarətdən çıxmasının qarşısını almaq üçün Arıxlıya Gürcüstanın qərb rayonlarından avtobuslarla milis dəstələri gətirilib. Hətta zirehli maşınlar da gətirilib. Lakin sakitlik yarandıqdan sonra bu texnikalar kəndi tərk edib.
Növbəti faciə isə bir il sonra baş verib. Kənd yolundan magistral yola çaxan minik avtomobili şübhəli maşın kimi patrul maşını tərəfindən saxlanılıb. Nömrəsiz minik avtomobilinin sürücüsü Eldənizlə milis arasında mübahisə yaranıb. Milis əməkdaşının açdığı atəş nəticəsində güllə asfalta dəyərək istiqamətini dəyişərək yol kənarındakı Tengiz Məhəmməd oğlu Əliyevə dəyib. Yaralanan Tengizi xəstəxanaya aparsalar da, yolda dünyasını dəyişib.

Gürcüstan hakimiyyəti tərəfindən həyata keçirilən bu tədbirlər Borçalıda müəyyən sakitlik yaratdı.
Lakin bu o demək deyildi ki, diskriminasiya dövrü sona çatdı.
Pünhan ƏFƏNDİYEV,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.