2023-cü il sentyabrın 23-də Gürcüstanın Bolnisi şəhərində ənənəvi "Bolniskalakoba" bayramı (Bolnisi şəhər günü) keçirilib.
ZiM.Az xəbər verir ki, şəhərin qədim və böyük küçələrindən birində açıq hava altında təşkil olunmuş bayram tədbirində Bolnsi şəhəri ilə yanaşı, bələdiyyənin bütün kəndləri üçün ayrılıqda guşələr ayrılıb. Gürcü xalqı ilə yanaşı burada Azərbaycan xalqına məxsus qədim milli-mədəniyyət nümunələri və milli mətbəximiz də nümayiş olunub.
Tədbirdə çıxış edən Bolnisi rayonun meri Davit Şerazadaşvili və Gürcüstan parlamentinin üzvü Qoqi Meşveliani çıxış edərək rayonda son illərdə görülən işlərdən danışıb, bayram münasibətilə əhalini təbrik ediblər.
Hər il olduğu kimi, bu il də rayon bələdiyyəsinin qərarı ilə bir neçə nəfər Bolnisi şəhərinin fəxri vətəndaşlığına layiq görülüb.
Bu fəxri titula layiq görülənlərdən biri də əslən Bolnisi bələdiyyəsinin Darvaz kəndindən olan Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur. M.Nəbioğlu bu ada Azərbaycan ilə Gürcüstan arasında, eləcə də hər iki ölkənin bölgələri arasındakı mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə layiq bilinib.
Tədbirdə çıxış edən Musa Nəbioğlu onu rayonun fəxri vətəndaşlığına layiq gördüklərinə görə Bolnisi rayonunun merinə minnətdarlıq edib. Bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri daim inkişaf edir. Bu cür tədbirlər bizi daha da yaxınlaşdırır, təkcə mədəni əlaqələrimizin deyil, bütün sahələrdə münasibətlərimizin məhkəmlənməsinə xidmət edir.
Biz də bütün yaradıcı heyətimiz adından, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunu Bolnisi şəhərinin fəxri vətəndaşı adına layiq görülməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.