“ƏLLİNİ HEÇ SEVMİRƏM...”
Kamandar Eyvazlı:
“İçimdəki poeziya istedadını tam xərcləyə bilmədim”.
Onun saza, sözə, şeiriyyətə bu qədər bağlı adam olduğunu eşidəndə, bəlkə də çoxuna qəribə gələcək. Çünki çoxları onu şairdən daha çox məmur kimi tanıyır. Düzünü deyim ki, elə mən də peşəmlə əlaqədar “Azəriqaz” İstehsalat Birliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamandar Eyvazlını həmişə məmur kimi sorğu-suala çəkmişəm. Amma bu mənada, şeir-söz heyranı kimi nələri itirmişəm, bunu onunla yubiley ərəfəsində oturub söhbətləşəndən, daha doğrusu, dərdləşəndən sonra bildim. Düzünü deyim ki, məhz bu söhbətdən sonra Kamandar Eyvazlını həm qəlbiyuxa bir insan, həm səmimi müsahib, həm incəruhlu bir şair kimi, kəşf də etdim. 50 yaşını arxada qoyan saz-söz adamı aldı görək nə dedi, biz nə eşitdik...
- 50 yaşın kürəyini yerə vuran Kamandar Eyvazlı, necəsiniz, keyf-əhval?..
- 50 yaş doğrudan da, böyük bir yaş imiş. Bir həftə bundan öncə, düzünü deyim ki, lap dünənədək sanki at oynadırdım, özümü 20 yaşdakı gənc kimi hiss edirdim. Amma artıq indi hiss edirəm ki, 50 əsrin yarısıdır. Və bunu dərk edincə birdən-birə əhvalım dəyişdi. Hətta, işçilərim, məni tanıyanlar özləri də məəttəl qalıblar.
- Qocalığın xofu basdı sizi, yoxsa?
- Yox, qocalıq səbəb deyil. Nə bilim, duyğular qarışıqdır; daha o cavanlıq şeirlərini yazmırsan, daha ciddi misralar yazmaq istəyirsən, fikirlər səni yükləyir...
- Bir şeirinizdə deyirsiniz ki, “demək öz ömrümü yaşamamışam, demək öz yükümü daşımamışam”... Bəs kimin yükünü daşımısınız?
- Dostların, qohumların. Nə gizlədim, buna həm peşmanam, həm də peşman deyiləm. Qohumlara-dostlara çox yarımışam. Bu dünyada maddi və mənəvi nə qazancım olubsa, hamısını dosta, qohum-qardaşa xərcləmişəm. Məni aldadıblar da, uduzmuşam da...
- Dost xəyanətinə çoxmu tuş gəlmisiniz?
- Gəlmişəm...
- Bəs qarşılığını necə vermisiniz?
-İnanın ki, haqq-salamı kəsməmişəm, əvvəlki münasibəti davam etdirmişəm.
- Niyə?
- Axı bizim dost itirən vaxtımız deyil. Bir şeir də yazmışam bu haqda;
Bizim qazanmalı vaxtımız deyil,
İtirə-itirə gedirik daha.
Ayları-illəri boşu-boşuna,
Ötürə-ötürə gedirik daha.
- Şair... (Sözümü ağzımda qoyur)?
- Müraciətiniz məni ağrıtdı. Mən şair sözünü qəbul edə bilmirəm, ona görə ki, əslində, şair ömrünü yaşamadım. Çünki içimdə olan duyğuları, hissləri ayrı yerə xərclədim. Allah qismət elədi, həmişə ciddi vəzifələrdə çalışdım.
- Düz başa düşdümsə, məmur Kamandar şair Kamandarı bir küncə sıxışdırdı. Niyə, nəyin müqabilində?
- Ətrafımda olan insanların hamısı kasıb və yetimlərdir. Mən vəzifəmdən istifadə edərək onlara kömək eləmək istəmişəm. Əvəzində şair ömrümü də onlara qurban elədim. Gözəl dediniz ki, məmur Kamandar şair Kamandarı bir küncə sıxışdırdı. Mən buna görə sonralar özümü çox məzəmmət elədim. Gərək mən ömrümü sırf şeirə həsr edəydim. Çünki içimdə olan poeziya istedadını tam xərcləyə bilmədim.
- Bəyəm o duyğular indi içinizdə yoxdur?
- Var e, nə olsun, amma həmin duyğularla yazmağa indi də yaş imkan vermir.
- İş masası üzərində çoxmu şeirlər yazılıb?
- Mən elə gecə-gündüz yazıram da. Amma burda yazdığım şeirlər rəsmiliyi ilə seçilib.
- Bəs harada yazılan şeirlər daha səmimi olub?
-Təbiət qoynunda. Ona görə də mən hər həftənin şənbə-bazar günlərini səfalı bölgələrdə keçirirəm.-Bəs dəniz?-Yox, mən dənizə alışa bilmirəm. Mənimki bulaqdı, ağac dibidi, meşəlikdi...
-Hələ deyin görək, “dağların dərmanını” tapa bildinizmi?
-Yox, tapa bilmirəm. Elə ona görə də müraciət etmişəm;
Kamandar qəlbində ayrılıq bəslər,
Bu qismət mənimdir, onu kim istər.
Mən tapa bilmirəm, sən mənə göstər,
Dağların dərmanı hardadı, Allah.
Mən təyinatla 4 il Laçında işləmişəm. İnanmıram, hansısa laçınlı Laçını mənim qədər sevə bilsin. Dünən laçınlılarla bir yerdəydim. Onlardan maralgülünüxəbər aldım. Məəttəl qalırlar ki, o gül harda bitir. Maralgülü dünyada yalnız Laçında bitir. Bayaqkı sualınıza qayıdım, mənim iş masamda yazdığım şeirlərlə təbiətdə yazdığım şeirlərin arasında fərq var.
- Fərq nədədir?
- İş masamda yazdığım şeirlərdə çayların şırıltısı, bulaqların zümzüməsi, dağ çiçəklərinin ətri çatışmır. Laçında Hətəmlər kəndində bir əzgil ağacı vardı. Mən dəli-dolu vaxtlarımda şeirlərimi o əzgilin kölgəsində yazırdım. Kənd camaatı da bunu bilirdi və and olsun Allaha, əzgilə əllərini də vurmurdular. Adını da qoymuşdular “Kamandar əzgili”.
- Bu da sizin misranızdır, “tale sındırmasın qoy Kamandarı”... Sındıra bildimi?
- Sındırdı, sındırdı... Bircə bacımı, dayımı, atamı, əmimi itirdim. Onda sındım.
- Bəs sizə ayaqda durmağa kim kömək etdi?
- Balalarım. İnfarktdan sonra özümü balalarım üçün saxlamışam.
- Yubiley ərəfəsində kədərdən danışmaq günahdır, deyin görək, ilham pəriniz varmı?
- İlhamı bir xanımdan alıram, məşhur göz həkimidir. Həyatımın mənası ondadır.
- Həyat yoldaşınızın qulağından uzaq...
- O qətiyən məni o xanıma qısqanmır, çünki başa düşür. Özü də sirri-xudadırsa, bu sevgi tükənmir. Bəlkə də ona görə ki, maraqlı qadındır.
- Hansı yaşınızı daha çox sevmisiniz; 20, 30, 40, yoxsa 50-ni?
- 50-ni heç sevmirəm, hələ üstəlik bu saat 50-nin qorxusu canımı alıb. Allah haqqı dəhşət qorxu içindəyəm.
- Hansı yaşınıza şeir həsr etmisiniz?
- 45-də, əlliyə də şeir yazmışam. 50 yaşıma yazdığım şeiri üzə çıxarmayacam. Çünki məni çox ağrıdan şeirdir. Bax indi çoxu deyir ki, Kamandar müəllim, heç o yaşı sizə vermək olmaz, cavan görünürsünüz. Amma yox, içəridə nəsə çatışmır. Elə bil nəyisə itirmişəm.- Bəlkə yubiley keçəndən sonra bu hisslər də keçib gedəcək?- Of, elə istəyirəm, tez gəlib keçsin. Bircə ona sevinirəm ki, məni sevən dostlarım o məclisə yığışacaq. Yazıçılar Birliyində keçiriləcək o mərasimə İrandan, Türkiyədən, Rusiyadan dostlarım məni deyib gələcək. Sonra yenə öz duyğularımla baş-başa qalacam. Bayaqkı sual cavabsız qaldı. 20 yaşımı sevirəm, çünki sevməli, yaşamalı vaxtlar idi.
- Amma 20 yaşında heç o qədər də tanınmırdınız...
-Heç indi də şöhrətli deyiləm. Mən özüm üçün yaşamışam.
-50 yaşınız sizə həm də ilham pərisi qismət edib.
- 20-də yaşadığım çılğın sevgi idi, bu isə oturuşmuş. Mənim yadımdadır ki, nişanlı vaxtlarımda qızgilin evinə getmişdim və dörd divar arasında çığıra-çığıra onun adını çağırırdım. Bah atonnan, sevgiyə bax e, indi aynan-ilnən ayrı qalsam da, heç elə çığırmaram.
-50-dən boylananda ömrünüzün ötən çağları sizi özünə çəkir, yoxsa gələcək günlər?
-Arxadakı çağlar, çünki acısıyla bərabər, həm də şirindir. Oturmusan, yanında anan, başının üstündə atan, bibin, xalan var idi. İndi baxıb onları yanında görə bilmirsən.Təzədən uşaq olmaq istəyirəm. Deyirəm ayaqyalın çayın içindən qaçım, ayağımı palçığa batırdığıma, nadincliyimə görə döyülüm, çayın suyu ilə tellərimi isladıb arxaya darayım, kəndin ayağında dayanıb oğrun-oğrun istədiyim qızın yolunu gözləyim. Kənddə xalamgilnən qonşuyduq, uşaq vaxtı evimizin yanından axan çayın içindən daşları yığıb onların pəncərəsini daşlayardım. Tutub məni nəfəsim kəsilənə qədər döyürdülər. Bax indi o döyüldüyüm gün üçün burnumun ucu göynəyir.
-Yeniyetmə vaxtlarınızda sevgi məktubları yazmısınız?
-O qədər... Hələ dostlarım da mənə sevgi məktubları yazdırıb.
-Qələminiz kəsərli olub, yəni qızları inandından döndərib, yoxsa?
-Bir dəfə sinif yoldaşım xahiş elədi ki, Kamandar istədiyim qıza bir məktub yaz, mən də bir şer yazıb zərfə qoydum. Nə təhər çaşmışdıqsa, məktubu qıza mənim adımdan göndərmişdik. Cəvahir xanım, bir də sizə bir sirr açım, son vaxtlar lap kövrək olmuşam. Hətta toyda da gözümün yaşını saxlaya bilmirəm. Bax indi sizinlə danışa-danışa kövrəlirəm. Mənə elə gəlir ki, bu da bir Allah eyhamıdır. Ola bilsin, ömür tükənir, bitir, ola bilsin...
Cəvahir SƏLİMQIZI.
Redaksiyadan: İstedadlı qələm dostumuz hörmətli Kamandar Eyvazlını 50 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!...
"Şərqin səsi" qəzeti,
N: 14 (243) Noyabr, 2010-cu il.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.