Duyğu və düşüncə yolçusu: ZİYADXAN BUDAQ

Duyğu və düşüncə yolçusu: ZİYADXAN BUDAQ “Ədəbi yaradıcılıq ciddi bir işdir və bu işin ciddiyəti onunla ölçülür ki, yaradıcı şəxs bu ağır proseslə peşəkarcasına məşğul olur, yəni bir növ həyatının məqsədinə çevirir bu işi. Yalnız o halda nə isə əldə etmək mümkündür. Bəzən isə yaradıcı şəxs ədəbi prosesdən kənarda yazıb-yaradır, bu prosesdə iştirak etməsə də belə o ağrını yaşayır,
o ədəbi yükü daşıyır.”


- Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, Məmməd Tahirin istedadlı qələm dostumuz Ziyadxan Budaqın 2011-ci ildə “Vətən” nəşriyyatı tərəfindən işıqüzü görmüş “Könlümün dedikləri” adlı şeirlər kitabına yazdığı “Duyğu və düşüncə yolçusu” sərlövhəli ön söz məhz bu sözlərlə başlayır:

- “Qarşımda bir əlyazmalar toplusu vardır. Bu topludakı şeirlər lap son illərin ədəbi məhsuludur. Qısaca desək, mürəkkəbi təzəcə qurumuş şeirlərdir. Müəllifi: Ziyadxan Budaq. Həyatda tanıdığım, bəlkə lap yaxşı tanıdığım insandır. Şeirləri kimi tərtəmiz ürəyi var. “İnsanlığın meyarı var, bil ki, o da ləyaqətdir” düşüncəsi ilə yaşayan şair “Dünəninə səcdə eylə, sabahına inam gətir” məqamı ilə poeziyanın sabahlarına üz tutur.”

Ziyadxan Budaq (Ziyadxan Qurban oğlu Budaqov) 1957-ci il fevralın 20-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Kəpənəkçi kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) tarix fakültəsini bitirib. Bir müddət doğma Borçalıda orta məktəbdə müəllim işləyib. 1990-sı illərdə Borçalıda baş vermiş məlum olaylardan sonra Bakıya köçməyə məcbur olub. Bakı şəhəriüzrə Təhsil idarəsində çalışır. “Qızıl Qələm”“Abdulla Şaiq” Mükafatları laurea­tıdır.

İndiyədək onun “Sabaha uzanan əllər”, “Saz üstündə”, “Yel dağında qalan izlər”“Könlümün dedikləri” adlı dörd şeirlər kitabı nəşr olunub.

Z.Budağın “Könlümün dedikləri” adlı dördüncü şeirlər kitabında son illərdə qələmə aldığı qoşma, gəraylı, bayatı və qəzəl janrlarında yazmış olduğu şeirləri toplanmışdır. Yurda məhəbbət, doğma torpağa bağlılıq, el-obaya sevgi, dünyanın gərdişinə şair münasibəti, habelə sevən qəlbin məhəbbət çırpıntıları kitabın əsas qayəsini təşkil edir. Onun yaradıcılığında xalq yaradıcılığı ruhu özünü daha qabarıq şəkildə göstərir. Hiss və duyğularını əsasən qoşma və gəraylıda kökləyən şair yeri gəldikcə sərbəst şeirə və qəzələ də üz tutur. Lakin Ziyadxan öz sözünü qoşmada da yığcam və lakonik deyə bilir:

Qalmaram yadında quru səs kimi,
Yaşaram könlündə bir həvəs kimi.
Səni isindirən bir nəfəs kimi,
Qayıdıb gələrəm xatirələrdə.


Dünyanın soyuq, bir də isti tərəfi var. Adamın da soyuğu, bir də istisi olur. Bir də var, sözün soyuğu, sözün istisi. Şairi soyuq söz tutanda isti sevgidən yazır, isti sevgi görəndə isə bəzən qəribsəyir. Özünü dünyanın ortasında tənha və qərib hiss edir. Bəlkə elə bu da şairliyin bir tərəfidir.

Həsrət yaman çətin olur,
Tənha ömür yetim olur.
Bəlkə ölüm-itim olur,
Məni “mən”lə görüşdürün
.

Hər ötən an şair taleyində bir iz buraxır. Dünənin cavabsız sualları bu gün yenidən cavab istəyir. Nə zamansa əhəmiyyət verilməyən, ötüb-keçən hal sayılan bir an yenidən yaşantıya çevrilir:

Bu da bir taledi, bu da bir baxtdı,
Ömrə bulud çökdü, şimşəklər çaxdı.
Göylərin üzündən bir ulduz axdı,
Qayıda bilmərəm, gözləmə məni.


Ziyadxanın yaradıcılığında sevgi hissləri qabarıb-çəkilən dalğalar kimi daim şair ürəyinin sahillərini döyəcləyir. Bu qabarmalar bəzən o qədər güclü və təlatümlü olur ki, duyğu hay-harayı, hiss vay-şivəni şair “mən”ini az qala “məhşər ayağı”na çəkir:

Qəfil duyğu kimi, qəfil səs kimi
Ax, gəl ürəyimə bir həvəs kimi.
Ruhuma can verən bir nəfəs kimi,
Səni soraqlayır, səni gəzirəm.


Yurda məhəbbət, doğma torpağa bağlılıq, el-obaya sevgi şairin duyğularını həmişə ehtizaza gətirir, onun qəlbini poetik duyğularla titrədir. Tarixi keçmişimizdən duyduğu fəxarət hissi, min illərin o üzündən boylanan nəhəng Türk imperiyasının əzəməti şair qəlbini qürurlandırır, bu duyğular poetik misralara çevrilir. “Hun xaqanlarına məktub” silsilə şeirləri bu baxımdan diqqəti daha çox cəlb edir:

Ömür yolun vüqarımın
bir üzüdür,
İltəris xan!
İnanmışam, bilmişəm ki,
Yer üzündə Türkə dayaq
Türk özüdür, İltəris xan!


“Qürub çağı”, “Qayalar”, “Qələm, kağız, bir də mən”, “Təəssüf” və başqa şeirlərdə Ziyadxan öz şair “mən”inə sadiq qalır, necə düşünürsə eləcə də sadə dildə öz sözünü deyir. Şair əllaməçilikdən uzaq qalmağa çalışır. Duyğu və düşüncələrini poetik təhlilə çəkir, sözünü və fikrini eyni axarda aparır.

Nəhayət, fikrimizi Məmməd Tahirin sözləri ilə başladığımız kimi elə Məmməd Tahirin sözləri ilə də bitirmək istəyir, aşağıda Ziyadxan Budaqın bir neçə şeirini oxucularımıza ərmağan edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq:

“Mən bu fikirlərimi oxucu ilə bölüşəndə qarşıma Ziyadxan Budaq yaradıcı­lığını bütünlüklə təhlil etmək məqsədini qoymamışdım. Oxucu fikrini yalnız şairin yaradıcılığındakı bəzi məqamlara yönəltmək istəyi ilə yola çıxdım. Şair Ziyadxana “yolun uğurlu olsun” deyib ondan ayrıldım və sonda ona da inandım ki, kitabda toplanan şeirlər oxucu ürəyinə yol tapacaq və müəllifinə poetik uğurlar gətirəcəkdir.”

Müşfiq BORÇALI.

"ŞƏRQİN SƏSİ", "ELM və TƏHSİL" qəzetləri,
İyul, 2013


Ziyadxan BUDAQ

Ustad

Müəllimim Rəşid Acalova


Elə qurumuşam söz tapammıram,
Bir ocaq çatmağa köz tapammıram.
Şeirin yolunu da düz tapammıram,
Yoxluğun nə qədər ağırmış, ustad.

Mən indi bilmişəm kiməm, nəçiyəm,
Nə kamil ustayam, nə pinəçiyəm.
Nə qədər desəm də Kəpənəkçiyəm,
Sən demə şagirdin fağırmış, ustad.

Yenə o kağızdır, yenə o qələm,
Yenə gözlərimdə gül açır aləm.
Nə fayda, ağırdır, çəkilmir şələm,
Bu nisgil yandırıb-yaxırmış, ustad.

Taledən nə umdum, oldu, tez oldu,
İllər ötüşdükcə birim yüz oldu.
Mənim bu yaşımda astar üz oldu,
Gördüm ki, qazanım paxırmış, ustad.

Bu mənim ömrümdə qiyamətiymiş,
Sözləri qoşmağım fərasətiymiş,
Bu nə şeiriymiş, nə sənətiymiş,
Gözümdə şimşəklər çaxırmış, ustad.

Ötəri xəyalmış gəldiyim yollar,
Bir dərdmiş, məlalmış gəldiyim yollar.
Cavabsız sualmış gəldiyim yollar,
Üstümə cəsarət yağırmış, ustad.

Əldən verməmişəm son qətiyyəti,
Yaşada bilmişəm bu ülviyyəti.
Bir şagird-müəllim mehri, ülfəti
Mənim qələmimdən axırmış ustad.

Azmışam yolumu dumanda, sisdə,
Qalmışam hardasa bir uzaq səsdə.
Yaxşı ki, ruhun var başımın üstə,
Taleyim üzümə baxırmış ustad.
18 fevral 2009-cu il.

Bu Dünyada Şair Olmaq Çətindir

Bu dünyanı izləməyə nə var ki,
Gördüyünü düz deməyə nə var ki,
Söz uydurub, söz deməyə nə var ki,
Bu dünyada şair olmaq çətindir.

Öz ölçüsü, mizanı var dünyanın,
Dərvişi var, ozanı var dünyanın.
Tarixini yazanı var dünyanın,
Bu dünyada şair olmaq çətindir.

Gələn kəslər gəldiyini bilmirsə,
Gedən kəslər ölümünə gülmürsə,
Bu dünyaya peyğəmbərlər gəlmirsə,
Bu dünyada şair olmaq çətindir.

Enişi var, yoxuşundan qorxulu,
Düz yolu var, baxışından qorxulu,
Qorxu yoxdur naxışından qorxulu,
Bu dünyada şair olmaq çətindir.

Hər anından bac almağın yoxdursa,
Zamanından öc olmağın yoxdursa,
İnadında qıc olmağın yoxdursa,
Bu dünyada şair olmaq çətindir.

Öz ruhunu şumlamasan, əkməsən,
Aləmləri bir aləmə çəkməsən,
Bu dünyanın dizlərini bükməsən,
Bu dünyada şair olmaq çətindir.

Ay Ziyadxan, “mənəm” deyib öyünmə,
Şairliyi paltar bilib geyinmə.
Üyütsə də hər dəyirman, üyünmə,
Bu dünyada şair olmaq çətindir.

Axı, mənim yiyəm yoxdur

Müdrik insan, el ağsaqqalı Məhəbbət müəllimə.


Saf düşüncəm, nəzərim var,
Şairlərə bənzərim var.
Bilən bilir, kəsərim var,
Amma bircə tiyəm yoxdur,
Axı, mənim yiyəm yoxdur.

Getdiyim yol dardı həm də,
Boran, tufan, qardı həm də,
Yonulmağım vardır həm də
Bir ovxarlı yeyəm yoxdur,
Axı, mənim yiyəm yoxdur.

Hər talenin dərd yeri var,
Sərt məqamı, sərt yeri var.
Hərənin öz yurd yeri var,
Hələ mənim dəyəm yoxdur,
Axı, mənim yiyəm yoxdur.

Cığırımı izləməyin,
Uğurumu gözləməyin,
Məndən şöhrət istəməyin,
Üzüm gəlməz deyəm yoxdur,
Axı, mənim yiyəm yoxdur.
10 iyul 2009-cu il.

Kasıblıq

Dostum Məhəbbət Qarabağlıya


İndi də gözümdən getməyib hələ,
Kasıblıq bir ömrə qubar olmuşdu.
Nə qədər əlləşib vuruşsa belə,
Atamın qazancı qabar olmuşdu.

Qabarla çulğaşıb dolmuşdu tamam,
Atamın əlləri xalı kimiydi.
Qabarın rəngi də solmuşdu tamam,
Anamın başının şalı kimiydi.

Dünyanın vecinə deyildi, məncə,
Hər nə çəkirdisə atam çəkirdi.
Dünyanın dərdini hamıdan öncə
Atam şumlayırdı, atam əkirdi.

Dincini almağa vaxtı yoxuydu,
Kasıblıq üstünü yaman kəsmişdi.
Bəlkə də dünyanın gözü toxuydu,
Atamın yolunu zaman kəsmışdi.

Gecəni gündüzə calaq etmişdi,
“Kasıblıq daşını atarıq” deyə.
Zəhməti yoluna çıraq etmişdi,
“Bəlkə bir mənzilə çatarıq” deyə.

Kasıblıq hər şeyi əldən almışdı,
Anamın gülümsər üzündən başqa.
Bizim ümidimiz viran qalmışdı
Anamın “səbr elə” sözündən başqa.

Mənim bu dərdimi dərd eləmədi,
Bircə yol özünü döymədi atam.
Evdə bizləri də pərt eləmədi,
Bəxtini suçlayıb söymədi atam.

Bəlkə də mehrini salmışdı ona,
Atam kasıblığa yaman alışdı...
Bu acı xatirəm çatmamış sona,
Tüstüm göyə çıxdı, duman alışdı.
18 iyul 2009-cu il


Xatirələrdə

Bu ömür qəfildən sınası olsa,
Bir vaxtsız əcəlin sonası olsa,
Kimlərsə halıma yanası olsa,
Qayıdıb gələrəm xatirələrdə.

Vüqarı sındırma, təmkini pozma,
Yolunu bürüyən dumanda azma,
Ayrılıq sözünü ömrünə yazma,
Qayıdıb gələrəm xatirələrdə.

Düşünmə gözündən itərəm sənin,
Qəmli baxışında bitərəm sənin.
Hayına, ününə yetərəm sənin,
Qayıdıb gələrəm xatirələrdə.

Bu ömür elə də tez itən deyil,
Bir ocaq çatmışam köz itən deyil.
Mən sənə verdiyim söz itən deyil,
Qayıdıb gələrəm xatirələrdə.

Yuxuna gec gəlsəm qınama məni,
Halımı bilirsən, sınama məni,
Şirin röyalarda arama məni,
Qayıdıb gələrəm xatirələrdə.

Qalmaram yadında quru səs kimi,
Yaşaram könlündə bir həvəs kimi.
Səni isindirən bir nəfəs kimi,
Qayıdıb gələrəm xatirələrdə.

Tənhalıq yorsa da ömürdən bezmə,
Ümidsiz dolanma, gümansız gəzmə.
Ziyadxan Budaqdan əlini üzmə,
Qayıdıb gələrəm xatirələrdə.
14 aprel 2009-cu il.


Yaxşı ki...

Düşdüm cavanlığın atından daha,
Səngiyib eşqimin harayı, hayı.
Bilmədim kim oldu batan günaha,
Bilmədim kim verdi bu qəfil payı.

Bir də üzəngiyə çatmaz ayağım,
Yəhərin qaşına yatmaram bir də.
Büdrəsəm tapılmaz daha dayağım,
Əlimi köhlənə atmaram bir də.

Bir özgə nemətmiş, ayrı sərvətmiş,
Havalı dolanıb, havalı gəzmək.
Tanrının verdiyi şirin qismətmiş,
Eşqin göylərində tərlantək süzmək.

Bulanıb lillənən sudu bənzərim,
Axıram içimdə səssiz-səmirsiz.
Daha öz qınını kəsmir xəncərim,
Daha gözlərimdə qalıb çimirsiz.

Məsəldir, “keçənə güzəşt deyiblər”,
Güzəştə getməyə ürəyim gəlmir.
Mənim ürəyimə elə dəyiblər,
Kiməsə bir çöpü verməyim gəlmir.

Payıza bənzəyir ömrün bu fəsli,
Bahardan payıza yol yaxınıymış.
Burda ümidlər də xəzan nəfəsli,
Burda inamsızlıq bir axınıymış.

Yelkənsiz gəmidir bu təzə ömür,
Küləklər dəryada itirə bilər.
Hələ ki, tale də son sözü demir,
Bir ayrı fəlakət gətirə bilər.

Qaçmaq istəsəm də, qaça bilmərəm,
Bu alın yazısı haqdan yazılıb.
Daha dünyanı da quca bilmərəm,
Onsuzda da hardasa qəbrim qzılıb.

Yalanlı, gerçəkli bu qoca dünya,
Ölçüyə, mizana dönüb beləcə.
Axırda yolları bu haça dünya
Taleni yazana dönüb beləcə.

İndi nə hökmüm var, nə zərim-zorum,
Ötən günləri də qaytarmaq çətin.
Yaxşı ki, kül altda közərir qorum,
Yaxşı ki, balalar dayanıb mətin.
23 may 2010-cu il.


Ömrüm

İncitməyib yoxuş məni, düz məni,
Başa çəkib hər addımda söz məni.
Xatırlasan, göy üzündə gəz məni,
Xəyalların sarvanıyam, sarvanı.

Könül açır taleyimin biçini,
Amalımla bəzəmişəm içimi.
Vaxt aparır, zaman sürür köçümü,
Arzuların karvanıyam, karvanı.

Varlığımı məhrəm etdim dünyaya,
Dost elədim, həmdəm etdim dünyaya.
Öz eşqimi məlhəm etdim dünyaya,
Min bir dərdin dərmanıyam, dərmanı.

Ruhumdadır insanlığın mənası,
Qələmimlə naxışlanıb dünyası.
Duyğularım-ömürlərin aynası...
İlahinin fərmanıyam, fərmanı.

Yolçusuyam Məcnun keçən yolların,
Qonağıyam gen açılan qolların.
Eşq yolunda Ziyadxantək qulların
Sevdasının qurbanıyam, qurbanı.
20 sentyabr 2009-cu il.


Sevdamın taleyi

Həsrət məni dara çəkir
Bir vüsalın sorağında.
Heç bilmirəm hara çəkir
Ürək, eşqin fərağında.

Nə bircə yol güldü ömür,
Nə biryolluq öldü ömür.
Boz-bulanıq göldü ömür,
Dayanmışam qırağında.

Sonu bumu məhəbbətin?
Əsiridir bir möhnətin!
Nuru itən səadətin
Piltəsiyəm çırağında.

Bu səmtimdir, bu rüzgarım-
Dərd meydanım, qəm bazarım.
Həm evimdir, həm məzarım-
Dolanıram növrağında.
17 iyun 2009-cu il.


Qalacaq

Göy göyərçin qanadlıdır diləyim,
Zaman-zaman tərs ələnməz ələyim.
Vaxt dolanıb kəsiləndə kələyim
Bu dünyada yolum-izim qalacaq.

Dağdan aldım, düzə verdim eşqimi,
Şimşəklərə məzə verdim eşqimi,
Gizlətmədim, üzə verdim eşqimi,
İsinməyə odum-közüm qalacaq.

Ruhumdadır yerlə göyün ülfəti,
Canımdadır bu birliyin vəhdəti.
El bəyənər, özü verər qiyməti,
Yaddaşlarda sazım-sözüm qalacaq.

Sarvanımdır bu dünyada baxt mənim,
Yurd yerimdir məkan mənim,vaxt mənim.
Qazancımdır “bir quruca taxt” mənim,
Qələm adlı “canım-gözüm” qalacaq.

Yelləndikcə taleyimin yelkəni,
Qarış-qarış dolanaram ölkəni.
Xəyallara həkk eləsəm görkəmi,
Bilirəm ki, gülər üzüm qalacaq.


"ŞƏRQİN SƏSİ", "ELM və TƏHSİL" qəzetləri,
İyul, 2013
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: