İBRAHİMXƏLİL (1957)

İBRAHİMXƏLİL (1957) İbrahimxəlil - 1957-cı il mayın 10-da
qədim Borçalı mahalının
Bolus (indiki Bolnisi) ra­yo­nundakı
Dəllər kən­dində dünyaya göz açıb.
(Borçalıda Dəllər adında bir neçə kənd vardır. Xalq onları bir-birindən fərqləndirmək üçün Bolnisi rayonundakı Dəllər kəndini
- Aran Dəl­ləri, Başkeçid (indiki Dmanisi) rayonundakını isə Dağ Dəlləri adlandırır;
Aran Dəlləri kəndinin adı
təəssüflər olsun ki, XX əsrin sonlarında
bir çox milli toponimlərimiz kimi dəyiş­dirilərək "gürcüləşdirilmiş" və Muşevani adlandırılmışdır.)

İbrahimxəlli APİ-nin (indiki ADPU-nun) filolo­giya fakültəsini bitirib.

Öz dili ilə desək, Ucqarda - Kazreti qə­sə­bəsində müəl­lim və şair ömrü yaşayır.

İbrahimxəlil «Bütün Vaqiflərə salam» («Dan ulduzu», 1987), «Məhəbbət dastanları», «Qulların üsyanı» («Dan ul­duzu», 1989), «Yəhərlər, üzənglər», «Dərman bitkiləri» («Dan ulduzu», 1990), «Dəniz nağılı», «Qızıl ehtiyatı», «Ana­mızın alxışıdır üstü­müz­dəki…» («Gənclik» jurnalı, 1988, № 5), «Tül­külər», «Cəlladların ad günü», «Ağ paltarlı qadınlar» («Ulduz» Jurnalı, 1988, № 10) və s. kimi maraqlı şeirlərin müəllifidir.
«Cəllad günü» adlı kitabı 2004-cü ildə, "Yar" adlı kitabı isə 2007-ci ildə çap olunub.
Şeirləri son illərdə "Vətən", "Canım Azərbaycanın", "Zəfər", "Zirvə", "Turan" və s. antologiyalarda və ədəbi məcmuələrdə işıqüzü görüb.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, dörd övlad atasıdır.

Biz də aşağıda İbrahimxəlil qardaşımızın bir neçə şeirini dəyərli oxucularımıza təqdim edir,
ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az



Arada-sırada Ortacalada

Xumar vaxtlarında belədi Tiflis;
yüz-yüz qəhər süzüb yaşadır səni.
Arada-sırada Ortacalada
Tiflis əmirinə oxşadır səni?..

...Xilafət dövründən əsrlər ötüb,
hər zövqə-səfaya zaman qənimdir?
Tiflis əmirinə oxşadır səni?
...hərdən elə bilir fərman sənindir!

Duyğular göyərir çuxurlarından;
qubar da qarışır qarda çalaya.
Bir də sarıyanız sarmaşıq kimi
can elə sarılır Ortacalaya!

Nəbzin Ortacala nəbzidi eynən:
tab-taqət, tağtavan tar-mar olursan.
Xumar vaxtlarında belədi Tiflis;
sən də ona baxıb xumar olursan!

Sonra “xumar oldum” oxuyur hamı:
yavuz yağışlarda hamı isdanmış?!
Öpüşü ört-basdır ölkə də sanki
Gürcüstan deyilmiş, Xumarıstanmış!..


Cazibəsi canımı alan

Bir suyum sənə oxşayır,
bir suyum Təbrizə, Tiflis!
Hər yer çöldü-biyabandı,
yol varmı Parisə, Tiflis?

Gördün ki Aşıq Qəribin
neçə sinə dağı olur...
...Müsəlman qəbristanlığı dönüb
Botanika bağı olur...

Təbrizdə, Parisdə, səndə
şairə nə qəbristanlıq?!
Bircə səhifə bəsidir, –
bir Kitab – bir gülüstanlıq!

Mülkü göylərdi şairin,
neyləyir ağca manatı?
Mən gedirəm, amma, Tiflis,
cazibəsi canımı alan
Ortacala amanatı!

Mən gedirəm, amma qıyma
sanki bir uşaq ağlayım.
Avropanın göbəyinə
gedim bir qurşaq bağlayım...

...Bir suyum sənə oxşayır,
bir suyum Təbrizə, Tiflis!
Hər yer çöldü-biyabandı,
yol varmı Parisə, Tiflis?


Qalaktika

Yusif Səmədoğlunun xatirəsinə

Rüzgar var qalaktikada –
lap Araz qıraqlarıtək.
Ürək necə qırılmasın –
meteor qırıqlarıtək!..

Südyolunu südmü, yoxsa
qalın-qalın qarmı tutar?
Ulduzlar qalaktikada
bir yerdə qərarmı tutar?

Qar gələr hey bürəm-bürəm:
qələm-qələm yananlara;
eh, gildən, palçıqdan deyil,
ulduzdan yarananlara...


O qızın dastanı

Üzükdən keçirmiş beli o qızın...
...bəxt çiçəklədimi – bahardan bilsin?
Dünya üzük-üzük oyunu kimi –
belə zərif, məsum... o, hardan bilsin?

Puç olsun ad üstə ad qoyanları;
ar olsun uydurma armaxlarına!
...Üzükdən keçirmiş beli, di gəl ki,
üzük taxılmamış barmaqlarına!

Masmavi gözləri səmavi imiş...
...söndürmək üzrəymiş ayaz ağ şamı.
Budur, danışılan “günah”ı onun:
Aya göz vurubmuş bir yaz axşamı.

Masmavi gözləri səmavi imiş...
...rüzgarlar yar imiş yaraşığına.
Hal aparan azmı yaz axşamları? –
bəlkə vurulubmuş Ay işığına!..

Zümrüd qaşlı üzük yağmış yoluna...
...üz verməmiş yüz yol üz vuranlara.
Aya göz vurubmuş bir yaz axşamı...
...cəza yox – günəşə göz vuranlara?

Nişan üzüyündən, bəxt üzüyündən
keçməmiş barmağı, əli o qızın.
Rüzgarlar yar imiş yaraşığına;
üzükdən keçirmiş beli o qızın...

Çəpgöz yalanlara yer olmaz bir gün...
...yağışlar çəpəki yağır, – deyirlər.
Aya göz vurubmuş bir yaz axşamı;
Ay qəbri üstündən doğur, – deyirlər.

Üzük – gah qurtuluş, gah da məhbəsdi...
...üzükdən keçirmiş beli o qızın.
Ay – qəbri üstündə qızıl üzüktək...
...üzüyə uzanır əli o qızın?!


***
Şair! Sənə salam olsun!..
...həsrət için-içindimi?
O ifçin-ifçin qəfəslər
xalqın rifahı üçündümü?..

Bumu bolluq, xoş güzəran?..
...hər can yüz həyəcan verir.
Yazıq Rifah partiyası
aclıq içində can verir.

Qəribliyə yozulan söz
Ay doğan izə yazılar.
Lokum – hey qəssab oğluna,
zəqqum – hey bizə yazılar?!

Hey bizə yazılar zəqqum?..
...acı olmaz bu acıtək.
Hər məsud, miras məmləkət –
hərdən zəqqum ağacıtək!..

Taxtdan salınmaq qorxum yox;
gözüm yox qızıl-altunda.
Padşah imzası ha durmur
alın yazımın altında!

Ölüb gedər tabutçular,
tabut qurtarmaz demişdim.
Bayatını başdaşına
öz əlinlə yaz demişdim.

Ağırdımı sinə daşın;
belə bitir həyat, şair?
...Qalxmadın rifah içində,
rifah içində yat, şair!..


Payız almasına rapsodiya

Ya padşah bağıydı, ya vəzir bağı...
...ara-sıra qubar, qarıydı orda.
Yumru meyvələri şəfa sayılan
bir alma ağacı varıydı orda.

Bir alma dərmişdim gecəyarısı –
bağban saxlamışdı qonaqlarına?
...Nə bıçaq çəkmişdim, nə dişləmişdim,
amma heyran idim yanaqlarına!

Alma devlərinin sözüylə onda
zalımlar aranı qatdılar neynim.
Sonra vurhəşirlə məni – qəfəsə,
almanı – xarala atdılar neynim.

Almamı xarala atdılar mənim,
bax, onda qubarnan qar gerçəklədi.
Elə ondan sonra o məmləkətdə
neçə xaral, xurcun var – çiçəklədi!

Eh, burda qəfəs də alma qoxuyar;
aldığım nəfəs də torpaq qarışıq!
...Gah alma – qadındır, gah qadın – alma;
yağar xatirəmə yarpaq qarışıq!..


Bülbülə amnistiya

Dünya birdən işıqlanar;
qarlı qışlar bağışlanar,
bütün quşlar bağışlanar,
bülbülə amnistiya yox.

Eşqə bu qədər uyursa,
daşları belə, duyursa,
qəfəsdə də oxuyursa,
bülbülə amnistiya yox.

Əsatirlər Ərmanıdır?..
...tuti dillər dərmanıdır.
Səsi ki, əfv fərmanıdır! –
bülbülə amnistiya yox!

Göy gölməçələr göllənər,
sarı yarpaqlar yellənər.
Şahlıq quşları şellənər;
bülbülə amnistiya yox...

Gələn səs ilahi səssə,
ya da ərməğan nəfəssə...
...Əfv fərmanı bu qəfəssə,
bülbülə amnistiya yox.

Gül qoxuyar gülə-gülə,
gileylənməz gilə-gilə.
Çatdırın Xarıbülbülə!..
...bülbülə amnistiya yox.


***
Burda hamı xoruzlanar!
...şeşələnər telləri gərilənə qədər;
xoruza yüklənənə,
xoruzu qoltuğuna verilənə qədər!

Pipiyi qan olar gecənin,
küçələrin üzündən iraq.
...Burda hamı xoruzlanar;
cücələrin gözündən iraq!

Xoruz banını gözləyən sarvanla
yol-iz də idəşər.
...Xoruzbeçə ümidlərində
on toyuğa bir xoruz düşər.

Hər dəfə payız sayılan cücələr
yumurta rəsmi düzər yaxalarına.
Xoruzdöyüşlərində ölən xoruzlar girər
xanım toyuqların yuxularına...


Anamın pensiya kağızı

Qızılı yarpaqlar qızıl payızda
yağır narın-narın... bir əldən yağır –
elə bil anamın pensiyasıdır;
ütələk-ütələk nəvələr yığır!

...Bir gün soğulacaq qızıl irmaqlar
nə qədər axsan da qızıl axında!
Anamın pensiya kağızı bəlkə
ən qəmli şeirdir payız haqqında...

Ağ saçları payız qoxuyurdu, eh...
...hər dəfə həsrəti gizləmək qalır.
Anam durnalarla köçdü bir axşam,
durna qatarını gözləmək qalır.


Dilini öyrəndiyim durna

Elə ümid edirdim
o durna qayıdacaq!
Mürgülü duyğuları
yenidən oyadacaq...

Əsrim keçirdi elə
o səs-ünnən, İlahi!
Dilini öyrənmişdim
mən nə günnən, İlahi!

Sirrimi səmalara –
deyirdim – açacağam.
Ümid edirdim ona
qoşulub uçacağam!

Tiyə köynəkdə canım...
...İlahi, nə soyuqdu!
İndi durna köçündə
mən köçürəm, o yoxdu...


NAMƏRD KÖRPÜSÜNDƏN KEÇƏNLƏR

(Ç.Aytmatovun «Cəllad kötüyü»nü oxuyarkən)


Ömür boyu çox aldandıq, aldatdıq,
Baş tutmadı neçə pünhan sevdamız.
Sözümüzə zəhər qatdıq, bal qatdıq,
Dağ çaşdırıb, dağdan aşdı sədamız.

Biz baxacaq pəncərələr bağlandı -
Hərəsindən yumruq boyda daş gəldi.
Haralarda saxlancımız saxlandı,
Lap axırda əllərimiz boş gəldik.

Öyüd verən öyüd verdi, baxmadıq,
Keçdik namərd körpüsündən astaca.
Umacaqlı salamlara yalmandıq,
Yaman olduq ad olmayan adaca.

Uzun bilib bu dünyanın yolunu,
Çəkdik üstə sevgilərin örtüyü.
Çırmayırmış «fağır» cəllad qolunu,
Gözləyirmiş bizi cəllad kötüyü.

Düzlük salar nizamsızı nizama,
Qarla gələr, ya yağışla, bilmərik.
Keçdik namərd körpüsündən bir zaman,
Bircə bunu bağışlaya bilmərik.

* * *

Yəqin Günəşə qar yağır…
…ya da şeir Günə şərdi!
Yəqin Günəşə qar yağır;
Belə soyuqmu düşərdi?..

Dağdan kim qar gətizdirsin-
Yüz iki xəstə adlayır.
Zülmət gejə-hönkürtüylə,
Göyçə ahəstə ağlayır…

Əsrin keçməyə nə qalıb-
Hələ vətən arayıram.
Sən atdığın qəmtopudur…
Qartopunu tanıyıram.

Janımda Sibir soyuğu…
Şüşəsi yox otaqların.
…Yəqin Günəşə qar yağır-
nə soyuqdur dodaqların…

* * *

gəl mənim sözümü qəribliyə sal;
dünya qəriblikdi-Göyçədən belə.
Dağınıq saçları ağaranadək
Səhərə çıxaram gejədən belə.

Dünya-qəriblikdir onsuz da neynim,
Neynim, inanmayan gəlib yoxlasın.
Sən mənim sözümü qəribliyə sal-
Bir ovuj torpaq tək qərib saxlasın.

…Axır mirvari də çevrilir toza,
bağlı əllərimdən yazda nə gəlir…
sən mənim sözümü qəribliyə sal-
sal, sənin əlindən özgə nə gəlir…

* * *

Yaramı şeirlə sarıyın gəlin!-
Odur, daş yerindən dağ çiçəkləndi.
Mən də çəkilərdim içərilərə;
Qadağan yerində dərd gerçəkləndi;

Neynək, heç olmasa jəllad günündə
Güj tapıb bu şəri geri döndərim!…
Mənim xilasetmə dəstəm gəlmədi;
Məni xilas edən şeiri göndərin!…

Əmziklə azadlıq içmədim neynim;
Bəxt ilə tütün də, tüstü də böldüm.
Yaramı şeirlə sarıyın…bəlkə
Allahın qolları üstündə öldüm.

İBRAHİMXƏLİL (1957)* * *

Məni qürbət doğdu, ana doğmadı…
Son payız yanında saxlasın-qalım.
Yenə qürbət eldə anama qurban,
Yenə də anamın qadasın alım.

Mən yarı adamam, yarı da kitab…
Bir vaqiflər bilir, bir sən bu yerdə.
Qürbətçilərindi-qərib havalar;
Bir ağız oxuyam gəlsən bu yerdə!

Bu dünya qəriblik olan yerdi, bax,
Günəş də kor bəxtdən yana doğmadı.
Jarçılara çatdır, sən Allah orda:
Məni qürbət doğdu, ana doğmadı…

Günəşə qar yağan gün
Qərib gün saymırdımı?
Son ümüdimi qəssab
Həvəslə soymurdumu?-

Qara qum süzülürdü
Barmaqlar arasından.
Qan yox… vətən fışqırırdı
Qəribin yarasından.

Günəşə qar yağan gün
Şehlədi həyajanım…
…İkijanlı vətənim!
…İki vətənli janım!


Sənə qul lazımdır, ay söz…
…Ötürüb-açmağı lazımdır.
Kimlərəsə Çənlibeldən
Qulun qaçmağı lazımdır.

Şehlədimi jəllad günü
Qələm tək quruja qolun?
Sənə qul lazımdır, ay söz,-
Bu da mən-Qaraja Qulun!

Bir vaqiflər bilir, ay söz,
Şirin ömrü, ajı ömrü.
Bu da mən-Qaraja gülün!-


Gül ömrü-yazıçı ömrü…

Bir kitab karvanı keçər payızdan…
…nifaq almaları tapar divləri.
Köçəri bəxtlərdə çadralar yanar;
Yanar çıtır-çıtır Kitab evləri.

Bilərsən nə qədər musiqiliydi!-
Zınqrov səsini andığım yerlər.
Bir zaman sən kitab karvanı idin;
Hanı kitab-kitab yandığım yerlər?

Bir kitab karvanı keçər payızdan…
Şehli gözlərimdə Göyçə-alışım.
Mən dilim yanmaqdan qorxmuram, vallah,
Sözlə demək olmur-necə danışım…

* * *

"Əyriqar" kitabımdan
***
Sınıq körpü Sirat deyil;
Siratdan bəri körpüdü.
Bir siratul-müstəqim var;
Sirat – əbədi körpüdü...

Daşyonantək vaxtı yondum...
vaxt kar olar, karxana yox.
...Sınıq körpü Sirat deyil;
Siratda gömrükxana yox...

Üzü yanıq pasportumla
sovqatnan köçürəm sanki.
Gömrükçü göz-qulaq olur;
Siratdan keçirəm sanki.

Sınıq körpü Sirat deyil...
tükdən nazik dostluqcadır.
Sınıq körpü sınar deyə
ümidim də usdufcadır.

Götür-qoy gömrükxanada
xəttü-xal xəyallar yalan...
Bir siratul-müstəqim var;
əndər-döndər yollar yalan.

İldırımlar günah görüb
insan izlərində çaxar.
Gün gələr Sınıq körpü də
Sirat üzərinə çıxar.

Arazbarı artar elə
hesab-kitab həyəcanım.
Qəddənər qələm misallı
Sirat üzərində canım...

* * *

Payız resept yazır ağrılarıma…
Görür – gözlərimdə gün axşam olmur.
Şair başdan-başa ağrıdır deyə:
haranız ağrıyır? – soruşan olmur.

Mən yarı adamam, yarı kitabam…
mənim yarammı var – yaram ağrısın?
Haranız ağryır? – soruşan olmur –
eh, mənim haram var, haram ağrısın?

hanı Göy tərəfim, Göyçə tərəfim!..
peyğəmbər adıma gün doğa – dözəm.
Durnalar «Yar» yazır göyün üzünə…
mən cəllad günündə qadağan Sözəm.

Haranız ağryır? – soruşan olmur…
…qürbətmi əlacdı ağrı-acına?
Mən cəllad günündə qadağan Sözəm…
dan üzü «Yar» dedim dar ağacına.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: