“Borçalı” Cəmiyyətinin rəhbərliyi nə üçün dəyişdi?

“Borçalı” Cəmiyyətinin rəhbərliyi nə üçün dəyişdi?
Və yaxud Türkiyə-Gürcüstan-Azərbaycan strateji müttəfiqliyinin inkişafında Borçalının əhəmiyyəti...

Ənvər BÖRÜSOY


Əlbəttə, “Borçalı” Cəmiyyətinin rəhbərliyinin dəyişmə səbəbini ilk olaraq keçmiş sədrin yarıtmaz fəaliyyətində aranmalıdır. 7 il bu nüfuzlu qurumun “şəriksiz” başqanı statusunda özü üçün “Şən Həyat Kolxozu” yaratmış Zəlimxan Məmmədli bu müddət ərzində daha çox şəxsi maraqları çərçivəsində addım atmışdır. Belə ki, ötən dönəmdə onun fəaliyyəti kimlərəsə “reket qəzetlər”in son illər gündəmə gətirdikləri qondarma “fəxri fərman”, 15-25 manat dəyərində olan “orden” və “medal” verməkdən ibarət olub. Bundan savayı türkə qənim olan, antitürk mərkəzlərinin gizli dolanbaclarındakı projelərin axarının haraya kimi davam edəcəyinin fərqinə varmadan, qondarma “Qarapapaq” adlı oyunlarda yer almaqla, “Borçalı” Cəmiyyətinin missiyasını özünün dar çərçivəli maraqlarına pərçimləmişdi.
Biz əslində keçmiş sədrin yarıtmaz fəaliyyətini işıqlandıran mövzulara toxunmaq fikrində deyildik. Ancaq, onun son günlər “tərəfdarları” adı altında apardığı şər-böhtan kampaniyası bizi bu yazını yazmağa məcbur etdi.

Feodal düşüncənin aqibəti

Z.Məmmədli Sovetlər Birliyi dağılandan bu günə kimi, daim vəzifə pillələrində ucalmaq və hamıdan yüksək görünmək xəstəliyinin bəlasını yaşayan, süni xarizmanın əsirinə çevrilmiş, anatomik baxımdan özünün müalicə etdirmək xislətindən uzaq olan biri kimi görünür. Son günlər “mən dövlət xadimiyəm” deyə özünü reklama da başlayıb. AXC-nin iqtidarı dönəmində təsadüfən Xətai rayon İcra Hakimiyyətinin başçısı görəvində çalışmasını gözə soxmaq onun şakərinə çevrilib. Bir ilə yaxın tutduğu vəzifəsinə görə, görəsən o, hansı yeni maraqların peşindədir? Bir müddət Z.Məmmədli hətta ölkə “Sambo Federasiyası”nın prezidenti də oldu. Siyasi arenada KXCP məclisinin sədri görəvini daşıdı. Hara üz tutursa, orada rəhbər olmaq siyasi xəstəliyinin diaqnozuna çevrildi. Azərbaycan ictimai və ədəbi fikrinin ən böyük uzmanı, bu gün türkün ağsaqqalıq institutunun nəhəng simalarından biri sayılan Eyvaz Borçalının 7 il öncə təklifi ilə “Borçalı Cəmiyyəti”nin sədri vəzifəsinə gətirildi. Eyvaz Borçalının məqsədi təşkilatın idarəçiliyinin gəncləşdirilməsi, Azərbaycan-Gürcüstan, Borçalı məsələsində iki dövlətin strateji müttəfiqliyinin zənginləşdirilməsini xalq diplomatiyası yolu ilə inkişaf etdirmək idi. Eyvaz bəy və ona bu qutsal işdə daim dəstək verən Borçalı ağsaqqallarının təşəbbüsü ilə yüksək səviyyədə qurultay keçirildi. Lakin cəmiyyətin yeni sədri (indiki keçmiş – müəl.) dərhal kabinet və digər rəyasət düzəni qurmaqla tədricən fərqli məcraya üz tutmağa başladı. Bu, genoloji baxımdan ortaçağ düşüncəsinə pərçimlənmiş feodal düşüncəsi idi. Şəxsi rifahını yaşam düzəninə çevirməklə özünü tədricən uçuruma yuvarlatğının fərqinə vara bilmədi.
Biz bütün bunları gördüyümüz üçün onu təndiq edən yazı ilə çıxış etdik. “Qutabxana ilə Kitabxananın yerini dəyişik saldığı”nı xatırlatdıq. Bu qutab nə olan şeydir ki, sonunda keçmiş sədri yoldan çıxartdı. “Kərəmovçuluq” kimi ictimai bəlaya çevrilən xəstəliyin mənşəyi, sən demə, adi “feodal” düşüncədən gəlirmiş. Sonunda bütün zərbələr “Borçalı” Cəmiyyətinə dəydi. Ötən 7 ildə cəmiyyətin iflic duruma güşməsinin səbəbi budur. İş o həddə çatmışdı ki, Məmmədlinin şübhəli fəaliyyətinin gizli səbəblərini əsas hesab edərək, Gürcüstan hökuməti onu sınırdışı etmək haqqında özəl qərar verdi. Bununla belə, o, bu qərarın səbəbini anlamaq iqtidarında deyildi. Çünki, feodallar dinləməyi deyil, özləri haqqında uydurduqları xarizmatik təşəxxüsün bəlasını yaşayan zümrə sayılırlar.

Zamanın axarından geri qalan cəmiyyət düsturu

1918-ci ildə Gürcüstan və Azərbaycan dövlət istiqlalına qovuşanda iki qardaş dövlət bir araya gələrək ilk dəfə olaraq hərbi strateji müttəfiqlik haqqında anlaşma imzaladılar. Bu proses 1990-cı illərdə yenidən gündəmə gətirildi. Rəsmi səviyyədə strateji müttəfiqliyin inkişafında həm də xalq diplomatiyasının müstəsna rolu vardır. Çağdaş dünya düzənini bilən, onun texnologiyalarının necə tətbiq edilməsi üçün çalışan kadrlara böyük mənada ehtiyac var. 7 il öncə Z.Məmmədli bu missiyanı öz üzərinə götürməkdən belə çəkinmədi. Qurultay sonrası çoxları elə güman edirdi ki, cəmiyyətin işində böyük bir canlanma olacaq. Əslində o canlanmanı “şadlıq evləri”nin kandarında görmək nəsib oldu. Azərbaycan fəlsəfi və estetik fikrinin ən nəhəng simalarından biri sayılan, həyatını milli ədəbiyyatımızın və düşüncəmizin inkişafına sərf edən, görkəmli alim, akademik Camal Mustafayevin anadan olmasının 80 illik yubileyi münasibəti ilə düz 17 dəfə törən keçirdi. Halbuki, Dədə Camalın gələcək nəsillər üçün miras qoyduğu elmi-fundamental əsərləri nəşr edilsəydi, “şadlıq evləri”nə çəkilən xərclərdən min dəfə urvatlı olardı. Üstəlik, 17 dəfə keçirilən törənlərdə də sədr Dədə Camalı deyil, özünü reklam hədəflərinə baş vurmuşdu. Bu, böyük ustadımızın kölgəsində dayanmaqla, onun ən üstün keyfiyyətlərindən öz şəxsi maraqlarının təminatı üçün yararlanmaq cəhdi idi.
Bizlər o dönəmlərdə “Borçalı” Cəmiyyətinin qarşısında duran vacib məsələləri irəli sürsək də, bütün bunları sədr qulaqardına vurdu. Biz bildirirdik ki, Borçalı Azərbaycan tarixində milli maarifçilik məfkurəsinin mərkəzi olub və bu ənənə yenidən dirçəldilməlidir. Tiflisdə “Borçalı Etnoqrafik Muzeyi”nin yaradılması ideyasını irəli sürdük. Digər onlarla sayda təkliflərimizi təqdim etmək üçün onunla görüşməyə cəhdlər etdik. Hər dəfə bürokratlar kimi yayınmaqla yetinməyi tərcih etdi. Ona görə də bu gün Borçalı paniranizm və panərəbizmin oylağına çevrilib.
Milli maarifçilik prosesləri olmayan yerdə, təbii ki, mövhumatçı cərəyanlar at oynadacaqlar. Borçalının yüzlərlə kəndlərində klublar, mədəniyyət evləri və kitabxanaların qapıları qıfıllı və toz basmış durumdadır. Belə bir acınacaqlı durum Məmmədlinin heç vecinə də deyildi. Borçalının bölgəsəl inkişaf perspektivi ilə ilgili bir dəfə də olsun “Borçalı” Cəmiyyətinin toplantıları keçirilmədi. Çünki, sədrin başı çox qarışıq idi. Uca-uca kürsülər, təmtəraqlı törənlər, hər yoldan ötənə cəmiyyətin adından “fərxi fərmanlar”, “saz”, “paz” və daha nələr əta edilməsinin qarşılığında o, özünü hər kəsdən ucalıqda görürdü. İstanbuldakı türkü çeşidli tayfalara, əçirətlərə, yobazlara bölmək üçün düzənlənən toplantılarda Məmmədlini həmişə fəxri kürsülərdə görmək olardı. Beləliklə də “Borçalı” Cəmiyyətinin sədrini tədricən fars-erməni cütlüyünün strateji hədəfində yer alan və “Səhər TV”-də antitürk mahiyyətli mərkəzdə ixtisaslaşmış kadrlar əhatəyə aldılar. Ötən müddətdə bir dəfə də olsun, cəmiyyətin adından Borçalıda Azərbaycan dövlətçiliyinə qarşı mövcud olan sorunlar dilə gətirilmədi. Ona görə də bu gün Borçalının mərkəzi Marneuli paniranizm və panfarsizmin poliqonuna çevrilib.
Z.Məmmədlinin doğulub böyüdüyü Qardabani bölgəsi isə sələfizmin və vəhabiliyin mərkəzlərindən biri sayılır. Qafqaz Türklərinə qarşı bunca həqarət dolusu ideoloji yağmurların qarşısının alınması üçün, cəmiyyətin adından aydınlarımızla birlikdə təşəbbüslər irəli sürülmədi. Türkün ruhunun mayası olan aşıq sənətinə və saza sayğısızlıq göstərən, bayağı şou xəstəliyinə mübtəla olanlar “Borçalı” Cəmiyyətinin qutabxana təfəkkürü ilə düzənlənən törənlərində fəxri kürsünün başında yer almışdılar. Tiflisdə və ya Bakıda ali təhsil alan istedadlı və imkansız kasıb tələbələrin bircə dəfə də problemləri ilə ilgilənməyən cəmiyyət, zamanın axarından geri qalırdı. Bakı, Sumqayıt, Gəncə, Qazax və Mingəçevirdəki Borçalı kökənli insanlarımızın yurd sevgisini özündə bütünləşdirən hər hansı addımlar da atılmadı.

İctimai iradənin uğuru

“Borçalı” Cəmiyyətinin rəhbərliyini və idarəetməni təkbaşına öz üzərinə götürən Z.Məmmədlinin ötən müddətdə yarıtmaz fəaliyyətini nəzərə alaraq, cəmiyyətin təsisçiləri və ağsaqqalları, ictimai fəalları bir araya gələrək yeni məzmunda, çevik və dinamik bir təşkilat olmanı irəli sürdülər. Sədr öz mövqelərindən geri çəkilməmək üçün dirənişlər və çabalar göstərdi. Çünki, həyatında heç bir zaman bunca yüksək mərtəbəyə layiq görülməmişdi. Bu gün də başa düşmür ki, ona bu etimadı xalq necə vermişdisə, istədiyi zaman bütün səlahiyyətlərini əlindən almaq heç də çətin məsələ olmayacaqdı. Təbii ki, bu problem 25 iyun tarixli növbədənkənar ümumi yığıncaqda öz çözümünü buldu. Beləcə, Z.M erası öz dövrünə son qoydu.
İndi keçmiş sədr öz yalnışlıqlarına görə bütün Borçalı camaatından yarıtmaz işinə görə üzr diləmək əvəzinə, özü kimi yandaşları ilə birlikdə “Borçalı” Cəmiyyətinin yeni heyətinə qarşı çamurlar atmağa başlayıb. Amma onlar unudurlar ki, köhnə əyyamlarda olduğu kimi, bu gün kimsəni aldatmaq mümkün deyil. Ötən 7 ildə adicə cəmiyyətin saytını qura bilməyən, borçalıları iqtidar-müxalifət düşərgəsinə bölən, sonucda isə hər kəsi üz-üzə qoyan sədrin (keçmiş-müəl.) aqibətinin belə bir acı hekayətlə bitməsinin tək bir cavabı var: “Öz cəzandır, çək Balaş” (Sevil operası).

İctimai fikirdə çox haqlı olaraq qeyd olunur ki, “Borçalı” Cəmiyyəti parçalanmayıb, sadəcə rəhbərlik yenilənib. Bundan sonra, cəmiyyəti “qutabxana” təfəkküründə idarə etmək qeyri-mümkün olacaq. Çünki, XXI yüzilin dinamik standartları çərçivəsində mövcud olan inkişaf proseslərində bizlərin geridə qalmağımız milli fəlakətimizin təməli deməkdir. Z.Məmmədli kimilərinin səbatsızlığı ucbatından illərlə yığılıb qalan problemlərin çözümü yönündə cəmiyyətin yeni rəhbərliyi qarşısında görüləcək çox işlər durur. Yeni enerji ilə bu prosesin tamamilə gəncləşdirilməsi isə, böyük uğurlara yol açacaq. Hər bir məsələnin çözümünə elmi konseptual səviyyədə yanaşılmaqla proses yaranacaq. Bunun artıq ilkin işartıları belə duyulmaqdadır. Bu, effektli təsir modelinin ayrılmaz parçası kimi məsələlərə olan münasibətdir. “Borçalının rifahı” tipli uydurma ibarələrlə toplumu çaşdırmağın heç bir mənası yoxdur. Köhnələr, “bu gün səsləndirdikləriniz məsələləri öncələr nədən çözmürdünüz” tipli sualların yağmurunda it-bata düşmənizdən qorxun. Çünki cavab verməyə nə üzünüz, nə də sözünüz yoxdur.
Ədliyyə Nazirliyinə olan müraciətin də hər hansı bir təsiri olmayacaq. Çünki, “Borçalı” Cəmiyyətinin təsisçilərinin də yetərincə deməyə sözləri var. Onlar ağsaqqalıq edərək keçmiş rəhbərliyin yarıtmaz işini ictimai proseslərə çıxarmadılar. Ancaq təəssüf ki, bunun qarşılığında əski qafalılar öz təfəkkür tərzlərinə uyğun hərəkət edirlər.
Borçalı məsələsi əslində geniş bir coğrafi, etnoloji, kulturoloji bir düzən deməkdir. Bu anlamın sayəsində Türkiyə-Gürcüstan-Azərbaycan arasında sağlam bir mühit formalaşıb. Strateji müttəfiqlik inkişaf edir. Passiv mövqedə olmaq sadəcə bizlərə düşmən olan güclərin maraqlarına xidmət edir. Özəlliklə strateji müttəfiq olan Azərbaycan və Gürcüstanı sevməyən Ermənistan və İranın maraqlarının iradəsi kimi qəbul edilməlidir. “Borçalı” Cəmiyyətinin 7 ildir passivləşməsinin cavabı burada aranmalıdır. Bu passivliyin nəticəsində sarsıdıcı zərbələr elə Borçalımızın başına gəldi. Bunları umutmaq mümkünmü? Əsla!.. Borçalımızın qarşısında duran vacib məsələlərin çözümü yönündə çağdaş texnologiya və innovasiyaların şərtlərini bilməyənlər heç bir zaman bu prosesə uğur gətirə bilməzlər. Bax, bunu anlamaq gərəkdir.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: