Mən səninlə bir daha polemikaya girməzdim, lakin “Borçalı” Cəmiyyətində sədr olarkən müavinin işləmiş 13-cü kanalın aparıcısı Rüfət Muradlıya verdiyin müsahibəndə işlətdiyin bəzi sərsəm fikirlər məni lap şoka saldı: “özünü təsisçi kimi təqdim edən Şərif Kərimli...”
Artıq 60 yaşı haqlamışıq. Kim bu vaxta qədər nə edib edib. Bu yaşdan sonra yalan danışmaq, məkrli niyyətlərin qurbanı olmaq, yüngüllük edib oturuşuna-duruşuna fikir verməmək bizə yaraşmaz! Çünki artıq onları düzəltməyə, yalanları yumağa, ola bilsin, əcəl macal verməsin.
Sənə minnətdaram ki, bu etirafı dilə gətirməyə məni təhrik elədin: mənim həyatda ən böyük səhvim həddən ziyadə təvazökarlığım olub. Məclisdə aşağı başda oturmuşam, əlimi hamıdan sonra yeməyə uzatmışam, danışanda səsim hamınınkından asta çıxıb, qarşılaşanda mən yol vermişəm, görüşındə birinci mən əl uzatmışam. Bu mənim Borçalının ən qədim kəndlərindən olan qoca Baydarımın ağır taxtalı kişilərinin əxlaqi keyfiyyətlərindən gələn genetik bir vərəsəlik hüququmdur və eyni zamanda övladlıq borcumdur.
Deyirsən: “2009-dan mən Şərif Kərimlini cəmiyyətdə görməmişəm.” Bəli, onu düz deyirsən. Mən də səni 2009-cu ilədək bu cəmiyyətdə görməmişəm. 2009-cu ildə Eyvaz Borçalı təsisçilərin və idarə heyətinin rəyini nəzərə almadan sədrliyi sənə peşkəş edəndən sonra mən o cəmiyyətdən uzaq düşmüşdüm. Ancaq Borçalıdan yox!
Ötən il iyulun 21-də mənim üçcildliyimin Atatürk Mərkəzində təqdimat mərasimində sən də iştirak etmisən. Təxminən 1000 səhifəlik iki cildin, demək olar ki, 90 faizi Borçalıya həsr olunmuş yazılardır. Bunlar özbaşına yazılmayıb, Zəlimxan bəy! Hər bir yazının arxasında min kilometrlik bir yolun ağrı-acıları dayanır. Borçalılarla görüşlərdən aldığım sevinc, kədər hissləri, göz yaşları, dodaqlardakı nidalar, gözlərdəki həsrət, baxışlardakı od-alov, qınaq, ümid... – bunları yaşayaraq kağız üzərinə köçürməyə, sinirməyə ürək lazımdır! Sən kef məclisləri təşkil edib fəxri fərmanlar, diplomlar paylayanda mən Borçalıların ürək döyüntülərini paylaşmışam!
R.Muradlı isə səndən də irəli gedərək deyir: “Sən (yəni, biz) bir cəmiyyət yaradırsansa, bu başqa məsələ, ancaq cəmiyyətin adının oğurlanmasına əlaqədar qurumlar reaksiya verməlidirlər.”
Bu sualın cavabında sən də başlayırsan hüquqdan, mənəviyyatdan danışmağa... Vallah, ayıbdır belə şeylər danışmaq!
Elə bilirdim 23 ildi inhisarlaşdırdığın cəmiyyətin, heç olmasa, yaranma tarixini babat bilirsən. Sən demə, ancaq özünün rəhbərlik elədiyin dövrdən başqa sən heç bir tarixi qəbul etmirsənmiş... İcazə ver, sənə yaxın 25 ilin kiçicik bir tarixini xatırladım.
“Borçalı” Cəmiyyəti necə yarandı?
Borçalıda soydaşlarımızın hüquqlarının dövlət səviyyəsində tapdalandığı dövrlərdə (1989-cu ilin sonlarından başlayaraq) təkcə Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrində deyil, eyni zamanda Azərbaycanın bir sıra iri şəhərlərində də Borçalı ilə bağlı xırda cəmiyyətlər yaranmağa başlamışdı. Borçalıda “Qeyrət”, “Ozan”, Azərbaycanda “Kəpənəkçi”, “Faxralı”, “Qaraçöp”, “Arıxlı” və s. Bunların içərisində “Qaraçöp” cəmiyyəti təşkilati cəhətdən daha mükəmməl və fəal idi. Cəmiyyətin sədri sonralar Azərbaycanın Gürcüstandakı səfiri olmuş Hacan Hacıyev, birinci müavin “Azərbaycan” qəzetinin baş redaktoru olmuş Şərif Kərimli, müavin Xaləddin İbrahimli idi. Mənim təsis etdiyim “Sabah” qəzetini isə Nəriman Əbdülrəhmanlı cəmiyyətin qəzeti kimi çıxarırdı. Rəhmətlik Zahid Qaralov ağsaqqallar şurasının sədri idi.
Mən deməzdim 100, 200... bəlkə də minlərlə Borçalı kökənli insan bu cəmiyyəti doğma ocaq bilid onun ziyarətinə gəlirdi. Azərbaycanın dövlət qurumları ilə, Borçalıda soydaşlarımızla çox yaxşı əlaqələrimiz vardı. Lakin... tez-tez belə suallara cavab verə bilmirdik: nə üçün “Borçalı” yox, “Qaraçöp”? Və cavabsız qalan bu suallar getdikcə cəmiyyətə gələnlərin sayını azaldırdı. O zaman Xaləddin bəylə mən əvvəlcə Zahid müəllimə müraciət etdik ki, gəlin cəmiyyətin adını dəyişək. O qəti etiraz etdi. Hacan müəllimlə söhbət etdik. O da razılaşmadı.
Mən belə cavab alacağımızı təxmin etmişdim. Çünki burada siyasi arqumentlər əsas rol oynayırdı. Onların mahiyyəti barədə açıqlamanın hələlik lüzumsuz olduğunu sanıram.
Bizimlə həmfikir olanların sayının artdığını görüb Xaləddin bəylə mən öz səyimizdə israrlı olmağa qərar verdik.
Bizim redaksiya “Azərbaycan” nəşriyyatının 4-cü mərtəbəsində yerləşirdi. Fasilə zamanı “Həyat” qəzetinin baş redaktoru yazıçı Əfqan, keçmiş millət vəkili Rizvan Cəbiyev, Eyvaz Borçalı və mən Eyvaz müəllimin kabinetində, 4-cü mərtəbədə - “Kirpi” jurnalının redaksiyasında tez-tez şahmat oynayardıq. Elə bu zamanlarda “Borçalı” adlı bir cəmiyyət yaraymaq istədiyimizi Eyvaz müəllimə bildirdim. Xeyli məsləhətləşmələrdən sonra biz cəmiyyətin proqram və nizamnaməsini hazırladıq. Proqramı mən, nizamnaməni isə hüquqşünas mərhum Əhməd Musayev hazırladı. Bakı Dövlət Universitetinin akt zalında təsis konfransı keçirdik.
Cəmiyyətin idarə heyətinə seçilmiş üzvlərin və təsisçilərin adlarını sadalamağa ehtiyac görmədən bircə onu deyim ki, təsisçilərdən Eyvaz Borçalı sədr, mən isə birinci müavin seçildim.
Bu, “Borçalı” Cəmiyyətinin yaranması ilə bağlı qısaca tarix.
İndi keçək sənin sabiq müavininin “ittihamlarına”.
1. Təsisçilərin təşəbbüsü ilə çağırılan “Borçalı” İctimai Birliyinin ümumi toplantısına iyunun 25-də “3-5 adam” deyil, 250 Borçalı balası yığışmışdı. Əgər sənin riyaziyyat müəllimin sənə 5-ə qədər saymağı öyrədibsə, bu bizim günahımız deyil.
2. Biz “Borçalı” İctimai Birliyinə “alternativ” cəmiyyət yaratmamışıq. Biz 1993-cü ildə yaratdığımız cəmiyyətin növbəti toplantısını keçirmişik, sədri və onun komandasını qüsurlu fəaliyyətinə görə dəyişdirmişik. Və çox böyük ürək genişliyi ilə yenə də təsisçilərin heç biri sədrlik iddiasinda olmayıb.
3. “...cəmiyyətin adının oğurlanmasına əlaqədar qurumlar reaksiya verməlidirlər.”
Budur əlaqədar qurumların reaksiyası. Buyurun baxın. Ədliyyə Nazirliyinin rəsmi qərarı, reyestrdən çıxarış, Dövlət Qeydiyyatı haqqında Şəhadətnamə.
Nə idi siz yaratdığınız o şey ki, biz onu oğurladıq? Məgər insan öz yaratdığına sahib çıxarsa, bu oğurluqmu sayılır?
Bir şeyi də hökmən yadda saxlayın: heç vaxt Borçalı adı ilə manipulyasiya etmək fikrinə düşüb “Borçalı” İctimai Birliyinə alternativ cəmiyyət yaratmağa cəhd etməyin! Necə ki, sizin ətrafınızda toplaşanlar bu fikri tez-tez cəmiyyətə aşılamağa cəhd göstərirdilər. Borçalını parçalamaq olmaz!
Və sonuncu.
4. Kanala verdiyin bədnam müsahibəndə belə bir fikir də səsləndirmisən: “Onlara yuxarıdan tapşırıq verilib...” Sən hətta “tapşırıq verənlərin” adlarını da çəkirsən. Həm də bunu guya səni görüşə çağıranda biz demişik.
Zəlimxan bəy, sən “kişi”, “ağsaqqal”, “ağayana”, “əxlaq”... sözlərini tez-tez işlətməyi çox sevirsən. Bizim dilimizdən çıxmayan və sənin dilindən verilən o ittiham deyə bilərsənmi bu sözlərin hansına uyğundur? Yuxarıdakı o gözəl sözləri dilinə gətirəndə gərək onlara uyğun da gözəl davranış göstərəsən. Ancaq çox təəssüf edirəm ki, sən bu dialektikanı tapdalamısan...
Bir vacib məsələni də unutma. Borçalı nə sənindir, nə mənim, nə varlınındır, nə kasıbın. Borçalı hamımızındır! Borçalının problemləri daimi olaraq evimizin, ailəmizin ən vacib problemləri cərgəsində gündəlik qayğı rasionumuza daxil olmalıdır! Bunu istər vəzifədə olan olsun, istər milyonçu olsun, istər kasıb, istərsə də digər zümrələrin nümayəndələri heç vaxt unutmamalıdır!
Bu mənim səninlə son polemikamdır. Bu mövzunu, rica edirəm, gəl qapadaq. Əgər cəmiyyətin işləri ilə bağlı mütərəqqi, ağıllı, Borçalıya yararlı təkliflərin olarsa, səni eloğluluqdan heç kəs çıxarmayıb, istənilən vaxt qapılarımız üzünə açıqdır, buyurub gələ bilərsən.
Nəhayət, sənin sevdiyin sözlərdən birini işlədərək deyirəm: biz kişiyik, gəl bu dedi-qodulara son qoyaq və elimiz-obamız naminə faydalı işlərlə məşğul olaq!
Hörmətlə,
Şərif Kərimli,
“Borçalı” İctimai Birliyinin
həmtəsisçisi və sədrin müavini.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.