Martın 25-də Azərbaycanlıların Mədəniyyət Mərkəzində tanınmış yazar və şair Mülkədar Nadir yeni nəşrdən çıxmış iki kitabını oxuculara təqdim etdi.
Tədbiri giriş sözü ilə açan AMM-nin sədri Fazil Həsənov Mülkədar bəyin yaradıcılığından danışaraq hər görüşünün AMM-də təşkil olunduğunu qeyd edərək məmnunluğunu bildirdi. Tədbiri aparmaq işini professor Mahmud Hacıxəlilova həvalə etdi.
Mahmud Hacıxəlilov Mülkədar Nadirin tərcüməyi-halını danışaraq onun yaradıcılığının türk dünyasında qəbul olunub maraqla oxunduğunu dedi.
Çıxış edən GAB-nin sədri, şair Osman Əhmədoğlu Türkiyədə keçirilən mötəbər tədbirlərin birində onun şeirinin səsləndiyini və izdihamla qarşılandığını qeyd edərək Mülkədar Nadir yaradıcılığının yüksək zirvələrdə olduğunu qeyd etdi.
"Meydan" jurnalının redaktoru Alxan Binnətoğlu səhhətində problemlər olmasına baxmayaraq bu tədbirdə iştirakının mənəvi borcu olduğunu bildirərək şairə ürək sözlərini dedi.
"Salam" xeyriyyə Mədəni cəmiyyətinin sədri Maya Rəcəbova şairlə ilk görüşünü xatırlayaraq cəmiyyəti tərəfindən şairə dəyərli hədiyələrini təqdim etdi.
Binnət Əlioğlu, Mikayıl Mustafa, İbrahimxəlil, Hacı Rizvan İsmayılov, Güllü Tomarova və digərləri çıxışlarında şairin vətənə bağlılığını vurğulayaraq şeirlərinin və məqalələrinin hər yaş qrupu tərəfindən maraqla qarşılandığını bildirdilər.
Sonda çıxış edən Mülkədar Nadir tədbir iştirakçılarına təşəkkürünü bildirdi. O, xalq şairi mərhum Zəlimxan Yaqubun xatirəsini andı. "Mən vətənimə və torpaqlarımıza çox bağlı insanam, Borçalı mənim üçün ilham mənbəyidir. Buranın havası, ruzisi, təbiyəti və insanları mənə yaradıcılığımı davam etdirməyə həvəs verir. Mən bir an olsa bu torpaqların həsrətini unutmuram, bir ovuc torpaq və gül-cicək və otların ətri hər zaman mənimlədir. Mənim yaradıcılığıma bu cür qiymət verdiyinizə görə təşəkkürümü bildirirəm" - dedi şair.
Nərgiz ƏLİYEVA,
AMM-nin mətbuat xidmətinin rəhbəri
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.