Estoniyanın rəsmi şəxsləri Marneuliyə səfər ediblər

Estoniyanın rəsmi şəxsləri Marneuliyə səfər ediblərGürcüstan. Aprelin 5-də Avropaya üzv olan Estoniya ölkəsinin rəsmi şəxsləri Marneuliyə səfər ediblər. Səfərdə məqsəd Avropa Birliyi haqqında və Estoniyanın bu quruma daxil olması təcrübəsi barədə, həmçinin Gürcüstanın Avropa Birliyinə üzv olması istiqamətində götürdüyü öhdəliklərin yerinə yetirilməsində qarşıya çıxan çətinliklər barədə azərbaycanlılara məlumat verməkdir. Tədbirdə QHT rəhbərləri, Gürcüstanın ali məktəbində təhsil alan azərbaycanlı gənclər və jurnalistlər iştirak ediblər. Görüş Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun (CFSİS) təşkilatçılığı ilə Marneulidəki "Çay Evi"ndə baş tutub. Tədbirdə Estoniyada Avropa Birliyi missiyasının direktoru, Estoniya parlamentinin sabiq üzvü Xanes Rum, Avropa Birliyində sabiq Estoniya hərəkatının direktoru Kristina Linq, Estoniya universitetində kənd təsərrüfatı iqdisadiyyatı və marketinq üzrə professor Rondo Varik və Estoniyanın sabiq xarici işlər naziri Riivo Siniyarv Avropa Birliyinə və Estoniyanın müstəqilliyinə və siyasi-iqtisadi həyatına, kənd təsərrüfatı və digər sahələrin inkişafına aid müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Məruzələr çərçivəsində Gürcüstanın Assosiasiya Sazişi imzalanması və Avropa Birliyinə üzv olmasında qarşıya çıxan çətinliklər də müzakirə olunub, tövsiyə xarakterli məsləhətlər səsləndirilib.
Estoniyada Avropa Birliyi missiyasının direktoru Xanes Rum çıxışında Avropa Birliyinin qonşu ölkələrə, o cümlədən Gürcüstana maddi vəsait ilə kömək etdiyini bildirib: "Gürcüstan ən birinci, iqtisadiyyatını inkişaf etdirməli, hakimiyyət müstəqil olmalı, jurnalistlər azad şəkildə fəaliyyət göstərməlidir. Avropa Birliyinin 28 ölkəsi Gürcüstanın onlar üçün lazım olduğunu bildirməlidir," Xanes Rum vurğulayıb.
Məruzələrdən sonra qonaqlar tədbir iştirakçılarının suallarına cavablandırıblar. Estoniya rəsmi şəxsləri azərbaycanlıların kompakt yaşadığı bölgədəki problemlərlə də tanış olublar.
Görüşdə Estoniyada fəaliyyət göstərən Yan Tonnison institutunun direktoru Andrus Villem, həmin təhsil müəssisəsinin nümayəndəsi Arno Lauk və Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun əməkdaşları iştirak ediblər.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: