Sarvan - 1932-ci il 13 fevral tarixindən Borçalı adlanıb, 1947-ci ildə Marneuliyə qatılıb.
Qədim Sarvan kəndi hal-hazırda Marneuli rayonunun inzibati-ərazisinin mərkəzi Marneuli şəhərinin tərkibində birləşdirilib.
Sarvan kəndi Alget çayının sol sahilində, dəniz səviyyəsindən 470 m yüksəklikdə, Qazax-Qırmızı körpü-Sarvan-Arıxlı-Bolulus-Darvaz-Qarabulaq (Başkeçid nahiyəsi)-Karvansaray-Pərvanə-Qars (Osmanlı-Türkiyə) ticarət yolunun (Dəvə karvanı yolunun) üstündə yerləşmişdir. Şübhəsiz ki, bu da Sarvan kəndinin mədəni məişətinin və iqtisadiyyatının inkişafına müəyyən də-rəcədə təsir etmişdir. 1930-1950-ci illərdə Sarvanda Borçalı Türk (Azərbaycan) Pedaqoji Texnikumu fəaliyyət göstərib. Son vaxtlar Heydər Əliyev adına park-seyrəngah yaradılıb, əzəmətli məscid ucaldılıb.
Məşhur el şairləri Qul Allahqulu, Dost Pirməmməd, Mayqa Mətin, aşıqlar Allahverdi, İsgəndər, Lətif, Hüseyn, din xadimləri Mustafa Talıbzadə (Abdulla Şaiqin atası, akademik Kamal Talıbzadənin babası), Şeyx Məhəmmədəli, el qəhrəmanları Hacıxəlil ağa, Xaccaoğlu Qəmbər, II Dünya Müharibəsinin Qəhrəmanı İsmayıl Bayramov, Əmək Qəhrəmanları Əlləz Orucov, Dursun Hüseynov, Səməd Səmədzadə, tənqidçi alim Əhəd Hüseynov, Azərbaycan Milli Məclisinin üzvü olmuş filosof akademik Səlahəddin Xəlilov, Gürcüstan Parlamentinin üzvü və qubernatorun müavini olmuş Azər Süleymanov, professorlar Abbas Hacıyev, Asif Hacılı, Əmirxan Xəlilov, Hidayət Nuriyev, Xalidpaşa Xubanov, Baxış Bayramov, Vaqif Sadıxov, Vəkil Hacılı, Məmməd Sarvan (Sadıqov), AzərTAc-ın Baş direktor müavini olmuş Əməkdar jurnalist Elman Cəfərli, Müseyib Əlizadə, heyheykəltəraş Cümşüd İbrahimli, kino-aktyor Gümrah Rəhimov, Dramaturq Kərim bəy Şərifli, nasir-publisist Hüseyn Minasazlı, Abbas Minasazlı, yazıçı Hidayət Bayramov, tanınmış ictimaiyyətçilər Cəlil Kələyev, Baxış Kələyev, Tofiq Hacıyev, Rafiq Hacıyev, Fazil Həsənov, Kamal Həsənov, Ramiz Məmmədov, Eldar Cəfərli, Faiq Məmmədov, polkovniklər Eyvaz Məmmədov, Vaqif Bayramov və b. məhz Sarvan kəndinin yetirmələridir.
Sarvan - peşə, sənət mənasını bildirən söz əsasında düzələn etnooykonimdir. Bu toponim Göyərlərin qövmü Sarvan tayfasını, eləcə də Sarban (kapvan yolçusu) deyimini yada salır.
Bu kəndin sakinləri Azərbaycan türklərindən ibarətdir. Azərbaycan türklərinin etnogenezisi üzərində aparılan araşdırmalar göstərir ki, xalqımızın etnogenezisinin formalaşmasında yüzlərlə türkdilli tayfa yaxından iştirak etmişdir. Belə tayfalardan biri də Qıpçaqlara məxsus Kəngərli tayfasının bir qrupu olan Sarvan adlı tayfa olmuşdur. Bu tayfanın qədim Borçalı ərazisində məskunlaşmasının tarixi dəqiq məlum olmasa da, onun bu bölgədə sakin olması ehtimalı orta əsrlərin erkən dövrlərinə gedib çıxır.
Sarvan tayfası qədim zamanlardan köçəri həyat sürmüş və dəvəçiliklə məşğul olmuşdur. Buradan da, yəni tayfa üzvlərinin əsas məşğuliyyəti - dəvəçiliklə əlaqədar olaraq həmin tayfanın adı Sarvan etnonimi və həmin etnonimin sonrakı inkişafı prosesində Sarvan etnotoponimi təşəkkül tapmışdır. Müasir dilimizdə Sarvan «ovlar yolu», «dəvə yolu», «dəvəçi» mənalarında da işlənməkdədir.
Azərbaycanın Dəvəçi, Salyan, Ağcabədi rayonlarında da Sarvan adlı kəndlər, Naxçıvan şəhərində isə Sarvanlar adlı məhəllə vardır. Bütün bu toponimlər Sarvan etnonimi ilə əlaqədardır. Ağsu rayonundakı Ərəbsarvan kəndinin adı da «ərəb» və «sarvan» etnonimləri, yəni «qəbilə, tayfa və xalq adları» ilə bağlı olaraq, yaranmışdır.
XVIII əsrin I rübündə, xüsusilə 1721-ci ildə hazırlanmış «Dəstüril-əməl» dəftərində və həmin dövrü əks etdirən gürcü mənbələrində qeyd olunduğu kimi Borçalıda oturaq həyat keçirən Sarvan tayfası Aran Borçalıda Sarvan adlı kənd salmışdır. «Dəstüril-əməl» dəftərində Sarvan kəndinin 99 evdən ibarət iki tayfa olduğu qeyd edilmişdir. 1728-ci ildə hazırlanmış «Dəftəri-müfəssəli-əyaləti-Tiflis» adlı dəftərdə isə belə bir qeyd vardır ki, Sarvanlılar adlı yerdə Sarvan camaatı 69 evdən ibarət olmuşdur. Güman ki, 1721-1728-ci illər arasında Sarvan tayfasının biri, yaxud 30 evdən ibarət bir qolu Borçalının dağlıq bölgəsinə köçmüş və orada məskən salmışdır. Yeni məskunlaşmış Sarvan tayfasının yeni kəndi əvvəllər Dağ Sarvanı adlanmışdır. Yəni, dağlarda məskən salmış sarvanlılar. Məntiqi ardıcıllıq da bunu təsdiq edir. Deməli, Aran Sarvanı olmasa, Dağ Sarvanı olmazdı və Dağ Sarvanının Aran Sarvanından köçməsinə heç bir şübhə yeri qalmır. Bunu həm kəndin yaşlı sakinləri, həm də tarixi rəqəmlər bilavasitə təsdiq edir. 1721-ci ildə Sarvan 99 evdən ibarət olduğu halda, 7 il sonra 1728-ci ildə 69 ev olub. Bu tarixi faktlardan açıq-aydın görünür ki, sarvan tayfasından 30 ev Borçalının dağlıq bölgəsinə köçmüş və orada Dağ Sarvanı adlı yeni kənd salmışlar.
Ətraflı məlumat almaq üçün bax: «Ərcivan Sarvanı».
P.S.:
ƏZİZ OXUCULARIMIZ!..
ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,
EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, eləcə də
BU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlı
ÖZ QEYDLƏRİNİZİ və
DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ
BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..
OLA BİLƏR Kİ, KİMİNSƏ ADINI UNUTMUŞUQ.
ƏVVƏLCƏDƏN ÜZR DİLƏYİR,
BİZƏ KÖMƏK EDƏCƏK HƏR BİR KƏSƏ
QABAQCADAN TƏŞƏKKÜR EDİR VƏ
HAMINIZA UĞURLAR ARZULAYIRIQ!..
Böyük hörmət və ehtiramla,
MÜŞFİQ BORÇALI.
Ünvanlarımız:
M-Borcali@mail.ru
və ya:
info@zim.az
Telefonlar:
+994 50 322 - 05 - 55;
+994 70 322 - 05 - 55
+994 55 692 - 05 - 55 (VatCap).
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.