Aşıq Hüseyn Saraçlının
xatirə günü keçirilib
Ulu Borçalımızın Bolnisi rayonundakı Saraçlı kəndində Gürcüstan Aşıqlar Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə
saz-söz sənətkarı, görkəmli Borçalı aşığı Hüseyn Saraçlının
xatirə günü keçirilib.
Tədbirdə Bakıdan, Tiflisdən, Marneulidən, Rustavidən, Qardabanidən və Bolnisinin kəndlərindən gələn aşıqsevərlər, saz-söz sənətkarları olan aşıqlar, ziyalılar, şair və jurnalistlər, kənd sakinləri iştirak ediblər.
Ustad sənətkarın evində onun sazı köynəkdən çıxarılıb, ustadın şirmayı sazına mizrab toxunduran Borçalı aşıqları onun mahnılarını ustad sazı ilə ifa ediblər.
Tədbir başlamamışdan öncə, xatirə gününə toplaşan qonaqlar Aşıq Hüseyn Saraçlının qəbrini ziyarət ediblər.
Sonra ustad aşığın kəndin mərkəzindəki büstü önündə
xatirə günü iştirakçıları çıxış ediblər.
Tədbiri Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu açaraq görkəmli saz-söz sənətkarı Aşıq Hüseyn Saraçlının xatirə gününün hər il aprelin 11-də keçirildiyini bildirib: "Bu il artıq 28-ci dəfədir ki, Aşıq Hüseyn Saraçlının xatirə gününü qeyd edirik. Bu mənalı xatirə günü hər il aşıqsevərlərin qəlbində ən şirin xatirələrtək özünə yer alır."
Sonra tədbirdə Azərbaycan dilində nəşr olunan "Gürcüstan" qəzetinin redaktoru İslam Əliyev, Saraçlı kənd sakini Osman Osmanov, filologiya üzrə fəlsəfə doktoru, professor Mahmud Kamaloğlu, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, tədqiqatçı-jurnalist Mirzə Məmmədoğlu, "Salam" Mədəni Xeyriyyə Mərkəzinin sədri Maya Rəcəbova, şairlərdən Nizami Saraçlı, Güllü Tomarova, folklorşünas Zahid Nəsibov və başqaları
çıxış edərək azman saz-söz sənətkarının
xatirəsini ehtiramla yad edərək, xatirələrini
dilə gətiriblər və Aşıq Hüseyn Saraçlı haqqında
şeirlər səsləndiriblər.
Tədbirdə qeyd olunub ki, bu il ustadın 99 ildönümüdür və görkəmli ustad sənətkar Borçalı aşıq məktəbini yaradan azman sənətkarlarından biridir.
Tədbirdə o da qeyd olunub ki, görkəmli aşıqın həyat və fəaliyyəti haqqında Gürcüstan televiziyası üçün film də çəkilib. O, Gürcüstanın Əməkdar Mədəniyyət işçisi adına layiq görülüb.
Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu çıxışında gələn il Aşıq Hüseyn Saraçlının 100 illik yubileyinin keçiriləcəyini bildirib. Onun sözlərinə görə, yubileyə hazırlıq üçün Azərbaycan Aşıqlar Birliyinin sədri və xalq şairi Zəlimxan Yaqubun rəhbərliyi ilə təşkilat komitəsi yaradılacaq və yubileyə qədər ustad sənətkar haqqında xatirə kitabı nəşr olunacaq.
Filologiya üzrə fəlsəfə doktoru, professor Mahmud Kamaloğlu isə bildirib ki, Aşıq Hüseyn Saraçlının gələn il keçiriləcək yubileyi öncə Marneuidə, sonra Rustavidə,
Tiflisdə və yekun yubileyi Bakıda qeyd olunacaq.
O, Aşıq Heseyn Saraclının bütün Türk dünyasında məşhur bir sənətkar olduğunu qeyd edib: "Bu gün Türkiyədə Qars aşıq məktəbinin nümayəndələri Hüseyn Saraçlı aşıq məktəbindən bəhrələniblər. Qarsda aşıq yaradıcılığı ilə məşğul olan Səbri Şimşəkoğlu eyni ilə Hüseyn Saraçlı kmi oxuyur, ustadın vurduğu xalları eyni ilə təkrarlaya bilir. Qars və ətraf bölgələrdə - Sarıqamışda, İğdır, Ardahan, Ərzurumda Hüseyn Saraçlı, Aşıq Kamandar və Xındı Məmmədin kasetləri yayılıb.
Bu gün Borçalı aşıqları İranda, Türkiyədə, Orta Asiyada məşhurdur.
Bizim aşıqları bu ölkələrdə yaxşı tanıyırlar.
1972-ci ildə Tarkiyədən Borçalıya əslən Borçalının Keşəli kəndindən olan və Qarsın yaxınlığında olan Ladiqars kəndindən Aşıq İslam Ərdənər Aşıq Hüseyn Saraçlı üçün qızıldan düzəldilmiş saz nişanı hədiyyə gətirib," - professor Mahmud Kamaloğlu bildirib.
Tədbirin sonunda
Borçalı aşıqlarından
Məsim Rəcəbov, Ayaz Bulud,
Hüseyn Saraçlının şəirdi
Kövrək Murad, Ziyəddin Keşəli,
Nargilə Mehdiyeva, Əfqan Şamilov,
Qərib Məmmədov, Məsim Sadaxlı
ustad sənətkara həsr olunan
aşıq mahnılarını oxuyublar.
Tədbirdən sonra iştirakçılar
Aşıq Hüseyn Saraçlının evində
duz-çörək kəsiblər.
Ustad sənətkarın evində
onun sazı köynəkdən çıxarılıb,
ustadın şirmayı sazına
mizrab toxunduran
Borçalı aşıqları onun mahnılarını
ustad sazı ilə ifa ediblər.
Nizami Məmmədzadə,
jurnalist
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.