"Sözün Zəlimxan zirvəsi” kitabının təqdimatı keçirildi

"Sözün Zəlimxan zirvəsi” kitabının təqdimatı keçirildi
"Sözün Zəlimxan zirvəsi” kitabının təqdimatı keçirildi Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Marneulidəki “AtaHolding Center”də Azərbaycan Aşıqlar Birliyinin katibi, tanınmış tədqiqatçı-publisist, “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlunun “Sözün Zəlimxan zirvəsi” adlı kitabının təqdimatı keçirildi. Tədbiri açan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin idarə heyətinin sədri Fazil Həsənov xalq şairi Zəlimxan Yaqub haqqında bir çox kitab yazıldığını, lakin Musa Nəbioğlunun bu monoqrafiyasının şair haqqında olduqca böyük əhəmiyyət daşıdığını toplaşanların nəzərinə çatdırdı.
Azərbaycanın xalq şairi Zəlimxan Yaqub Bakıdan telefon əlaqəsi yaradaraq onun yaradıcılığına diqqət ayırdıqları, bu kitaba verdikləri önəmə görə minnətdarlığını bildirdi və qarşıdan gələn Novruz bayramı münasibətilə toplaşanları ürəkdən təbrik etdi. Giriş və 13 bölümdən ibarət olan kitabın müəllifi Musa Nəbioğlu son iki ayda şairin 3 kitabının çap olunduğunu və bu kitabın da onun ad günündə 21 yanvarda işıq üzü gördüyünü bildirdi. O, şairin 13 cildliyindən sonra “Dünya çiçək, insan oğlu arıdır” adlı kitabının da bu günlərdə işıq üzü görəcəyini vurğuladı. M.Nəbioğlu “Zəlimxan Yaqub ədəbi düşüncədə” adlı 4 cildlik kitabın çap olunacağını və onun artıq 2 cildinin işıq üzü gördüyünü nəzərə çatdırdı. Daha sonra yazıçı-publisist Əli Abbas, tanınmış şair, bir çox mükafatlar laureatı Nizami Saraçlı, Marneuli təhsil ehtiyatları mərkəzinin rəhbəri Ruslan Hacıyev, görkəmli tədqiqatçı-tərcüməçi Mirzə Maşov, Gürcüstan parlamentinin sabiq deputatları Ramiz Bəkirov və Hidayət Hüseynli, Gürcüstan-Ukrayna Beynəlxalq Elmi-Tədris İnstitutunun prorektoru Mahmud Hacıxəlilov, şair Səyavuş Uyğun, ziyalı Suddarxan Kazımov, Bolnisi rayonundakı Kəpənəkçi ümumi məktəbinin direktoru Zakir Məmmədov, aşıq Xıdır çıxış edərək şeirləri dillər əzbərinə çevrilmiş xalq şairinin yaradıcılığını müxtəlif aspektlərdən təhlil etdilər, onunla bağlı xatirələrinin danışdılar, belə bir monoqrafiyanı vaxtında ərsəyə gətirdiyi üçün Musa Nəbioğluna təşəkkür etdilər. Marneuli rayonundakı Sadaxlı 2 saylı məktəbin şagirdi Canan Məmmədova, Bolnisi rayonundakı Kəpənəkçi ümumi məktəbin şagirdi Bahar Ruqayeva və ziyalı Ziyadxan Sərdarovun oğlu Qalib Sərdarov, şair-publisist Əli Abbasın nəvəsi kiçik Əli şairin şeirlərini səsləndirdilər.
Sonda kitabın müəllifi Musa Nəbioğlu və şairin qardaşı Çingiz Yaqubov Zəlimxan Yaqub yaradıcılığına və onun barəsində yazılmış “Sözün Zəlimxan zirvəsi” adlı monoqrafiyaya verdikləri dəyərə görə toplaşanlara minnətdarlıqlarının bildirdilər.
Xatırladırıq ki, “Sözün Zəlimxan zirvəsi” kitabının redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru professor Qəzənfər Paşayevdir.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: