Bilal ƏNSƏR: Doğma Ləmbəlimdə yeni həyatı, Borçalı dəbində qura biləydim...

Bilal ƏNSƏR: Doğma Ləmbəlimdə yeni həyatı, Borçalı dəbində qura biləydim... Biləydim

Tanrıdan yazılmış qismətim ola,
Arzular ardınca çıxaydım yola,
Bu ahıl çağımda, Allahım, nola,
Doğma həyətimə girə biləydim.

Babamın qurduğu körpüdən keçib,
Ləlvərin suyundan doyunca içib,
Səcdə etmək üçün ürəkdən seçib,
Doğma qəbirləri görə biləydim.

Həsrətlə baxaraq Mağazalıya,
Balakən dağına, Lopda qalaya,
Soyumun igidi o Boz Alıya,
Sevgimi sadağa verə biləydim.

Cadırğan sevgimin çiçəkli düzü,
Göyçalım, Yeldağım yurdumun gözü,
Cənnət güşəsidir Ləmbəlim özü,
O yurda özümü sərə biləydim.

Bir nəzər salaydım bağçaya-bağa,
Yurdumun göz yaşı Qara bulağa,
Nənəmin inancı pirə, ocağa,
Polad tək sinəmi gərə biləydim.

Çırmanıb keçəydim Tona çayını,
Öpəydim babamın torpaq payını,
Çəkib kamanımın oxlu yayını,
Düşmənin üstünə sürə biləydim.

Yurdumun durumu yaratdı heyrət,
Gündən-günə coşur sinəmdə qeyrət,
Gözlərimdə atəş, düşmənə nifrət,
Əkdiyim güllərdən dərə biləydim.

Görəydim elimdə toyu, busatı,
İgidlər yarışa sürəydi atı,
Doğma Ləmbəlimdə yeni həyatı,
Borçalı dəbində qura biləydim...

Dünənimin də, bu günümün də beşiyi və ... olan Borçalımın müasir təəssübkeşlərinə atəşli salamlar!
Ürəyiniz həmişə yurd qeyrəti ilə döyünsün, dostlar!

Sizin
Bilal ƏNSƏR.



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: