Sabiq deputat İlham Əliyevə müraciət etdi: “Məgər biz azərbaycanlı deyilik?!”

Sabiq deputat İlham Əliyevə müraciət etdi: “Məgər biz azərbaycanlı deyilik?!” Gürcüstan Parlamentinin
keçmiş deputatı
Zümrüd Qurbanov
Azərbaycan prezidenti
İlham Əliyevə
müraciət ünvanlayıb.
Müraciətdə İ.Əliyevdən
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gürcüstanda yaşayan soydaşlarımıza yaratdığı süni əngəllərin aradan qaldırılması xahiş olunur.
Müraciəti olduğu kimi ZiM.Az -da dərc edirik:


“Hörmətli prezident!

Bu müraciətimi 500 minlik Gürcüstan azərbaycanlısının istək və arzusu kimi qəbul etmənizi, qayğı və diqqətlə yanaşmanızı xahiş edirəm.
Uzun müddətdir ki, Azərbaycan Respublikasının dövlət orqanlarına, nazirlik və əlaqədar təşkilatlarına ünvanlanan müraciət və xahişlərimizin laqeydliklə qarşılanması məni Sizə müraciət etməyə məcbur etdi. Biz Gürcüstan azərbaycanlıları çox yaxşı bilirk ki, indiki dövrdə Azərbaycanın daxili və xarici siyasətində atdığınız uğurlu addımlar gərgin fəaliyyətinizin nəticəsidir. Bizə aydındır ki, dünya dövlətlərinin siyasi həyatında Azərbaycanın mövqeyini möhkəmlətmək üçün gecə-gündüz çalışırsınız. Biz onu da çox gözəl bilirik ki, bir çoxları üçün adi görünəcək problemlərlə məşğul olmağa zamanınız yoxdur.
Amma bir çoxları üçün adi görünən bəzi problemlər var ki, Gürcüstan azərbaycanlıları üçün həyati önəm daşıyır və ya mənəvi cəhətdən Gürcüstan azərbaycanlılarının qüruruna toxunur. Bu problemlərdən biri Gürcüstan azərbaycanlılarına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaratdığı süni barierdir.
Sabiq deputat İlham Əliyevə müraciət etdi: “Məgər biz azərbaycanlı deyilik?!” Möhtərəm prezident!
Biz başa düşə bilmirik ki, öz maşınımızla Rusiyaya, Avropaya, Türkiyəyə, hətta Ermənistana belə sərbəst gedib-gəlmək hüququna malik ola-ola, Azərbaycan Respublikasının qapıları üzümüzə nə üçün bağlanıb.
Biz bunun səbəbini Gömrük qapısını piyada keçib, köhnə-küşkül avtobuslarda Bakıya və ya geri Gürcüstana gəlməli olan 70 yaşında ağbirçəyimizə, 80 yaşında ağsaqqalımıza, eləcə də nə xəstəmizə, nə də bu istidə yollarda nəfəsi təngiyən körpələrimizə anlada bilmirik. Onların hamısı bir ağızdan sual verir: - “Məgər biz azərbaycanlı deyilikmi?!”
Hörmətli prezident!
Biz onlara deyirik ki, Azərbaycan Respublikasının prezidenti Gömrük Komitəsinin sədrinə göstəriş verib ki, bu məsələ tezliklə həll olunsun, amma Gömrük Komitəsinin sədri bu məsələyə biganə yanaşır. Onda sual verirlər ki, məgər, Azərbaycan dövlətinin, Milli Məclisinin, hakimiyyət orqanlarının, ən nəhayət prezidentin göstərişi bu adamlar üçün bir əhəmiyyət kəsb etmirmi?!..
Möhtərəm prezident!
Ola bilsin ki, bu müraciəti Qeyri-Hökumət Təşkilatlarının, Gürcüstan azərbaycanlılarının ziyalılarının, ağsaqqallarının Sizə ünvanlanmış onlarla müraciət kimi itə-bata salıb çatdırmayacaqlar. Amma yenə də ümid edirəm ki, bəlkə yarım milyonluq Gürcüstan azərbaycanlılarının haqlı istək və arzusunu əks etdirən bu müraciəti kimsə Sizə çatdırdı. Çünki bu məsələ Azərbaycanın milli mənafeyini düşünən hər bir ictimai-siyasi xadimi, dövlət məmurunu narahat etməli və hər kəs bu narahatçılığa son qoymaq üçün əlindən gələni etməlidir.
Hörmətli prezident!

Əminəm ki, Gürcstan azərbaycanlılarının Gömrük qapısında “məgər biz azərbaycanlı deyilikmi” sualının cavabını Siz qəti və ciddi göstərişinizlə verəcəksiniz.
Öncədən təşəkkür edir və Azərbaycan naminə işlərinizdə uğurlar diləyirik”.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: