Şairə Nazilə Səfərli: “Ərə gedəndən sonra ağ günə çıxdım...”

Şairə Nazilə Səfərli: “Ərə gedəndən sonra ağ günə çıxdım...” Şairə Nazilə Səfərli: “Ərə gedəndən sonra ağ günə çıxdım...”
Müsahibimiz
şairə Nazilə Səfərlidir.


- Şeir yazmağa nə vaxtdan başlamısınız?

- Şeir yazmağa on üç yaşım olanda başlamışam. Yadımdadır, o vaxt Bakıya təzə köçmüşdük.

Bəs ilk kitabınız nə zaman çap olunub?

- 2003-cü ildə çap olunub.

- Bilirik ki, ailənizdə şeir yazmağınıza etiraz edirdilər. Necə oldu ki, belə davam edə bildiniz?

- Mən buna etiraz deməzdim, qadağan etmişdilər.

- Buna səbəb nə idi?

- Altı uşaqlı ailənin ilk uşağıyam. Anam uşaqları mənim üstümə atıb işə gedirdi. Külfətə baxmaq on üç yaşlı qızcığaz üçün nə deməkdir, yəqin anlayarsınız. Anamın ağlında olan tək fikir məni ərə vemək istəməsi idi. Atam da deyirdi ki, qız uşağı evdə oturar. Üsyan edirdim, atam eşidəndə ki, şeir yazıram dəftərimi cırıq-cırıq etdi. Mən təslim olmayanda isə ikinci dəftərimi yandırdı.

- İndi valideynlərinizlə münasibətdə problem yaşanmır ki?

- Yox, indi onlar mənimlə fəxr edirlər. Bu nə qədər gülməli olsa da.

- Bəs sizin qəlbinizdə küskünlük qalmayıb ki?

- Qalıb, ürəyim hələ də barışmır.

- Neçə yaşınızda ailə qurdunuz?

- Elə həm də ona görə barışmır ki, onların qoydugu qadağaların əlindən qurtulmaq üçün 17 yaşımda ərə getdim. Yeni ailəm çox kübar və mehriban olduğundan necə deyərlər ağ günə çıxdım.

- Erkən ailə qurmaqda peşman deyilsiniz ki?

- Yox, artıq 34 yaşım var, və on altı, on üç yaşlarında oğullarım var. Gənc anayam və azadlığım var. Həyat yoldaşım elə gözəl insandır ki, adam istəyir yarıb ürəyinə qoysun.

- Ailə qurandan sonra yaradıcılğınızda necə dəyişikliklər oldu? Şeir yazmağa davam etdiniz?

- Şeir yazmağı dayandırmamışdım. Ailə qurandan sonra qəzetlərdə çap olunmağa başladım.

- Deməli ailə qurmaq yaradıcılığınız üçün həm də bir təkan oldu.

- Bəli, bu, həqiqətən də belə oldu. Əsasən də qaynatam mənə çox dəstək oldu. Allah ona rəhmət eləsin.

- Müasir ədəbiyyatla maraqlanırsınız?

- Əlbəttə, daha çox Ramiz Rövşəni oxuyuram . Dostlarım sağ olsun tez-tez sosial şəbəkədə paylaşırlar, mən də oxuyuram. Bir də daha çox detektiv romanlar oxuyuram. Strekovanın kitablarını.

- Münasibətdə olduğunuz şairlər var?

- Var, Həmid Orman, Çiçək İncəli, Fərqanə və s.

- Müasir şairlərdən, ədəbiyyatımızdan şikayətiniz yoxdur ki?

- Əksinə, onların məndən şikayəti olar. Çox güclü söz adamları var indi. Oxuduqca şerilərin təsirindən başımdan tüstü çıxır.

- Sizə şeirdən sonra ikinci bu qədər təsir edə biləcək qüvvə hansıdı?

- Caz musiqisi dinləyirəm, amma bunu hələ heç kimə deməmişəm. Daha çox maşında tək olanda dinləyirəm.

- Ən çox kimləri dinləyirsiniz?

- Növrəslilər ailəsini. Hə, bir də “Radio Lider” sağ olsun, məni cazdan məhrum etmir.

- Sizi azad qadın hesab etmək olar?

- Ruhu azad qadın demək olar...

- Deməli, yalnız ruhunuz azaddır, özünüz isə yox?

- Ailəsi olan qadınlar azadlığı tam dada bilmirlər. Uşaqlar, ev qayğıları və s.

- Ev qayğılarıı demişkən, ev işlərini bacarırsınız?

- Tərif kimi çıxmasın, üzağardan qadınam. Bəlkə də inanmazsınız, hətta bu gün belə bazara, dükana özüm gedirəm.

- Mətbəxdə son dəfə nə zaman olmusunuz?

- Günorta Xanı Balığı qızartmışam.

- Bu qədər işləri necə çatdırırsınız?

- Ev işlərində əvəzolunmaz dayağım var. Qaynanam Nina xanım. Allah onun canını sağ eləsin. Belə də ki, paltarı, qab-qacağı maşın yuyur, indi arvad olmağa nə var ki?! (gülür)

- Deyəsən , qaynanadan yarayanlardansınız…

- Qaynanam məndən daha çox yarıyıb. Düşünün, mən böyük gəlinəm, məndən kiçik gəlin də var, amma o mənim yanımdadır. Çox şükür ki, evimin ağbirçəyi var.

- Müasir gəlinlərlə qaynanalar niyə yola getmir?

- Müasirlər köhnə gəlinlərə baxanda şükürlüdür. Heç olmasa deyir “a qayınana, səninlə yaşamaq istəmirəm”. Köhnələr nifrətlə çay dəmləyib gülə-gülə qaynanaya verərdilər. Əlbəttə, bunu hamıya şamil etmək olmaz.

- Özünüz necə qaynana olacaqsınız?..

- Mən çətin adamam, işim Allaha qalıb. Gecə-gündüz işləyirəm ki, gəlinlərimi ayrı evə köçürməyə büdcəm olsun.

- Bəs gəlin qulluğu, gəlin dəmləyən çaydan içmək istəmirsiniz?

- Yaxşı gəlin gəlib qulluq edəcək. Etməyən yanımda da olsa, etməyəcək, əsəblərimi korlamaga dəyməz...

- Sizdə əsl qaynana tipi hiss edirəm…

- Hə, elə mən də hiss edirəm artıq…

- Amma bu, indi belədir, gəlin gələndən sonra şirin olacaq.

- Damarımı tutan gəlin yaşadı deyərəm. Çünki kövrək və səxavətliyəm.

- Müsahibələrinizin birində həm də qəddar və dalaşqan olduğunuzu demisiniz. Doğrudur?

- O müsahibəni verən zaman birini möhkəm ovxalamışdım. O sözlər ona ismarıc idi.

Siz həm də baxımlı xanımsınız. Geyimləriniz üçün çox xərc çəkirsiniz?

- Demək olar ki, hər fəsil qarderobum dəyişir. Marka xəstəliyim var. Sizcə zövqüm var?

- Hə, mən bəyənirəm, məsələn ötən dəfə Günəbaxandakı geyiminizi çox bəyənmişdim.

- Milli paltarlalarımi Fəxriyyə xanımla Bakı milli geyim evi tikir. Qalanları isə italyan və türk brendləridir.

- İndi gözəl görünmək asan məsələdir?

- Bədən standartları uyğun gələndə asandır. Amma qadın, kişi fərq etmir bir də görürsən ən bahalı paltarı geyinir heç yaraşmır.

- `Gözəllik də pulla həll oluna bilir` fikri ilə razısınız?

- Tam yox, gözəlliyi İlahi verməlidir. Amma gəncliyi artıq pulla ala bilmirik. Pulla artıq zahirən 20 yaş da cavanlaşmaq olur.

- Siz gözəlləşmək üçün hər hansı bir prosedurlardan keçmisiniz?

- Yalnız burnumu plastik əməliyyat etdirmişəm. Əvvəl burnum iri idi və bunu bəyənmirdim. Qalan hər şey özümünküdür.

Sonda bəlkə indi ürəyinizdən keçən hər hansı bir şeir deyəsiniz?

-Tənha gecələrin qadınıyam mən...
Ruhumu oxsamaq aya düşübdü
Tanrı sevdaları paylayan zaman,
Mənim sevgi payım çaya düşübdü...

/Az.azvision.az/
26 октября 2013
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: