Yerişi, duruşu nazdı Tellinin...

Yerişi, duruşu nazdı Tellinin... Aşıq Telli Borçalıya

Mənalı ötüşən hər günü, ayı,
Solmayan bahardı, yazdı - Tellinin.
Gözəldən gözəldi, incədən-incə,
Yerişi, duruşu nazdı Tellinin.

Bir şeyda bülbüldü, qonub gül üstə,
Gah bəmdə çağlayır, gah da zil üstə.
Kökləyib sazını ,,Sarıtel" üstə,
Dilində nəğmədi, sözdü - Tellinin.

O da bir aslandı öz meydanında,
Az kişi tablaşar qız meydanında.
Aşıq məclisində, söz meydanında,
Daim sinəsində sazdı Tellinin.

Kimi dərdə salsa, tapılmaz çara,
Aşiqi zülfüylə çəkəcək dara.
Ahılı, cavanı salır odlara,
Baxışı alovdu, közdü- Tellinin.

Bir belə gözəli saxla, ay Allah,
Nurunu görəndə sönür ay, Allah.
Yer-göyə sığmayan nazı var, vallah,
Qəmzəsi könüllər üzdü - Tellinin.

Elimin, yurdumun Xatun gözəli,
Könlünə dəyməyin, sizdən küsəli.
Ələsgər demişkən: ,,sözü məzəli",
Söhbəti şəkərdi, duzdu Tellinin.

Hər sözü, kəlməsi bizlərə xoşdu,
Sazıyla kükrəyib nəğmələr qoşdu.
Bu Mais Təmkinin ilhamı coşdu:
Şəninə bu şeiri yazdı - Tellinin.

Mais TƏMKİN

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: