Gürcüstan prezidenti və baş naziri Novruz bayramı münasibəti ilə azərbaycanlıları təbrik ediblər
ZiM.Az-ın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan prezidenti və baş naziri martın 21-də azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər ediblər. Marneulinin mərkəzində təşkil olunan Novruz bayramı tədbirini Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili açıb.
Sonra prezident Georgi Marqvelaşvili və baş nazir İrakli Qaribaşvili Novruz tonqalını alovlandırdıqdan sonra Marneuli sakinləri qarşısında çıxış edərək Novruz bayramı münasibəti ilə azərbaycanlıları təbrik ediblər.
Novruz bayramını yeni il və yaz bayramı adlandıran Gürcüstan prezidenti Georgi Marqvelaşvili azərbaycanlıları çox sevdiyini bildirib: "Mən sizləri çox sevirəm. Sevinirəm ki, bu günəşli gündə sizinlə birlikdəyəm. Buraya sizin Novruz bayramınızı təbrik etmək üçün gəlmişik. Biz həmişə sizinləyik. İstəyirik ki, birlikdə güclü və bölünməz Gürcüstan yaradaq. Azərbaycanlılar savadlı və zəhmətsevər xalqdır. Bunu hamı görür və biz sizə daha çox kömək etmək istəyirik. Bu gün birlik və yeni günün doğuluşu, sevgi və enerji almaq günüdür. Həmişə sevinclər içində olun".
Baş nazir İrakli Qaribaşvili çıxışına Azərbaycan dilində "Novruz bayramınız mübarək!" sözləri ilə başlayıb və Gürcüstanda yaşayan bütün azərbaycanlıların bayramını təbrik edib: "Mən hamınızı çox sevirəm! Azərbaycanlılar nümunəvi xalqdır. Siz Gürcüstanın layiqli və nümunəvi vətəndaşlarısınız. Biz həmişə sizin yanınızdayıq. Həmişə şadlıq və sevinc dolu günlərimizi birlikdə bölüşürük. Biz birlikdə hər zaman Gürcüstanın gələcəyi üçün çalışırıq. Biz çalışacağıq ki, sabahımız bu gündən gözəl olsun”.
Tədbirdə Gürcüstanın dövlət və hökumət nümayəndələri, parlamentin deputatları, Azərbaycan, Türkiyə, Qazaxıstan və İranın Gürcüstandakı səfirləri, Marneuli Rayon İcra Hakimiyyəti və bələdiyyəsinin rəhbərləri, yerli sakinlər, ətraf kəndlərdən gələn azərbaycanlılar və gürcülər iştirak ediblər.
Sonra Novruz bayramı münasibəti ilə Azərbaycandan gələn və yerli müğənnilərin iştirakı ilə böyük bayram konserti keçirilib.
* * *
Azərbaycanlıların kompakt yaşadığı Marneulini ziyarət edən Gürcüstan prezidenti Georgi Marqvelaşvili azərbaycanlı ailənin qonağı olub.
Gənc ailəni Novruz bayramı münasibəti ilə təbrik edən prezident, daha sonra şəxsi imzasını qoyduğu Şota Rustavelinin kitabını hədiyyə edib.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.