Müəllim repressiyalarına son!

Müəllim repressiyalarına son! 2012-ci ildə hakimiyyət dəyişdikdən sonra, yeni hakimiyyət artıq müəllimləri öz oyuncağına çevirməyə başladı. Məktəbə təyin olunan direktor və müəllimlər bu hakimiyyəti dəstəkləməli, öl desə ölməli, qal desə qalmalı idilər. Ziyalı təbəqə olan müəllimlərin azad seçim etmək hüququ əllərindən alınır, onlar bu hakimiyyətin quluna və alətinə çevrilirdi. Onlarla əməkdaşlıq etməyən müəllimlər qara siyahıya daxil edilirdi. Qara siyahı tərtib olunmuş, qurbanlar bir-bir verilirdi. Bu, sizlərə 37-ci illərdəki repressiyanı xatırlatmırmı?! Həmin dönəmdəki repressiya qurbanları da məhz müəllimlər idi. Axı müəllimlər ziyalı təbəqə olmaqla yanaşı, bəşəriyyətin, yaşadıqları dövlətin gələcəyi və inkişafı üçün çırpınan şəxslərdir. Qurbanların müəllimlərdən seçilməyi çox sərrast atılmış güllə, mahir nişan alınmış hədəf idi. Bu hakimiyyətin ilk işi də məktəb direktorlarını dəyişdirməklə başladı. Onlara boyun əyməyən, 41 nömrəni sinəsində gəzdirməyən, onların hiylələrinə ortaq olmayan direktor vəzifəsilə vidalaşmaq məcburiyyətində qaldı. Özbaşınalıq o həddə çatdı ki, müəllimlərin neytral mövqe sərgiləmək hüquqları da əllərindən alındı. Təkcə məktəbin müəllimləri deyil, digər vəzifələri icra edən işçilərindən də bu repressiya dalğası yan keçmədi. Bu cılız insancıqlar məktəb xadimələrini belə təhdiddən çəkinmədilər. Ya onları dəstəkləməli, ya əlinin qabarı ilə qazandıqları yüz laridən imtina etməli idilər. Xatırlayırsız, çar Rusiyasının ən birinci planı xalqın içindən milli manqurtlar yetişdirmək idi. O manqurtlar ki, öz xalqına qarşı silahlansın. Həmin plan bu gün bu siyasətin planıdır. Xalqın içindən xalqına, millətinə, müəllim yoldaşına, həmkəndlisinə, eləcə də məktəbin şagirdlərinə düşmən olan manqurtları vəzifəyə gətirmək. Bu yazını yazmağıma Baydar əsas məktəbində işdən bir müəllimin əsassız, böhtan atılaraq uzaqlaşdırılması sövq etdi. Demokratik dövlətdə yaşamasına baxmayaraq, oğlunun müxalif mövqeyi antidemokratiya tərəfdarlarının şəninə toxundu. Öz güclərini bəyan etmək üçün ən asan yolu müəllimi şərləyib məktəbdən atmaqda gördülər. Bu, onların ilk özbaşınalığı deyildi. Əvvəlcə xatırladım ki, 2015-ci ildə Baydar əsas məktəbinin direktoru, 25 il bu vəzifəni icra edən, müəllim və şagird kollektivinin çox böyük rəğbətini qazanmış İlyasov İlyas müəllim seçkidə müxalifət partiyasını dəstəklədiyinə görə vəzifəsilə vidalaşmışdır. Həmin vəzifəyə indiki məktəb direktoru, bu hakimiyyətin böyük tərəfdaşı Xəyalə Şərəyeva təyin olunmuşdur. Kim tərəfindən və necə təyin olunduğu hamıya qaranlıq qalsa da, onu deyim ki, bu xanım öz ağaları kimi universiteti Marneulidə bitirmişdir. Yəqin ki, o dövrdəki Marneuli universitetindəki təhsil hamıya bəyandır. Adlarını universitetə yazdırıb evlərində bugünki vəzifə xəyallarına dalanlardandırlar. Mən bildiyimə görə direktor olan şəxsin bundan əlavə magistr təhsili olmalıdır. Haqqında söhbət gedən xanım heç bakalavr təhsilini doğru-düzgün almayıb. Diplomu satın alanlar silkindəndir. Özü də qayda-qanuna riayyət etməkdən dəm vurur. Bu yerdə yaxşı deyiblər: Kimdə nə yoxdur ondan danışır. Bu qadın məktəbdə nizam-intizam komissiyası yaradıb ki, bu komissiyanın qərar verəni də, alanı da - hamısı özüdür. Komissiya üzvləri formal olaraq komissiyanın fiqurlarıdır. Bu yerdə yadıma Əziz Nesinin "Mum xala" hekayəsi yadıma düşür. Bu mum bacı və qardaşların Xəyalə xanım başlarına ip keçirib hər tərəfə çəkir. Xanımın ürəyi necə istəyir, mum bacı-qardaşlarından ip ilə həmin cavabı alır.
Direktorumuz məktəbə yeni təyin olunanda bir uşağı var qüvvəsi ilə əzişdirmişdir. Valideyn şikayətə gəlib üsyan edəndə bu üsyanın yatırılması üçün mum qardaş və bacılarını irəli verərək imdad iştəmişdir. Qələtini boynuna alaraq bir daha bu vəziyyətin təkrar olunmayacağına söz vermişdir. Mum dostlarının təşəbbüs və tədbirlərinin işə yaramadığını gördükdə kəndin ağsaqqal və qarasaqqallarını dəstə-dəstə minnətə yollanışdır. Nəhayət özünə bəraət qazana bilmişdir. Bir sözlə, bu müdirə xanım gördüyünüz kimi çox nizam-intizam qoruyan xanımdır. Nizam-intizama o qədər riayyət edir ki, uşaqlardan sobaları yandırmaq üçün neft pulu da yığır.
Deməli, bizim direktordan sonra növbəti repressiya qurbanı məktəbin mühasibi Məmmədxəlilova Şahsənəm xanım oldu ki, bu xanım da müxalif mövqeyinə görə işindən xaric olundu.
İnsanların çoxu bağırır, çırpınır, ağlayır. Amma onların səsini eşidən olmur. Çünki belələrinin ölü ya diri olmalarının fərqi yoxdur. Əhali siyahısında, seçkilərə rəy sorğusunda onları insan saymazlar. İqtidar partiyasından olmayanı insan belə hesab etmirlər. Əks halda Xəyalə xanım müəllimə "Səninlə işləmək istəmirəm" deyə israr etməzdi. Beləliklə, üçüncü repressiya qurbanı hekayəsinə başladığım şəxs Muxayev Binnət oldu. Görün dünyanın harasıdır. Valideyn müsahibə verir. Direktoru onun adından istifadə etməkdə günahlandırır. Bu xanım yenə olur süddən çıxmış ağ qaşıq - günahkar müəllim! Kənd camaatı müəllimin çıxarılmağına etiraz edir. Bu müdir yuxarıdakı dostlarına arxalanaraq yenə bu etiraza məhəl qoymur. Guya o, müəllimin uşağı vurduğunu gözü ilə görüb. Sizdə də belə bir sual yaranmırmı ki, direktorun yanında müəllim necə olub uşağa əl qaldırıb. Yəqin bunun ağ yalan olduğunu başa düşməmək özünü dəliliyə vurmaq kimi bir şeydir. Bu xanım indi məktəbi edib bazar. Orda necə mala istəsəniz rast gələrsiniz. Ali təhsilli, orta təhsilli, universiteti bitirməmiş, universitetdən qovulmuş diplomsuz müəllimlər məktəbimizin tərəqqisində müstəsna rol oynayanlardandırlar. Bizim bu "Danabaş kəndinin məktəbi" sürətlə inkişaf edir. Savadlı, elmli insanlar məktəbdən uzaqlaşdırılır, "Danabaş kəndinin məktəb müdürü" danabaşlardan sağlam gələcək üçün möhkəm bir ordu yaradıb!

Elida Muxayeva

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: