Sabit Qasım oğlu Abbasəliyev (1932-1982)

Sabit Qasım oğlu Abbasəliyev (1932-1982) Azərbaycanın görkəmli dövlət və ictimai-siyasi xadimlərini tanıyaq və tanıdaq!..

Sabit Qasım oğlu Abbasəliyev
- 12 may 1932-ci ildə
qədim Borçalı mahalında - indiki Gürcüstanın
Marneuli rayonundakı Quşçu kəndində anadan olmuşdur.
1958-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra institutun komsomol komitəsinin katibi vəzifəsində çalışmış, 1960-cı ildə isə Bakı Şəhər Komsomol Komitəsinin 2-ci katibi seçilmişdir.
Özü üçün aktiv həyat tərzi seçən Sabit Abbasəliyev komsomol, partiya işçisi, daha sonra görkəmli dövlət xadimi kimi şərəfli həyat yolu keçmişdir.

1962-1964-cü illərdə Sabit Abbasəliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləmiş, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyasının XXII qurultayı adına Bakı Neftqayırma Zavodunun partiya komitəsinin katibi seçilmişdir. Artıq 1965-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində neft və kimya sənayesi şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmişdir.

1971-ci ildən Azərbaycan Kommunist Partiyası Sumqayıt şəhər komitəsinin 1-ci katibi seçilən Sabit Abbasəliyev Azərbaycanın iri iqtisadi mərkəzi olan Sumqayıt şəhərinin zəhmətkeşlərinin səylərini şəhərin iqtisadi və mədəni səviyyəsinin qaldırılmasına səfərbər edə bilmişdir.

Onun dövlət statistikasına nəzəri və praktiki inkişafına verdiyi tövhəsi 1974-1979-cu illərdə Azərbaycan SSR Mərkəzi Statistika Komitəsinin sədri işlədiyi dövrə təsadüf etmişdir.

Sabit Abbasəliyevin dövlət xadimi kimi istedadı və təşkilatçılıq bacarığı Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri vəzifəsində çalışdıqı dövrlərdə özünü daha da qabarıq göstərmiş, Dövlət Plan Komitəsinin mütəxəssislərinin işini respublikada həlli vacib xalq təsərrüfatı problemlərinin həllinə yönəldə bilmişdir.

Sabit Abbasəliyevin hansı sahədə çalışdığına baxmayaraq o həmişə prinsipial mövqe və inadkarlıq göstərərək ona tapşırılmış sahədə işlərin öhdəsindən layiqincə gəlmişdir. O özünün tükənməz iş qabiliyyəti və tabeçiliyində olanlara qarşı yüksək tələbkarlığı ilə, rəhbərlik etdiyi kollektivi iş metodlarının daima təkmilləşdirilməsinə, tərəfdaş təşkilatlarla işgüzar əlaqələrin və sıx iş birliyinin qurulmasına istiqamətləndirə bilirdi. Bütün bunlar onun rəhbərlik etdiyi kollektivin mükəmməl səviyyəyə çatdırılmasına şərait yaradırdı. Sabit Abbasəliyevə xas olan əsas xüsusiyyətlərindən biri onun yeniliyi hiss etməsi, yeni və proqresiv ideyaların tətbiqinə tükənməz inadkarlıqla çalışması, irimiqyaslı məsələlərin dəqiq və aydın qoyulması, onların vaxtında və keyfiyyətli həll edilməsinə nail olmasını qeyd etmək olar.

Azərbaycan SSR Ali Sovetinin deputatı Sabit Abbasəliyev böyük insanpərvər, obyektiv və ədalətli olması ilə seçilərək, eyni zamanda ciddilik, tələbkarlıq, insanların müsbət keyfiyyətlərini qiymətləndirmə bacarığı kimi xüsusiyyətlər onun xasiyyətinin vəhdətini təşkil edirdi.

Azərbaycanın görkəmli dövlət və ictimai-siyasi xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Dövlət Plan Komitəsinin sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, tükənməz həyat enerjisi təşəbbüskarlıqı və təşkilatçılığı ilə seçilən, istedadlı insan 1982-ci ildə ömrünün 50 yaşında dünyasını dəyişmiş və Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Allah rəhmət eləsin...


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: