… Açıq pəncərə… O tayda görünən bir mənzərə… Həyat mənzərəsi… Uzaqlardan ilan kimi qıvrılaraq uzanan polad relslər… Və bu relslərlə heç nəyə baxmadan - hətta gecəyə, gündüzə də - şütüyən sadə bir qatar… Haradan gəlir bu qatar və yolu harayadır? Bu suala onun səsi və nəfəsi - polad relslərlə yorulmadan "öcəşən" təkərlərin deyingən taqqıltısı və bu taqqıltını səbrlə həzm edən motorun buraxdığı tüstüsü qədər bilən və anlayan ikinci bir şahid olmaz yəqin. Bu nəfəsin fonundakı həyatı həmin o relslərlə deyişən təkərlər nəql edirdi.
… 1937-ci ilin sərin bir mart səhərində dünyaya göz açdı qədim Borçalı mahalının Bolulus (indiki Bolnisi) rayonundakı Darbaz kəndində. Mahalda sayılıb-seçilən ziyalı olan Namaz Çobanlının ailəsinə yeni nəfəs gətirmiş bu uşağa, "Ya Mədəd" deyib, adını Mədəd qoydular. “Ad bizdən, həyat yaradandan”, - deyib babalarımız. Əsas odur ki, yerdə qoyulan adın səsi, sədası göylərə çata bilsin. Bu hələ sonranın işi idi. Hələlik isə valideynləri onu göydən yerə endirmişdilər. Lakin bu yaranmışın bir xoşbəxt yazısı o idi ki, həmin bu valideynlər onu həm də bir müəllim olaraq yerdən göyə qaldıracaq idilər. Bu da qatarın irəlidəki yollarında baş verəcək olaylarında anlaşılacaqdır. Hələlik isə öz çəhrayı dünyasının çalarlarını çözələməkdəydi bu Mədədindən xeyir-dua alan kiçik Mədəd. İllər keçdikcə ona yaxın olan mühit daxilində bu rənglər dəyişir və öz həqiqi həyati çalarlarına düşürdü. Uşaqlıq illəri və xəyallar. Bunlar bir-birinin içində doğulub şirin-şirin var olan məfhumlardır. Və sözsüz ki, bir-birindən həm də rişə alan, bir-birilə nəfəs alan əvəzi, təkrarı, oxşarı olmayan dünya içində bir dünyadır. Heç şübhəsiz ki, bu həm də fərdin real həyatından mayalanan bir dünyasıdır. Kimimiz uşaq dünyamızda quş kimi qanadlı olub səmada süzmək, kimimiz kosmonavt olub başqa planetləri gəzmək, kimimiz isə sanki daha real olan yaxınlıqdakı təki görünən üfüqə qaçıb-qaçıb əlimizi ona toxundurmaq, oradakı buludları bir-birinin ardınca düzmək istəmişik açıq-aydın, adi bir iş kimi. Bu kiçik Mədədin isə uşaqlıq illərindəki süzmək arzusu da, gəzmək istəyi də, düzmək səyi də elə elmin səması, onun dərinliyi, sirli-sehrli görüntüləri, hələ o zaman anlamadığı döngələri ilə bağlı olub. İrsiyyətdənmi, tərbiyədənmi, Tanrıdanmı gələn bir diqtə ilə onun xəyal dünyasının yalnız bir qapısı, bir adı, bir rəngi olub - oxumaq, elmin dərinliklərinə vararaq açılmamış səhifələri açmaq, aşılmamış aşırımları aşmaq, elmin üfüqlərinə doğrudan-doğruya əlini çatdırmaq. Elə onun ilk arzusu da gerçək xəyalı, xəyalı da təbii arzusu olub.
… İnsan dünyaya odla-alovla, ağlaya-ağlaya, yumruqlarını bərk-bərk sıxaraq böyük bir iddiayla daxil olur. Sanki, dünya məndə olmalıdır, onu mən qurmalıyam, onu mən yaşatmalıyam ayaqlarım altda, deyərək. Yəqin elə bu fitrətdən gələn yəqinlikdəndir ki, hər bir iddiasına sığmayan normal, sağlam uşaq təbii olaraq dünyanın məhz onun iradəsininmi, əqlininmi, fiziki gücününmü sayəsində qurulacağını düşünür. Bizimsə bu hələlik özü kiçik, sözü də içində kiçik və kiçik olduğu qədər də qəti, möhkəm, dəqiq və demək ki, bir ömrə bəs eləyəcək qədər təpərli, tutarlı, yaşarı, aydın olan qəhrəmanımızın yalnız bir quracağı dünyası var, o da ELM dünyası - yəni ƏBƏDİ DÜNYA. O, müvəqqəti, fani dünyanı özündə deyil, özünü bu elmi, yəni əbədi dünyada hiss edir, əvvəlcə o dünyadan işıq umaraq, ona işığını qaytara biləcək anlaradək. O, dünyanı ayaqları altda deyil, başı üzərində bilir, duyur, özü ilə addımladır, yaşadır. Bu da bir alın yazısımı, yoxsa, insanın sübh çağının sərinliyini, günəş işığının məlhəmliyini duyduğu, hiss etdiyi bir vaxtdan ətraf mühitinin tərbiyəsinin diqtəsimi? Amma hər nə cür olsa da bu, xoş taledən, hələ qarşıda yaşanacaq həyatın uğurlu qədəmlərindən soraq verən bir başlanğıc idi. Uğursuzluğu, büdrəməyi yadına düşmür. Həyatı boyu şax, şux, iti, qəti yeriyib. Bu da əlbəttə həm ona yeriməyi öyrədənin səriştəsində, həm də onun öyrənmək qabiliyyətindən asılı olub. Bütün hallarda o, dizini bükülməz, əqlini yorulmaz edən ilk tərbiyəçisi, ilk yoldaşı, ilk müəllimi, ilk məsləkdaşı olan atası Namaz kişiyə, qardaşı Nəbi müəllimə sonsuz minnətdar və borcludur.
Arzu - insan şüurunun və qəlbinin ətrafdan aldığı, qazandığı dünyaya ən məhrəm reaksiyasıdır. Bu reaksiya zəncirvari olaraq zaman-zaman insanın iç dünyasında rezonans yaradan, vulkan kimi gah qabarıb, gah çəkilən, həyati xüsusiyyət daşıyan gözəl bir duyğudur. Başqa sözlə, həyatın içində elə həyatın özüdür. Arzularmı insan xasiyyətini formalaşdırır, yoxsa, xasiyyət arzuları yaradır, onlara qol-qanad verir. Bu da yəqin ki, onların ayrılıqdakı daxili gücündən və bir-birində yaratdığı impulslardan asılıdır. İç dünyamızla və ətrafla apardığımız müşahidəçi duyumumuzla bunların hər ikisinin bir-birinə stimul verdiyini anlayırıq. Özünü, ətrafını dərk etdiyi ilk gündən dəqiqlik, aydınlıq, sadəlik kimi anlamları dərk edən bu günümüzün alimi elə dərk etdiyi gündən də bunları həyatının taktına - vurğularına çevirib. Arzusu elmin üfüqünə toxunmaq, xasiyyəti isə hər işi dəqiq, aydın həyata keçirmək olan bu insanın məhz deyilən nöqtədə əməli ilə amalının üst-üstə düşməsi onun artıq bütün uğurlarının bazisi, özülü idi. Bunu o zamanlar yəqin ki, heç düşünmürdü də Mədəd müəllim. Ancaq çox-çox illər sonra artıq müəyyən nəticə hasil olmuş zaman anında Tanrının əzəl gündən diqqəti üstündə olan bir bəndə kimi doğulduğu qənaətinə gəldi.
- Daima qüsursuz yaşamağa çalışmışam. Heç kəsin haqqını tapdamamışam. Və heç kəsə də yaltaqlanmamışam. Buna görə də bir şeyi başqasına qurban vermək, bir işi digərinin güdazına vermək məcburiyyətində qalmamışam.
Qəhrəmanım daxilən müdrik, müşahidəçi bir insan olduğundan ətrafa, cəmiyyətə xüsusi həssaslıq və diqqətlə yanaşır. O özü bu barədə belə deyir:
- Müşahidəçi insanam. Ətrafda yalnız ədalət hissini yüksəkdə tutan, əxlaqi-etik keyfiyyətlərə malik insanları görmək istərdim. Çünki bu mübarizələrlə dolu həyatımızın idarə olunması məhz ədalət və qayğıkeşliklə həyata keçirilməlidir. Ədalətlə və qayğıkeşliyin cəmiyyətdəki mövqeyi az da olsa pozularsa xaos, özbaşınalıq əmələ gələr. Mənim isə həyatda görmək istəmədiyim hal məhz budur.
Bu xüsusiyyətinə görə ona badalaq vuran, yolunda qaratikan kolu kimi bitənlər də olub.
- Bir hadisə mənim yaddaşımda xüsusilə dərin iz buraxıb. Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda qiyabi təhsil alırdım. Namizədlik dissertasiyamı bitirib müdafiə etmək üçün institutun müdiriyyətinə təqdim etdim. Bu arada bədhahlardan biri İnstitutun direktoru akademik M.Şirəliyevə mənim barəmdə qeyri-obyektiv söhbət edib. O da mənim müdafiə işimə mane olmağa başladı. Nəhayət mən Moskvaya getdim. SSRİ EA Dilçilik İnstitutunda namizədlik işimlə bağlı minimum imtahanımı verdim. Sonra SSRİ-nin Ali Təhsil Nazirliyində fəaliyyət göstərən Ali Attestasiya Komissiyasına müraciət etdim ki, akademik Şirəliyevlə mənim aramda şəxsi-qərəzlik olduğuna görə mənim dissertasiyamı Azərbaycandan kənarda müdafiə etməyimə kömək etsinlər. Ali Attestasiya Komissiyası müdafiəm üçün məni Özbəkistan EA-nın Dil və Ədəbiyyat İnstitutuna göndərdi.
Mən 12.XII.1973-cü ildə dissertasiyamı müvəffəqiyyətlə müdafiə etdim. Bunu bilən M.Şirəliyev Moskvaya Ali Attestasiya Komissiyasına qeyri-obyektiv, böhtanla dolu məktub göndərdi. Aradan 3-4 ay keçdikdən sonra məni Ali Attestasiya Komissiyasının Ekspert Şurasına dəvət etdilər. Moskvaya getdim və Ali Attestasiya Komissiyasının Ekspert Şurasında Şirəliyevin məktubda yazdığı bütün iradlarını təkzibedilməz faktlarla rədd etdim. Həmin gün Ekspert Şurasının qərarı ilə mənim filologiya elmləri namizədi alimlik dərəcəm təsdiq edildi. Akademik M. Şirəliyev isə qeyri-obyektiv, böhtanlı məktubuna görə bu komissiyanın üzvlüyündən azad edildi. Bunu da mənim ən böyük uğurum hesab etmək olar.
Onun başlıca uğurunun səbəbi həm də böyük məsləhətinə qulaq asıb, böyük yoluna hörmət etməsi olub.
- 1962-ci ildə ali məktəbin tarix-filologiya fakültəsini bitirib öz doğma kəndimizə müəllim göndərildim. O vaxtlar Gürcüstanda tədris ili avqustun 20-də başlayırdı. Avqustun 19-u idi. Şam yeməyindən sonra anam süfrəni yığışdırdı. Bu anda atam dedi: - Sabah məktəb başlayır. Mənim iki məsləhətimə qulaq as. Birinci, məktəbin gündəlik rejiminə, əmək intizamına riayət et. İkinci, demə ki, ali məktəb bitirmişəm. Ali məktəbdə aldığın biliyə arxayın olma. Hər gün proqram hazırla. Gündəliyin olsun və dərs dediyin siniflərin kitablarında olan məlumatları gözdən keçirt. Çünki, müəllimi nüfuzdan salan da, nüfuzunu artıran da onun məsuliyyəti, əmək intizamı və biliyi, dərs demək bacarığıdır.
- Mədəd müəllim, tələbə Mədəd Çobanlı alim Mədəd müəllimlə həyatda qarşılaşıb ona imtahan verməli olsa, sizcə müəllimi tələbəsini hansı qiymətlə qiymətləndirər?
- Oxuyub, yazmağı bacardığım ilk gündən indiyə qədər bir günüm də elmsiz keçməyib. Artıq mən özümə təvazökarcasına tənqidi yanaşmalı olduğum vaxtda deyiləm. Əlbəttə ki, özüm kimi tələbəni yalnız və yalnız əla qiymətləndirərdim. Çünki mən ən azından öz ixtisasımla yanaşı etikanı, psixologiyanı, metodikanı, hüququ yüksək səviyyədə bilirəm. Hal-hazırda respublikamızda təhsilin səviyyəsindən də, ona verilən diqqətdən də razıyam. O ki qaldı, təhsildə rastlaşdığımız bəzi neqativ hallara, burada valideynlərin günahı daha böyükdür. Ancaq bizim məmləkətdə görünür ki, valideyn rüşvət verir ki, ay müəllim, mənim uşağıma yüksək qiymət yaz - yəni müftə, zəhmətsiz. Bunula da belə validyenlər özləri öz uşaqlarını kor edirlər. Oxuyan şagirddən, tələbədən isə heç vaxt heç kəs rüşvət ala bilməz. Ona görə də elm və təhsil hamının - valideynlərin, müəllimlərin, təhsil işçilərinin, Təhsil Nazirliyinin, Azərbaycan dövlətinin və hökumətinin daim diqqət mərkəzində olmalıdır. Çünki, elm və təhsil cəmiyyətin özülünü təşkil edir. Bu özül möhkəm və sabit olmasa, cəmiyyətin gələcək inkişafından söhbət belə gedə bilməz.
- Mədəd müəllim, bəs daxili borc, məsuliyyət hissi dedikdə siz nəyi başa düşürsünüz? Bu sahədə özünüzə hesabat verirsinizmi?
- Valideynin ən böyük kapitalı övladlarının tərbiyəsidir. Bu isə hər bir cəmiyyətin ilk özülünün və gələcək inkişafını təmin edir. Vətəndaş kimi ölkəmizin ali qanununa və digər qanunvericilik aktlarına, elm və təhsil işçisi kimi isə pedaqoji, psixoloji, etik və əxlaqi, hüquqi məsələlərə obyektiv yanaşmaq, onların həyatda tətbiqinə nail olmaq mənim başlıca prinsipimdir. Alim kimi elmi ictimaiyyət qarşısında, həmkarlarım qarşısında, öz sevib-seçdiyim elmi-pedaqoji fəaliyyətimə insani vicdanla yanaşmaq mənim üçün çox önəmlidir. Məhz buna görə də alim kimi hər şeydən əvvəl elmin bütün sahələrini dərindən öyrənir, müasir elmdəki boşluqları, yəni araşdırılmamış mövzuları seçir, həmin mövzuların tədqiqinə başlayıram. Bu da elm sahəsində mənə çox böyük uğurlar gətirir. Təkrar edirəm, araşdırmalarımın hamısı elmdə öyrənilməmiş sahələrin tədqiqinə həsr olunub.
- Müasir dünyamızda sizi naraht edən əsas amil nədir? Əgər ikinci dəfə dünyaya gəlsəydiniz dünyanı necə qurardınız və onu necə görmək istərdiniz?
- Mən elmə dialektoloq kimi gəlmişəm. Onomologiya sahəsində elmin yüksək zirvəsinə qədəm qoymuşam. Və oradan bütövlükdə türk dünyasına və türkologiyaya boylanıram. Bu da mənə ümumi türkologi məsələləri müəyyənləşdirməyə böyük imkanlar verir Təsadüfi deyil ki, türkologiyada "Türk ədəbi dillərinin birliyinə doğru" problemini də ilk dəfə elmi tədqiqata cəlb etmiş və bu mövzuda hələ 2000-ci ildə Türkiyənin İzmir şəhərində keçirilən Türk Dili Qurumunun 4-cü qurultayının Plenar iclasında geniş məruzə ilə çıxış etmişəm. İndi də bu sahədə fəaliyyətimi davam etdirirəm. O ki, qaldı narahatçılığa tarixi Azərbaycan torpaqlarının parçalanması mənim ən yaralı yerimdir. Ərazisi 500.000 kv km olan torpaqlarımızın parçalanması; ikincisi - müasir dünyada, o cümlədən BMT də, digər beynəlxalq təşkilatlar da və dünyanın aparıcı böyük dövlətləri - ABŞ, Fransa, Rusiya, Çin, Böyük Britaniya olan BMT Təhlükəsizlik Şurasının üzvləri də - xarici siyasət sayəsində dövlətimizə ədalətsiz baxır və bizə, həmçinin özlərindən kənarda qalan xalqların, dövlətlərin siyasətinə ikili standart prizmasından yanaşırlar. Bunun nəticəsidir ki, son 20 ildə demokratiyadan dəm vuran ölkələr işğalçı dövlət olan Ermənistanla, işğala məruz qalan Azərbaycan dövlətinə eyni bərabərlik prizmasından baxırlar. Eləcə də Dağlıq Qarabağ münaqişəsini həll etmək niyyətində deyillər. Bu da məni narahat edən əsas məsələdir.
- Əgər sizə bir tribuna verilsə və bütün bəşəriyyətə - yaşından, irqindən, ictimai mənsubiyyətindən, cinsindən asılı olmayaraq - söz demək imkanınız olsa bu zaman konkret, qısa olaraq nəyi demək arzusunda olardınız?
- Qoy ədalət zəfər çalsın! Dünya xalqları sülh, əmin-amanlıq, mehriban qonşuluq və səmimi dostluq şəraitində yaşasınlar. Dünya xalqlarına müraciət edərdim ki, ey insanlar, öz ölkənizin dövlət və hökumət başçılarını bütün dünya xalqlarına münasibətdə ədalətli və qayğıkeş olmağa çağırın.
… Bəli, ədalətlilik və qayğıkeşlik. Budur istefada olan kapitan, zabit Mədəd Çobanlının həyat kredosu. Budur, Azərbaycan Respublikası Prezidenti yanında AAK-nin Ekspert Şurasının üzvü, Nyu-York Elmlər Akademiyasının akademiki, "GUAM" Diplomçusu, Türk Dili Qurumunun üzvü, AAHDM-nin "Dillər" kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Mədəd Çobanlının həyat amalı. Hər yerdə, hər zaman, hər kəsdən tələbi, istəyi. Ona da diqqət edək ki, bu, çox məhrəm, isti, doğma bir prinsipdir. Çünki bu tələb insanın öz əzizlərindən, doğmalarından umduğu bir hiss, təmənnadır ki, bu şöhrəti xarici dövlətlərdə belə yayılan qocaman alimimiz onu öz yurddaşlarından, eyni məkanı bölüşdürdüyü vətəndaşlarından, ümumilikdə bütün tərəqqipərvər bəşəriyyətdən umur, yox, yox, onlardan tələb edir. Ona görə ki, o başqa cür ola bilmir, heç olmaq da istəmir. Çünki o, kökünə, elinə, obasına, ocağına, nəslinə, atasına, onun verdiyi möhkəm, dəqiq, heç vaxt kəsərini itirməyən tərbiyəsinə, aldığı elmə, biliyə, yediyi çörəkdən tutmuş udduğu havayadək… hər bir şeyə sadiq, borclu və minnətdardır.
… Uzaqlardan, vüqarla ucalan dağların arxasından neçə vaxtdır ki, bir qatar şütüyür.
Onun keçdiyi yollara, ətrafa yayılan səsini udmağa hazır olan kollara, koslara, bu qatarın sərnişini olan yaxınlara, dostlara qibtə etməmək olmur.
Bənzərəm bir qocaman dağa ki, dəryada durar...
Çünki, onlar bu qocaman dağ misallı dəryada durmuş təki sakit, mülayim, eyni zamanda yeri və zamanı gəldikdə tələbkar müəllim, alovlu vətənpərvər, yorulmaz tədqiqatçı alim, döyüşkən ruhlu zabitin ən azından müasiri, bu qoca palıdın görünən kəndinin sakinləridir. Görünən kəndə bələdçi lazım olmadığından, biz də bu kəndi, oradan çıxan bu həyat qatarını dünya pəncərəsindən seyr edərək, təkərlərin taqqıltısının sədaları altında bir balaca xəyala daldıq…
Xəyal bizi yenə kəndimizə, orada nə zamandır ki, tikməkdə olduğumuz qalaya qaytarmışdı…
Gülgəz NUR,
15 may 2010-cu il.
"Ədalət" qəzeti,
"Şərqin səsi" qəzeti.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.