Amma nə yaxşı ki, bütün varlığı ilə milli musiqimizə bağlanan, onun yaşaması, nəsildən-nəsilə ötürülməsi üçün əlindən gələni əsirgəməyən sənətkarlarımız var. Bu yazıda onlardan biri haqqında söhbət açmaq istəyirəm.
...Sarı Əhmədov 1934-cü ildə Borçalıda – Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. Uşaqlığı ağrılı-acılı müharibə illərinə təsadüf etdiyindən ali təhsil ala bilməmiş, ancaq əvəzində başqa – daha gözəl bir yol seçmişdir.
Bütün Borçalıda məşhur olan Paşa kişidən qara zurnanın sirlərini öyrənmiş, el şənliklərini yola vermişdir. Bir vaxtlar Borçalıda bircə toyu qara zurnasız təsəvvür etmək mümkün deyildi. Bir kənddə çalınan zurna səsi qonşu kəndlərdə belə eşidilirdi. Amma bu gün Sarı kişini narahat edən odur ki, son vaxtlar bu qədim musiqi alətinə maraq azalıb. Özü də qəribə bir mənzərə yaranıb, şəhərlərdə, şadlıq evlərində qara zurnaya maraq olduğu halda, kənd toylarının bəzəyi olan zurna unudulur. Usta Sarı da ona görə narahat olmur ki, toylarda azdan-çoxdan o da çörək pulu qazanırdı. Ona görə narahat olur ki, qədim milli musiqi alətimizə biganəlik var. Və bu, təkcə usta Sarını yox, hamımızı narahat etməlidir. Hər dəfə sədası gələndə qəlbimizi cuşa gətirən, bizi kökümüzə, soyumuza qaytaran qara zurnanı yaşatmağı hamımız özümüzə borc bilməliyik.
Yeri gəlmişkən, bir şeyi də qeyd edim ki, Sarı Əhmədov Borçalıda, onun hüdudlarından kənarda mahir bir zurnaçı kimi tanınmaqla yanaşı, həm də bənnadır. Hərdən zarafatla deyir ki, mən əvvəlcə evi tikirəm, sonra da o evə gəlin köçürürəm. Doğrudan da bundan böyük nəcib, xeyirxah iş olmaz. Beləcə uzun illər Borçalıda rəhmətlik Alı kişi ilə bərabər el şənlikləri keçirən, oğul evlənlirib, qız köçürən Sarı Əhmədov qara zurnanın taleyindən narahatdır. Ancaq atalar yaxşı deyib, zər qədrini zərgər bilər. Qara zurnanın da, onu yaşadan Sarı kimi sənətkarların da qədrini bilənlər var və məhz onların sayəsində bu qədim musiqi alətimiz yaşayacaq və yenidən toylarımızın yaraşığına çevriləcəklər.
Musa NƏBİOĞLU
“Mərhəmət” qəzeti, mart 2002-ci il.
"Şərqin səsi" qəzeti, 2014
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.