DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ ESMİRA XANIM XƏLİLOVA ZİM.AZ - a bildirib ki, erməni təbliğatına qarşı gənclərin fəallığının daha da artırılmalı olduğunu vurğulayan R.Məmmədov deyib: “Gənclərimiz müasir innovativ texnologiyalardan istifadə etməklə bu mübarizədə öz sözlərini deməlidirlər. Prezident İlham Əliyev də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolunu vurğulayıb və informasiya üstünlüyünün önəmini qeyd edib. İndi konkret addımlar atılmalı, real nəticələr əldə edilməldir”.
Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Natiq Əliyev bildirib ki, bu gün gənclərin həyatının ayrılmaz hissəsinə çevrilən internetdən daha səmərəli istifadə olunarsa, ölkə həqiqətləri barədə informasiyaların daha çox insana çatmasına nail ola bilərik. Bu fəaliyyət mərkəzləşdirilmiş formada təşkil olunmalı, gənclər təşkilatları bir-biriləri ilə əlaqəli işləməli, həmrəylik nümayiş etdirməlidirlər.
Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri, Vaterlo Universitetinin professoru İlham Axundov deyib ki, regionda və dünyada olan siyasi sıçrayışları və informasiya müharibəsini də nəzərə alsaq, gənclər bu istiqamətdə daha aktiv olmalıdırlar. Lobbiçilikdən danışan İ.Axundov bildirib ki, Azərbaycan lobbisi artıq formalaşmağa başlayıb, bu tarix 20 ilə yaxın bir dövrü əhatə edir və bu gün Azərbaycan diasporu əlaqəli fəaliyyət göstərir.
Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının icraçı direktoru Emin Hacıyev çıxış edərək deyib: “Prezident İlham Əliyev qurultayın açılışında üç önəmli məsələyə toxundu. Bunlar diasporun ən zəif nöqtələrini əhatə edir: mediada boşluqlar, qanunvericilik orqanlarında boşluqlar, azərbaycanlı iş adamlarının Azərbaycana sərmayə yatırması. Hər üç istiqamətdə görüləsi işlər çoxdur. Çalışmalıyıq ki, hər kəs bu işdə əlindən gələn köməyi əsirgəməsin”.
Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev müasir dövrdə mediada innovativ texnologiyalardan istifadənin önəmindən danışaraq sosial şəbəkələrdə gənclərin aktiv olmasının zəruriliyini bildirib. Qeyd olunub ki, bu gün dünyada sosial şəbəkələr bir təbliğat vasitəsinə çevrilib. Azərbaycanlı gənclər də bu vasitələrdən istifadə etməklə, ölkəmiz haqqında reallıqların daha geniş arealda yayılmasında fəallıq göstərməlidirlər.
Norveç Azərbaycan Gənclər Assosiasiyasının (NAYO) sədri Ramil Əliyev xarici ölkədə yaşayan həmvətənlərimizin həmin ölkələrin icraedici və qanunverici orqanlarında təmsil olunmalarının zəruriliyini vurğulayıb.
Ukraynada azərbaycanlı gənclərin fəallığından danışan Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva isə xalqlar arasında münasibətlərin bu işdə önəmindən bəhs edib.
Frankfurt Sülh Araşdırmaları İnstitutunun elmi əməkdaşı, siyasi elmlər doktoru Azər Babayev isə deyib ki, diaspor fəaliyyətimizin önəmli aspektlərindən biri Dağlıq Qarabağ haqqında həqiqətlərin dünya ictimaiyyətinə dolğun çatdırılmasından ibarətdir.
Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Məmmədzadə qeyd edib ki, həmvətənlərimizin yaşadıqları ölkənin cəmiyyətinə inteqrasiya olunmalı, hər bir kəs yaşadığı ölkənin dilini, mədəniyyətini daha yaxşı bilməlidir.
Sonra çıxış edən Corc Vaşinqton Universitetinin professoru Türkər Özdoğan qeyd edib ki, xaricdə təhsil alan azərbaycanlı gənclərin sayı daha da artırılsın: “Corc Vaşinqton Universitetində onların sayı nə qədər çox olarsa, bu, ölkənizin uğurudur. Ona görə də azərbaycanlı gəncləri universitetimizdə görməkdən şad olaram”.
“Müasir dövrdə informasiya müharibəsi - müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri” mövzusunda keçən panel iclasda isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov moderatorluq edib. O, Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi nitqin əhəmiyyətini vurğulayıb, bu baxımdan panel iclasın mövzusunun aktuallığını qeyd edib.
AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev virtual məkanda dünya azərbaycanlılarının həmrəyliyini qorumaq, vahid məkandan fəaliyyətini əlaqələndirməyin əhəmiyyətindən danışıb. O, müasir dövrdə informasiya müharibəsində təkcə Azərbaycanın resurslarının yetərli olmadığını, dünya azərbaycanlılarının da bu işə öz töhfəsini verməli olduğunu qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə tədqiqatçı, “Türküstan və Cənubi Qafqaz: daşnaklar Fərqanədən Qarabağadək” kitabının müəllifi Şuxrat Salamov çıxış edərək Azərbaycan və özbək xalqlarının ortaq tarixi və mədəniyyətindən söhbət açıb.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, Türkdilli Diasporların Ukrayna Regional Mərkəzinin icra katibi, hüquq elmləri üzrə fəlsəfə doktoru Hikmət Cavadov informasiya məkanında xarici KİV-lərin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, xarici KİV-lərin böyük əksəriyyətinin biznes strukturu olması nəzərə alınmalıdır. Bu baxımdan müvafiq istiqamətdə fondun təşkili, eləcə də KİV-lərlə bağlı koordinasiya mərkəzinin yaradılması və bu işə peşəkar jurnalistlərin cəlb edilməsi faydalı olar.
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Mahir Həmzəyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən söhbət açıb, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında başqa xalqların da təcrübəsindən bəhrələnməyi təklif edib. Qeyd edib ki, 2006-cı ildə Litvada Qarabağ hadisələrini işıqlandıran litvalı jurnalistlər qrupu yaradılıb. Qrup informasiyanın təqdimatında müxtəlif janrlardan istifadə edir, Avropa düşüncə tərzinə uyğun materiallar hazırlayır. Lakin ümumilikdə hələ görüləsi işlər çoxdur, xüsusilə sosial şəbəkələrdə fəallıq artırılmalıdır.
Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktorunun birinci müavini Samir Məmmədov məruzəsində informasiya platforması yaratmağın zəruriliyini vurğulayıb.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür beynəlxalq təşkilatların nizamnamə və digər sənədlərində xalqların hüququna dair müddəaların real hadisələrə tətbiqində ikili standartların olduğundan söz açıb.
“Xocalıya ədalət” beynəlxalq kampaniyasının İsrail üzrə rəsmi əlaqələndiricisi Arye Qut isə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini qeyd edib və bu əlaqələrin davam etməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Hyuston Mərkəzi, Hyuston Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova xaricdə yaşayan azərbaycanlıların üzərinə ölkəni təmsil etmək baxımından böyük məsuliyyət düşdüyünü söyləyib və rəhbərlik etidyi təşkilatın fəaliyyətindən danışıb.
Avropa Azərbaycanlıları Konqresi İcraiyyə Komitəsinin üzvü, “Vətən” cəmiyyətinin sədri Səfər Sadiqi (Danimarka) türk diasporu ilə birgə fəaliyyət göstərməyin əhəmiyyətindən danışıb, türk diasporu cəmiyyətinin gücündən istifadə etməyin vacibliyini vurğulayıb.
Daha sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb və təkliflər irəli sürülüb.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.