“Qloballaşan dünyada insanların gücü” mövzusuna həsr edilmiş bağlanış mərasimində Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Andorra Parlamentinin vitse-prezidenti Monika Bonell, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin çıxış ediblər.
Vayra Vike-Frayberqa çıxışında təşkilatçılara dərin təşəkkürünü bildirərək tədbir çərçivəsində müzakirə olunan mövzular, aparılan müzakirələr də daxil olmaqla, qarşılıqlı anlaşma şəraitində keçən toplantının əhəmiyyətini vurğulayıb. Monika Bonell isə son illərdə qüvvələr balansında baş verən dəyişikliklərədn, texnoloji inkişafdan söhbət açıb.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov toplantıda aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb və gələcəkdə bu müzakirələrin müsbət nəticə verəcəyinə ümid etdiyini söyləyib. ”Biz öz mövqelərimizi, ideyalarımızı nümayiş etdirməliyik. Toplantıdakı hər bir şəxs baş verən proseslərlə bağlı öz fikirlərini bildiirb. Bunlar olduqca vacibdir”- deyə o bildirib.
Qloballaşma, demokratik institutların rolu, 21-ci əsrdə iqtisadi vəziyyət, texnoloji inqilab və bu kimi məsələlərin müzakirə olunduğu toplantının böyük əhəmiyyətə malik olduğunu söyləyən İsmayıl Seragəldin fikirlərini belə yekunlaşdırıb: “Gələcək müəyyən edilmir, gələcək qurulur. Əgər biz deyiliksə, kim və əgər indi yox isə, nə zaman?”
Beləliklə, iki gün davam edən toplantı işini yekunlaşdırıb.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.