İsveç Azərbaycanlıları Konqresi ölkə rəhbərliyini Ermənistana təzyiq göstərməyə çağırıb

İsveç Azərbaycanlıları Konqresi ölkə rəhbərliyini Ermənistana təzyiq göstərməyə çağırıb İsveç Azərbaycanlıları Konqresi Hitlerin əlaltılarından olmuş, İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyasının hərbi rəhbərləri ilə əməkdaşlıq etmiş “general Njde” kimi tanınan Qaregin Ter-Arutunyana Ermənistan paytaxtında abidə qoyulması ilə bağlı müraciət yayıb.

Diasporla iş üsrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Esmira xanım Xəlilova ZİM.AZ - a bildirib ki, İsveç Parlamentinə və İsveç Xarici İşlər Nazirliyinə ünvalanan müraciətdə deyilir ki, nasist ideologiyasına xidmət etmiş və kütləvi qətllərin törədilməsində məsuliyyət daşıyan Njdenin “qəhrəman” kimi təqdim edilməsinin qarşısı alınmalıdır. İsveç Azərbaycanlıları Konqresi ölkə rəhbərliyini və ictimaiyyəti faşizmin ideallaşdırılması faktına biganə qalmamağa çağırır.

Müraciətdə vurğulanır ki, Ermənistanın «milli qəhrəman» kimi təqdim etdiyi Njde Ukrayna və Polşada on minlərlə dinc insanın qırğınına, yəhudilərə və nasist ideologiyasına «uyğun gəlməyən» digər xalqlara qarşı qanlı cinayətlərə, Hitlerin ölüm düşərgələrində həyata keçirilən kütləvi qətllərə görə tarix qarşısında məsuliyyət daşıyır.

Müraciət müəllifləri Njde haqqında daha geniş məlumat verərək bildirir ki, o, 1948-ci ildə hərbi cinayətkar kimi 25 illik həbs cəzasına məhkum edilib və 1957-ci ildə Vladimir şəhərində ölüb, hətta ölümündən sonra belə bəraət ala bilməyib.

Sənəddə BMT Baş Assambleyasının nasizmi pisləyən 2015-ci il dekabrın 17-də qəbul etdiyi 70/139 saylı Qətnamə xatırladılır və həmin sənədin 4-cü bəndində nasist hərəkatının, neonasizm üzvlərinə heykəl qoyulması, nasist hərəkatı ilə əməkdaşlıq edənlərin milli-azadlıq hərəkatlarının iştirakçısı elan edilməsi cəhdləri ilə bağlı BMT-nin narahatlığı diqqətə çatdırır.

“Bütün bunları qulaqardına vuran və dünya birliyinə meydan oxuyan Ermənistan isə milyonlarla insanı, o cümlədən erməni xalqının nümayəndələrini qətlə yetirmiş, faşist rejiminə sədaqət andı içmiş şəxsləri bütləşdirir. Ümid etmək istərdik ki, Ermənistanın nasist cinayətkarlarına bəraət qazandırmaq cəhdlərinin qarşısı alınacaq və Njdeyə qoyulan heykəl beynəlxalq birliyin, eləcə də İsveç hökumətinin təzyiqləri ilə söküləcək” – müraciətdə belə deyilir.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: