Nəsiman Yaqublu,
Tarix elmləri doktoru
Polşa Respublikasının Müstəqilliyi Günü münasibəti ilə
11.11.2015,
11.11.2015,
Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu və ilk demokratik dövlətimizin banisi M.Ə.Rəsulzadə Azərbaycan-Polşa əlaqələrinin üç başlıca səbəbini göstərirdi: “Azərbaycanın Qafqaz xalqları ailəsinə mənsubluğu, ölkədə yerli türk əhalisinin çoxluğu və nəhayət bu xalqın rus imperializmi tərəfindən əzilməsi”.
M.Ə.Rəsulzadə qeyd edirdi ki, azərbaycanlılar Polşanın ən yaxşı oğullarının Şamilin qəhrəmanlıq mübarizəsi ilə maraqlandıqları dövrü həmişə heyranlıqla xatırlayır. Məlum olduğu kimi həmin dövrdə polyaklar bu ölməz qəhrəmanın azadlıq mübarizəsinə kömək üçün artilleriya istehsalını təşkil etmişdilər. Eyni zamanda Qafqazda knyaz Adam Çartorıskinin Zax və Jordan kimi agentləri də fəaliyyət göstərirdilər. Polkovnik Teofil Lapinskinin 200 nəfərlik dəstəsi üç il Qafqazın azadlığı uğrunda mübarizə aparmışdılar.
Qeyd olunmalıdır ki, Türkiyənin Polşanın bölünməsi faktını tanımaması da bu xalqın Türk xalqlarına daimi rəğbətinə səbəb olmuşdur. Rusiya əsarəti altında əzilən xalqlar arasında Azərbaycanın siyasət xadimləri də Polşanın siyasətçiləri ilə ciddi əlaqələr qurmuşdular. Bu əlaqələr daxilində hələ çar Rusiyasının Dövlət Dumasında bizim nümayəndələrlə Polşa təmsilçilərinin münasibətlərini qeyd etmək mümkündür. Eyni zamanda bu əməkdaşlıq o dövrün məşhur “Federalistlər cəmiyyəti”ndə də davam edirdi. Bu cəmiyyəti isə Birinci Dövlət Dumasının başqa əyalətlərdən olan nümayəndələri yaratmışdılar. Həmin cəmiyyətin rəyasət heyətində Polşanın tanınmış siyasi xadimi A. Lednitski ilə sonradan Azərbaycan Parlamentinin sədri olan Əlimərdan bəy Topçubaşov əyləşirdi.
Hər iki xalqın oxşar tale yaşadığını qeyd edən M. Ə. Rəsulzadə yazırdı: “Gəncə mühasirəsinə rəhbərlik etmiş Sisiyanov şəhəri işğal etdikdən sonra bu şəhərin müdafiəçiləri ilə yanaşı, dinc sakinlərinə də amansızcasına divan tutmuşdu.
Gəncəli Cavad xana göndərdiyi ultimatumda isə rus silahını tərifləyərək qorxudurdu ki, bəs “Polşalılarla müharibədə böyük qələbələr qazanmışam”. Azərbaycan-lıları polyaklarla əlaqələndirən çoxlu sayda faktları sadalamaq mümkündür. Məlumdur ki, tanınmış Azərbaycan mütəfəkkiri Abbasqulu Ağa Bakıxanov XIX əsrdə səyahətə çıxarkən Varşavada da olmuşdu. Bu ölkə və şəhər haqqında, oradakı insanlar ilə bağlı xoş təəssüratını bildirmişdi. Məşhur polyak şərqşünası Vladislav Kostyuşki isə 1858-ci ildə çap edilmiş yazılarında məşhur alim və şair Mirzə Kazım bəy haqqında maraqlı məlumatlar vermişdir. O, göstərmişdir ki, Mirzə Kazım bəy 18 il Polşada yaşamış və polyak dilini əsaslı şəkildə öyrənmişdir. Eyni zamanda o, Varşavaya gözəl şerlər həsr etmişdir. Mirzə Kazım bəyin poetik nümunələri içərisində polyak dilində dini mövzuda yazdığı bir neçə şer də vardır.
Əslində çar Rusiyasının amansız rejimi şəraitində yaşayan polyaklar azərbaycanlılara qarşı imkan olanda xeyirxahlıq göstərirdilər. Milli mətbuatımızın ilk nümunəsi olan “Əkinçi” qəzetinin nəşrinə milliyyətcə polyak əsilli Bakı qubernatoru Staroselski xeyirxahlıqla yanaşmışdı.
Artıq XX əsrin əvvəllərində Bakıda şəhərin müsəlman dairələri ilə sıx əlaqələri olan Polşa təşkilatları mövcud idi. Həmin vaxt azərbaycanlı tacirlər də Polşaya tez-tez gedirdilər. Bakı Varşava ilə sıx iqtisadi əlaqə saxlayırdı. O dövrdə bəzi azərbaycanlı tələbələr Varşava Politexnik İnstitutunda təhsil alırdılar. Onlar danışırdılar ki, polyaklar çar Rusiyasına nifrət edirlər və azərbaycanlılara nümunə göstərərək nümayişkaranə şəkildə rusca danışmaq istəmirdilər.
Bakı neft sənayesi rayonunda polyak kapitalistlər də çıxış edirdilər ki, onların arasında Rılski qardaşlarını göstərmək olar. Əsədullayev qardaşlarının neft şirkəti Polşaya neft daşıyırdı və orada çoxlu ambarları vardı. Polşa ilə olan əlaqələr iqtisadi məzmunda deyil, həm də mədəni sahədə inkişaf edirdi. Xüsusən gənc nəsil hələ XX əsrdən başlayaraq Polşa ədəbiyyatı ilə maraqlanmağa başlamışdı. Adam Mitskeviçin və Senkeviçin adları milli mətbuatımızın oxucuları üçün artıq yad deyildi.
Əslən polyak olan vəkil Vonsoviç isə 1918-ci ildə formalaşan ilk Azərbaycan Parlamentinin üzvü idi. AXC dövründəki (1918-1920) mövcud qaydalara görə milli azlıqların nümayəndələri yalnız bir mandata sahib olurdular. Polyak Vonsoviç parlament iclaslarındakı çıxışlarında həmişə Azərbaycan dövlətçiliyinin və milli partiya olan Müsavatın mövqeyini müdafiə edirdi.
Azərbaycanda yeni, demokratik dövlətin qurulmasında da polşalı ziyalılar yaxından iştirak edirdilər. Mühəndislər, hüquqşünaslar bu sahədə böyük fəallıq göstərirdilər. Azərbaycan ordusunun formalaşmasında isə polyak zabitlərin böyük rolu vardı. Sonradan bolşeviklər tərəfindən güllələnən polyak, tatar əsilli general Sulkeviç Azərbaycan ordusunun qərargahına başçılıq edirdi.
Qeyd olunmalıdır ki, Azərbaycanda 1918-1920-ci illərdə ilk demokratik dövlət qurulmasında və möhkəmlənməsində Polşa tatarlarının da mühüm rolu olmuşdu. Onların arasında 1919-cu ilin martında bolşevik işğalına qədər Azərbaycan ordusunun ilk Ümumi Qərargah rəisi vəzifəsində işləmiş general-leytenant Masey Sulkeviç (1865-1920), Nazirlər Şurası dəftərxanasının rəisi, publisist və tarixçi Leon Kriçinski (1887-1939), onun qardaşı Ədliyyə Nazirinin müavini Olgerd Kriçinski (1885-1939) və başqalarının fəaliyyəti diqqəti cəlb edirdi. Ümumilikdə isə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi və dövlət strukturlarında 20 nəfərə qədər Polşa tatarı çalışırdı. M. Ə. Rəsulzadə polyak dilində nəşr edilmiş “Azərbaycan Müstəqillik uğrunda mübarizədə” kitabında isə əslən polyak olanların adı sadalayır: “Azərbaycanın müəssisələrində mən yalnız tatar polyaklarını deyil, eyni zamanda əsl polyakları da görmüşdüm. Biz əlbəttə ki, texniki səbəblərə görə burada həmin adamların böyük bir siyahısını vermək fikrində deyilik. Lakin Azərbaycanın dövlət həyatında iştirak etmiş bəzi polyakların adlarını çəkmək istəyirəm: Çeslav Qutovski – təhqiqat hakimi, Çeslav Klossovski – prokuror köməkçisi, Kazimej Jepski – prokuror köməkçisi, Komarovski – prokuror köməkçisi, Ziqmund Belinski – notarius, Zaxobiç – hakim, Paçeviç – hakim, Kiselevski – Ədliyyə Nazirliyinin kanselyariya direktoru və s.
Göründüyü kimi, polyaklar hüquq sahəsindəki işlərdə üstünlük təşkil edirdilər.
Lakin onlardan bəziləri dövlət müəssisələrində də müxtəlif vəzifələr tuturdular”.
Azərbaycanın müxtəlif bölgələrində bolşeviklərə qarşı aparılan mübarizədə polyaklar əsl fədakarlıq göstərmişdilər. Polyak zabitlərdən Zuqeniuş Dunin-Martsinkeviç, kapitan Yeji Klossovski, kapitan Çarnetski, kapitan Pavlovski, kapitan Tomişin və başqaları Gəncədə silahlı müqavimətin təşkilində xüsusi olaraq fərqlənmişdilər. Qeyd edək ki, Azərbaycanın beynəlxalq dövlətlərə tanıdılmasında da polyakların ölkəmizə həmişə dəstəyi olmuşdu. Azərbaycan nümayəndələri Versal konfransında Polşa nümayəndələri ilə sıx əlaqələr qururdular. Onlar Parisdə Paderevski və digər nümayəndələrlə tez-tez görüşürdülər.
Məlumdur ki, Azərbaycanı tanıyan 23 dövlətdən biri də məhz Polşa idi. O dövrdə başda Filippoviç olmaqla (sonradan Polşa Respublikasının Amerikada səfiri) xüsusi bir nümayəndə heyəti Bakıya gəlmişdi.
1920-ci ildə bolşeviklər Azərbaycanı işğal etdikdən sonra ilkin olaraq Gəncə şəhərində böyük üsyan oldu. Bolşeviklərə qarşı aparılan qanlı döyüşlərdə minlərlə yerli əhali və əsgər-zabitlərimizlə yanaşı artilleriya zabiti polyak Stankeviç də şəhid oldu.
Qeyd edək ki, Azərbaycan-Polşa əlaqələri tarixi haqqında ilk mənbələr XV əsrlə bağlıdır. Məhz həmin dövrdən hər iki xalq arasında siyasi münasibətlərə aid yazışmaların əsası qoyulmuşdur.
XVIII əsrdə isə T. Krusinskinin, M. Veçerkovskinin və 1796-cı ildə Qafqaza səyahət etmiş V. Bronevskinin əsərlərində Azərbaycanla bağlı məlumatlar çap edilir. XIX əsrdən isə hər iki xalq arasında əlaqələrin yeni inkişaf dövrü başlayır. Eyni taleyi yaşayan hər iki xalq (hər ikisinin həmin dövrdə Rusiya tərəfindən işğal edilməsi) ədəbi əlaqələr qurulmasında fəallıq göstərirlər. Tanınmış Polşa şairi A. Mitskeviçin Şərq mövzusuna maraq göstərməsində isə tanınmış azərbaycanlı, şərqşünas alim Mirzə Cəfər Topçubaşovun tələbəsi A. Xodzkonun xidmətləri az olmamışdır. Sonradan M. C. Topçubaşov Mitskeviçin şerlərini fars dilinə də tərcümə etmişdir. Qafqaza sürgün edilmiş polyak şairi Tadeuş Lada Zablotskinin də (1813-1847) yazılarında Azərbaycanla bağlı tədqiq ediləsi faktlar çoxdur. Tanınmış yazıçı Vladislav Stşelnitskinin (1820-1846) “Qafqaz oçerkləri”ndə və “Mahmudbəy” povestində cərəyan edən hadisələrin də başlıca məkanı gözəl Azərbaycan torpaqları olan Lənkəran, Bakı, Şamaxı və Qarabağdır.
İstedadlı Polşa yazıçısı Y. Struşinski də Azərbaycanda olmuş, bu dili öyrənmiş və sonradan özünün “Gülşad” povestini yazıb, 1872-ci ildə nəşr etdirmişdir.
Qeyd edək ki, hələ XIX əsrdən başlayaraq Azərbaycanın tanınmış elm və ədəbiyyat xadimləri də Polşaya səfər edir, burada ciddi əlaqələr qururdular. XIX əsrin birinci yarısında Azərbaycanın tanınmış alim və yazıçısı Abbasqulu Ağa Qüdsi Bakıxanov bu sahədə ilk addımı atanlar oldu. Onun Varşavada olması, tanınmış Polşa şairi T. Zabloçski ilə yaradıcılıq əlaqəsi qurması haqqında dəyərli faktlar mövcuddur.
Azərbaycan-Polşa əlaqələrinin formalaşmasında tanınmış Azərbaycan yazıçısı İsmayıl bəy Qutqaşınlının da böyük xidmətləri olmuşdur. Onun Varşavada fransız dilində nəşr edilən “Şərq povestləri” kitabı hər iki xalq arasında əlaqələr tarixinin öyrənilməsində ciddi mənbədir. Böyük mütəfəkkir, dramaturq Mirzə Fətəli Axundovun da Azərbaycan-Polşa əlaqələrinin inkişafında xidmətləri vardır. Belə ki, 1876-cı ildə tanınmış polyak skripkaçı-virtouz M. Antoni de Kontski Tiflisə gəlir. Onunla tanışlıqdan sonra M. F. Axundov skripkaçının olduqca savadlı, geniş dünyagörüşlü və yüksək polemika mədəniyyətinə malik qızına “Vanda” şerini həsr edir. Və böyük yazıçı azərbaycanlı qızları da belə savadlı, açıqfikirli görmək arzusunda idi. Qeyd edək ki, tanınmış şərqşünas alimlərdən Mirzə Kazım bəyin, Mir Cəfər Topçubaşovun, Məhəmməd Sadıq Ağabəyzadənin də Polşa şərqşünaslığının inkişafında əvəzsiz xidmətləri vardır.
Əslən Göyçaydan olan Məhəmməd Sadıq bəy Ağabəyzadə 17 ilə qədər (1927-1943) əsası 1661-ci ildə qoyulmuş Lvov Universitetində çalışmış, istedadlı şərqşünaslar nəsli yetirmişdir.
XX əsrin əvvəllərində isə Azərbaycanda mindən çox polyak yaşayırdı. Bakıda yaşayan polyakların “Faris” adlı 200 tirajdan ibarət elmi-ədəbi aylıq qəzeti nəşr edilirdi. Qəzetin redaktoru Voyniloviç idi. Qəzetin ilk sayı 1907-ci ilin yanvar ayının 22-də çap edilmişdi. 1908-ci ildə isə qəzet nəşrini dayandırdı. Bakıda çap olunan “Kaspi” qəzetində isə Adam Mitskeviç və H. Senkeviçlə bağlı yazılar və onların əsərləri nəşr edilirdi. Yenə həmin dövrdə Polşa yazıçısı A. Asnıkanın “Polşa ürəyi” əsəri tamaşaya qoyulur. “Kaspi” qəzetində isə sonradan da mütəmadi olaraq Polşa ilə bağlı yazılar, məlumatlar dərc edilirdi.
XX əsrin əvvəllərində Azərbaycanda nəşr edilən aşağıdakı qəzet və jurnallarda Polşanın mədəni-siyasi həyatı ilə bağlı yazılar çap edilirdi: “Molla Nəsrəddin”, “Təzə həyat”, “Sədayi-Qafqaz”, “Açıq söz”, “Sovqat”.
M. Ə. Rəsulzadənin redaktoru və naşiri olduğu “Açıq söz” qəzeti də Azərbaycan-Polşa əlaqələri ilə bağlı məlumatlara geniş yer ayırırdı. 1916-cı ildə “Açıq söz”də tanınmış Polşa yazıçısı Henrix Senkeviçin ölümü haqqında nekroloq çap edilmişdi.
XX əsrin əvvəllərində Polşanın tanınmış neft sənayeçisi S. İ. Rılski Bakıda “Polşa Komitəsi”ni yaratmışdı və bu komitə Polşa qaçqınlarına kömək edirdi.
Eyni zamanda Bakıda ayrıca “Polşa evi” də fəaliyyət göstərirdi. “Polşa evi” tez-tez mədəni tədbirlər keçirir, maraqlı tamaşalar səhnəyə qoyurdu.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.