Yer Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Yer Elmləri Bölməsinin növbəti büro iclası keçirilib Yer Elmləri Bölməsinin növbəti büro iclası keçirilib Yer Elmləri Bölməsinin növbəti büro iclası keçirilib Yer Elmləri Bölməsinin növbəti büro iclası keçirilib 2016-cı il dekabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasında Yer Elmləri Bölməsinin (YEB) növbəti büro iclası keçirilib.

İclası açan bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

AMEA İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.az-a bildiriblər ki, tədbirdə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun rəhbəri olduğu qurumun 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətini əks etdirən hesabatı dinlənilib. Akademik bildirib ki, institutun əməkdaşları cari ildə öz elmi-tədqiqat işlərini iqlim dəyişmələrinin Azərbaycan təbiətinə və təsərrüfat komplekslərinə gözlənilən təsirin qiymətləndirilməsinə, regionların iqtisadi-coğrafi problemlərinə, Xəzər dənizinin Azərbaycan akvatoriyasında hidrofiziki sahələrin kompleks tədqiqinə və digər istiqamətlərə həsr ediblər: “Başa çatmış elmi tədqiqat işlərində 10-dan artıq mühüm elmi nəticə əldə olunub. Tədqiqatların nəticələri Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb. Həmçinin Günəş avtomobillərinə təsir edən əsas qüvvələri nəzərə alaraq, hərəkətin diferensial tənliklərinin həll edilməsinə əsaslanan, yol boyunca avtomobilin hərəkətinin simulyasiyası və vizuallaşdırılması metodu işlənib. Eləcə də Binəqədi yatağı quyularının neft, lay suları və kern materialları palinoloji analiz edilib və neftdə aşkar edilmiş bitki tozcuq və sporların, təsnifatı məlum olmayan mikrofossillərin Erkən Pliosen yaşlı süxurlara uyğunluğu müəyyən olunub”.

Akademik qeyd edib ki, Coğrafiya İnstitutunda 4 qrant layihəsi üzrə nəzərdə tutulan proqramlar çərçivəsində elmi-tədqiqat işlərinin icrası aparılıb və bu ilin sonunda daha 2 layihə qalib gəlib. Cari ildə institutun əməkdaşları tərəfindən 200-ə yaxın çap olunmuş və ya çapa təqdim olunmuş elmi əsər var. Xaricdə çap olunan 45 məqalədən 7-si impakt faktorludur. Həmçinin fundamental “Azərbaycan Respublikasının coğrafiyası” üçcildliyi monoqrafiyasının həmmüəllifləri 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Elm” nominasiyası üzrə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüblər.

Daha sonra mövzu ətrafında AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyev, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Geologiya və Geofizika İnstitutunun “Tektonofizika və geomexanika” şöbəsinin müdiri, akademik Hətəm Quliyev və digərləri çıxış edərək hesabatla bağlı fikirlərini bölüşüblər.

Sonda bir sıra cari məsələlərə baxılıb.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: