ALLAH RƏHMƏT ELƏSİN, Akademik MAQSUD ƏLİYEV!..

ALLAH RƏHMƏT ELƏSİN, Akademik MAQSUD ƏLİYEV!.. Azərbaycan elminə ağır itki üz verib...

Azərbaycanda fizika sahəsində mühüm xidmətləri olan
görkəmli alim, “Şöhrət” ordenli, Fizika İnstitutunun baş elmi işçisi,
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Maqsud Əliyev dekabrın 23-də 92 yaşında vəfat edib.


Maqsud İsfəndiyar oğlu Əliyev - 1924-cü il avqustun 27-də
Tiflis şəhərində anadan olmuşdur.
1941-ci ildə Tiflisdə orta məktəbi bitirmişdir.
1941-1943-cü illərdə Tiflis Dövlət Universitetinin
fizika-riyaziyyat fakültəsi
nin tələbəsi olmuşdur.
Lakin 1943-cü ildə təhsilini yarımçıq qoyaraq,
cəbhəyə yola düşmüşdür.
Müharibədən sonra təhsilini Bakıda davam etdirmiş və
1950-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir.

M.Əliyev 1961-ci ildən Azərbaycan EA Fizika İnstitutunda əvvəlcə böyük elmi işçi, sonralar isə “Yarımkeçiricilərdə köçürmə hadisələri” laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. Görkəmli alimin uzun illər məşğul olduğu əsas elmi istiqamət-yarımkeçiricilərdə (Se, Si, Ge, A3B5 birləşmələri, onların bərk məhlulları, İnSb-NiSb tipli yarımkecirici-metal evtektekaları, mürəkkəb yarımkeçiricilər) kinetik hadisələrin tədqiqi idi. Onun rəhbərliyi ilə elektron və fontan prosesləri, zolaq quruluşu öyrənilmiş, bəzi yarımkeçirici-metal evtiktikalarında ifratkeçirmə və Corefson effekti tədqiq olunmuş, bir sıra yarımkeçirici cihazlar və qurğular işlənib hazırlanmışdır. Alim məşhur A.F.İoffe adına Fizika-Texnika İnstitutunun və digər tanınmış elm mərkəzlərinin rəhbərlik etdiyi laboratoriyalarla sıx elmi əlaqədə tədqiqatlar aparmış, bu tədqiqatların nəticəsində onun elmi məktəbi yaranmışdır. Hazırda həmin məktəbin nümayəndələri yalnız Fizika İnstitutunda deyil, həmçinin respublikamızın və digər ölkələrin elm və təhsil ocaqlarında çalışırlar.

M.Əliyev 1957-ci ildə fizika üzrə fəlsəfə dok­toru və 1966-cı ildə fizika üzrə elmlər doktoru elmi dərəcələrini, 1967-ci ildə pro­fessor elmi adını almışdır.
1963-cü ildə ilk dəfə olaraq alimin “Yarımkeçiricilərin istilik keçirməsi” adlı kitabı işıq üzü görmüşdür.


Yüksək ixtisaslı elmi kadrların hazırlanmasında alimin böyük xidmətləri olmuşdur.
O, yarımkeçiricilər fizikası və onun tədris metodikası sahəsində 35 fəlsəfə doktoru,
7 elmlər doktoru yetişdirmişdir.
Akademik M.Əliyev 1950-ci ildən respublikanın bir çox ali məktəblərində assistent, baş müəllim, dosent və professor vəzifələrində işləyərək pedaqoji fəaliyyət göstərmişdir. O, həmçinin Bakı Dövlət Universitetində yarımkeçiricilər fizikası üzrə xüsusi kursdan mühazirələr oxumuşdur.

Maqsud Əliyev yarımkeciricilər fizikası sahəsindəki və elmi kadrların hazırlanmasındakı böyük xidmətlərinə görə 1969-cu ildə fizika ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü,
1980-ci ildə isə həqiqi üzvü seçilmişdir.


Görkəmli alimin əsas elmi nailiyyətləri-istilik keçirmə, elektrik, termoelektrik, qalvonomaqnit, optik və s. xassələrin, yarımkeçiricilərin elektron enerji spektri, elektron və fononların səpilmə mexanizmlərinin, həmçinin güclü kvantlayıcı maqnit sahələrin tədqiqindən alınan nəticələr olmuşdur.

M.Əliyev 400-dən çox elmi əsərin, 30 şəhadətnamə və patentin müəllifi, bir çox elmi şura və komissiyaların üzvü olaraq ölkədə intellektual və etik mədəniyyətin inkişafına dəyərli töhfələr vermişdir.

Son illər isə M.Əliyev ənənəvi elmi istiqamət ilə yanaşı, məşhur alim Lütfi Zadənin qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq sahəsində fəaliyyət göstərmişdir. “Fizika problemləri və qeyri-səlis məntiq” üzrə elmi problemlərin tədqiqi ilə məşğul olmuşdur. Bu sahədə keçirilən bir sıra beynəlxalq konfransda məruzələrlə çıxış etmişdir.

Elmə verdiyi töhfəyə və yorulmaz yaradıcılıq fəaliyyətinə görə akademik Maqsud Əliyev bir sıra orden və medallara layiq görülmüşdür.
O, SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Almaniya üzərində qələbə” medalı (1946), Böyük Vətən müharibəsinin 30 illiyi münasibətilə “Almaniya üzərində qələbə” medalı (1975), Azərbaycan Respublikası (AR) Ali Sovetinin Fəxri fərmanı (1984), “Vətən müharibəsi” ordeni (1985), “Xalqlar dostluğu” ordeni (1986), Akademik Y.Məmmədəliyev adına mükafat və medal (1994), AMEA-nın Fəxri fərmanı (1999), “Sülh səfiri” Beynəlxalq diplomu (2003), ölkə Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni (2004) ilə təltif edilmişdir.
1988-ci ildə Azərbaycan Respublikasının Əməkdar Elm xadimi fəxri adına layiq görülmüşdür.

Bunlarla yanaşı, alim bir sıra beynəlxalq və xarici ölkələrin elmi qurumlarına üzv seçilmişdir.
Beynəlxalq Ekoenergetika Elmləri Akademiyasının həqiqi üzvü, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, “İntellektual inkişaf problemlər” Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü olmuşdur.

Elmi nailiyyətlərin fəal təbliğatına görə M.Əliyev keçmiş Ümumittifaq “Bilik” Cəmiyyətinin Fəxri fərmanı ilə təltif olunmuş, adı Azərbaycan Respublikasının “Əmək şöhrəti” kitabına və 2001-ci ildə isə “Azərbaycanın 100 görkəmli alimi” kitabına yazılmışdır.

Akademik M.Əliyev tanınmış alim və pedaqoq olmaqla yanaşı, həm də fəal ictimai xadim idi.
O, 1988-ci ildən “Zadə irsi və süni intellekt” Assosiasiyasının və 1990-cı ilin əvvəlindən fəaliyyət göstərən “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının (AMA) vitse-prezidenti olmuşdur. "Simurq” AMA-nın ruhi mədəniyyətinin inkişafına və modernləşməsinə yönəlmiş yaradıcı fəaliyyətinin təşkil edilməsi və idarəedilməsində xidmətlərinə görə “Assosiasiyanın Fəxri üzvü” diplomu və “Simurq” Beynəlxalq medalı ilə təltif edilmişdir.

Azərbaycan elmində əvəzsiz xidmətləri olan akademik Maqsud Əliyevin xatirəsi
onu tanıyanların qəlbində hər zaman yaşayacaq.


Görkəmli alimlə vida mərasimi dekabrın 26-də saat 13:00-da
AMEA-nın Əsas binasının Dairəvi akt zalında keçiriləcək.


Allah rəhmət eləsin!..



REDAKSİYAMIZIN ARXİVİNDƏN:
Akademik Maqsud Əliyevlə MÜSAHİBƏ

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: