PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİBTƏBRİK EDİRİK!...

AMEA Riyaziyyat və Mexanika
İnstitutunun direktoru,
professor MİSİR MƏRDANOV
AMEA-nın MÜXBİR ÜZVÜ seçilib


Misir Cumail oğlu Mərdanov - 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olmuşdur.
1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Mexanika-Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1973-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin müdafiə şurasında “İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1973-cü il 28 setyabr SSR-i Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1981-ci il 25 noyabr SSR-i Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə dosent elmi adını almışdır.

1989-cu ildə Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun müdafiə şurasında “Gecikmələri və məhdudiyyətləri olan optimal proseslərin tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1989-cu il 3 noyabr SSR-i Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüş və 1991-ci ildə professor elmi adını almışdır.

1971-ci ildən 1989-cu ilədək Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində müəllim, baş müəllim, dosent vəzifələrində işləmiş, 1985-1986-ci illərdə BDU-nun qəbul komissiyasının məsul katibi vəzifəsində, 1978-ci ildən 1989-cu ilə kimi dekan müavini vəzifəsində çalışmış, 1996-cı ildən 1998-ci ilə qədər Bakı Dövlət Universitetinin nəzdində doktorluq dissertasiyası üzrə müdafiə şurasının sədri olmuşdur. 1989-1990-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində ali təhsil idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində təhsil nazirinin müavini işləmişdir.

1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. 1997-1998-ci illərdə Bakı Dövlət Universitetin rektoru kimi fəaliyyətini davam etdirmişdir. 1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışmışdır. 2000-ci ilin yanvarın 28-dən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, 2005-ci ilin aprelin 27-dən Rusiya Təhsil Akademiyasının xarici üzvüdür.

2013-cü ilin aprel ayından indiyə qədər Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində çalışır.
Professor Misir Mərdanov 102 elmi işin, 4 monoqrafiyanın, riyaziyyata aid 20 kitabın, təhsilə aid 25 kitabın, təhsil sistemi ilə əlaqədar 113 məqalənin müəllifidir. Məqalələrinin 24-ü Thomson Reuters agentliyinin siyahısına daxil edilmişdir. O, AMEA Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının baş redaktoru, Riyaziyyat və Mexanika İnstitutunun D 01.111 dissertasiya Şurasının üzvü və İnstitutun Elmi Şurasının sədridir. O, bir elmlər doktoru və 4 fəlsəfə doktoru hazırlamışdır.

Professor Misir Mərdanovun əldə etdiyi əsas elmi nəticələr:
Neytral tipli gecikən arqumentli tənliklərlə təsvir olunan optimal idarəetmə məsələsi üçün neytrallıq tənliyə xətti daxil olmadıqda Pontryaginin maksimum prinsipini isbat etmişdir; idarəedici funksiyaya sonlu sayda gecikmə daxil olan sistemlər üçün ilk dəfə olaraq Pontryaginin maksimum prinsipini isbat etmişdir; məxsusi idarəedicinin optimallığı üçün daha güclü ikinci tərtib zəruri şərtlər isbat etmişdir; gecikən arqumentli diferensial tənliklərlə təsvir olunan, sonlu sayda inteqral və faza məhdudiyyətləri olan optimal idarəetmə məsələləri üçün Pontryaginin maksimum prinsipini isbat etmək məqsədi ilə yeni, daha səmərəli metod təklif etmiş, həmin metodun köməyilə optimallıq üçün birinci və ikinci tərtib zəruri şərtlər isbat etmişdir; ilk dəfə olaraq, təklif olunan üsulun köməyi ilə analoji nəticələr paylanmış parametrli Qursa-Darbu tənlikləri ilə təsvir olunan idarəetmə məsələləri üçün isbat etmişdir. İdarəedici funksiyalarda gecikmə olan proseslərdə ilk dəfə olaraq, idarəedici funksiyanın optimallığı üçün Kelli, Koop-Mayer və bərabərlik tipli zəruri şərtlər ardıcıllığı alınmışdır.
O, son illərdə diskret tənliklərlə təsvir olunan idarəetmə məsələləri üçün yeni optimallıq şərtlərinin alınması istiqamətində tədqiqatlarını davam etdirir.

Professor Misir Mərdanov 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin namizədlik və doktorluq dissertasiyaları üzrə müdafiə Şurasının sədri olmuşdur. O, dörd cildlik “Azərbaycan Təhsil Tarixi” fundamental kitablarının müəllifidir.

Professor Misir Mərdanov 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Əməkdar elm xadimi" fəxri adına, 2006-cı ildə "Şöhrət" Ordeni, 2011-ci ildə isə Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun Sərəncamına əsasən Dağıstan və Azərbaycan Respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə “Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
2011-2014-cü illərdə Türk dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti olmuşdur.
2014-cü ildən Türk dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidenti və Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidentidir.

AMEA Rəyasət Heyətinin seçkilərlə bağlı qərarına əsasən Riyaziyyat və Mexanika İnstitutu tərəfindən professor Misir Mərdanovun AMEA-nın müxbir üzvlüyünə nazimədliyi irəli sürülmüşdür.
Akademiyanın 2 may 2017-ci il tarixli ümumi yığıncağında professor Misir Mərdanov riyaziyyat ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.

Biz də ZiM.Az-ın Yaradıcı Heyəti adından görkəmli alim,
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru,
çox hörmətli professor Misir Cumail oğlu Mərdanovu
AMEA-nın müxbir üzvü seçilməsi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: