Ruhun şad olsun, bacarıqlı təşkilatçı, böyük alim, unudulmaz şəxsiyyət - akademik Zahid Xəlilov (1911-1971)

Ruhun şad olsun, bacarıqlı təşkilatçı, böyük alim, unudulmaz şəxsiyyət - akademik Zahid Xəlilov (1911-1971) Zahid İsmayıl oğlu Xəlilov -1911-ci il yanvarın 14-də
qədim Tiflis quberniyasının Borçalı mahalının
Ekatrinenfeld nahiyəsindəki (indiki Bolnisi rayonundakı)
Saraçlı kəndində anadan olmuşdur.

Tiflisdəki Azərbaycan orta məktəbini və Borçalı Türk Pedaqoji Texnikumunu bitirdikdən sonra, 1929-cu ildə Bakıda Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsinə daxil olmuşdur.

1930-1934-cü illərdə Bakı Dövlət Universiteti bağlandığına görə, Z.Xəlilov ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda davam etdirmiş, 1932-ci ildə həmin ali məktəbi başa vurmuş və yenidən Tiflisə qayıtmışdır. O, 1940-cı ilə qədər Tbilisi Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda dosent vəzifəsində işləmişdir.

1937-ci ildə Zahid Xəlilov Tbilisidə Riyaziyyat İnstitutunun aspiranturasına daxil olmuş, əvvəlcə ilk elmi rəhbəri görkəmli alim, professor Stefan Berqmanın, sonra isə akademik N.İ.Musxelişvilinin rəhbərliyi altında tədqiqat işlərini davam etdirmişdir.

Zahid Xəlilov 1940-cı il aprelin 22-də Tbilisi Dövlət Universitetində "Kleb məsələsi və onun ümumiləşməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək Qafqaz türkləri arasında ikinci (İbrahim İbrahimovdan sonra) fizika-riyaziyyat elmləri namizədi - alimlik dərəcəsi alan şəxs olmuşdur.

1940-cı ildə Zahid Xəlilov Azərbaycan Dövlət Universitetində işə dəvət olunmuşdur. Beləliklə, o, ömrünü həmişəlik Azərbaycan və onun elmi ilə bağlamışdır.

Z.Xəlilov bir müddət ADU-da dərs dedikdən sonra, 1942-ci ilin yanvar ayında SSRİ EA-nın Azərbaycandakı filialının fizika sektoruna işə də’vət olunmuş, 1942-ci ilin aprel ayına qədər bu sektorun yeganə riyaziyyatçısı kimi öz ətrafına bir neçə riyaziyyatçı (elmi dərəcələri olmayan) toplayıb nəzəri fizika və riyaziyyat bölməsini təşkil etmiş və həmin bölməyə rəhbərlik ona tapşırılmışdır.

Z.Xəlilov 1946-cı ilin iyun ayında Tbilisidə "Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək 35 yaşında Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru olmuşdur.

1947-ci ildə Azərbaycan EA-nın Fizika İnstitutu ilə riyaziyyat sektoru birləşdirilmiş və yeni yaranan riyaziyyat bölməsinin rəhbəri vəzifəsinə Zahid Xəlilov tə’yin olunmuşdur. Burada nəzəri fizika, mexanika, astronomiya və riyaziyyatın bir çox sahələri Zahid müəllim və onun ətrafına cəmləşmiş iste’dadlı azərbaycanlı gənclər tərəfindən əhəmiyyətli dərəcədə inkişaf etdirilmişdir.

Qeyd edək ki,
hal-hazırda Azərbaycan Respublikasında fəaliyyət göstərən AMEA-nın Mexanika-Riyaziyyat İnstitutunun, Şamaxı Astrofizika rəsədxanasının, nəzəri fizika bölmələrinin yaradılmasının əsası məhz həmin sektorun fəaliyyəti nəticəsində qoyulmuşdur.

Ruhun şad olsun, bacarıqlı təşkilatçı, böyük alim, unudulmaz şəxsiyyət - akademik Zahid Xəlilov (1911-1971) Zahid Xəlilovun doktorluq dissertasiyası və mexanikaya aid elmi əsərləri 1950-ci illərin əvvəllərindən başlayaraq Bakı ilə yanaşı, Moskva, Leninqrad, Kiyev, Tbilisi kimi elmi mərkəzlərdə, eləcə də Amerika Birləşmiş Ştatlarında ingilis dilində çap olunaraq ona şöhrəti gətirmişdir.

Zahid Xəlilov nəinki Azərbaycanda, həm də keçmiş SSRİ-də riyaziyyatın müasir sahəsi sayılan Funksional analiz məktəbinin banisi olmuş və o, SSRİ-də bu sahənin ideoloqlarından - yaradıcılarından biri hesab olunur. Xüsusi qeyd etmək lazımdır ki, SSRİ-də ilk "Funksional analiz" adlı ilk dərsliyi və ilk monoqrafiyanı da məhz Zahid Xəlilov yazmışdır (1949).

Zahid Xəlilov SSRİ EA-nın çox mö’təbər jurnalı olan "Funksional analiz və onun tərtibləri" jurnalının yaradıcılarından biri və ömrünün axırınadək onun redaksiya hey’ətinin üzvü olmuşdur. Banax cəbrində sinqulya tənliklərin həlli üçün ümumi bir metod dünya riyaziyyatında "Zahid İsmayıl oğlu Xəlilov nəzəriyyəsi" adı ilə tanınmışdır.

Zahid Xəlilovun və onun rəhbərlik etdiyi məktəbin yetirmələrinin funksional analizin müxtəlif məsələlərinin həllinə həsr etdikləri işlərin aktuallığı və sanballılığı nəticəsində Bakı şəhəri bu sahənin ocağı kimi funksional analiz tədqiqatçılarının nüfuzlu mərkəzlərindən birinə çevrilmişdir.
1959-cu ildə funksional analiz üzrə Ümumittifaq Konfransı məhz Bakı şəhərində keçirilmişdir. Həmin konfransda Zahid müəllim "Banax fəzalarında operatorlu diferensial tənliklərin həllinin məhdudluğu və dayanıqlığı" adlı nəzəri-elmi problemlə mə’ruzə etmişdir ki, bu da gələcəkdə həmin istiqamətdə dünyada görüləcək işlər üçün istinad nöqtəsi olmuşdur.

Zahid Xəlilov rus , almangürcü dillərində çox təmiz danışmışdır. O, 1966-cı ildə Moskvada Ümumdünya riyaziyyatçılarının 3-cü konqresində "Operatorlu diferensial tənliklər üçün qoyulmuş müxtəlif məsələlərin həlli" mövzusunda mə’ruzə etmişdir.

Azərbaycanda riyaziyyat tarixini işıqlandıran "Böyük Azərbaycan mütəfəkkiri Məhəmməd Nəsrəddin Tusi", "Otuz ildə Azərbaycanda riyaziyyatın inkişafı", "Otuz ildə SSRİ-də riyaziyyatın inkişafı", "Məhəmməd Nəsrəddin Tusinin riyaziyyata aid işləri" adlı ilk məqalələrin müəllifi və "Azərbaycanın dahi alimi Məhəmməd Nəsrəddin Tusinin anadan olmasının 750 illiyi"nə həsr olunmuş məcmuənin də redaktoru Zahid Xəlilov olmuşdur.

Azərbaycanda riyaziyyata aid ilk dəyərli əsərlərin - "İnsanlar indiki riyaziyyata necə gəlib çatmışlar""Dairənin kvadraturası" kitablarının müəllifi də Zahid Xəlilovdur. Z.İ. Xəlilovdan sonra riyaziyyatda belə yüksək mə’nalı elmi-kütləvi kitablar yazılmadığından onun "İnsanlar indiki riyaziyyata necə gəlib çatmışlar" kitabının bə’zi hissələri elmi-kütləvi dərgi sayılan "Çevrə"nin 1966-cı ildə çıxan 2-ci sayında nəşr olunmuşdur.

Zahid Xəlilov Azərbaycan dilində ilk riyaziyyat lüğətinin tərtibatçısı və təşkilatçısı olmuşdur.

Z.İ.Xəlilovun 72-dən çox elmi məqaləsi çap olunmuşdur. Onun əsas tədqiqatları funksional analiz, onun inteqral və diferensial tənliklərə tətbiqi, bütöv mühit mexanikası, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi, tətbiqi riyaziyyat və riyaziyyatın başqa səhələrinə aiddir. Azərbaycanın ilk riyaziyyatçılarından biri olan alim funksional analiz məktəbinin əsasını qoymuşdur. Poliharmonik tənliklər sistemi üçün ümumi sərhəd məsələsini həll etmiş, dəyişənlərinə ayrılmayan qarışıq məsələlərin həlli üçün Furye üsulunun analoqunu, qarışıq tipli model tənlikləri üçün şəbəkə üsulunu vermişdir. O, mücərrəd sinqulyar operatorlar nəzəriyyəsini yaratmış, yeraltı hidromexanikanın neft və qaz yataqlarının işlənməsində tətbiq olunan bir çox məsələnin həllini vermiş, Banax fəzasında öz-özünə qoşma olmayan operatorun spektrini tədqiq etmişdir.

Yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olan Zahid Xəlilov 1950–ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru təyin edilmiş, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü - akademiki seçilmişdir.

Ruhun şad olsun, bacarıqlı təşkilatçı, böyük alim, unudulmaz şəxsiyyət - akademik Zahid Xəlilov (1911-1971) Akademik Z.Xəlilov 1957-1959-cu illərdə
Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti,
1962-1967-ci illərdə isə prezidenti olmuşdur.
1967-ci ildən ömrünün sonuna qədər isə özünün yaratdığı
Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik etmişdir.

Zahid Xəlilovun Azərbaycan elminin təşkilində böyük rolu olmuşdur. Uzun müddət Azərbaycan EA-nın Mexanika-Riyaziyyat İnstitutunun direktoru, akademik-katib, vitse-prezident Azərbaycan EA-nın prezidenti, SSRİ Ali Sovetinin və Millətlər Sovetinin deputatı olmuşdur.

Z.İ.Xəlilov ömrünün axırına kimi keçmiş SSRİ-də həm sovet riyaziyyatçılarının, həm də sovet mexaniklərinin milli komitələrinin (yarandıqları gündən) üzvü olmuşdur. Elmin və mədəniyyətin inkişafındakı misilsiz xidmətlərinə görə, 1960-cı ildə Zahid Xəlilova "Əməkdar elm xadimi" fəxri adı verilmişdir. O, "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı" ordenləri bir neçə medalla təltif olunmuş, bir çox başqa mükafatlara layiq görülmüşdür.

Görkəmli Azərbaycan riyaziyyatçısı, Əməkdar elm xadimi,
akademik Zahid İsmayıl oğlu Xəlilov 1974-cü il fevralın 4-də
63 yaşında Bakı şəhərində vəfat etmişdir.
Məzarı Fəxri xiyabandadır. Bakı şəhərində adına küçə və məktəb var.
Allah rəhmət eləsin, ruhu şad olsun!..


Ruhun şad olsun, bacarıqlı təşkilatçı, böyük alim, unudulmaz şəxsiyyət - akademik Zahid Xəlilov (1911-1971)
Müşfiq BORÇALI,
ZiM.AZ




Akademik Zahid Xəlilovun doğulduğu Saraclı kəndi.



ZİRVE.İNFOnfo


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: