Coğrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Ramiz Məmmədov əvvəlcə Dünya azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunmasının əhəmiyyətindən danışaraq, dünyanın müxtəlif ölkələrində 60 milyona yaxın azərbaycanlının yaşadığını diqqətə çatdırıb. Onların təşkilatlanmasının, Azərbaycan həqiqətlərinin dünyanın hər yerinə çatdırılmasının azərbaycanlıların birliyindən asılı olduğunu qeyd edən akademik bildirib ki, azərbaycanlılar müxtəlif ölkələrdə yaşasalar da, milli birlik və həmrəylik ideyaları onları birləşdirir və həmfikir olaraq, Azərbaycanı xarici ölkələrdə tanıdır.
Sonra İnstitut rəhbəri yola saldığımız ilin müəssisəmiz üçün uğurlu olduğunu nəzərə çatdıraraq, 2017-ci ildə əməkdaşların səyi və əməyi nəticəsində əldə olunan nailiyyətlərdən, İnstitutun keçirdiyi əhəmiyyətli tədbirlərdən söhbət açıb. Bildirib ki, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində İnstitutun elmi və sosial-ictimai sahədəki fəaliyyəti həm beynəlxalq, həm də yerli miqyasda qənaətbəxşdir. Qarşıdan gələn ilin tədbirlər baxımından zəngin olacağını vurğulayan akademik 2018-ci ildə keçiriləcək Beynəlxalq miqyaslı elmi konfranslardan, onların keçirilməsinin əhəmiyyətindən söz açıb.
Çıxışının sonunda akademik Ramiz Məmmədov institut əməkdaşlarını Dünya azərbaycanlılarının Milli Həmrəylik Günü və Yeni İl münasibətilə ürəkdən təbrik edib, hamıya möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtlıyı, xoş güzəran, qarşıdan gələn ili sevinc, yaxşı əhval-ruhiyyə ilə qarşılamağı arzulayıb.
Cİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri, c.ü.f.d. Habil Haqverdiyev çıxış edərək bildirib ki, hər bir müəssisənin uğuru birbaşa rəhbərliyin fəaliyyətindən asılıdır. Coğrafiya İnstitutunun qazandığı nailiyyətlər, coğrafiya elminin intensiv inkişafı da məhz direktor, akademik Ramiz Məmmədovun məqsədyönlü, yorulmaz əməyinin nəticəsidir ki, HİK sədri buna görə kollektiv adından Ramiz Məmmədova minnətdarlığını bildirib və Yeni ildə ona can sağlığı, coğrafiya elminin inkişafı yolunda yeni-yeni nailiyyətlər arzu edib.
Yığıncaqda söz alaraq çıxış edən əməkdaşlar – coğrafiya elmləri doktorları - Rəna Qaşqay, Əmir Əliyev, Nəriman Paşayev, Yelena Tağıyeva, c.ü.f.d. Mətanət Musayeva, elmi işçi Luiza Salayeva, “Viki” qrupun rəhbəri Aida Aslanova HİK sədrinin dediklərinə və arzularına qoşularaq Coğrafiya İnstitutunun son illərdə sürətlə irəliləməsində və coğrafiya elminin inkişafında akademik Ramiz Məmmədovun fəaliyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, onun yüksək tələbkarlığı, təkidi nəticəsində institut əməkdaşları kompüterlə işləməyə daha da üstünlük verirlər, elmi seminara çıxarılan məruzələr kompüter vasitəsilə hazırlanaraq təqdim edilir ki, bu da işin asanlaşmasına və səviyyəsinin artmasına səbəb olur.
Çıxış edənlər İnstitut kollektivinin mehribançılığı, insanların bir-birinə isti və doğma münasibətilə institutlar arasında fərqləndiyini də qeyd ediblər, Yeni ildə İnstitut rəhbərliyinə və kollektivinə tükənməz nailiyyətlər arzulayıblar.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.