ZiM.Az xəbər verir ki, təqdimatda çıxış edən AzTU-nun prorektoru, professor İsa Xəlilov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı nın icrası ilə əlaqədar ali təhsil müəssisələrinin qarşısına mühüm vəzifələr qoyulub. Prorektor qeyd edib ki, universitetin ictimai təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, gənc alimlərin və tələbələrin elmi-tədqiqat işlərinin dəstəklənməsi, həmçinin istedadların aşkar edilməsi qədər təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi də prioritet istiqamətlərdəndir. İsa Xəlilov neft kapitalının insan kapitalına çevrilməsinin Prezident İlham Əliyevin sürətli iqtisadi inkişaf xəttinin əsas leytmotivlərindən olduğunu vurğulayaraq son illər AzTU tələbələrinin elmi-texniki, həmçinin ictimai uğurlarından danışıb.
Daha sonra AMEA-nın müxtəlif institutlarından, BMT-nin Bakı ofisindən, həmçinin elmtutumlu digər təşkilatlardan olan qonaqlar və tələbələr çıxış ediblər. Çıxış edənlər elmin inkişafı üçün yaradılan şərait, prioritet sahələr və dünya elminə inteqrasiyanı sürətləndirən istiqamətlər haqqında məlumat veriblər. İT və biotibbi texnologiyanın yeniliklərindən yararlanaraq əldə etdikləri ixtiralar haqqında məlumat verən AzTU tələbələri bu ixtiralarını startap layihələr kimi sənayeyə, istehsalata tətbiq etmək niyyətində olduqlarını qeyd ediblər.
Təqdimatda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov iştirak edib.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.