görkəmli riyaziyyatçı alim,
fizika-riyaziyyat elmləri doktoru, professor,
Əməkdar elm xadimi, akademik Zahid İsmayıl oğlu Xəlilovun Moskva şəhərində URSS-“Fizika və Riyaziyyat irsi” nəşriyyatında ikinci dəfə çap olunmuş “Funksional analizin əsasları” kitabı ictimaiyyətə təqdim olunub.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Fizika üzrə fəlsəfə doktoru, Aynurə M. Cəfərova
ZiM.Az-a bildirib ki,
tədbiri giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb.
Akademik Zahid Xəlilovun Azərbaycan riyaziyyat elminin inkişafında xüsusi rol oynamış görkəmli ziyalılardan və özündən sonra dərin iz qoyan nadir şəxsiyyətlərdən biri olduğunu vurğulayan professor Misir Mərdanov “Riyaziyyat elminin inkişafında Zahid İsmayıl oğlu Xəlilovun rolu” mövzusunda məruzə edib. O, qeyd edib ki, Azərbaycan riyaziyyat məktəbinin banisi olan Zahid Xəlilov riyaziyyatın müxtəlif sahələrində fundamental nəticələr almışdır. Bu nəticələr neçə-neçə yeni nəsil riyaziyyatçıların yeni tədqiqatlarına yol açaraq onların yetişməsinə təkan vermişdir.
Zahid Xəlilov Azərbaycanda fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almış ilk azərbaycanlı riyaziyyatçı alim olub. Onun elmi fəaliyyətinin əsas xüsusiyyəti ondan ibarət idi ki, o, tədqiqatlara kompleks şəkildə yanaşmağın vacibliyini dərk edirdi. Geniş bilik səviyyəsinə malik olan Zahid Xəlilov riyaziyyatın abstrakt sahələrində aparılan fundamental tədqiqatlarla, mühüm tətbiqi məsələlərin həlli arasında mükəmməl tarazlığın saxlanmasına nail olmuşdu. Onun həmkarları ilə birgə aldığı nəticələr funksional analiz və onun tətbiqləri sahəsinin əsasını təşkil etmiş və elmin inkişafında böyük rol oynamışdır.
O, dövrünün nüfuzlu jurnallarında çap olunmuş iri həcmli 80-dən çox elmi əsərin müəllifi olmuşdur. Zahid Xəlilovun elmi tədqiqatları, funksional analiz, diferensial və inteqral tənliklər və onların riyazi fizika və mexanikanın, avtomatik idarəetmə sistemlərinin riyazi nəzəriyyəsi məsələlərinin tətbiqinə həsr olunmuşdur.
Misir Mərdanov 1949-cu ildə funksional analiz üzrə SSRİ-də ilk olaraq “Funksional analizin əsasları” adlı dərsliyin Zahid Xəlilov tərəfindən çap edildiyini diqqətə çatdırıb. Dərslik rus dilində Azərbaycan Dövlət Universitetinin nəşriyyatında çap olunmuşdur. Qeyd edib ki, bugünlərdə kitab ikinci dəfə AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi şurasının qərarı ilə Moskva şəhərində URSS-“Fizika və Riyaziyyat irsi” nəşriyyatında çap olunub.
Professor vurğulayıb ki, akademik Zahid Xəlilov 1967-ci ildən ömrünün sonunadək özünün yaratdığı Azərbaycan SSR EA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində çalışmışdır. Bu gün sevindirici haldır ki, biz böyük alimi anmaq üçün məhz Riyaziyyat və Mexanika İnstitutunda yığışmışıq, hər birimizin mənəvi borcudur ki, alimi daimi yada salaq və onu gələcək nəsillərə tanıdaq.
Sonra tədbirdə AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, professorlar Məmməd Bayramoğlu, Sabir Mirzəyev, Ramiz Aslanov, Əkbər Əliyev, Araz Əliyev, Hidayət Hüseynov və BDU-nun mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov çıxış edərək görkəmli alimin elmi və pedaqoji fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Sonda ailə adından çıxış edən akademikin qardaşı oğlu Hikmət Xəlilov göstərilən yüksək hörmət və ehtirama görə alimin ailəsi adından tədbir təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirib.
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.