AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin rəhbəri Yusif Rəhimovun 65 yaşı tamam olur.
Rəhimov Yusif Rəsul oğlu 1959-cu ildə Şəki şəhərində anadan olub.
1984-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsini bitirərək Bakı şəhərində Azərneftkimyazavodtəmiri Trestinin İxtisaslaşmış Mexanizasiya İdarəsində əmək fəaliyyətinə başlayıb.
Bir il sonra Şəkiyə qayıdan Yusif Rəhimov buradakı Rayonlararası Aqrarsənayetikinti Trestində mühəndis, böyük mühəndis, Texniki şöbənin rəisi və baş mühəndis vəzifələrində çalışıb.
O, 2003-cü ildə AMEA-nın Şəki Regional Elmi Mərkəzində kiçik elmi işçi vəzifəsində fəaliyyətə başlayıb.
2014-cü ildən Ekoloji coğrafiya şöbəsinin rəhbəridir.
2017-2021-ci illərdə AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutunun dissertanturasında təhsil alıb.
Yusif Rəhimovun əsas elmi-tədqiqat istiqamətlərini ekocoğrafiya və ekoturizm təşkil edir.
Yubilyar fəaliyyəti dövründə müxtəlif beynəlxalq elmi konfrans və seminarlarda iştirak edib.
10 elmi, 12 elmi-kütləvi məqalənin müəllifi, həmçinin “Azərbaycanın Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunun landşaftlarının ekocoğrafi xüsusiyyətləri” monoqrafiyasının həmmüəllifidir.
Biz də Yusif Rəhimovu anadan olmasının 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
.