Tədbirdə millət vəkilləri - Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik, Millət vəkili
İsa Həbibbəyli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Əməkdar Jurnalist, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimai Etimad Şurasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın Mirzəzadə, YAP Yasamal rayon Təşkilatının sədri Tağı Əhmədov, özəl qurumların təmsilçiləri, AzMİU-nun fəxri məzunları, valideynlər və digər qonaqlar iştirak edib.
AzMİU-nun mətbuat xidmətinin rəhbəri
Nəcibə xanım Mirzəyeva ZiM.Az-a bildirib ki, Universitetin Akt zalında düzənlənən tədbir AzMİU tələbələrinin ifasında dünya şöhrətli müğənni
Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başlayıb.
Giriş sözü ilə qonaqları salamlayan AzMİU-nun rektoru, professor Gülçöhrə xanım Məmmədova “məzun” adını qazanan tələbələri təbrik edib, gələcək karyeralarında uğurlar arzulayıb, onlara təhsil aldıqları universitetin adını daim uca tutmağı tövsiyə edib. O, qeyd edib ki, "bu gün zəngin elm və təhsil ənənələrinə malik olan universitetin həyatında 42-ci təntənəli buraxılış gecəsinə toplaşmışıq. Başa vurduğumuz tədris ilində universiteti bakalavr səviyyəsində 25 ixtisas üzrə 1223 tələbə bitirir. Təhsilin magistratura səviyyəsində 153 magistr məzun olur. Tələbələrimizin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, onlardan 25-i universiteti fərqlənmə diplomu ilə bitirir. Bakalavr tələbələrimizdən 221 nəfər təhsilin magistratura pilləsinə qəbul imtahanlarını uğurla başa vurub. Bu il SABAH qrupularının ilk məzunu olaraq 53 tələbə Memarlıq, İnşaat mühəndisliyi, Nəqliyyat tikintisi mühəndisliyi ixtisasları üzrə universiteti bitirir, SABAH məzunlarından 7 nəfəri Avropanın qabaqcıl universitetlərinin magistraturasına qəbul olunub”.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardı ğı uğurlu siyasət nəticəsində təhsilin inkişaf etdiyini bildirən rektor ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin qazandığı uğurlardan da danışıb. Gülçöhrə Məmmədova onu da qeyd edib ki, universitetin qarşısında duran mühüm vəzifələrdən ən önəmlisi ölkəmiz üçün yüksək ixtisaslı, savadlı milli kadrlar hazırlamaqdır. Rektor ölkədə keçirilən bilik və idman yarışlarında, könüllülük hərəkatında, Vətənin qorunmasında AzMİU tələbələrinin təmsil olunmasını qürurverici hal adlandırıb.
AMEA-nın vitse-prezidenti, akademik, Millət vəkili İsa Həbibbəyli təmsil etdiyi qurumun rəhbərliyi adından məzunları təbrik edib, ölkəmizin yüksək bilik və bacarıqlı gənclərə daim ehtiyacı olduğunu vurğulayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. AzMİU-nu sabahın qurucuları hazırlayan elm-təhsil ocağı kimi dəyərləndirən akademik burada ölkəmiz üçün çox vacib olan ixtisaslar üzrə mütəxəssislərin hazırlandığını qeyd edib. O ümidvar olduğunu bildirib ki, universitetin bu ilki məzunları respublikamızda geniş vüsət alan tikinti, quruculuq və abadlıq işlərində fəal çalışacaqlar.
Tədbirdə universitetin müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə fərqlənmə diplomlarının təqdim olunma mərasimi keçirilib, təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə mükafatlar verilib. AzMİU-nu fərqlənmə diplomu ilə bitirən əcnəbi tələbələr bu universitetin tələbəsi olmağın üstünlüklərindən danışıb, universitet rəhbərliyinə, müəllimlərinə təşəkkürlərini bildiriblər.
Sonda Məzun Günü AzMİU-nun özfəaliyyət ansamblı üzvlərinin ifasında konsert proqramı ilə davam edib.
Universitetin rəqs qrupu və qonaqlar öz çıxışları ilə məzunların sevincinə şərik olublar.
Müşfiq BORÇALI,
ZiM.Az
/
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.