İFTİXAR: Süsən və Osman (2 hissəli qəhrəmanlıq dramı) 2-ci hissə.

İFTİXAR: Süsən və Osman (2 hissəli qəhrəmanlıq dramı) 2-ci hissə.İFTİXAR.

Qarabağ savaşına məhkum olunanları anarkən!

Süsən və Osman
(ikihissəli qəhrəmanlıq dramı)

İkinci hissə.

İŞTİRAK EDİRLƏR:

Süsən – həm də Suzanna
Osman – həm Hans, həm də Keşiş
Azərbaycan əsgəri – həm də Sovet əsgəri (gənc Osman),
Henrix
Saqqallı erməni – həm də Alnı çapıqlı erməni
Gənc saqqallı erməni
Birinci səs
İkinci səs İkinci hissə.

Otaq qaranlıqdır. Uzaqdan mərmi səsləri eşidilir. Sandığın üstündə oturmuş Süsənlə Osman pəncərədən süzülən zəif işıqda görünürlər.

Süsən – Sən bu hadisəni heç vaxt danışmamısan. Papağı da bir dəfə soruşmuşam, “hədiyyədi” demisən... “Kimin hədiyyəsidi?” dedikdə də, “tanımadığım birisinin...” demisən... Çox maraqlı hekayətdi.. Yadımdadı ki, toy günümüzdə də sən bu papağı geyinmişdin... Sonra sən onları görə bildin?
Osman – Söz verdiyim kimi üç gün sonra, qələbə elan onunan günün sabahı günü, may ayının 10-da, mən onların görüşünə getdim. Onları tapa bilmədim. Çox məyus oldum. Başlarına nə gəldiyindən xəbərim olmadı. Lakin bir məktub yazıb, yemək yediyimiz stolun üstünə qoydum. Ancaq bir daha heç vaxt, onlardan heç bir xəbər ala bilmədim. Bu papağı da ona görə tez-tez geyinirdim ki, onların xatirəsini yalnız bu papaqla yaşada bilirdim. Ona görə də, toy günümüzdə bu papağı geyindim ki, onlar da bizimlə bərabər olsunlar.
Süsən – Xəbərin var, bu gün ayın neçəsidi, Osmanım?
Osman – Belə vəziyyətdə tarix yada düşür?
Süsən – Bu gün ayın yeddisidi, Osmanım. May ayının yeddisi... Bizim evlənməyimizin də qırxdoqquz illiyi bu gün tamam olur, Osmanım.
Osman – Allah-Allah... Tamam unutmuşam... Onların da evlənmələrinin qırxdoqquz illiyi bu günkü tarixə təsadüf eləmişdi... Gör, işə bir bax... Amma onlar qızıl toylarını qırxdoqquzun tamamında qeyd elədilər... Hə-hə, may ayının yeddisində mən onların qızıl toyunun iştirakçısı oldum, may ayının onunda da onların arxasınca gəldim. Pay sənin... Allahın möcüzəsinə bir bax... 1945-ci ilin yeddi mayı, 1992-ci ilin yeddi mayı... Qırx doqquz illiklər... Qızıl toya dönən qırx doqquz illiklər... Süsən, sən cəld sandıqdakı gəlinlik paltarını geyin, mən də bəylik paltarımı geyinəcəm...
Süsən – Sən nə danışırsan a kişi, bu vurhavuru görmürsən?
Osman – Nə deyirəm, onu da elə, mən vurhavur-zad qanmıram... Tez-tez-tez, cəld ol.
Süsən – Ay kişi, indicə əsgərlər gəlib bizi cəhənnəmə vasil eləyəcəklər, sən nə haydasan?
Osman – Onsuz da cəhənnəmə vasil olacağıq, heç olmasa arzum gözümdə qalmasın, qızıl toyumuzu bərabər qeyd eləyək... Nə olar, olar...
Süsən – Allah, sən özün kömək ol, bu Osman tərsliyindən heç vaxt dönmədi...
Osman – (sandığın qapağını qaldırır, gəlinlik paltarını çıxarıb, Süsənə verir). Al, tezcə geyin, bəzən-düzən, gəl. (Sonra da bəylik paltarını çıxarır). Mən də burda geyinəcəm.
Süsən – Tərs ki, tərs... Dediyindən dönən deyil, qoca vaxtımızda, bu vurhavurda oyun çıxardır.

Süsən deyinə-deyinə o biri otağa keçir. Osman əynini dəyişməyə başlayır.

Osman – Ölmək ölməkdi... Öləndə də kişi kimi ölmək lazımdı... Tülkü kimi ölmək, tülkülərə yaraşır. Tülkülər gündə min kərə ölə bilirlər. Mən hələ bu günə kimi ölməmişəm. Müharibədə min kərə ölümün içindən keçdim, ölmədim... Bu gün öləcəmsə, demək ki, ölümüm bu günə imiş... (şalvarı geyinir). Zəhrimar bir az dardı... Gör necə şumalay oğlan olmuşam, ə... Hə, pencək də daralıb... Eybi yoxdu... Belə də yaxşıdı... (Süsəni səsləyir). Harda qaldın, a ceyran? (qəh-qəhə çəkir). Gəl gör necə şumalay oğlanam... (Süsən qapıda görünür). Bəh-bəh-bəh... Bu nədi, ə?.. Bu qız haranın maralıdı görəsən?.. Bu qız haranın ceyranıdı görəsən?..
Süsən – (qəh-qəhə çəkir). Ətin tökülməsin, a belə kişi... Bu çathaçatda ...
Osman – Evin yıxılsın a fələk, gör bir dünyaya necə gözəllər gəlib, ə... Gəl-gəl-gəl, yaxın gəl... (yaşına uyğun olmayan cəldliklə Süsənin yanına qaçır). Gir qoluma görüm, a ceyran... (qol-qola girirlər. Osman “Vağzalı” havasını zümzümə edir. Züm-zümə ilə sandığa qədər gəlirlər.) Otur görüm... Otur bəy-gəlin taxtına...(hər ikisi sandığın üstündə otururlar).
“Ay gəlin, üzündən götür duvağı,
Qoy açıq görünsün ayın qabağı...” (Süsənin üzündən duvağı götürür. Əyilib onun üzündən öpür.)
Süsən – Osmanım, lap toy günündəki kimisən, canım. Bu kostyum səni o günlərə apardı.
Osman – Gəlsənə bir süzək?
Süsən – İslanmışın yağışdan nə qorxusu?.. Süzək deyirsən, süzək.
Osman – Dayan, qoy musiqi qoyum. Nə qoyum?
Süsən – Romantik bir şey qoy.

Osman romantik bir musiqi qoyur. Süsənin qarşısında təzim edir. Süsən əlini uzadır. Osman Süsənin əlindən tutub otağın mərkəzinə gətirir. Bir əlini onun belinə qoyub, özünə tərəf çəkir. Onlar qucaqlaşaraq romantik musiqinin sədaları altında oynayırlar.

Osman – Bayaqdan atırdılar. Düz bir saatdı ki, susublar. Görəsən niyə?
Süsən – Allah bilir... Osman, Osmanım, düzünü de, sən niyə getmədin?.. Bilə-bilə ki, burda qalmaq ölüm deməkdi, sən yenə də getmədin. Bu tərslikdimi?
Osman – Süsən, Osman sənsiz yaşaya bilərəmi? Mən getsəm gərək səni də aparım...
Süsən – Məni hara aparırsan?.. Tikəmi qulağım boyda eləməzlərmi azərbaycanlılar.
Osman – Bilmirəm... Bəlkə də... Bilmirəm... Bircə onu bilirəm ki, mən sənsiz yaşaya bilmərəm... Amma sən yaşaya bilərsən...
Süsən – Allahsız danışma. Bu günə qədər bircə dəqiqə də olsun, sənsiz olduğum an olubmu? Haraya getdin, qabırğan kimi yanında gəzmədimmi?
Osman – Amma indi deyirdin ki, sən get, mən qalım...
Süsən – İndi ayrı, mən sənin əziyyətlərinə dözə bilmərəm.

Sükut içərisində bir-birinə sarılaraq, bir qədər rəqs edirlər.

Osman – Süsən, süfrə açmaq lazımdı.
Süsən – Yeməyimiz hazırdı, beşcə dəqiqəyə sənə elə süfrə açım ki...
Osman – Sən gözəl bir süfrə aç, əsl toy süfrəsi... Ona qədər mən çıxım şəhərə, görüm nə var, nə yox.
Süsən – Qurban olum Osmanım, heç yerə getmə... Mən süfrə açacam, sən də gözlərimin önündə ol.
Osman – Sən süfrəni aç... mən sadəcə bir şəhərə göz gəzdirib dönürəm, baxım, görüm vəziyyət necədi. Tez gələcəm.
Süsən – Qurban olum, onda tez gəl.
Osman – Narahat olma, dedim ki, tez gələcəm...

Osman qoşalüləni götürüb gedir. Süsən bir müddət Osmanın arxası ilə baxır.

Süsən – Osman... Ömrümün-günümün gecəsi-gündüzü Osman... Ağzımda dilim, gözlərimin nuru Osman... Sən müharibədən qəhrəman qayıtdın, bütün ömrünü qəhrəman kimi yaşadın... Bircə dəfə də olsun, məni incitmədin... Bircə dəfə də... Sənə bir uşaq da verə bilmədim, hərə bir tərəfdən yüz cürə söz dedi, sən yenə də məni atmadın... Sən Osmanımsan, Osmanım. Mənim göz bəbəyim Osmanım. Məni göz bəbəyin kimi sevdin, qorudun... Mən bütün həyatımı sənə borcluyam, Osmanım... Amma mən də heç vaxt sənə etibarsız olmadım. 1943-cü ildə evləndik, məni iyirmi yaşımda bu evin altında qoydun, müharibəyə getdin. Bütün namusumla, sənə olan məhəbbətimlə yolunu gözlədim... Sənə görə adımı dəyişdim. Suzannanı Süsən elədim... Hətta atama, anama qarşı oldum, məni sənə vermirdilər... mən sənə qoşulub, qaçdım... Əvvəlcə keşişin yanına getdim...

Yrımqaranlıq otaqdan Süsən mətbəxə tərəf gedir. Mətbəxin qapısı açılarkən, qapıdan süzülən işıq otağı işıqlandırır. Keşiş bir tərəfdə dayanıb. Süsən gənclik libasında keşişə yaxınlaşır.

Süsən – Müqəddəs ata, mən sizə pənah gətirmişəm, dərdimi yalnız sizə deyə bilərəm... Hər kəsdən ümidim kəsilib, yalnız sizdən kömək umuram, müqəddəs ata.
Keşiş – Heç vaxt ümidini itirmə, mənim balam. Başımızın üstündə Allahımız olduğu halda, insan da ümidini itirərmi? Allah böyükdü, Allah hər şeyə qadirdi. Sən ümidini Allaha bağla... Səni dinləyirəm, mənim balam, nədi dərdin? Söylə, ürəyini boşalt.
Süsən – Müqəddəs ata, mən bir nəfəri sevirəm...
Keşiş – Çox da yaxşı eləyirsən, mənim balam, sevgi insan üçündü.
Süsən – Məsələ burasındadı ki, müqəddəs ata, valideyinlərim bu sevgiyə qarşıdılar.
Keşiş – Niyə?
Süsən – Sevdiyim oğlan azərbaycanlıdı.
Keşiş – Burda nə var ki?..
Süsən – Valideyinlərim deyirlər ki, mən yalnız erməni oğlana gedə bilərəm...
Keşiş – Sən necə düşünürsən?.. Fikrindən daşına bilməzsən?.. Valideynlərinin sözünə əməl eləyə bilməzsən?
Süsən – Elə ona görə də sənə pənah gətirmişəm, müqəddəs ata... mən sevdiyimdən başqa heç kimə gedə bilmərəm...
Keşiş – Bəlkə yenə də fikirləşəsən?..
Süsən – Müqəddəs ata, ya sevdiyimin olacam, ya da intihar eləyəcəm...
Keşiş – Yox-yox, mənim balam, intiharı heç ağlının ucundan belə keçirmə. Allah intihar edənləri bağışlamır. İntihar Allaha qarşı çıxmaqdı.
Süsən – (ağlayaraq) Müqəddəs ata, mənə bir yol göstər, yalvarıram... məni bu bəladan xilas elə, müqəddəs ata... Gecə-gündüz yanıram, cızdağım çıxır, mənim dərdimi anlayan yoxdu, müqəddəs ata...
Keşiş – Sakit ol mənim balam, sakit ol.
Süsən – Artıq dözə bilmirəm, müqəddəs ata, səbrim tükənib...
Keşiş – Səbr Allahın adıdı mənim balam, səbirli ol, öz məqsədin uğrunda mübarizə apar, heç vaxt ruhdan düşmə. De görüm, sevdiyin oğlan da səni, sən onu sevdiyin kimi sevirmi?
Süsən – Biz bir-birimizi dəlicəsinə sevirik, müqəddəs ata. Hətta o məndən də artıq sevir. Müharibəyə aparmaq istədilər, qaçıb gizləndi ki, Suzannanı almasam, getməyəcəm. Dezertir kimi axtarışa verilib, amma o yenə də inadından dönmür.
Keşiş – Onun valideynləri necə, nə deyirlər bu sevgiyə?
Süsən – Onlar da razı deyillər...
Keşiş – Niyə?
Süsən – Ermənidən qız almarıq deyirlər. (Hönkürərək ağlayır). Bizim evdə Suzanna ola bilməz deyirlər. Mən onların xatiri üçün adımı dəyişib, Süsən qoydum, Süsənəm dedim, yenə də razılaşmırlar.
Keşiş – Sakit ol, mənim balam, sakit ol... İndi sən Suzannasan, yoxsa Süsənsən?
Süsən – Süsənəm, müqəddəs ata, Süsənəm... Hətta bu sevgini öldürsələr də mən Süsənəm artıq... Süsənliyimlə öz əhdimə sədaqətimi qoruyub, saxlayacam.
Keşiş – Bax, dinlə, mən Allah adamıyam, ona görə də düz danışmalıyam, yalan danışa bilmərəm... Allah hər kəsi insan yaradıb. Sonralar biz insanlar özümüzü millətlərə ayırmışıq... Ona görə də dünya öz məhvərində düzgün dayana bilmir. Görürsənmi, Hitler bütün yeri-göyü lərzəyə salıb. Amma Allahın köməyi ilə hər şey yerini alacaq. Haqq qələbə çalacaq. Sən də tələsmə, Allahdan ümidini üzmə, Allaha dualar elə. İnşallah, hər şey Allahın köməyi ilə öz yerini alacaq.
Süsən – Mən dözə bilmirəm, müqəddəs ata... (ağlayır).
Keşiş – Mənim balam, sən Əsli və Kərəm adlı hekayə eşidibsənmi?
Süsən – Eşitməmişəm müqəddəs ata,
Keşiş – Həə, bu sizin hekayətinizə bənzəyir. On yeddinci əsrdə Gəncə xanı Ziyad xanın oğlu, bizim keşişinin qızına vurulur. Qız da oğlanı sevir, lakin Keşiş qızını Ziyad xanın oğluna, daha doğrusu azərbaycanlı oğlana verməmək üçün özünü də, qızını da, oğlanı da min cürə əziyyətlərə salır. Ən sonda oğlan da, qız da eşqdən od tutub yanırlar. Mən o keşişə heç vaxt haqq qazandırmıram. Sənə də tövsiyyə eləyirəm ki, əvvəlcə ikiniz də çalışın ki, valideyinlərinizin razılığını alasınız, onların xeyir-duası çox vacibdi...
Süsən – Razılıq verməsələr?..
Keşiş – Onda Allahın adını tutub eşqinizə qovuşun. Eşq öz başına yaranmır mənim balam, eşqi Allah göndərir. Allahın əleyhinə çıxmaq olmaz, sizin əməliniz haqqa yazılacaq. Allah yardımçınız olsun, mənim balam.
Süsən – İçim rahatlandı müqəddəs ata, Tanrı səni qorusun.
Keşiş – Allah hamımızı qorusun mənim balam. Amin!
Süsən – Amin!

Yarımqaranlıq otağa sükut çökür. Bir anlıq ətraf tam qaranlıqlaşır. Qapı açılır. Osman içəri girir. Qapıdan süzülən işıq, otağı işıqlandırır. Süsən yeməkləri stolun üstünə düzür. Osman tüfəngi qapının arxasında divara söykəyir.

Süsən – Gəldinmi Osmanım?
Osman – Gəldim, Süsənim, gəldim.
Süsən – Şəhərdə kim var-kim yox?
Osman – Şəhərdə bir ənni-cinni yoxdu, Süsənim. Elə bil, bu dünyada ikimiz qalmışıq... Qorxaqlar, bəs deyirdilər, ermənilər gəlir. Heç kim də gəlib-eləmir. Erməni nə gəzir. Şəhəri nahaqdanca boşaltdılar, yaramazlar. Ağılları ola, geri gələlər...
Süsən – Bəs səhərdən atılan qıradlar niyə susdular görəsən?
Osman – Bilmirəm. Bircə bildiyim odu ki, şəhərdə bizdən başqa heç kim yoxdu. Bu gün mayın yeddisidi. Bizim evlənməyimizin ildönümüdü. Biz bu gün həm dünyanın ən bədbəxt, həm də ən xoşbəxt adamlarıyıq... Həyatımızda bircə gün bu şəhərdə ikimiz baş-başayıq. Elə bil, şəhəri bizim şərəfimizə boşaldıblar ki, heç kəs bizə mane olmasın... Süsənim, zirzəmiyə en, küncdə, çəlləyin yanında, ağzını xəmirlə bağladığım saxlancı gətir.
Süsən – Saxlanc nədi, Osman?
Osman – Tut arağını deyirəm. Bu gün kəlləmizi möhkəmcə qızardacağıq. O tut arağının ağzını toy günümüz günü bağlayıb, qızıl toyumuz üçün saxlamışdım. Biz qızıl toyumuzu indi, bir il əvvəl qeyd eləyəcəyik. Qırx doqquz ildi o da bu günü gözləyir, biz də. Gətir, biz də arzumuza çataq, o da arzusuna çatsın.

Süsən zirzəmiyə gedir. Osman süfrənin baş tərəfinə iki stul qoyur. Özü də stullardan birində oturur.

Osman – Yaramazlar, qorxaqlar, satqınlar... Evini qoruya bilməyən əclaflar. Mən heç yerə gedə bilmərəm. Burdan basa-basa Berlinə qədər getdim, bircə dəfə də olsun, gözüm qorxmadı. Qəhrəman kimi döndüm Şuşaya, indi Şuşadan qorxaq kimi qaşmaq mənə yaraşar? (Öz-özünə) Yaraşar, Osman?.. Yaraşar?.. Yaraşmaz Osman, yaraşmaz!.. Qaçmaqdansa, ölüb qurtarmaq lazımdı. Mən Allah qarşısında, vicdanım qarşısında Berlində qazandığım şərəfimi, öz evimi qoruya bilməmək damğası ilə ləkələyə bilmərəm!.. Başa düşürsən, Osman, bilmərəm!.. Kim necə düşünür, özü bilər, mən belə düşünürəm. Mən düz düşünürəm, Osman! Düz düşünürəm. Öləcəm, şərəfimi itirməyəcəm! Öləcəm, öz evimdə öləcəm! Əvvəl-axır ölməli deyiləmmi?!. Qorxaq, qaçaq, şərəfsiz olmaqdansa, kişi kimi, qanın evinə tökülüb ölmək üstün deyilmi? Bəli, belə ölmək, şərəfsiz yaşamaqdan üstündü!

Açıq qapıdan əli silahlı, saqqallı erməni içəri girir. Osman özünü itirmir.

Osman – Xoş gəldin qonaq, buyur, süfrəmizə yaxın gəl.
Saqqallı erməni – Dur ayağa, qoca yaramaz.
Osman – Mən qoca yaramaz deyiləm, mən Osmanam!
Saqqallı erməni – Osman əclaf, əllər yuxarı.
Osman – Təhqir eləmə, gəl süfrəmə qonaq ol.
Saqqallı erməni – Evdə daha kim var?
Osman – Mən təkəm.
Saqqallı erməni – Bəs sən niyə qaçmayıbsan, qorxmursan?
Osman – Niyə qaçmalıyam, kimdən qorxmalıyam?
Saqqallı erməni – Deməli sən qorxmursan...
Osman – Mənim qorxum Berlində qalıb. Mən Berlin qəhrəmanıyam. Kimdən qorxmalıyam, qonaq?
Saqqallı erməni – Mən qonaq deyiləm, mən qalib erməni əsgəriyəm, hamınızı şəhərdən qovan qəhrəmanam.
Osman – Yox, sən burda qonaqsan, bura mənim evimdi. Şəhərdəkiləri də sən qovmayıbsan. Provakasiya eliyib, adamları çıxarıblar, sən də tülkü kimi şəhərə soxulubsan... Dərə xəlvət, tülkü bəy... eşidibsən?..

Saqqallı erməni Osmana yaxınlaşdıqca ehtiyatla ətrafını diqqətdə saxlayır. Saqqallı erməni yaxınlaşdıqca, Osman ayağa qalxır.

Saqqallı erməni – (bağıraraq) Otur aşağı, əllərini stolun üstünə qoy.
Osman – Bağırma...

Saqqallı erməni avtomatın qundağı ilə Osmanın sinəsinə zərbə vurur. Osman yerə yıxılır.

Saqqallı erməni – (bağıraraq, istehza ilə) Dur ayağa, Berlin qəhrəmanı. İndi gördün, tülkü kimdi?.. Dur deyirəm sənə... Nooldu, qəhrəman altını batırıb, dura bilmir?
Süsən – (qoşalüləni erməni əsgərinə tuşlamış vəziyyətdə qapının yanından səslənir). Silahını yerə at, əclaf oğlu, əclaf.
Saqqallı erməni – (cəld qapıya tərəf dönür). Həə, biri də varmış. Bunun geyiminə bax, tüfənginə bax... (istehzalı qəh-qəhələrlə) Ərə gedirsən, ağbirçək gəlin? (Osmana) Bəs deyirdin sən təksən, yaramaz qoca?
Süsən – (erməni dilində) Ambetqı dues, anqoç huyr, zenk ktsir. (Yaramaz sənsən, çağrılmamış qonaq, silahı at deyirəm).
Saqqallı erməni – Sən ermənisən?.. Hayes?..
Süsən – Hayes, hayes. Silahını at!
Saqqallı erməni – Azərbaycanlıya ərə gedən faişə? Bu saat ikinizi də cəhənnəmə göndərəcəm, (bağıraraq) yaxın gəl!
Süsən – Faişə sənin anandı, bacındı, sonra da arvadındı, qızındı, oğraş... axırıncı dəfə deyirəm, silahı at.

Saqqallı erməni güllə atmaq üçün silahı qaldırmaq istəyərkən, Süsən tüfəngin tətiyini çəkir. Tüfəngdən açılan güllə saqqallı erməninin sinəsinə dolur.

Saqqallı erməni – Ay ma, yes merra. (Ay ana, öldüm!) (yıxılır).
Süsən – Bir Allah şahiddi ki, mən səni öldürmək istəmirdim, özün istədin. (Osmana tərəf qaçır). Osmanım, qalx canım... Əclaf səni çox incitdi? Qalx... Harandan vurdu əclaf?.. Bax, görürsənmi, buna görə deyirdim ki, sən get... Buna mən necə dözüm, qurban olum, hələ gec deyil, çıx get...
Osman – Gedə bilmərəm... Onlar evimi dağıdacaqlar, səni də öldürəcəklər, nə evimi, nə də səni qoyub gedə bilmərəm...
Süsən – Mən də gedirəm, nə olar, olar, elə olsun sən burdan çıx... dur gedək Qsmanım, qurban olum, dur gedək... Hamı necə, biz də elə...
Osman – Başa düş, nolar, məni anla, mən qaça bilmərəm... Evimi, arvadımı qoyub qaça bilmərəm...
Süsən – Mən də səninlə gedirəm, qurban olum, dur birtəhər yol tapıb gedək.
Osman – Hara gedirsən? Hara gedək? Sən erməni, mən də erməninin əri...
Süsən – (ağlayaraq) Allahım, bizim günahımız nədi?.. İndi biz neynəməliyik? Başımıza haranın daşını salmalıyıq?.. Kimə pənah aparmalıyıq?..
Osman – Süsən, sənə dedim ki, mənim arvadım ağlamamalıdı. Anla ki, Allah bizi bir-birimizə qismət eləyibsə, qismətimizdən qaça bilmərik. Evimizin içindəcə qismətimizi gözləməliyik. Evini qoyub qaşmaq, arvadını qoyub qaçmaq kimi bir şeydi. Məndən ötrü ev də, arvad da namusdu. Mən namusumu qorumalıyam... Vəssalam!

Osman Süsənin köməyi ilə yerindən qalxır. Stula oturur. Süsən onu qucaqlayır.

Süsən – Səni bərk vurdu bu saqqallı əclaf?
Osman – Boş şeydi... Nahaq öldürdün...
Süsən – Neynim, məcbur elədi.
Osman – Köpək oğlunun donuz gülləsi, gör adamı necə yıxır... Bu gün qan tökülməsini heç istəmirdim...
Süsən – Mən də istəməzdim... Amma səni vurmağına tab gətirə bilmədim... Bilirdim ki, belə olacaq, bilirdim ki, mən buna dözə bilməyəcəm... Sənə dedim axı Osman, get. Camaatla sən də get.
Osman – (hirslə) Birdəfəlik başa düş, mən öləcəm, evimi tərk eləməyəcəm.
Süsən – Bəs deyirdin şəhər boşdu, erməni-zad yoxdu, bu hardan çıxdı?
Osman – Yəqin şəhərin təcili boşaldığını bilirlər, ona görə də bir-iki kəşfiyyatçı göndəriblər ki, baxıb-görsünlər şəhərdə adam varmı, yoxdumu...
Süsən – İndi neynəyək?
Osman – Əvvəlcə biz bunu zirzəmiyə endirək, gerisini vəziyyət özü göstərəcək.
Süsən – Mən ona əlimi vurmayacam.
Osman – (ölmüş saqqallı erməninin ciynindən tutur). Gəl, kömək elə
Süsən – Mən əlimi vura bilmərəm...
Osman – Gəl dedim, sürütləmək istəmirəm, hər-halda insandı... şalvarından tut, bir azca qaldır sürütlənməsin, vəssalam...
Süsən – Lənət olsun... qorxuram...
Osman – Osmanın arvadı qorxmaz, tut...

Süsən çəkinə-çəkinə ölmüş əsgərin ayağından tutur.

Süsən – Oy, necə də ağırdı...
Osman – Götür, götür... İnsanı yüngülləşdirən ruhdu, ruh çıxdı, vəssalam, ağıtlaşır... Hardan gəldi çıxdı zalım oğlu... Əcəl girləyirmiş... Vaxtı tamam imiş, bax, görürsınmi, bununku da bura qədər imiş... Bizimki də harda tamam oldu, orda bitəcək. Qaçmaqla, qaçmamaqla deyil.

Zirzəmiyə aparırlar. Təlaş içində əli silahlı gənc saqqallı erməni evə daxil olur.

Gənc saqqallı erməni – Kim var burda?.. Süsən xala... Gediblər... Yaxşı ki, gediblər...
Süsən – Məni çağıran kimdi? (zirzəmidən çıxır.)
Gənc saqqallı erməni – (Süsənə tərəf çevrilir). Sən burdasan?.. Getməmisən? Kişi gedib?..
Osman – (zirzəmidən çıxır). Mən getməmişəm, burdayam. Heç vaxt da, heç yerə getməyəcəm.
Gənc saqqallı erməni – Sən nə danışırsan?.. Getməyəcəm nədi, sabah buraya böyük bir qoşun girəcək...
Osman – Niyə sabah?..
Gənc saqqallı erməni – Çünki şəhərin boş olduğuna inanmırdıq, tələ olduğunu zənn eləyirdik. Ona görə də bu gün bizi kəşfiyyata göndəriblər. Şəhər bomboş imiş. Biz bu xəbəri bildirəndən sonra qoşun gələcək.
Osman – Demək ki, şəhərə girməyə qorxur sizin qoşununuz... Tülkü kimi girirlər.
Gənc saqqallı erməni – Yaxşı... mən sizi burdan necə çıxarım?
Osman – Biz burdan çıxan deyilik!
Gənc saqqallı erməni – Siz nə danışırsınız, əsgərlərin gözü elə qızıb ki, ikinizi də tikə-tikə eliyərlər.
Osman – Bizim nə günahımız var? Biz kimə neynəmişik?..
Gənc saqqallı erməni – Məsələ günahda deyil, şəhər tamam boşalmalıdı, vəssalam.
Osman – Ayə, faşist, faşist idi, amma girdiyi yeri boşaltmırdı... Dinc əhaliyə dəymirdi, sizinkilər faşistdən də betərdilər ki...
Gənc saqqallı erməni – Osman kirvə, indi hər nədisə, əmr belə verilib...
Osman – Əvvəlcə bütün Ermənistandakı azərbaycanlıları, indi də bütün Qarabağdakıları... Nə istəyirsiniz?.. Nəyə nail olmaq niyyətindəsiniz?
Gənc saqqallı erməni – Osman kirvə...
Osman – Nə kirvə, əə, bunun harası kirvəlik oldu?..
Gənc saqqallı erməni – Süsən kirvə, heç olmasa sən dillən, mən sizi xilas eləməliyəm... Atama söz vermişəm...
Süsən – Sənə qurban olum, sən bu kişini burdan bir təhər çıxart, mənə yəqin ki, heç nə eləməzlər, hər-halda mən erməniyəm.
Gənc saqqallı erməni – Allahım, indi fikir verirəm, Süsən xala, bu nə libasdı, ərə gedirsən bu vurhavurda?
Osman – Bu gün biz qızıl toyumuzu qeyd eləyirik.
Gənc saqqallı erməni – A kişi, sən nə danışırsan, nə qızıl toy... Burdan çıxıb canını qurtarmalısan... Səhərdən ürəyimi yemişəm ki, görəsən sizin başınızda bir fəlakət yoxdu ki... Şəhərə girən kimi birinci özümü buraya saldım... Hazırlaşın, sizi vaxtında bir tərəfə çıxarda bilim.
Süsən – Məni yox, sən kişini bir təhər qurtar...
Gənc saqqallı erməni – Süsən xala, indi əsgərlərin elə emosional momentidi ki, onlar birinci səni öldürəcəklər.
Süsən – Bəs mən neynəməliyəm, hara getməliyəm... Sizinkilərin gözü belə qızıbsa, onda gör azərbaycanlıların gözü necə qızıb, onlar məni salamat buraxarlar? Hətta ola bilsin ki, mənə görə, dilim-ağzım qurusun, kişini də o söz eləsinlər...
Osman – Oğlum, sən çox sağ ol ki, kirvəlik borcunu yerinə yetirib, bizə qayğı göstərirsən, amma anla ki, biz ölsək də, qalsaq da, evimizdən başqa yerimiz yoxdu... Sən işinə bax, nə olacaq, olacaq... Olacağa çarə yoxdu...
Gənc saqqallı erməni – Mən atama nə cavab verəcəm?.. Son ana qədər sizi mənə əmanət elədi, onların başına bir iş gəlsə, gözümə görünmə dedi.
Süsən – Allah köməyi olsun... Onun da, sənin də...
Osman – Oğlum, sən belə elə... əgər atanın da yanında üzü ağ, bizim də yanımızda gözü kölgəli olmaq istəmirsənsə, otur süfrəmizə, bizimlə bərabər bu tut arağının nəfəsini kəsək. Bu tut arağının qırx doqquz il bundan əvvəl, ağzını xəmirlə bağlayıb, bu gün üçün saxlamışam. Nə olur-olsun, bu araq bu gün içilməlidi.
Süsən – Otur oğlum, otur, Allah səndən razı olsun, kişinin sözünü yerə salma... Onsuz da bu tərs Osmandı, dediyindən dönən deyil.
Gənc saqqallı erməni – Ə, bunlar kefdilər ee... Nə bilim... Yaxşı, özünüz bilin... qoy siz deyən olsun... Nə olar, olar...

Hər üçü süfrəyə otururlar. Süsən bişmiş yeməklərdən boşqablara çəkir. Osman qədəhlərə araq süzür.

Osman – (qədəhini götürüb) Dilim gəlib, bu günün şərəfinə deyə bilmirəm!.. Sağlığı sükutla içirəm... Bircə onu demək istəyirəm ki, Süsən mənə bu əlli ildə həqiqi insan oldu. Mən Süsənimə ömrümü borcluyam...
Süsən – Yox-yox, sən nə danışırsan? Mən sənə ömrümü borcluyam. Sən məni zərrə qədər də incitməmisən... (ağlayaraq) Mən səni bir övladla da sevindirə bilməmişəm... Bütün dünyanı gəzdirmisən məni... heç şeydən korluq çəkməyə qoymamısan... son anda belə canını mənə görə təhlükə qarşısına atırsan... Osmanım, sən mənim başımın tacısan...
Gənc saqqallı erməni – Vallah, yaranmış vəziyyət mənim də ürəyimcə deyil, ancaq nə eləməli, biz məsələ həll eləyə bilmirik, lənət olsun bu davanı qaldıranlara, gül kimi yaşayırdıq. İndi orda atam da sizə görə çox təlaş içindədi...
Osman – Bu sağlığı sükutla için. (Qədəhi başına çəkir. Bir qurtuma içir və qədəhi yerə çırpır). Lənət olsun belə qızıl toya! (başını ovcunun içinə alıb sükut içində oturur).
Süsən – (içmir). Osmanım...
Osman – (başını qaldırmadan) İç... iç ki, heç olmasa sənə qızıl toy eləyə bildiyim üçün öləndə rahat ölə bilim...
Süsən – (içir). Allah səni qorusun, Osmanım!..
Gənc saqqallı erməni – Bilmirəm nə deyim...
Osman – İç...
Gənc saqqallı erməni – İçirəm... (içir). Gərək sizi burdan mütləq bir tərəfə çıxardım.

Osman pəsdən-pəsdən muğamat oxuyur. Süsən və gənc saqqallı erməni diqqətlə Osmanı dinləyirlər.

Gənc saqqallı erməni – Bu kişinin səsi məlhəmdi də... Hayıf...

Qapı qəfl açılır, onlar cəld ayağa qalxaraq, qapıya tərəf dönürlər. Azərbaycan əsgəri təlaşla, təngnəfəs halda içəri daxil olur. Gənc saqqallı erməni silahı Azərbaycan əsgərinə tərəf tuşlayır.

Azərbaycan əsgəri – Silahı at...
Gənc saqqallı erməni – Sən at, yoxsa gəbərdəcəm...
Süsən – Qurban olum, dayanın, ikiniz də bizimkilərsiniz...
Osman – (Gənc saqqallı erməninin silahının ucundan tutub, aşağı endirir. Azərbaycan əsgərinə) Silahını aşağı sal, oğlum.
Azərbaycan əsgəri – Osman əmi...
Osman – Sənə silahının aşağı sal, dedim!

Azərbaycan əsgəri silahını yavaş-yavaş aşağı endirir.

Azərbaycan əsgəri – Bu kimdi?
Gənc saqqallı erməni – Sən məni tanımadın?.. Tanımadın?..
Azərbaycan əsgəri – Tanıdım... Səsindən tanıdım... Osman əminin kirvəsi...
Gənc saqqallı erməni – Moladets... (Afərin) Tanıdı...
Azərbaycan əsgəri – Səni xaç suyuna çevirəndə, Osman əminin qucağına qoymuşdular... Kirvə olmuşdunuz... Onda mənim beş yaşım var idi... Hər şeyi indiki kimi xatırlayıram... Siz hər yay Şuşaya gələrdiniz... Bütün yayı Osman əmigildə, bu evdə qalardınız... Dincələrdiniz... Kef eləyərdiniz... Uşaqlığımızda, bütün yayı biz səninlə naqan-naqan oynayardıq... Tətildən sonra siz evinizə dönəndə, biz ayrılmaq istəməzdik... O ayrılıq bir kabus kimi ikimizə də əzab verərdi... Sən ağlayardın, getmək istəməzdin, qaçıb, mənə sarılardın... (silahını göstərir). Bu da, naqan-naqan... Axırı həqiqət oldu...

Bayırdan ermənilərin səsi eşidilir.

Birinci səs – Sən o tərəfə bax, mən bu tərəfə baxaram...
İkinci səs – Oldu, diqqətlə bax... Şifanerlərin içinə, yataqların altına kimi bax...
Gənc saqqallı erməni – (cəld qapıya tərəf qaçır). Siz zirzəmiyə enin, mən onları burdan yayındırım. Sakitlik olsun, gəlib sizə bir çarə tapacam.
Osman – Mən gizlənən deyiləm. Burdaca oturacam. Bu gün mənim Süsənimə qovuşan günümdü.

Gənc saqqallı erməni cəld qapıdan çölə çıxır. Bayırdan səsi eşidilir.

Gənc saqqallı erməni – Burda kimsə yoxdu... Bütün evi ələk-vələk elədim, boşdu... Davam eləyək...

Azərbaycan əsgəri avtomatını qapıya tərəf tuşlayaraq, döyüşə hazır vəziyyət alır. Süsən Osmana yaxınlaşır, ona qısılır. Onlar evin tən ortasında bir-birilərinə sarılırlar. Uzaqdan topların, qradların mərmi səsləri yenə də eşidilməyə başlayır. Avtomatların fasiləsiz şaqqıltısı getdikcə yaxınalşır.

Süsən – Yenə atmağa başladılar... Allah özü köməyimiz olsun... Allah səni mənə çox görməsin, Osmanım!
Osman – Qulağıma, gəncliyimizdə sənin şərəfinə oxuduğum səsim gəlir. Sən mənim həyatımsan, Süsənim!

Otaq yavaş-yavaş qaranlıqlaşır. Osmanın gənclikdə oxuduğu muğam eşidilməyə ba.layır. Osmanın məlahətli səsinə qarışan güllə sədaları getdikcə daha da dəhşətli vahimə yaradır.

Osman – (Azərbaycan əsgərinə) Sən niyə gəldin?
Azərbaycan əsgəri – Sizi qoyub gedə bilmədim... Siz getmirsinizsə, mən necə gedə bilərəm. Ya bir yerdə gedəcəyik, ya da burda, bir yerdə döyüşüb, öləcəyik...
Osman – Bax, belə... Bu oldu kişi söhbəti... İndi oldun əsl azərbaycanlı, əsl şuşalı, əsl millət oğlu... vətəın oğlu... Gəl, yaxın gəl...

Osman tut arağından qədəhə süzür və Azərbaycan əsgərinə uzadır.

Azərbaycan əsgəri – Bu nağayrır ə...
Osman – Götür... İç...
Azərbaycan əsgəri – A kişi, sən kefsən ee... İçmək vaxtıdı?.. Güllə səslərini eşitmirsən?.. Süsən xala, bu nə görkəmdi?.. Bu kişi nə danışır?..
Süsən – Vallah, nə bilim, mən də sənin kimi...
Osman – Götür, ə... İç... Bu gün bizim qızıl toyumuzdu... İç... İç ki, toyumuz mübarək olsun...
Azərbaycan əsgəri – Ayə, ay Osman əmi...
Osman – Ayə, nə Osman əmi-Osman əmi salıbsan?.. İç deyirəm...
Azərbaycan əsgəri – A kişi, mən buraya işki içməyə gəlməmişəm?..
Osman – İç dedim sənə... Səhərdən burda erməni balası bizim şərəfimizə sağlıqlar deyib, içir, sən niyə içməyəsən?..
Süsən – İç oğlum, iç... Bu kişi bu gün dəli olub, ölüm gəlib qapının ağzını alıb, bu kef eləyir...
Osman – Süsən, Süsənim, mən dəli olmamışam, qoca sevgilim... mən öz evimdə kişi kimi kef eləyirəm. Qızıl toy eləyirəm...

Qapıya çırpılan təpiklərdən qapı laybalay açılır. İçəriyə bir neçə əli silahlı, saqqallı ermənilər daxil olur. Onların arasındakı alnında çapıq olan erməni bağırır.

Alnı çapıq erməni – Əllər yuxarı, əclaflar...
Azərbaycan əsgəri – (atəş açır). Al gəldi, it uşaqları...

Hər iki tərəfdən atəşlər yağdırılır. Güllə sədaları altında ətraf qaranlığa qərq olur. Güllə səsləri uzun müddət davam edir. Bir müddətdən sonra ətrafa sükut çökür.

Son.

26 – 31oktyabr, 2014-cü il.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: