Berlin Texniki Universiteti - Berlinin simvollarından biri

Berlin Texniki Universiteti - Berlinin simvollarından biri "Dünyanın təhsil mənzərəsi"

Berlin kosmopolit şəhərdir. Bu şəhərdə dünyanın müxtəlif ölkələrindən olan insanlar öz mədəni dəyərləri ilə şəhərin simasına al-əlvanlıq qatırlar. Berlin Texniki Universiteti bu şəhərin simvolarından biridir. Bu universitet dünyanın ən maraqlı şəhərlərindən birinin zəngin bir parçasını təşkil edir. Ümimiyyətlə, bu şəhərin 4 universiteti, dünyada məşhur olan Şarite universitet klinikası, İncəsənət universiteti, 7 texniki kolleci, 3 bədii koleci, 18 özəl universiteti, 60-dan çox elmi tədqiqat institutunda dünyanın müxtəlif ölkələrindən gəlmiş, eləcə də yerli müəllimlər, alimlər, tədqiqatçılar çalışırlar. Fraunqofera Cəmiyyəti, Helmholsa Assosiasiyası, Leybniça Assosiasiyası, Maks Plank Cəmiyyəti kimi nəhəng Milli Tədqiqat təşkilatları, Federal Təhsil Nazirliyinin 8 elmi tədqiqat institutu Berlinin elmə verdiyi dəyəri açıqlayır.


Bu şəhər təkcə universitet sektoruna ildə 1,5 milyard avro investisiya qoyur. Qeyd edim ki, bu investisiya əsas etibarilə elmi tədqiqatlara, gənclərin elmi işlərə marağının artmasına istiqamətləndirilir. Bu, Berlin üçün, eləcə də Berlin Texniki Universiteti üçün xarakterik haldır və təsadüfü mahiyyət daşımır. Universitetdə olduğumuz müddətdə əldə etdiyimiz məlumatlar çox oldu. Universiteti, eləcə də onu əhatə edən mühiti tədqiq etmək imkanı qazandıq. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Berlin Texniki Universiteti təhsil islahatları innovasiyaların geniş yayılması məqsədilə yaradılıb. Universitetin yaradılması tarixinə nəzər salaq. O Berlin Texniki Universiteti adını alana qədər zəngin inkişaf yolu keçib. XVIII əsrdə Prussiyada hakimiyyətdə olan II Kral Fridrix ölkədə elmin, təhsilin inkişafı istiqamətində əsaslı addımlar atdı. Təsadüfü deyil ki, məhz II Kral Fridrixin dövrü Prussiyada “maarifçi-mütləqiyyət dövrü” adlandırılır. 1740-1786-cı illərdə hakimiyyətdə olan II Kral Fridrix Prussiyada təhsil quruculuğuna verdiyi töhfələr, eləcə də senzuranı ləğv etməsi ilə də yadda qalıb. Müasir Berlin Texniki Universiti 1770-ci ildə Kralın əmri ilə yaradılmış və müxtəlif adlarla fəaliyyət göstərmiş Kral Arxitektura Akademiyası, Kral Biznes Akademiyası, Kral Dağ Akademiyasının, Berlin Ali Texniki Məktəbinin sələfidir. Bu akademiyalar zaman-zaman Avropada sənayenin, iqtisadiyyatın inkişafına öz töhfəsini verərək, dövrün tələblərinə cavab verən kadr hazırlığına nail olub. Akademiyanın məzunları Avropanın memarlıq inciləri sayılan bir çox tarixi binaların inşasına imza atıblar. Memar Karl Fridrix Şinkelin, Kristian V.Bayt kimi görkəmli şəxsiyyətlərin adı bu akademiyaların tarixindən keçir.
19-cu əsrdə Avropada sənayenin inkişafı bir sıra peşə sahələri üzrə mütəxəssis hazırlığının genişləndirilməsini tələb edirdi. Mühəndislik və dəqiq elmlər sahəsi üzrə mütəxəssislər də bu sırada idi. Buna görə də Berlində Texniki Universitetin yaradılması dövrün aktual məsələsi kimi qarşıda dayanmışdı. Nəhayət Prussiya kralı II Vilhelm 1899-cu ildə Berlin Kral Texniki Universitetinin yaradılması haqqında göstəriş verir. Bu universitet ölkədə elmlər doktoru dərəcəsi verən ilk universitet olacaqdı.
Araşdırmalar göstərir ki, Berlin Texniki Universiteti bu şəhərin Avropanın nəhəng sənaye şəhərinə çevrilməsində müstəsna rol oynayıb. Alman Mühəndislər Assosiasiyasının 1906-cı il hesabatında qeyd olunur ki, universitetin zamanın çağırışları səviyyəsində fəaliyyəti 19-cu əsr Berlinini “mənəvi mərkəz, texniki tərəqqi paytaxtı”, eyni zamanda multikultural şəhər kimi populyarlaşdırdı.

(ardı var)

Böyükağa MİKAYILLI

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: