Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub Bu yaxınlarda tanınmış gürcü alimi Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Elizbar Cavelidzenin Azərbaycanın klassik şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığı barədə “Füzuli” monografiyası Tiflisdə birgə şəkildə - gürcü və Azərbaycan dillərində nəşr olunmuşdur.


Bu monoqrafiya ilk dəfə Tiflisdə “Nakaduli” nəşriyyatı tərəfindən 1972-ci ildə gürcü dilində işıq üzü görmüşdür.

Monoqrafiyanı Azərbaycan dilinə araşdırmacı-tərcüməçi Mirzə Məmmədoğlu tərcümə etmişdir.
Onu da qeyd etmək lazımdlr ki, Mirzə Məmmədoğlu bundan öncə tanınmış gürcü alimi, iranşünas mərhim Konstantine Pağavanın “Mirzə Fətəli Axundov”“Nizami” monografiyalarını Azərbaycan dilinə çevirmişdir.
Dahi Füzulinin vəfatının 460-cı ildönümünə həsr olunan bi kitab onun tərcüməçisi və tərtibçisi olan Mirzə Məmmədoğlunun öz hesabına işıq üzü görmüşdür.

Gürcüstan Yazışıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Mirzə Məmmədoğlu ZiM.az-ın Gürcüstandakı müxbirinə bu barədə demişdir:

- Məşhur türkoloq, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Elizbar Cavelidze bu monoqrafiyanı yazmaqda məqsədi gürcü gəncliyini, ümumiyyətlə, gürcü oxucusunu XVI əsr Azərbaycanın məşhur sənətkarı, Şərqin böyük şairlərindən biri Füzulinin həyat və yaradıcılığı ilə tanış etmək olub. Azərbaycan ədəbiyyatının yaxın dostu olan, tərcüməçilik sahəsində məhsuldar işləyən bi alim “Dədə Qorqud” dastanını (Giorgi Şağulaşvili ilə birlikdə), “Oğuznamə”ni gürcü dilinə tərcümə etmişdir. Kitabda tanınmış gürcü alimi Apollon Silaqadzenin “Gürcü türkologiyasının lideri” adlı yazısı və XVIII əsrdə Füzulinin Gürcüstan Milli Əlyazmalar Mərkəzində saxlanılan gürcü transkripsiyası ilə yazılan qəzəli də verilib.

Kitabın təqdimatı yaxın vaxtlarda Nizami adına Ədəbiyyat İnstitutu ilə bir neçə il bundan əvvəl qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalayan Şota Rustaveli adına Ədəbiyyatşünaslıq İnstitutunda və kitabın müəllifi Elizbar Cavelidzenin işlədiyi və komissiyalardan birinə rəhbərlik etdiyi Gürcüstan Milli Elmlər Akademiyasında keçirilməsi planlaşdırılır.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: