Noyabrın 21-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” adlı layihə çərçivəsində çap olunmuş - müasir Azərbaycan şairlərinin gürcü dilinə tərcümə olunmuş şeirlərindən ibarət “Çağdaş Azərbaycan poeziyası” antologiyasının təqdimatı olub.
M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gürcüstan bölməsinin və Azərbaycan-Gürcüstan “Varlıq” Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi tədbirdə hər iki ölkənin yazıçı və şairləri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Muzeyin direktoru Leyla Əliyeva Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb, hər iki ölkənin şair və yazıçılarının əsərlərinin tərcümə olunaraq yayılmasının mədəni münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.
AYB-nin və “Varlıq” Mədəniyyət Mərkəzinin sədri Rafiq Hümbət deyib ki, antologiya gürcü dilinə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” adlı layihə çərçivəsində çapdan çıxıb.
“QHT Nəşriyyatı”nda 350 tirajla nəşr olunan kitabda ədəbi ictimaiyyətin yaxşı tanıdığı, müxtəlif ədəbi nəsilləri təmsil edən 22 Azərbaycan şairinin 100-dən çox əsərindən ibarət nümunələr yer alıb. Bu kitablar gənc nəslin poeziyaya marağının artmasında və yazarlarımızın tanımasında mühüm rol oynayır.
Nəşrin məsləhətçisi Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Millət vəkili, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, layihənin rəhbəri şair-publisist Dəyanət Osmanlıdır.
Şeirləri gürcü dilinə Neli Məmmədova, Zezva Medulaşvili, İmir Məmmədli, Oktay Kazımov, Anna Bartkulaşvili və Niha Zorzaneli tərcümə ediblər.
“Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı ZiM.Az-a bildirib ki, bu layihənin məqsədi müasir Azərbaycan şairlərinin xaricdə tanıdılması, Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrinin inkişafına kömək etməkdir. Çağdaş Azərbaycan poeziyası gürcü dilində antologiya halında çıxması ilk təşəbbüsdür və ədəbiyyatımızın qonşu və dost ölkə olan Gürcüstanın ictimai, elmi, ədəbi mühitində təbliğinə yönəlib.
Kitab Gürcüstanda kitabxanalara, mədəniyyət mərkəzlərinə və digər uyğun müvafiq ictimai qurumlara hədiyyə olaraq paylanacaq.
P.S.: Biz də “Çağdaş Azərbaycan poeziyası” antologiyasının bütün yaradıcı heyətini ürəkdən təbrik edir və yeni-yeni uğurlar arzulayırıq!..
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.