Müstəqillik dövrü hər iki ölkə üçün qarşılıqlı əməkdaşlıq baxımından geniş imkanlar açmışdır. Dövlət səviyyəsində həyata keçirilən çoxaspektli əlaqələr elmi qurumlar arasında da əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsinə və ölkələrin milli maraqlarına xidmət etməsinə münasib şərait yaratmışdır. Azərbaycan Milli Elmlər Akademiyası ilə Polşa Respublikası Elmlər Akademiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında imzalanmış yeni protokol ölkələrarası elmi əlaqələrin müasir inkişaf səviyyəsinin konkret əməli göstəricisidir.
Polşa Respublikasının paytaxtı Varşava şəhərində keçirilən Azərbaycan Milli Elmlər Akademiyası ilə Polşa Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi elmi əlaqələrin inkişafında yeni mərhələnin ifadəsi olmuşdur. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin və Polşa EA-nın prezidenti, professor Mixal Kleyberin imzaladıqları əməkdaşlıq protokolunda qarşılıqlı elmi proqramların, birgə layihələrin həyata keçirilməsi, konkret sahələr üzrə, xüsusən də astrofizika, geologiya, şərqşünaslıq, türkologiya, arxeologiya istiqamətlərində birgə fəaliyyətin təmin edilməsi, beynəlxalq miqyaslı tədbirlərin hazırlanıb həyata keçirilməsi məsələləri öz əksini tapmışdır. Mərasimdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan-Polşa elmi əlaqələrinin yenidən qurulmasının milli-mənəvi dəyərlər əsasında ölkəmizin Qərbyönümlü inkişafına və Avropanın Şərq tərəfdaşlığı proqramının uğurla həyata keçirilməsinə fayda verəcəyini bildirmişdir. Polşa EA-nın prezidenti, professor Mixal Kleyber AMEA ilə əlaqələrin böyük perspektivə malik olduğunu nəzərə çarpdırmışdır.
Varşavadakı Saziş imzalanma mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə və Polşa EA-nın prezidenti Mixal Kleyberə elmi əlaqələrin inkişafında uğurlu başlanğıca görə Azərbaycan Respublikası səfirliyinin təsis etdiyi fəxri medallar təqdim olunmuşdur. Akademiyalararası əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iştirak etmişlər.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Polşa EA-nın Astrofizika İnstitutunda və Geologiya İnstitutunda olmuş, həmin elmi qurumların rəhbərləri ilə qarşılıqlı əlaqələrə dair işgüzar söhbətlər aparmışdır. Geologiya İnstitutunun direktoru, professor Marek Levandovski elmi əlaqələrlə yanaşı, stajirovkaların, birgə ekspedisiyaların təşkilində də maraqlı olduqlarını ifadə etmişdir.
AMEA-nın nümayəndə heyəti Varşavada Azərbaycan səfirliyinin təşəbbüsü ilə keçirilən Azərbaycan-Polşa İkinci Beynəlxalq elmi konfransda da iştirak etmişdir. AMEA-nın prezidenti, akademik Akif Əlizadə Beynəlxalq elmi konfransda "Azərbaycan-Polşa elmi əlaqələri: keçmişdən gələcəyə, ənənədən müasirləşməyə" mövzusunda məruzə ilə çıxış etmişdir. Böyük maraqla qarşılanan məruzədə elmi əlaqələrdə tarixi təcrübəyə yaradıcı yanaşma ilə müasirləşmənin sintezinin əhəmiyyəti, o cümlədən Azərbaycan-Polşa elmi münasibətlərində yeni epoxanın yaratdığı imkanların dəyərləndirilməsi zərurəti diqqət mərkəzinə çəkilmişdir.
Beynəlxalq elmi konfransda Krakov Akademiyası Mədəniyyətşünaslıq İnstitutunun əməkdaşı Yanuş Smoluxanın "Uzun Həsən və Kazimir Yagellonçik: Polşa ilə Azərbaycan arasında ilk diplomatik əlaqələrin yaranması" məruzəsində ölkələrimizin hələ 541 il bundan əvvəl rəsmi şəkildə əlaqələr qurduğu aşkar olunmuş arxiv materialları ilə əsaslandırmışdır. Polyak alimlərinin Azərbaycan-Polşa əlaqələrinin tarixi və gələcəyi haqqındakı məruzələrində bir çox yeni və ciddi mətləblərdən bəhs edilmişdir.
Varşava Universiteti Türkologiya İnstitutunun direktoru, doktor Aqata Bareya-Stajinskanın "Türkologiya elmi yeni mərhələdə", Qdansk Universitetinin əməkdaşı Andrey Xodubskinin "Polşa-Azərbaycan əlaqələrinin əsas inkişaf meyilləri", Lodz Universitetindən Zoya Karkuşanın "XIX-XX əsrlərin kəsişməsində Lodz fabrikaçıları tərəfindən Azərbaycanda pambıq plantasiyalarının yaranma tarixi", Kopernik adına Torun Universitetindən Aqneska Bricin "Polşa-Rusiya münasibətlərində Azərbaycan" mövzularındakı məruzələrində tarixi ənənələrdən və müasir inkişafdan geniş söz açılmışdır.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin "Azərbaycan-Polşa əlaqələrində ədəbiyyat məsələləri", Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının "IX-X əsrlər ərəb mənbələri və erkən orta əsr Azərbaycanının tarixi-siyasi coğrafiya məsələləri", Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın "Arxeologiya və etnoqrafiya elmi müasir mərhələdə", Bakı Slavyan Universitetindən Məlahət Mustafayevanın "Azərbaycan və polyak dillərinin taleyində tarixi oxşarlıqlar", Ziyafət Qasımovanın "Müstəqillik dövründə Azərbaycanda dil və əlifba məsələləri", Varşava Universitetindən Şəhla Kazımovanın "Nizami Gəncəvinin "Xəmsə"sinə çəkilmiş illüstrasiyalar" və başqa məruzələr beynəlxalq elmi konfransın iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan-Polşa əlaqələrinə həsr olunmuş konfransın gələcəkdə humanitar sahə ilə yanaşı, təbiət və dəqiq elmlərin də əhatə etməsinin əhəmiyyətini nəzərə çatdırmışdır.
AMEA ilə Polşa EA arasında Əməkdaşlıq Sazişinin imzalanması və qarşılıqlı əlaqələrə dair beynəlxalq konfransın keçirilməsi ölkələrimizin elm sahəsində münasibətlərinin yeni mərhələsinin real ifadəsinə çevrilmişdir.
Ölkəmizin Polşa Respublikasındakı səfiri Həsən Həsənov Azərbaycan-Polşa əlaqələrinə həsr olunan beynəlxalq elmi konfransın hər il keçiriləcəyi və materialların çap olunacağı barədə məlumat vermişdir. Artıq Birinci Beynəlxalq Varşava konfransının materialları çap olunmuşdur.
Varşava Universitetinin konsert salonunda Azərbaycan və Polşa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı nümayiş etdirilmişdir.
Valeh RƏHİMLİ,
"Azərbaycan",
03 Dekabr 2013.
AMEA: Azərbaycan-Polşa elmi əlaqələrində yeni mərhələ
Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan Milli Elmlər Akademiyası ilə Polşa Elmlər Akademiyası (EA) arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.
AMEA prezidenti, akademik Akif Əlizadə və Polşa EA-nın prezidenti, professor Mixal Kleyberin imzaladıqları əməkdaşlıq protokolunda qarşılıqlı elmi proqramların, birgə layihələrin həyata keçirilməsi, konkret sahələr üzrə, xüsusən də astrofizika, geologiya, şərqşünaslıq, türkologiya, arxeologiya istiqamətlərində birgə fəaliyyətin təmin edilməsi, beynəlxalq miqyaslı tədbirlərin hazırlanıb həyata keçirilməsi məsələləri öz əksini tapmışdır.
Mərasimdə çıxış edən A.Əlizadə Azərbaycan-Polşa elmi əlaqələrinin yenidən qurulmasının milli-mənəvi dəyərlər əsasında ölkəmizin qərbyönümlü inkişafına və Avropanın Şərq tərəfdaşlığı proqramının uğurla həyata keçirilməsinə fayda verəcəyini bildirmişdir. Polşa EA-nın prezidenti, professor Mixal Kleyber AMEA ilə əlaqələrin böyük perspektivə malik olduğunu nəzərə çatdırmışdır.
Tədbirdə elmi əlaqələrin inkişafında uğurlu başlanğıca görə A.Əlizadə və M.Kleyberə Azərbaycan Respublikası səfirliyinin təsis etdiyi fəxri medallar təqdim olunmuşdur. Akademiyalararası əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iştirak etmişlər.
AMEA prezidenti Polşa EA-nın Astrofizika və Geologiya institutlarında olmuş, həmin elmi qurumların rəhbərləri ilə qarşılıqlı əlaqələrə dair işgüzar danışıqlar aparmışdır. Geologiya İnstitutunun direktoru, professor Marek Levandovski elmi əlaqələrlə yanaşı, təcrübə, birgə ekspedisiyaların təşkilinə də böyük əhəmiyyət verdiklərini ifadə etmişdir.
AMEA nümayəndə heyəti Varşavada Azərbaycan səfirliyinin təşəbbüsü ilə keçirilən Azərbaycan-Polşa II Beynəlxalq elmi konfransında da iştirak etmişlər. Konfransda AMEA rəhbəri “Azərbaycan-Polşa elmi əlaqələri: keçmişdən gələcəyə, ənənədən müasirləşməyə doğru” mövzusunda məruzə ilə çıxış etmişdir. Böyük maraqla qarşılanan məruzədə elmi əlaqələrdə tarixi təcrübəyə yaradıcı yanaşma ilə müasirləşmənin sintezinin əhəmiyyəti qeyd olunmuş, o cümlədən Azərbaycan-Polşa elmi münasibətlərində yeni dövrün yaratdığı imkanların dəyərləndirilməsi zərurəti vurğulanmışdır.
Beynəlxalq elmi konfransda Krakov Akademiyası Mədəniyyətşünaslıq İnstitutunun əməkdaşı Yanuş Smoluxanın “Uzun Həsən və Kazimir Yagellonçik: Polşa ilə Azərbaycan arasında ilk diplomatik əlaqələrin yaranması” məruzəsində ölkələrimizin hələ 541 il bundan əvvəl rəsmi əlaqələr qurduğu aşkar olunmuş arxiv materialları ilə əsaslandırılmışdır. Polyak alimlərinin Azərbaycan-Polşa əlaqələrinin tarixi və gələcəyi haqqındakı məruzələrində bir çox yeni və ciddi mətləblərdən bəhs edilmişdir.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycan-Polşa əlaqələrində ədəbiyyat məsələləri”, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının “IX-X əsrlər ərəb mənbələri və erkən orta əsr Azərbaycanının tarixi-siyasi coğrafiya məsələləri”, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın “Arxeologiya və etnoqrafiya elmi müasir mərhələdə”, Bakı Slavyan Universitetindən Məlahət Mustafayevanın “Azərbaycan və polyak dillərinin taleyində tarixi oxşarlıqlar”, Ziyafət Qasımovanın “Müstəqillik dövründə Azərbaycanda dil və əlifba məsələləri”, Varşava Universitetindən Şəhla Kazımovanın “Nizami Gəncəvinin “Xəmsə”sinə çəkilmiş illüstrasiyalar” və digər məruzələr beynəlxalq elmi konfransın iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. AMEA prezidenti Azərbaycan-Polşa əlaqələrinə həsr olunmuş konfransın gələcəkdə humanitar sahələrlə yanaşı, təbiət və dəqiq elmləri də əhatə etməsinin əhəmiyyətini nəzərə çatdırmışdır.
Ölkəmizin Polşa Respublikasındakı səfiri H.Həsənov Azərbaycan-Polşa əlaqələrinə həsr olunan beynəlxalq elmi konfransın hər il keçiriləcəyi və konfrans materialların nəşr olunacağını bildirmişdir.
http://www.science.gov.az/news/open/217
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.