MİLLƏTİN ZİYALISI XALQIN QAYMAĞIDIR

MİLLƏTİN ZİYALISI XALQIN QAYMAĞIDIR Camal Zeynaloğlu və onun “Baş tutmayan intihar” kitabı haqqında

Bir-birindən cazibədar, bir-birindən vüqarlı dağların əhatəsində məskən salmış Albalan kəndi füsunkar gözəlliyi, saf havası, zümrüd meşələri, Zəm-zəm bulaqları ilə həmişə diqqəti çəkib, nəzəri cəlb edib. Maraqlıdır ki, bu gözəllik, bu saflıq, bu təmizlik bu məkanda yaşayan insanlara da sirayət edib. Kəndin adamları da dağların havası kimi təravətli, bulaq suyu kimi saf, göz oxşayan dərələr kimi dərin, ormanlar kimi geniş ürəkli, yamyaşıl meşələr kimi qonaq-qaralıdırlar.

Bu elin-obanın övladlarından biri olan Camal müəllimlə tanış olandan onu da məhz bu cür tanımışam. Bu qəlbi dağların görkəmindəki vüqar-əzəmət, təbiətindəki doğmalıq, mehribanlıq, səmimiyyət bütünlüklə hopub onun şəxsiyyətinə, xarakterinə. Üstəlik bu elin-obanın füsunkar gözəlliyi, ab-havası, əsrarəngiz təbiəti öz ziyalı oğlunu həm də yazıçı edib. Hal-hazırda Camal müəllim Bakı şəhərində yaşayır və yazıb-yaradır.
Ötən əsrin birinci yarısında Səməd Vurğun, Mir Cəlal Paşayev, Hüseyn Arif, Musa Yaqub, Nüsrət Kəsəmənli və başqa böyük söz sahibləri qələm çalandan sonra paytaxta gəliblər. Çünki ataların belə dir məsəli var: “Balıq dəryada böyüyər”.

MİLLƏTİN ZİYALISI XALQIN QAYMAĞIDIR Bəli, Camal Zeynaloğlu ixtisasca dilçi olmaqla bərabər, gənc yaşlarından sözə, ədəbiyyata bağlanmış, ədəbi yaradıcılıqla da məşğul olmuşdur. Onun müxtəlif illərdə çap olunmuş kitablarında həyatımızın müxtəlif sahələrinə aid bədii yazılar öz əksini tapmışdır.
Qələm dostumuz Camal Zeynaloğlunun dərin, güclü müşahidəsi var. O, mövzuları adətən həyatdan alır. Ona görə də hamının ürəyindən xəbər verir. Camal müəllim deyir ki, yenicə işıq üzü görmüş “Baş tutmayan intihar” kitabının da mövzusunu bu günkü həyatımızdan götürüb.
Tarixçi filosof Polutarx deyir ki, insanın xarakteri heç də həmişə ən şanlı əməllərlə deyil, hər hansı bir kiçik hərəkətdə, sözdə və ya zarafatda açıla bilər. Camal Zeynaloğlunun da vətənpərvərliyi və xarakteri bu hekayələrdən, bu esselərdən açıq-aydın hiss olunur.

Dərindən düşünsək, bu qənaətə gələrik ki, hər bir insanın müqəddəs Vətən, Ana qarşısında bir mənəvi borcu olmalıdır. Bu borc Vətənə layiqli övlad olmaqdan, valideynlərə hörmətdən, həqiqi sədaqətdən ibarətdir. Camal Zeynaloğlunun yaşadığı keşməkeşli tale, yurd, Vətən həsrətindən dolayı dərdli bir yazar taleyidir. Onun bu kitabdakı dərd yükündən yoğrulan kədərli hekayələri bəzən insanı göz yaşlarına bələyir. Amma eyni zamanda onun haray çəkən o dərdli hekayələrində ümid işğı vardır. Şairin qəmli könül pıçıltıları Vətən, Yurd həsrətli el-obanı qisasa haraylayır, intiqam savaşına səsləyir. Onun Yurda, Vətənə, Qarabağa aid olan hekayələrinin əksəriyyətində “Vətən” məfhumu məhz Azərbaycan kimi mənalandırılaraq qavranılır, bütövlükdə Azərbaycan anlamını daşıyır.

Camal Zeynaloğlu “Baş tutmayan intihar” kitabında dövrünün əyər-əksiklərinə, zamanın və dünyanın ədalətsizliklərinə dözə bilmir və onu tənqid atəşinə tutur. Dünya haqqında demək olar ki, əksər şairlərimiz, yazıçılarımız yazıb və dünyanın düz olmadığını, ədalətsiz olduğunu, haqdan çox nahaq hadisələr olduğundan şikayətlənir. Bu barədə Camal Zeynaloğlunun da dünyanın mizan tərəzisinin düz olmadığını kitabında qeyd edir.
Bəli, haqqı deyəndə, haqsız da Allahın ətəyindən yapışır. Allah da yəqin ki, haqqa üstünlük verəcək. Deməli, gör nə qədər haqsız Allah ətəyindən yapışıb ki, ətək cırılıb. Buradan başqa bir məna da çıxır ki, Allahın daha ətəyi qalmayıb ki, haqlar ondan yapışsın. Hə qədər gözəl bir deyimdir.
Camal Zeynaloğlunun yaradıcılığı çox rəngarəngdir. О, nədən yazmayıb ki. О, kasıb yaşamaqdan, millətin pis gündə yaşamağını qələmə alanda, adama elə gəlir ki, о, mənim həyatmı yazıb. Yazıçı da borc alıb yaşayır, mən də. Ancaq bir fərqi var, yazıçı kimdənsə borc alır, onu verə bilməyəndə borcu verən adam qapını döyür, ona görə borc verəndən gizlənmək üçün «evinin iki qapısı var», digər qapı borc istəyənin əlindən qaçmaq üçündür. Yazıçı qardaşım, biz- şəhərdə yaşayanlar da borcla dolanırıq, ancaq biz (yəni, mən) heç kəsdən borc almıram, yalnız banklardan kredit alıb, aybaay kreditlərin pulunu ödəməklə məşğuluq. Yazıçıyla ziyalı - ikisi də bir gündədir.
Camal Zeynaloğlu о qədər Vətənini, Аzərbaycanı sevən bir yazıçıdır ki, hətta nə doğulduğu Albalan kəndini, nə də boya-başa çatdığı Alar kəndini unutmur. Camal müəllimin yaradıcılığının əsas qayəsini insanın psixoloji aləmi, hazırkı durumu və sabaha olan ümidi təşkil edir. O, bütün əsərlərində insanları hər şeydən öncə, xeyirxah əməllər görməyə, vətənpərvər olmağa səsləyir. İnsanlıq - Camal müəllimin yaradıcılığının əsas leytmotividir. Dahi filosofumuz Asif Ata deyirdi: “Bəşərin nicatı insanlaşmaqdadır. İnsanlaşın - İnsanlaşdırın!!!”
Məhz bu baxımdan Camal Zeynaloğlunun yaradıcılığında insan - insanlaşmaq həmişə ön planda durur.

Camal müəllimin yaradıcılığı ilə tanış olduqda başqa fərqli cəhətləri mücbət mənada çox gördüm. Onun yaradıcılığında - hekayələrində sevgi-məhəbbət, Vətən sevgisi, el sevgisi, xalq sevgisi ilə yanaşı xalqı haqqa, ədalətə, imana, vicdanı təmizliyə və paklığa çağırır.
Onun yaradıcılığında haqsızlıqların səbəbini dünyanın düzəninin pozulmasında görür. Sonra yazıçı danışır ki, dünya həmin dünyadır, dövr edə-edə yaşayır. Yəni, dünya elə də dəyişməyib - əvvəlki kimi yazdan sonra yay gəlir, yaydan sonra payız və nəhayət qış gəlir. Bu dünya demək olar ki, düşündüyümüz kimi pis tərəfə dəyişməyib. Sonra yazıçı düşünür ki, bütün dünyanı idarə edən bir qüvvə var ki, о da Allahdır. Tanrı adildir, haqdır, ədalətlidir. Lakin ədalətsiz insanlar, haqsızlar və yalançılar çox olduğundan – hamı Allahın ətəyindən tutublar (özləri isə heç bir fəaliyyət göstərmirlər). Sonda, «Allahın ətəyi cırıldı, getdi»…
Camal müəllim! Əfsus ki, gənclərimiz bir parça çörək qazanmaq ucbatından indi kitab az oxuyurlar. Ancaq mən əminəm ki, gələcəkdə gənclərimiz sizin və başqa şair və yazarlarımızın əsərlərini oxuyacaqlar. Ona da inanıram ki, sizin dövrünüzdə yaşayan bir çox ədəbi əsərlərimizə bu millət heykəl qoyacaq. Ümumiyyətlə, ziyalı xalqın düşünən beynidir və xalqı qabağa aparandır. Millətin ziyalısı həmişə bir xalqın, millətin qaymağı sayılıb. Və ziyalılar içərisində şairlərin, yazıçıların xüsusi yeri var. Mən belə ziyalıların yüksəkdə duranın birini də - Camal Zeynaloğlunu da böyük ziyalı sayıram.
Mən Camal müəllimin “Tanrı cəzası” (2010), Aqata Kristinin “Baş nazirin oğurlanması” adlı tərcümələr toplusu (2011), “Həqiqət işığında” (2012), “Nakam məhəbbət” (2013), “Ölüm doğmalığı” (2013), “Talelər dünyası” (2013), “Paslı qılınc” (2014), “Gecikmiş sevgi” (2014), “Qarabağ dərdi - erməni vandalizmi” (2014), “Xeyirxah əməllər yolçusu” (2015), “Ağrılı düşüncələrim” (2015), “Qəfil döyülən qapı” (2015), “Xəyalındakı ağ yaylıqlar” (2015) və “Baş tutmayan intihar” (2015) kitablarını çap edən bir naşirəm. Bütün bunlarla yanaşı, həm də yazıçının son kitabı haqqında öz fikirlərimi sizinlə bölüşməyi özümə borc bildim.

Əziz ədəbiyyat sevərlər! Camal Zeynaloğlu mənim üçün bir Haqq yazarıdır. О, xalqına Tanrını, haqqı və imanı tanıtdıran yazar kimi həmişə bizlərin yadında qalacaq və gələcək nəsillərimiz onun yaradıcılığından bəhrələnəcəkdir. Sizə bu haqq yolunuzda və ədəbi yaradıcılığınızda böyük uğurlar arzulayıram, Camal müəllim!

Süleyman MUSTAFAOĞLU,
naşir-publisist
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: