Elçin Hüseynbəyli: "Kür qırağının əcəb seyrəngahı var, yaxud Vaqif Səmədoğlu ilə üç gün"

Elçin Hüseynbəyli: "Kür qırağının əcəb seyrəngahı var, yaxud Vaqif Səmədoğlu ilə üç gün"
Böyük şairimiz,
böyük qağamız
Vaqif Səmədoğlunun
anım günündə
mən də onu
bu məqaləm ilə
yada salmaq istədim.
Ruhu şad olsun!



“Kitabını oxudum (“Balıq adam” romanını nəzərdə tuturdu), yaxşı yazırsan, yazmağa haqqın var.” Bu sözləri Vaqif Səmədoğlu Azərbaycan Yazıçılar Birliyində, Anar müəllimin kabinetində mənə dedi. O zamandan bizim isti münasibətlərimiz başladı. Mən Vaqif Səmədoğlunu tanıyırdım, İndi isə o maəni tanımışdı. Həm də hər ikimiz Katibliyin üzvüydük. O, Ağsaqqallar Şurasının sədri, mənsə Gənclər Şurasının...
2008-ci ildə biz Qərb bölgəsində Mahmud Kaşğari Fondunun xəttilə bir layihə həyata keçirirdik. Ona görə də təxminən bir həftə oralarda olduq.
Qazaxda günorta nahar edərkən Vaqif müəllimin Bakıda bizə verdiyi qonaqlığı xatırladıq və şair-deputatımıza zəng edib, «Vaqif müəllim, deputat qonaqlığınızdan ötrü nostalji hisslər keçiririk»-dedim. İş burasındadır ki, bir müddət öncə, Azərbaycan Yazıçılar Birliyindən çıxarkən Vaqif müəllim «Elçin, hara gedirsiniz?»- deyə xəbər aldı. Mən də zarafatyana cavab verdim ki, «Elxanla cavanlıq eləməyə gedirik». «Bəlkə mən də sizə qoşulum?»-Vaqif Səmədoğlu dedi. Ünlü şairimizin bu fikri ikimizində ürəyimizdən oldu və Elxan Zalın təbirincə desək, «qağamızın» maşınına oturduq və şəhərin mərkəzindəki restoranlardan birinə gəldik. «Vaqif müəllim, bəlkə başqa yerə gedək. Buralar bizlik deyil»-dedim. «Elçin, mən sizə şair yox e, deputat qonaqlığı verəcəm». Və indi üstündən bir müddət keçəndən sonra mən həmin qonaqlığa işarə edirdim. Söhbət süfrəylə yox, Vaqif Səmədoğlu ilə təmasa ehtiyacdan gedirdi. O da başa düşdü. «Hardasınız?»-telefonun o başından Vaqif müəllimin təbəssümlü səsini eşitdim. Qazaxda olduğumuzu biləndə: «Sabah axşam ordayam»-dedi və dediyi vaxtda da gəldi.
«Sabahdan Kür qırağına gedək, qoy Elçin bizim yerlərin ruhunu duysun, havasını udsun», -Vaqif müəllim təklif elədi. Həmin gündən, belə demək mümkünsə, vaqifli günlərimiz başladı. Özü də nə başladı. Təbiət qoynunda, Kür qırağında söhbətlər, qonaqlıqlar…Uşaqlıq və məktəb dostu Anar, böyük qardaşı və sirdaşı Yusif Səmədoğlu, «əmi» deyə müraciət etdiyi Rəsul Rza, Ənvər Məmmədxanlı ilə bağlı xatirələr çözələndi.
Biz «Poylu» körpüsündən keçib, Qarayazı səmtə gəldik və dayandıq. Bu səfərdə bizi Vaqif müəllimin bu yerlərin gözəl oğlu hesab etdiyi Qasım müəllim müşaiyət edirdi. Kür qırağında özünü 58 yaşlı kimi qələmə verən, əslində isə yeddi onilliyi qara kürəyinin arxasında qoyan Fərhad kişi və yaxınları ocaq çatıb, qazan asmışdılar, Vaqif müəllimin görüşünü səbirsizliklə gözləyirdilər. «Siz gələn yollara qurban olum» – Fərhad kişi dedi və hamının boynunu qucaqladı. Sonradan bildik ki, Fərhad kişi Elxan Zalın yaxın qohumuymuş. Necə deyərlər, «oğlumu axtarırdım, dostumu tapdım».
Elçin Hüseynbəyli: "Kür qırağının əcəb seyrəngahı var, yaxud Vaqif Səmədoğlu ilə üç gün" Mən Kürün qırağına çıxdım. Vaqif müəllim: «Elçin, uzağa getmə ha, burada canavarlar var»-dedi. Bilmirəm, ustad sənətkarımız bunu zarafatla, yoxsa ciddi söylədi. Mən dedim ki, «Kür qırağında yatmaq istəyirəm». Palaz, döşəkçə gətirdilər. Kür qırağında uzanıb, suyun həzin nəğməsindən, sudan qopan küləyin nəmli dadından xoşhallandım, bir zaman Araz qırağında quzu otararkən, bax beləcə uzanıb, suyun səsinə qulaq asdığımı xatırlayıb yuxuladım. Uzaqdan isə Səmədoğlunun Elxana zarafatyana dediyi və ümumi gülüşlə qarşılanan sözlərini eşitdim: «Ə, Elxan, onu qoyma e, yatsın. Birdən Elçini bada verərik? Canavar yeyər, sonra deyərlər ki, qazaxlılar qarabağlılardan Vaqifin hayfını aldılar…»
Oyananda hamı süfrə başında oturub, Vaqif müəllimin xatirələrini dinləyirdi. Ən çox xatırlanan mərhum Yusif Səmədoğluydu. Qasım müəllim Yusifdən danışanda gözləri dolurdu. Vaqif müəllim dostunun ovqatını başqa səmtə yönəltmək üçün söhbəti dəyişdi və uzaq Leninqrada apardı:
«Bizi Leninqrada Səməd Vurğun poeziya gününə dəvət eləmişdilər. Rəsul əmi məni də aparmışdı. O zaman İosif Brodskinin vətəndən qovulan vaxtlarıydı. Leninqrad yazıçılar birliyinin rəhbəri Orlov mənə də söz verdi. Mən də təklif elədim ki, Piter şairlərinin, eləcə də Brodskinin sağlığına içək. Hamı çaşdı, bir-birinin üzünə baxdı. Mən də əlavə elədim ki, «ayaqüstə içək». Məcbur olub ayağa durdular. Tədbirdən sonra Rəsul əmiyə dedim ki, deyəsən, düz eləmədim axı. O da hirsli-hirsli cavab verdi ki, «düz eləmədin, ancaq əcəb elədin!»
Elxan Zal Kür qırağının gözəlliyindən, Səmədoğlunun xatirələrindən vəcdə gəlib: «Qağa, söz verirəm ki, bu görüşümüzdən bir poema yazacam, adını isə «Qarağacın altında bir gün» qoyacam»-dedi. Əslində isə altında oturduğumuz ağac vəhşi qovağıydı. Amma fərqi nəydi ki, kölgəsi qarağacınkı kimiydi.
Saloğluda vaxtımız başa çatırdı. Səhəri gün Vaqif müəllimin məktəblərdə görüşü vardı. Daha doğrusu, sentyabrın 15-də o, bir neçə məktəbin açılışında olmalıydı. Ona görə də Qazağın «Olimpiya» kompleksinə tələsdik. Ölkəmiz kimi Qazax da yenidən qurulurdu. Vaqif müəllimin və bizim qaldığımız bu kompleks zövqlə tikilmişdi, xidmətinə də söz ola bilməzdi. Kotejlərin eksteryeri və interyeri zövqlə işlənib, müasir avadanlıqlarla təchiz olunmuşdu. Rayonun «Diqnostika mərkəzi», «Planetari» adlanan «Heydər Əliyev sarayı», «Rəsm qalereyası» göz oxşayırdı…Qazaxda ziyalılarla, mədəniyyət və ədəbiyyat adamları ilə maraqlı görüş keçirdik. Bu yerlərin ən tanınan şairi Ələddin İncəlinin kitab çapının çətinliyilə bağlı kövrək etiraflarını dinlədik.
Sentyabrın 15-də məktəblərin açılışından sonra ustad şairimiz, lətifələri dillər əzbəri olan Hüseyn Arifin «Ev muzeyi»nə gəldik. Yazıçılar Birliyinin Qazax filialının sədri Barat Vüsalın da iştirak etdiyi məclisdə saz çalındı, söz deyildi, Hüseyn Ariflə bağlı xatirələr dinlənildi. Vaqif Səmədoğlu bir əhvalat danışdı: «Bu evi rəhmətlik Hüseyn qağa özü tikdirib. Bir dəfə burada möhkəm yeyib-içəndən sonra Hüseyn qağa yatdı, mənsə gündəliyimə qeydlər eləməyə başladım. Bir də gördüm ki, qağa yorğanın altından mənə baxır, axırda yorğanı üzündən götürdü və dedi: «a başı batmış, yenə də yazersanmı? Yaz, yaz, tarixdi».
Bizim Vaqif Səmədoğlu ilə günlərimiz də tarix idi.
Bakıya qayıdanda mən səmədoğluların səxavətini, qazaxlılara xas mərdliyini, şirinliyini daha çox hiss elədim. Tovuzun çıxacağında nahar elədik, Vaqif Səmədoğlu ofisiantı öz əliaçıqlığı ilə sevindirdi. Səhərisi günü Yevlax körpüsündən keçəndən sonra Səmədoğlu maşını mühafizəçi polislərin yanında saxladı və «naruşeniya eləmədik ki?»-deyə soruşdu. «Xeyr, ağsaqqal»- mühafizəçi cavab verdi. Səmədoğlu cibindən pul çıxarıb, «günorta nahar eliyərsiniz» dedi və onların tərəddüdlərinə baxmayaraq, istəyini yerinə yetirdi. Oradan uzaqlaşandan sonra: «Ay Elçin, körpümüzü qoruyurlar dana»-dedi. Mənsə: «Səxavətiniz artıq olsun»-cavabını verdim…
Hacıqabula çatanda Miryusif adlı bir dostu ilə görüşdü və süfrə zamanı üzünü ona tutub dedi: “Miri, indi qoyun-quzunun dağdan düşən vaxtıdır. Yaxşı bir erkək tap. Tapdı da. Onu kəsdirib pay elədi və dirəndi ki, bunun çox hissəsi sənindi.” Mən nə illah elədimsə də xeyri olmadı: “Sizin o xalq şairiniz var ha, Səməd Vurğun, bilirsən nə deyirdi? Deyirdi ki, kişi evdən çıxdı, geriyə dönəndə əilndə ət, cibində pul qayıtmalıdır...”
Mən heç nə demədim. Çünki qağam cibimizə pul da qoymuşdu.
Sonra xeyli tədbirdə və qonaqlıqlarda olduq. Onun 70 illiyini Yazıçılar Birliyində qeyd elədik və banket zamanı nədənsə üzünü mənə tutub dedi: “Elçin, bunlar məni elə tərifləyirlər ki, birdən inanaram e!”
Vaqif müəllimin xəstə yatan vaxtlarıydı. Tez-tez İzrailə müalicəyə gedirdi. Telefonuna zəng çalanda da, telefonu əsasən həyat yoldaşı Nüşzbə xanım götürürdü. Elə onun vasitəsylə hal-əhval tutrdum.
Bir dəfə “Ulduzda” öz otağımda oturub yazırdım. Qapım da, adətən həmişə açıq olurdu. Hiss elədim ki, qapıya gölgə düşdü, yəni kimsə gəldi. Başımı qaldırmadım ki, cümləni qurtarıb nöqtəni qoyum. Gələn adam da səsini çıxartmır. Birdən Qulu Ağsəs gəldi və dedi ki, “başını bir qaldır gör, kim gəlib da!” Başımı qaldırdım, gördüm ki, Vaqif qağa qapıda dayanıb. Tez ayağa durdum, öpüşüb-görüşdük.
Vaqif müəllim: “Bilirsən bura niyə gəlmişəm, gəlmişəm ki, iki baş redaktora – İntiqamla sənə qonaqlıq verim. Çünki mən xəstə yatanda yanıma çox gəlib getdiniz.” Qağanın qumorunu başa düşdüm və dedim ki, “ay qağa, gəlməsək də həmişə hal-əhval tutmuşuq. Nüşabə xanım da deyib ki, yaxşısan, istirahət eliyirsən”. “Zarafat eliyirəm, -dedi, gəlmişəm Anarın yanına, deyirəm ki, ay Anar, gəl uşaqları da götürək gedək nahar eliyək. Nəcavab versə yaxşıdı, deyir ki, Vaqif, otu, bir saat 4-ə kimi söhbət edək, sonra gedərik (Anar müəllim adətən həmin vaxt işdən çıxır. - E.H). Deyirəm ki, ay Anar, biz səninlə 70 ildir ki, söhbət edirik, indi nədən danışacağıq?”.
Nəysə deyə-gülə restorana gəldik. Yeyib-içəndən sonra, sən demə hesabı xəlvətcə İntiqam müəllim verib. Vaqif müəllim bunu biləndə etiraz elədi. İntiqam müəllim də dedi ki, “ay qağa, hesabə həmişə sən verirsən, bir dəfə mən verəndə nə olar ki?”
Onda Vaqif müəllim təklif elədi ki, yaxınlıqdakı “Hilton” otelində gedək, orada adama bir əlli-əlli kjonyakla qəhvə içək.”
Belə də oldu. Vaqif müəllim hesabı verəndən sonra (hesab həddən artıq yüksək idi) özünxas yumor hissi ilə dedi: “Uuuşaqlar, sizə məsləhət görürəm ki, birdə belə yerlərə gəlməyəsiniz...”
Vaqif Səmədoğlu söhbətlərimizdə Hüseyn Ariflə bağlı xeyli maraqlı xatirə danışıb.
Amma sözü uzatmaq istəmirəm...
Elçin Hüseynbəyli: "Kür qırağının əcəb seyrəngahı var, yaxud Vaqif Səmədoğlu ilə üç gün"
Tanrı böyük şairimisə, böyük qağamıza rəhmət eləsin! Qəbri işıqlı-nurlu olsun!!!


Elçin Hüseynbəyli
Qazax-Bakı,
fevral 2019


ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: