Salidə Şərifova: Azərbaycan ədəbiyyatşünaslığı: əsas tədqiq obyektləri və tədqiqat istiqamətləri (2014-cü ilin materialları əsasında) -II Məqalə

Salidə Şərifova: Azərbaycan ədəbiyyatşünaslığı: əsas tədqiq obyektləri və tədqiqat istiqamətləri (2014-cü ilin materialları əsasında) -II MəqaləŞərifova Salidə Şəmməd qızı
filologiya elmləri doktoru,
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami adına Ədəbiyyat İnstitutu


Azərbaycan ədəbiyyatşünaslığı: əsas tədqiq obyektləri və tədqiqat istiqamətləri (2014-cü ilin materialları əsasında)

II Məqalə


Müdafiə olunmuş dissertasiya işlərinin təkrar nəşrinə aid Aygün Bağırlının “Səməd Vurğunun nəzəri-estetik görüşlərində klassik irs problemi”, Ramil Əliyevin “Türk mifoloji düşüncəsi və onun epik transformasiyaları (Azərbaycan mifoloji mətnləri əsasında)”, Təranə Abdullayevanın “Azərbaycan ədəbi fikrində qərbçilik meyilləri” monoqrafiyalarını xüsusi qeyd etmək lazımdır. Aygün Bağırlının “Səməd Vurğunun nəzəri-estetik görüşlərində klassik irs problemi” monoqrafiyası müəllifin 25 iyun 2010-cu ildə Nizami adına Ədəbiyyat İnstitutunun D.01.131 Dissertasiya Şurasında müdafiə etdiyi namizədlik dissertasiyasının monoqrafik nəşridir. Sosrealizmin ənənələri toxunulmamış qalan monoqrafiyada S. Vurğunun fəaliyyətinin müxtəlif sahələri geniş elmi tədqiqata cəlb edilmiş və ədəbi-tənqidi görüşləri, elmi nəzəri irsinin klassik ədəbiyyat irsi ilə bağlılığı tədqiq edilmişdir. Ramil Əliyevin “Türk mifoloji düşüncəsi və onun epik transformasiyaları (Azərbaycan mifoloji mətnləri əsasında)” monoqrafiyası 28 mart 2008-ci il tarixində “Türk mifoloji düşüncəsi və onun epik transformasiyaları (Azərbaycan mifoloji mətnləri əsasında)” müdafiə etmiş olduğu doktorluq işinin monoqrafik nəşridir. Monoqrafiyada mif-əfsanə keçidinin semantikasının aşkarlanması, inkarnasiya, renkarnasiya problemlərinin totemizmlə bağlılığı açıqlanmışdır. Təranə Abdullayevanın “Azərbaycan ədəbi fikrində qərbçilik meyilləri” monoqrafiyası müəllifin 2007-ci ildə müdafə etmiş olduğu “XX əsrin əvvəlləri Azərbaycan ədəbi-bədii fikrində Qərbçilik meyilləri” adlı namizədlik işinin monoqrafiya kimi nəşridir. Monoqrafiyada XX əsrin əvvəllərində Azərbaycan ədəbi-fikir tarixində Qərbçilik meyillərinın ayrı-ayrı problemləri tədqiq olunur.
2014-cü ildə 5 məqalələr toplusu nəşr edilmişdir, o cümlədən:
- Ədəbi prosesin müasir problemləri kontekstində və elmi-nəzəri, metodoloji istiqamətdə məqalələri təqdim edən, XIX əsr, XX əsrin əvvəlləri, sovet dövrü ədəbiyyatının öyrənilməsinin yeni metodoloji aspektləri və nəzəri-metodoloji kоnsepsiyalarını tədqiq edən Təyyar Salamoğlunun “Azərbaycan ədəbiyyatının müasir problemləri” məqalələr toplusu;
- Müdriklik mücəssəməsi Heydər Əliyev fəaliyyətini işıqlandıran, H .Əliyev, F. Xoyski, M.Ə. Rəsulzadə, C. Cabbarlı kimi şəxsiyyətlərin istiqlal işığında xidmətlərini dəyərləndirən, Cabbarlı dünyasına nəzər salan, Azərbaycan ədəbiyyatşünaslığa töhfə vermiş Şəhriyar, C.X. Hacıyev, A. Zeynalov, İ. Ağayev, V. Quliyev, N. Şəmsizadə, V. Arzumanlı və digər ədiblərin ədəbi portretlərini tədqiq edən Asif Rüstəmlinin struktur baxımından ədəbi portretlərdən ibarət “Müdriklik mücəssəməsi” məqalələr toplusu;
- İsa Muğannanın yaradıcılığının birinci mərhələsinin “Məşhər”lə tamamlanmasını açıqlayan, “İdeal”a keçidlə ədibin yaradıcılığında yeni mərhələnin yaranmasını göstərən, C. Məmmədquluzadə və altmışıncılar nəsli arasında İ. Hüseynovun körpü funksiyası daşıdığını vurğulayan, İ. Hüseynovun əsərlərindəki gərginliklərin lirizmlə müşahidə edilməsini təsvir edən Şəmil Sadiqin tərtib etdiyi “Ölümdən sonrakı həyat” məqalələr toplusu;
- “Heydərəliyevşünaslığa layiqli töhfə” və “Müdrikliyin zirvəsi” məqalələrində milli siyasi-ideoloji amilləri açıqlayan, dövlətçiliyimizin milli ənənələrinə münasibət bildirən, B. Nəbiyevin “Heydər Əliyev haqqında etüdlər” məqaləsi traktat nümunəsi kimi təqdim edilən, Heydər Əliyevin ədəbiyyat bilicisi və təbliğatçısı olmasını göstərən, “Şeirşünaslığın bəzi məsələləri” məqaləsində şeir dilinin milli dil qanunları zəminində reallıq tapmasını müəyyənləşdirən, “Bədii əsərin məzmun və forması” məqaləsində janrın çərçivə, model, forma müəyyənliyini əsas götürən, əsərin məzmununda tipikliklə naturalizmin fərqlərinə varan, bədii əsərlərin formasını vəzn və janrlarla bərabər, təsvir və ifadə vasitələrinə malik olmasını isbatlayan, Azərbaycan roman janrının inkişaf yoluna konseptual yanaşma tərzi ilə yanaşan, müəllifin özünün bir tədqiqatçı alim kimi tanıdılması məqamlarını incələyən Himalay Ənvəroğlunun (Qasımov) “Ədəbiyyatşünaslıq problemləri ədəbi-nəzəri düşüncə müstəvisində” məqalələr toplusu;
- “Sənətin sultanı”, “Yetmiş yaşlı cavan”, “Ölümdən əvvəl «Qətl günü»”, “Aşıq Pərinin azad ruhu” və digər sərlövhəli maraqlı məqalələrində XX əsrin tanınmış mədəniyyət, görkəmli incəsənət xadimlərini, korifey sənətkarları, bənzərsiz sənət adamlarını dəyərəndirən Təranə Vahidin “Doxsan imza. Mədəniyyət yazıları silsiləsi” məqalələr toplusu.
Məqalələr toplusunun nəşrinə aid əsərlər arasında Şəmil Sadiqin tərtib etdiyi “Ölümdən sonrakı həyat” və Təyyar Salamoğlunun “Azərbaycan ədəbiyyatının müasir problemləri” məqalələr toplularını xüsusi vurğulamaq lazımdır.
Şəmil Sadiqin tərtib etdiyi “Ölümdən sonrakı həyat” məqalələr toplusunda İsa Muğannanın vəfatından sonra müxtəlif qələm sahiblərinin xatirələri əsasında qələmə alınmış məqalələr toplanılmışdır. Akademik İsa Həbibbəylinin “İsa Hüseynovdan İsa Muğannaya: Axırıncı əlyazma və bütöv dünya” ön söz yerinə olan məqalədə, Nizami Cəfərovun “Biz dünyadan gedər olduq”, Şəmil Sadiqin “İsa Muğanna ilə son söhbətim”, Sabir Rüstəmxanlının “O, bizim gəncliyimizin idealı idi”, Tahirə Məmmədin «Muğannanın Ün-ü və “GürÜn”ü», Rüstəm Kamalın “İsa Muğanna kim idi?”, Nazim Muradovun “İsa Hüseynov (İsa Muğanna)”, Orahan Arasın “Hakikat cümle alemdedir” və digər müəlliflərin məqalələrində Xalq yazıçısının ölümündən sonra verilən ədəbi qiymət kimi əhəmiyyət kəsb edir.
Təyyar Salamoğlunun “Azərbaycan ədəbiyyatının müasir problemləri” kitabı altı fəsil (Ədəbiyyat tarixi; Ədəbiyyatşünaslıq; Çağdaş ədəbi proses; Ədəbi tənqid tarixi; Türk xalqları ədəbiyyatı; Publisistika) və ədəbiyyat tarixi, ədəbiyyatşünaslıq, ədəbi tənqid tarixi, çağdaş ədəbi proses, türk xalqları ədəbiyyatı və b. sahələr üzrə 1987 - 2014-cü illər arasında qələmə alınmış 54 məqalədən ibarətdir. Məqalələr Azərbaycan ədəbiyyatı tarixinin 3 əsrini (XIX-XXI əsrlər) əhatə edir. Məqalələrdə Q.B. Zakir, M.F. Axundzadə, M.Ə. Sabir, A. Şaiq, S. Mənsur, M.C. Paşayev, İ. Əfəndiyev, İ. Hüseynov və digər ədiblər Azərbaycan ədəbiyyatının ən yeni mərhələsində analitik müstəviyə gətirilir, ədəbi prosesin müasir problemləri kontekstində təqdim edilir.
Qeyd etmək istərdim ki, Təyyar Salamoğlunun “Azərbaycan ədəbiyyatının müasir problemləri” məqalələr toplusu təəssüf ki, yalnız müasirliyi təbliğ etmir. Ədəbiyyat tarixinə aid məqalələr toplusunda qismən də olsa əksini tapmışdır. Bu baxımdan məqalələr toplusunun adı ilə məzmunu arasında vəhdətin olmaması özünü ilk növbədə göstərir. Bu uyğunsuzluğu müəllifin səhvi kimi dəyərləndirməliyik. Çünki məqalələr toplusunun əhatə dövrünü nəzərə alıb, adını geniş vermək olardı. Nəşr edilmiş kitab hansı dövrləri əhatə edirsə, kitabın adında da o dövrün tədqiq olunması özünü əks etdirməlidir.
Təəssüf hiss ilə qeyd etməliyik ki, 2014-cü ildə qələmə alınmış monoqrafiya və kitab müəllifləri arasında digər müəlliflərin əsərləri əsasında öz imzaları ilə kitabların formalaşdırılması ənənəyə çevrilmişdir. Bu da müəlliflərin müəllif hüquqlarının pozulması kimi dəyərləndirilməlidir. 2014-cü ildə 6 belə kitab nəşr edilmişdir, o cümlədən:
- XX əsrin əvvəllərində ədiblərin yaradıcılığındakı əfsanə və rəvayətləri, əfsanə və rəvayət təmayüllü hekayəçilik ənənəsini 20-50-ci illərdə dəyişikliklərə uğrayaraq davam etdiyini göstərən, 1960-cı illərdən başlayan yeniləşmə hərəkatında əfsanə və rəvayət mövzusuna yeni məzmunda yanaşmanı əks etdirən A. Şaiqin, S. Hüseynin, S.S. Axundovun, S. Rəhimovun, S. Axundovun, M. Abbaslının, İ. Əfəndiyevin, M. Hüseynin, Ə. Məmmədxanlının, İ. Şıxlının, Ə. Cəfərzadənin, R. Rzanın, M. İbrahimovun, S. Behrəngin, Elçinin əfsanə və rəvayət mövzusunda yazdıqları hekayələrin antoloji nəşri olan Nigar İsayevanın “Hekayələşən hekayətlər” kitabı;
- 1945-1946-cı illərdə əski əlifbayla nəşr olunmuş, R. Rzanın redaktorluğu ilə cəmisi 17 sayı nəşr edilmiş “Azərbaycan” dərgisindən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı S. Ordubadinin “Şəmsəddin Təbrizi və onun elmə aid nəzəriyyələri” və “Təbrizlilərin mübarizə tarixindən”, M. Arifin “Şairlərimiz haqqında bəzi qeydlər”, M. Cəfərin “Mübariz xalq şairi”, A.Şaiqin “Sevimli şairimiz” və s. məqalələri ictimaiyyətə çatdıran, cəmiyyətə məlum və naməlum imzalarla verilmiş məqalələrin ədəbi və mədəni baxımdan əhəmiyyətini əks etdirən Pərvanə Məmmədlinin “Hər iki tayın gerçək aynası – “Azərbaycan” dərgisi” kitabı;
- Cavad Heyətin həyat və fəaliyyəti haqqında xatirələri əks etdirən, tibb sahəsindəki uğurlarını açıqlayan, “Varlıq” jurnalının yaradıcısı olmasını vurğulayan, “Varlıq” jurnalının fəaliyyətinin Şimal və Cənub arasında körpü rolunda çıxış etməsini Azərbaycan və Türkiyə yazarlarının (akad. Rafael Hüseynovun, yazıçı Anarın, filosof Zümrüd Quluzadənin və b.) məqalələri əsasında göstərən Pərvanə Hacı qızı (Məmmədli) və Baxşəli Zülfünün “Varlığımız” kitabı.
Digər müəlliflərin əsərləri əsasında ktabların formalaşdırılmasına aid Fəridə Hicranın (Vəliyeva) “Röyanın sirləri müdriklərimizin idrak xəzinəsində”, Nikpur Cabbarlının “Elçin və Azərbaycan mühacirətşünaslığının problemləri”, Xuraman Hümmətovanın “Yunis Əmrə Azərbaycan ədəbiyyatşünaslığında” kitablarını xüsusi vurğulamaq lazımdır.
Fəridə Hicranın 184 səhifəlik “Röyanın sirləri müdriklərimizin idrak xəzinəsində” kitabının 13 vərəqində müəllif tərəfindən “röya nədir?” və “hamı röya görürmü?” suallarına cavab axtarılır. Monoqrafiyanın 171 səhifəsini isə yuxugörmə ilə bağlı inanc və sınamalar, yuxu yozmaları, Astiaqın yuxusu, Məhəmməd Peyğəmbərin yuxusu, Qurani-Kərimdən yuxu ilə bağlı surələr, Kitabi Dədə Qorqudda yuxu, Nizami Gəncəvinin əsərlərindən yuxu ilə bağlı seçmələr, Nəsrəddin Tusinin yuxu haqqında fikirləri, kimyaçı Svittin və Lomonosovun yuxuları, həmçinin tanınmış Azərbaycan ziyalıları B. Nəbiyevin, R. Əliyevin, M. Qasımlının, F. Vəlixanlının, T. Məmmədin, K.V. Nərimanoğlunun, B. Abdullanın, G. Əlibəylinin, N. Məmmədlinin, E. Hüseynbəylinin, M. Alməmmədovanın yuxu ilə bağlı məqalə və müsahibələri təşkil edir.
Elçinin rəhbərlik etmiş olduğu “Vətən” cəmiyyəti və bu cəmiyyətin mətbu orqanı “Odlar yurdu” qəzetinin Azərbaycan mühacirətşünaslığının yeni inkişaf mərhələsi ilə səciyyələnməsi, Elçinin məqalələrinin əlavədə verməklə, Azərbaycan mühacirətşünaslığını 4 nəslə ayırması (Birinci nəsil – erməni basqınlarından qaçıb əsas etibarilə Türkiyə pənah aparanlar, ikinci nəsil – Azərbaycan Demokratik Respublikasının məhv edilməsindən sonra mühacirliyə məhkum olanlar, üçüncü nəsil – İkinci Dünya müharibəsindən sonra stalinizmin qorxusundan vətənə qayıda bilməyənlər, dördüncü nəsil - əsas etibarilə Cənubi Azərbaycandan xarici ölkələrə köçmüş azərbaycanlılar) Nikpur Cabbarlının “Elçin və Azərbaycan mühacirətşünaslığının problemləri” monoqrafiyasında əksini tapmışdır. 96 səhifədən ibarət olan monoqrafiyanın 26 səhifəsi müəllifin “Elçin və Azərbaycan mühacirətşünaslığının problemləri” məqaləsini əhatə edir. Monoqrafiyanın səhifə 29-dan 93-ə kimi isə Xalq yazıçısı Elçinin «“Vətən” cəmiyyətinin təsis konfransında çıxış», «Azərbaycan mühacirəti haqqında», «Ədəbi proses: Olum, ya ölüm? (III məqalədən bir hissə)», «Məmməd Əmin Rəsulzadə», «Elçinlə ədəbiyyat söhbəti (Yaşarın xalq yazıçısı Elçinlə müsahibəsi (çıxarış))» məqalələrini əhatə edir.
Kitabın titul vərəqində müəllif kimi qeyd edilmiş Xuraman Hümmətovanın “Yunis Əmrə Azərbaycan ədəbiyyatşünaslığında” kitabında Yunis Əmrə yaradıcılığı haqqında XX əsrin əvvəllərindən başlayaraq, müasir dövrə qədər yazılmış və müxtəlif dövrləri (1927-2013) əhatə edən müxtəlif müəlliflərin məqalələri yer almışdır. Yunis Əmrə haqqında olan məqalələrin toplu halına salınması Azərbaycan və Türkiyə arasında qədim tarixə malik olan mədəni əlaqələrin mövcudluğunu təsdiq edir. Kitab Yunis Əmrə yaradıcılığında irfani məqamların aşkarlanması, türkdilli xalqlar arasında ədəbi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Yunis Əmrə Türk dünyasında yenilikçi bir şair kimi təqdim edilir.
2014-cü ildə Azərbaycan ədəbiyyatşünaslığı üçün sırf “yeni” monoqrafiya və kitablar məhdud şəkildədir. Lakin 2014-cü ildə nəsr edilmiş kitab və monoqrafiyalar yeni mövzuların işlənilməsindən xali deyildir. 2014-cü ildə 6 sırf belə monoqrafiya və kitablar nəşr edilmişdir, o cümlədən:
- Rəşad Məcidi Müstəqillik dövrü Azərbaycan lirik-epik şeirinin əsas yaradıcılarından biri kimi təqdim edən, onun daxili monoloqlar əsasında süjetli əsərlər yaratmasını göstərən, şeir yaradıcılığında romantik-realist olan, şeirlərinin nəticə etibarı ilə “romantika ağırlıqlı realist şeirlər”ə çevrildiyini göstərən İsa Həbibbəylinin “Bütün yönləri ilə yaradıcı” monoqrafiyası;
- Azərbaycan ədəbiyyatında tarixi roman janrının nəzəri-estetik problemlərini araşdıran, janrın ayrı-ayrı mərhələlərində yaranmış nümunələrin ideya-sənətkarlıq məziyyətləri və prinsiplərini açıqlayan alim kimi özünməxsus ədəbi məktəb yaratmağa nail olmuş Yavuz Axundlunun “Səssiz fəryad”, “Elmi axtarışlar yolunda ilk addımlar”, “Yenidənqurma oyunu, ölkənin süqutu”, “Ziyarətli günlərim” adlı fəsillərdə xatirələrini əks etdirən “Xatirələr işığında” kitabı;
- Hüseynbala Mirələmovun həyat və yaradıcılığı haqqında Azərbaycan cəmiyyətində elmi təsəvvür yaradan Nizami Cəfərovun “Hüseynbala Mirələmovun yaradıcılığı və ya ədəbi tərcümeyi-halı”monoqrafiyası;
- Xalq şairi Zəlimxan Yaqubun ədəbi, ictimai və siyasi-ideoloji fəaliyyətini tədqiq edən Nizami Cəfərovun “Zəlimxan Yaqub” monoqrafiyası;
- Müstəqillik illərində Qabil poeziyasında milli azadlıq mübarizəsi və Qarabağ problemini, Cənublu şairlərin poeziyasını tədqiq edən Bahar Bərdəlinin “Müstəqillik dövrü Azərbaycan poeziyası” monoqrafiyası;
- 1991-2005-ci illərdə Azərbaycan poeziyasında geniş işləklik qazanmış vətənpərvərlik, azadlıq, istiqlalçılıq, şəhidlik, qaçqınlıq və köçkünlük, torpaq və yurd həsrəti və s. məsələlərin təhlilini mövzu axtarışlarında yeni mərhələ kimi açıqlayan, mövzu, janr və üslub məsələlərinin təhlili fonunda mövcud ədəbi epoxanın bədii panoramını təsvir edən, Müstəqillik dövrü poeziyasını janr-üslub müstəvisində canlandıran, Güney mövzusuna yeni tərzdən yanaşan, Azərbaycan poeziyasının mövzu və problem baxımından təsnifatını verən Tofiq Əbdülhəsənlinin “Azərbaycan istiqlal poeziyası” monoqrafiyası.
Bu tip kitablar sırasında akademik İsa Həbibbəylinin “Bütün yönləri ilə yaradıcı”, Nizami Cəfərovun “Hüseynbala Mirələmovun yaradıcılığı və ya ədəbi tərcümeyi-halı” və “Zəlimxan Yaqub”, Bahar Bərdəlinin “Müstəqillik dövrü Azərbaycan poeziyası” monoqrafiyaları xüsusi seçilir.
Akademik İsa Həbibbəylinin qələmə aldığı “Bütün yönləri ilə yaradıcı” monoqrafiyasında müasir Azərbaycan şairi Rəşad Məcidin 2011-ci ildən sonra qələmə aldığı şeirləri 3 qrupa ayrılır: I. “Roman” liro-epik poeması ilə səsləşən yeni şeirlər; II. “Dastan” qrupu şeirləri; III. Lirikasında yeni mərhələ. İ. Həbibbəyli R. Məcidin yaradıcılığına həsr etdiyi portret-oçerkdə şairin yaradıcılığının lirik və ictimai motivləri özündə cəmləşdirən bir poeziya kimi xarakterizə edir. R. Məcidin “Roman” adlandırdığı poeziya nümunəsinin janrı liro-epik poema kimi təqdim edilir. Əsərin lirik şeirlərlə və epik təhkiyə ilə ifadə olunan hadisələrin nəzərə çarpacaq süjet əsasında poetikləşdirilməsi üzərində qurulması monoqrafiyada əksini tapmışdır.
Nizami Cəfərovun “Hüseynbala Mirələmovun yaradıcılığı və ya ədəbi tərcümeyi-halı” monoqrafiyası Hüseynbala Mirələmovun həyat və yaradıcılığı haqqında elmi təsəvvür yaradan tədqiqat əsəridir. Monoqrafiyada Hüseynbala Mirələmovun yaradıcılıq yolunun sistemli tədqiqi ilə yanaşı yazıçının bütün əsərlərinin vahid bir üslubda, konkret olaraq bədii-publisist üslubda birləşməsi və dil-üslub texnologiyasının zənginliyi açıqlanaraq təsvir-təfərrüat ustası kimi təqdimi özünü göstərir.
Nizami Cəfərovun “Zəlimxan Yaqub” monoqrafiyasında Xalq şairi Zəlimxan Yaqub millətin ruhundan qopmuş şair kimi, xalqının mentalitetindən qaynaqlanan mütəfəkkir sənətkarlardan biri kimi təsvir edilir. Bu şairin həyat və yaradıcılığına həsr olunan məqalələrdə əksini tapıb.
Bahar Bərdəlinin “Qabil poeziyası müstəqillik illərində” və “Cənublu şairlərin poeziyası müstəqillik illərində” adlı iki bölmədən ibarət olan “Müstəqillik dövrü Azərbaycan poeziyası” monoqrafiyası Qabil, Cənublu şairlər B. Azəroğlu, Ə. Tudə, S. Tahir, H. Billuri yaradıcılığı müstəqillik illəri prizmasından tədqiq olunur.
M. Rəfili, M.C. Paşayev, Y. Qarayev, B. Nəbiyev, K. Talıbzadə, K. Məmmədov, Ə. Mirəhmədov, İ. Həbibbəyli, Q. Paşayev və digər korifey alimlərin yaratdıqları elmi ənənələr bu gün inkişaf etdirilir. 2014-cü ildə Kamal Talıbzadə, Yaşar Qarayev, Kamran Məmmədov, İsa Həbibbəyli, Qəzənfər Paşayev kimi alimlərin elmi tezisləri davamçıları tərəfindən nəşr olunmuş kitab və monoqrafiyalarda inkişaf etdirilmişdir.
Ədəbiyyatşünaslığa gətirdiyi yeni nəzəri mülahizələri, baxışları, fərqli yanaşmaları ilə fərqlənən və C. Məmmədquluzadənin yaradıcılığını əhatə edən iri həcmli tədqiqatların müəllifi akademik İsa Həbibbəylinin davamçılarından biri kimi Səadət Vahabovanı göstərmək olar. S. Vahabovanın “Cəlil Məmmədquluzadə nəsrinin poetikası” monoqrafiyası müəllifin 22 fevral 2008-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Müdafiə Şurasında müdafiə etdiyi namizədlik işinin monoqrafik nəşridir. Monoqrafiyada Cəlil Məmmədquluzadənin nəsr yaradıcılığının poetik strukturu, süjet və kompozisiya xüsusiyyətlərinin araşdırılması diqqəti cəlb edir. C. Məmmədquluzadə əsərlərinin müxtəlif hadisə və predmetlərin təsviri onu söyləyənin şahidliyi və iştirakı şəklində, rəvayət şəklində, yarı şahidlik, yarı rəvayət şəklində süjetin müəyyənləşdirilməsi də monoqrafiyada diqqəti cəlb edən problemlərdən birirdir.
Qəzənfər Paşayev Azərbaycan ədəbiyyatında İraqda yaşayan və sayı təqribən 2,5 mln-a çatan iraq türkmanlarının folklorunun toplanması və araşdırılması ilə məşğul olmuş tədqiqatçı kimi geniş tanınmışdır. Q. Paşayev “Azərbaycan dilinin Kərkük dialekti” mövzusunda namizədlik (1969) və “İraq Türkmən folkloru” mövzusunda doktorluq (1993) dissertasiyalarını müdafiə etmişdir. Son illərdə Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə “İraq-türkman nağılları” kitabını nəşr etdirmişdir. Qəzənfər Paşayevin irəli sürdüyü elmi tezislər Əli Şamilin “Colan türkmanları (folklor və etnoqrafiya örnəkləri)”, Asif Hacılının “Ahıska türkləri: İnanc dünyası”, “Ahıska türklərinin sürgün folkloru”, “Urumlar: tarix və folklor” kitablarında öz inkişafını tapmışdır. Əli Şamilin “Colan türkmanları (folklor və etnoqrafiya örnəkləri)” monoqrafiyasında Çolan türkmanlarının folklor və etnoqrafiya örnəklərini Azərbaycan türkcəsi ilə müqayisəli şəkildə, Suriyanın Colan, Bayır-Bucaq, Hələb və b. bölgələrində yaşayan Colan türkmanları ilə azərbaycanlıların dillərində, adət-ənənələrindəki yaxınlığı tədqiq edilmişdir. Asif Hacılının “Ahıska türkləri: İnanc dünyası” monoqrafiyasında Ahıska türklərinin mifoloji təsəvvür və dini inanclarına toxunulmuşdur. Mifopoetik və dini məzmunlu folklor mətnlərini və ədəbi əsərlərdən nümunələri tədqiq edən, xüsusilə mərasim nümunələrini açıqlayan Asif Hacılının “Ahıska türkləri: İnanc dünyası” monoqrafiyasında Ahiska türklərinin 1944-cü ildə doğma yurdlarından zorən sürgün edilməsini təsvir edən, doğma yurdlarına qaytarılmamasının sürgün faciəsi və yurd həsrətini ifadə edən “vətən ağıtları”, “köç yırları”, “sürgün uzamları” kimi folklor janrlarının ümumiləşdirilərək sürgün folkloru yaratmasını tədqiq etmişdir. Kitabda Ahıska türklərin XII əsrdən dövlətçilik ənənəsi, yəni cənubi-qərbi Qafqazda “Kartveloba” (“Gürcüstan”) və “Didi Türkoba” (“Böyük Türküstan”) yaratmaları, Ahıska türklərinin fərdi və milli özünüdərki (türkəm, müsəlmanam), toplum, mərasim və dini adətlərə münasibətləri, Ahıska türklərində tapınca (məzar tapıncı (kultu), peglər (xarabalıq tapıncı), Xıdırəlləz kultu, Al arvadı kultu, nazar kultu, qurd tapıncı, agac tapıncı) haqqında məlumat verilir. Asif Hacılının “Urumlar: tarix və folklor” kitabında Urumların etnik kimlik məsələsi açıqlanmış, urumların sürgün edilməsi və assimilyasiya siyasətinə məruz qalması işıqlandırılmış, xristian urumların türk dili olması subuta yetirilmişdir. Kitabda tarixən Krımda yaşamış və 1778-ci ildə Ukraynanın Azov boyu ərazilərinə zorən sürgün edilmiş türkdilli urumların etnik kimliyi açıqlanır və urumların (türkdilli yunanların) öz dillərində folklor nümunələri təqdim edilir.
Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən olan Kamal Talıbzadə bütün şüurlu həyatını ədəbiyyat elminə və milli şüurun formalaşmasına sərf etmiş alimlərimizdəndir. K. Talıbzadənin tədqiqatları ədəbiyyat tarixinin və tənqidinin bütün inkişaf yollarını əhatə etmişdir. Zəngin faktik materiallar əsasında yazılan «XX əsr Azərbaycan ədəbi tənqidi (1905-1917- ci illər)» monoqrafiyasında ədəbiyyatdaxili meyl və cərəyanları, bədii üslub və ədəbi məktəblərin qanunauyğunluqlarının ədəbi inkişafı birtipli proses kimi deyil, hərtərəfli proses kimi tədqiq olunur. K. Talıbzadə Azərbaycan ədəbiyyatşünaslığında xüsusi yer tutur. Təyyar Salamoğlu “Ədəbi tənqid tarixinə dair portret-oçerklər” dərsliyi, Rafiq Yusifoğlu “Müasir ədəbi proses və ədəbi tənqid” dərs vəsaiti ilə akademik Kamal Talıbzadənin yaratmış olduğu ənənəni layiqli davam etdirirlər.
Təyyar Salamoğlunun yenidən işlənərək üçüncü dəfə nəşr edilmiş “Ədəbi tənqid tarixinə dair portret-oçerklər” dərs vəsaitində M.F. Axundovun, F. Köçərlinin, H. Zeynallının, Ə. Hüseynzadənin, M. Hüseynin, Ə. Nazimin, M.A. Dadaşzadənin, C. Xəndanın, M.C. Cəfərovun, Ə. Hüseynovun, B. Nəbiyevin, N. Cəfərovun və digər ədiblərin ədəbi tənqid sahəsindəki fəaliyyətləri işıqlandırılmışdır. M.F. Axundovun ədəbi tənqiddəki mövqeyi və ədəbi tənqidin funksiyalarının aydın izahını verməsi, F. Köçərli ilk sistemli ədəbiyyat tarixinin yaradıcısı kimi, ədəbiyyat tarixinin inkişaf yolunu Azərbaycan ədəbiyyatı ümumtürk ədəbiyyatının tərkib hissəsi kimi, farsdilli Azərbaycan ədəbiyyatı mərhələsi, anadilli ədəbiyyat mərhələsi kimi) 3 dövrə işarələməsi, Ə. Hüseynzadə tərəfindən tənqidin “dünya ədəbiyyatı ilə fikirləşmək” kontekstində həlli, H. Zeynallının “sənət sənət üçündür yoxsa sənət həyat üçündür” tezislərini qəbul etməyərək “sənət həyatın bir qismidir” tezisini təbliğ etməsi dərs vəsaitində əksini tapmışdır. Bu dərs vəsaiti ilə Təyyar Salamoğlu akademik Kamal Talıbzadənin davamçısı olduğunu qəbul edir. K. Talıbzadənin kitabında Azərbaycan ədəbi tənqidinin tarixi köklərindən 1920-ci ilə qədərki inkişaf yolunun izlənilməsi, müəllifin qələmə aldığı dərslikdə isə 1920-ci ildən müasir günümüzə qədərki olan Azərbaycan ədəbi tənqidi tədqiq edilir.
Rafiq Yusifoğlunun qələmə aldığı “Müasir ədəbi proses və ədəbi tənqid” dərs vəsaitində ədəbi prosesdə baş verən proseslərin ümumiləşdirilməsi, ədəbi proses anlayışına aydınlıq gətirilməsi, ədəbi prosesə sənətkar yaradıcılığının təsiri, yaradıcılıq prosesi və onun mərhələləri (müşahidə, ideyanın doğulması, hərəkətverici qüvvənin tapılması, materialların toplanması və plan tərtibi, yazı prosesi, əsərin təkmilləşdirilməsi) və bir çox ədəbi problemlər əksini tapır.
Yaşar Qarayev “Hüseyn Cavidin “Xəyyam”ı”, “Cavid: sənətkar və tarix”, “Həqiqət və qəhrəman axtarışında: [Hüseyn Cavidin yaradıcılığı haqqında]”, “Mütəffəkir şair: [Hüseyn Cavid - 100]”, “Əsrin romantiki”, “Hüseyn Cavidin yaradıcılığı” və s. Hüseyn Cavid yaradıcılığına həsr edilmiş əsərləri ilə cavidşünas alim kimi ədəbiyyat tariximizdə adını yazdırmışdır. Bu gün Yaşar Qarayevin davamçıları yetişməkdədir. Onlardan biri də öz qələmi ilə seçilən Cavidə Məmmədlidir. Cavidə Məmmədlinin “Hüseyn Cavid və XX əsr Qərb fəlsəfi düşüncəsi” monoqrafiyasında Hüseyn Cavidin ədəbi-fəlsəfi görüşləri pozitivizm, həyat fəlsəfəsi, freydizm, tradisionalizm kimi Qərb fəlsəfi cərəyanları ilə müqayisəli şəkildə tədqiq edilir, həyat, insan, varlıq, din haqqında düşüncələrinə aydınlıq gətirilir. Allaha qayıdış fəlsəfəsi, xüsusi ilə də H. Cavid yaradıcılığı Qərb fəlsəfi cərəyanları kontekstində tədqiq edilir.
F.e.d. Kamran Məmmədov Yeni dövr Azərbaycan ədəbiyyatını tədqiq edən alimlərimizdən biri olmuşdur. “Qasımbəy Zakir” (1957, 1984) monoqrafiyasının müəllifi olmuş K. Məmmədov özündən sonra zəngin irs qoymuşdur. Dilarə Məmmədova qələmə aldığı “Qasım bəy Zakir və Qarabağ ədəbi-ictimai mühiti” monoqrafiyası ilə özünü Kamran müəllimin qoyub getdiyi ədəbi məktəbin layiqli davamçılarından biri hesab edir və alimin “Qasımbəy Zakir” kitabını şair haqqında yazılan “ilk monoqrafik, elmi-tədqiqat” əsəri adlandırır. D. Məmmədovanın “Qasım bəy Zakir və Qarabağ ədəbi-ictimai mühiti” monoqrafiyası XX əsrin əvvəllərinə aid söz ustadı kimi daim diqqət mərkəzində olmuş Q. Zakir yaradıcılığını Qarabağ mühiti kontekstində araşdırır. Zakirin həyatına həsr edilmiş “Qasım bəy Zakir” dastanı monoqrafiyada yer alır. Bu monoqrafiyada elmi və bədiiliyin sintez təşkil etməsini göstərir. Bu baxımdan “Qasım bəy Zakir və Qarabağ ədəbi-ictimai mühiti” adlı kitab elmi və bədii sintez nümunəsi kimi diqqəti cəlb edir. Qeyd etmək istərdim ki, K. Məmmədov “Qasım bəy Zakir” kitabında “Zakir dastanı”ndan söhbət açmışdır. “Qasım bəy Zakir və Qarabağ ədəbi-ictimai mühiti” monoqrafiyasında Zakir satiralarının ictimai satiranın müstəqil cərəyan kimi inkişafında müstəsna təsiri olmasını, Zakirin dil və üslub xüsusiyyətinin ədəbiyyatın inkişafındakı rolunu, realist və satirik əsərlərin müəllifi kimi xalq ədəbiyyatından bəhrələnməsini tədqiq etməsi də diqqəti cəlb edir.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: